Məhkəmə qərarları › İş №2-1(112)-1326/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1326/2024

07.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1326/2024 07.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödəmənin geri qaytarılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları:

1. İddiaçı xx.xx.2023-cü il tarixdə artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Baş İdarəsinə müraciət edərək, 2014-2017-ci illər ərzində ödənilmiş artıq 27609,90 manat sadələşdirilmiş vergisinin qaytarılmasını xahiş etmişdir.

2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Baş İdarəsi iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Araşdırma zamanı iddiaçının xx.xx.2022-ci il tarixə şəxsi hesab vərəqəsi üzrə 29909.90 manat artıq ödəmə məbləği mövcud olmuş, “Vergilər üzrə vərəqə” hissəsində 27609,90 manat məbləğində tələb etmə müddəti bitmiş artıq ödəmə müəyyən edilmiş və həmin məbləğ şəxsi hesab vərəqəsində “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi” hissəsinə keçirilmişdir.

3. Bundan sonra iddiaçı xx.xx.2023-cü ildə yenidən ərizə ilə Bakı şəhəri Lokal Baş İdarəsinə müraciət edərək, xx.xx.2018-xx.xx.2018-ci illərdə artıq ödənilmiş 2300 manat sadələşdirilmiş vergi məbləğinin qaytarılmasını xahiş etmişdir.

4. Bakı şəhəri Lokal Baş İdarəsi iddiaçının müraciətini təmin etməkdən imtina edərək göstərmişdir ki, artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş " Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması" Qaydaları ilə tənzimlənir. Göstərilən qaydaların tələbinə uyğun olaraq büdcədən qaytarılması tələb olunan vergi məbləği hüquqi və fiziki şəxslərə onların tələbi ilə (müəyyən olunmuş ərizə formasında müraciət etməklə), artıq ödənilmiş məbləğ (artıq ödəmənin yaranma tarixləri və səbəbləri göstərilməklə) səyyar vergi yoxlaması keçirilməklə təsdiq olunduğu və şəxsi vərəqədə göstərilmiş artıq ödənilmiş məbləğ hüdudunda vəsait olduğu halda qaytarılması nəzərdə tutulmuşdur. Həmçinin, tərəfindən xx.xx.2013-cü il tarixində vergi orqanına vergi partnyorluğu sazişinin bağlanması üçün ərizə ilə müraciət edilmişdir. “Vergi partnyorluğu sazişi” bağlanıldıqdan sonra vergilərin ödənilməsi üzrə iddiaçı tərəfindən öhdəliklərinin yerinə yetirilməsinə baxmayaraq, təqdim edilmiş bəyannamələrdə əks etdirilmiş dövriyyə məlumatları vergi partnyorluğu sazişinə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilməmişdir. Vergi Məcəlləsinin 13.2.49-cu maddəsinə əsasən “Vergi partnyorluğu sazişi” vergi orqanı ilə vergi ödəyicisi arasında vergi risklərinin minimallaşdırılması məqsədi ilə könüllü şəkildə bağlanmış niyyət razılaşmasıdır. Vergi Məcəlləsinin 13.2.49-1-ci maddəsinə əsasən vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərar, gələcəkdə həyata keçiriləcək vergi tutulan əməliyyatlar üzrə vergi öhdəliklərinin və vergi qanunvericiliyinin tətbiq edilməsinin doğuracağı hüquqi nəticələrin vergi orqanı tərəfindən əvvəlcədən müəyyən edilməsini təsdiq edən Vergi Məcəlləsinin 77-1-ci maddəsində nəzərdə tutulan sənəddir. Vergi Məcəlləsinin 13.2.49-2-ci maddəsinə əsasən könüllü vergi açıqlaması səyyar vergi yoxlaması başa çatdıqdan sonra yoxlama zamanı aşkar edilməyən və vergi öhdəliyinin yaranmasına səbəb olan halların vergi ödəyiciləri tərəfindən vergi orqanlarına könüllü olaraq bəyan edilməsidir. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə artıq ödəmələrin məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borc məbləğləri ilə əvəzləşdirilməsi, eyni zamanda məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə artıq ödəmələrin vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borc məbləğləri ilə əvəzləşdirilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən sahibkarlıq fəaliyyəti göstərdiyi dövr üzrə dövriyyə məlumatlarını “Vergi partnyorluğu sazişi”nə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilməsi tövsiyə olunmuşdur.

5. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X5 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun şəxsi vərəqəsi üzrə artıq ödənilmiş 29 909 (iyirmi doqquz min doqquz yüz doqquz) manat məbləğin və qaytarılmanın gecikdirilməsinə görə onun ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) ona müvafiq məbləğlərin 0,1 faizi məbləğində vəsaitin əlavə olaraq ödənilməsi barədə rəyin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Daha sonra iddiaçı cavabdehin əsl cavabdehlə əvəz olunması barədə ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilməsini xahiş etmiş, məhkəmə tərəfindən ərizə təmin edilmişdir. İİ Tərəflərin əsaslandırması:

7. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı fiziki şəxs kimi sadələşdirilmiş vergi ödəyicisi olaraq (VÖEN: **********) 2009-cu ildən fərdi sahibkar kimi turizm sahəsində fəaliyyət göstərmişdir. Pandemiya dövründə sağlamlığı ilə əlaqədar 2019-cu ildən fəaliyyət göstərməsə də, fəaiyyətinin dayandırılmasına dair vergi orqanına müraciət etməmişdir. Cavabdehlə İddiaçı sadələşdirilmiş vergi ödəyicisi olaraq (VÖEN: **********) xx.xx.2013-cü il tarixdə bağladığı “Vergi portnyorluğu sazişi”nə əsasən onun xx.xx.2019-cu il tarixədək 29.909.90 manat məbləğində artıq ödənişi olmuşdur. İddiaçı Vergi orqanına müraciət edərək onun artıq ödəmələrinin hesabına dövlət büdcəsinə və digər hesablara olan borcunun əvəzləşdirilməsini və artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılmasını xahiş etsə də, bundan imtina olunmuşdur. Ona görə də İddiaçı Bakı Kommersiya Məhkəməsinin e-2-2-(113)-4708/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsini əlavə pulu hesaba ödəməklə tam icra etmiş və bundan sonra “Vergi portnyorluğu sazişi”nə əsasən xx.xx.2019-cü il tarixədək artıq ödədiyi 29.909.90 manat məbləğin geri qaytarılmasına dair yazılı və onlayn qaydada müraciət etmişdir. İlkin olaraq artıq ödənilmiş 30 noyabr 2017-ci il tarixinə olan 27,609,90 AZN məbləğin, sonra isə artıq ödənilmiş 2300 AZN məbləğin geri qaytarılmasın tələb etmişdir. Lakin cavabdeh dövlət orqanı onun tələbini təmin etməkdən imtina etmişdir. İddiaçı fəaliyyət göstərdiyi dövr ərzində nümunəvi vergi ödəyicisi kimi seçilmiş və vaxtlı-vaxtında dövlət büdcəsinə yaranmış vergi öhdəliklərini artıqlaması ilə icra etmişdir. Sahibkarlıq fəaliyyətini dayandırdıqdan sonra iddiaçının şəxsi hesab vərəqəsində 29.909.00 manat məbləğində artıq ödənilmiş vergilər mövcuddur. Qeyd olunan artıq ödənilmiş vergilərin yaranmasına səbəb isə iddiaçı tərəfindən real vergi öhdəliklərindən artıq məbləğdə ödənişlərin həyata keçirməsi olmuşdur. Cavabdehin imtinasında göstərilən “Vergi partnyorluğu sazişi”nin bağlanması hazırda iddiaçının şəxsi hesab vərəqəsi üzrə mövcud olan artıq ödəmənin qaytarılması tələbinə heç bir aidiyyəti yoxdur. Həmin sazişin məqsədi vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı əməkdaşlıq, etibarlılıq və şəffaflıq prinsiplərinə əsaslanan münasibətlərin qurulmasına və vergilərin ödənilməsi ilə bağlı könüllü əməletmə səviyyəsinin artırılması istiqamətində partnyorluq etməsinə yönəlmişdir ki, məhz bu səbəbdən də iddiaçı fəaliyyət göstərdiyi dövr ərzində dövriyyəsinə uyğun olaraq vergi orqanına bəyannamələr versə də, dövlət büdcəsinə bəyan etdiyi vergilərdən artıq miqdarda vergilər ödəmişdir. Eyni zamanda, vergi orqanı ilə iddiaçı arasında bağlanmış partnyorluq sazişində dövlət büdcəsinə hər ay hansı məbləğdə vergilərin ödənilməsi göstərilməmiş, lakin buna baxmayaraq aylıq dövriyyəsi hər ay fərqli olsa da, iddiaçı özü həmişə vergiləri dövriyyəyə uyğun deyil, ondan artıq məbləğdə ödəmişdir. Əgər vergi orqanının iddia etdiyi hal, yəni iddiaçının güya vergi orqanı ilə bağladığı partnyorluq sazişinə əsasən ödədiyi vergilərə müvafiq olaraq bəyannamələri vergi orqanına təqdim etməli idisə, lakin bunu təqdim etməmişdirsə, onda hansı səbəbdən vergi orqanı vergi qanunvericiliyi ilə ona verilmiş hüquqlardan istifadə edərək iddiaçı barədə vergi nəzarət tədbirləri keçirməmiş və vergidən yayındığına görə qanunamüvafıq tədbirlər görməmişdir. Vergi orqanı imtina məktubunda güya iddiaçının ərizədə məlumatların düzgün qeyd etmədiyi göstərsə də, düzgün olmamasının nədən ibarət olduğunu açıqlamamış və yalnız formal mülahizələrin qeyd edilməsi ilə kifayətlənmişdir. İddiaçı “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydaların 1 nömrəli Əlavəsinə uyğun ərizə formasında göstərildiyi ödənişlərdə artıq ödənilən verginin növü, büdcə təsnifat kodu, tarixi, yaranma səbəbi və məbləği tam olaraq qeyd etmişdir. Cavabdeh vergi orqanı isə ərizədə nəyin düz olmadığını ümumiyyətlə açıqlamamış və hətta qeyd olunan çatışmamazlıqların aradan qaldırılmasını tövsiyə etmiş, bununla da formal mülahizələrə istinad edərək əsassız və qanunsuz olaraq ərizənin icrasından imtina etmişdir.

8. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında göstərmişdir ki, İddiaçı (VÖEN: **********) şəxsi hesab vərəqəsinin “Vergilər üzrə vərəqə” hissəsində xx.xx.2024-cü il tarixə 2300,00 manat artıq ödəməsi və 27609,90 manat tələb etmə müddəti bitmiş artıq ödəmə məbləğləri müəyyən edilmişdir. Vergi ödəyicisinin tələb etmə müddəti bitmiş artıq ödəmə məbləği şəxsi hesab vərəqəsinin “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi” hissəsinə keçirilmişdir. Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir.

9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ Məhkəmənin mövqeyi:

11. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir.

12. Belə ki, iddia mümkün iddiadır, çünki iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur, habelə iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh imtina etdikdən sonra məhkəməyə müraciət etmişdir.

13. İddianın əsaslılığına gəldikdə isə məhkəmə qeyd edir ki, iş materiallarında olan İddiaçı şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2020-ci il tarixə iddiaçının 29909,90 manat artıq ödəməsi olmuş, xx.xx.2022-ci il tarixdə Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən 27609.90 manat azalma edilmiş, nəticədə onun cavabdehə müraciət etdiyi xx.xx.2023-cü il tarixə cəmi 2300 manat artıq ödəməsi qalmışdır.

14. Eyni zamanda məsələnin araşdırılması məqsədilə iş üzrə məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir.

15. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/7293 saylı ekspert rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə və iş materiallarının 31-34-cü səhifələrində öz əksini tapmış vergi ödəyicisi İddiaçı çap olunma tarixi xx.xx.2023-cü il olan şəxsi hesab vərəqəsinin vergilər üzrə artıq ödəmə hissəsinə əsasən sualda soruşulan xx.xx.2023-cü il tarixə 5 illik tələbetmə müddəti keçməmiş 2300 manat (sadələşdirilmiş vergi üzrə xx.xx.2018-ci il tarixdə 700,00 manat və xx.xx.2018-ci il tarixdə 1.600,00 manat aparılmışdır) mövcuddur.

16. İşdən görünür ki, bu hal cavabdeh tərəfindən də qəbul edilir. Belə ki, işdə olan cavabdehin xx.xx.2023-cü il tarixli **********475500 saylı məktubunda göstərilmişdir ki, vergi ödəyicisi İddiaçı (VÖEN: **********) xx.xx.2023-cü il tarixinə şəxsi hesab vərəqəsinin “Vergilər üzrə vərəqə” hissəsinə əsasən 2300,0 manat artıq ödəməsi vardır. Vergi ödəyicisinin büdcəyə sonuncu ödənişləri sadələşdirilmiş vergi üzrə xx.xx.2018-ci il tarixdə 700,0 manat və xx.xx.2018-ci il tarixdə 1600,0 manat olmuşdur.

17. Belə olan halda aydın olur ki, iddiaçının xx.xx.2023-cü il tarixə vergilər üzrə 2300 manat artıq ödəməsinin olması işin mübahisəsiz halını təşkil edir.

18. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -15.1-ci maddəsinə görə vergi ödəyicisinin aşağıdakı hüquqları vardır: 15.1.4. artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək. -24.1-ci maddəsinə görə vergi orqanları: 24.1.10. vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə. -59.3-cü maddəsinə əsasən müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir. Vergi ödəyicisinin artıq ödənilmiş məbləğlərin qaytarılmasına dair ərizə verdiyi müddətdən 45 gün ərzində (bu Məcəllənin 179.1-ci maddəsi ilə müəyyən edilən halda 20 gün, 179.2-ci maddəsi ilə müəyyən edilən halda isə 4 ay ərzində) məbləğ qaytarılarsa, faizlər vergi ödəyicisinə qaytarılmır. -85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir. -87.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın: -3.1-ci bəndinə əsasən vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. -4.1-ci bəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar Vergi Məcəlləsinin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.1.1. vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər; 4.1.2. vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər; 4.1.3. Bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı və ya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış “Vahid elektron lövhə” bölməsi vasitəsilə tərtib edilmiş elektron (tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş vergilər üzrə təqdim edilmiş ərizələr istisna olmaqla) ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər; 4.1.3-1. Rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə məbləğlərin vergi ödəyicisinin borcu olmadığı halda 20 gün ərzində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər. -4.2-ci bəndinə əsasən vergi orqanları artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.2.4. büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin sığortaedənin yazılı ərizəsinə əsasən 45 gün ərzində qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər. -4.5-ci bəndinə əsasən büdcəyə artıq ödəmələrin qaytarılması üçün müəyyən edilmiş 45 günlük və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş 20 günlük müddət vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının bu barədə ərizə verdiyi gündən və bu Qaydaların 4.8-ci bəndinin ikinci cümləsində nəzərdə tutulmuş müddət vergi ödəyicisinin bu barədə elektron ərizə verdiyi gündən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların xəzinə hesabından (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına münasibətdə müvafiq olaraq dövlət sosial müdafiə fondunun, işsizlikdən sığorta fondunun və icbari tibbi sığorta fondunun xəzinə hesabından) çıxdığı günədək olan dövrü əhatə edir. -6.1-ci bəndinə görə vergi ödəyicisi, sığortaedən və ya sığortalı tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir. -6.2-ci bəndinə görə vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının artıq ödənilmiş məbləğlərinin qaytarılmasına dair vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verdiyi müddətdən 45 və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndinin və 4.8-ci bəndinin birinci cümləsi ilə müəyyən edilən halda 20 gün, 4.8-ci bəndinin ikinci cümləsi ilə müəyyən edilən halda isə 4 (dörd) ay müddətində məbləğ qaytarılarsa, vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya faiz ödənilmir.

20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. -15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. -15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. -52.1-ci maddəsinə görə səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. -52.5-ci maddəsinə görə inzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz.

21. Göstərilən normaların məzmunundan aydın olur ki, artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququ, həmin məbləğlərin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görmək isə vergi orqanlarının vəzifələridir.

22. İddiaçının şəxsi hesab vərəqəsində xx.xx.2023-cü il tarixə vergilər üzrə 2300 manat artıq ödəməsi olduğundan, məhkəmə hesab edir ki, yuxarıda istinad olunan normalara əsasən onun həmin məbləğin qaytarılmasını tələb etmək hüququ mövcud olmuşdur.

23. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən, onun xx.xx.2022ci il tarixə şəxsi hesab vərəqəsi üzrə 29909.90 manat artıq ödəmə məbləğinin mövcud olduğunu, “Vergilər üzrə vərəqə” hissəsində 27609,90 manat məbləğinin tələb etmə müddətinin bitdiyini göstərsə də, 2300 manat hissəyə dair hər hansı bir münasibət bildirməmişdir.

24. Beləliklə, hazırkı halda iddiaçı tərəfindən artıq vergi məbləğinin ödənilməsi sübut olunduğundan məhkəmə hesab edir ki, iddia tələbi 2300 manat məbləğin qaytarılması hissəsində əsaslıdır.

25. İddia tələbinin 27609,90 manat hissəsinə gəldikdə, həmin artıq ödəmə üzrə 5 illik müddət keçdiyindən iddiaçının həmin məbləğin ona qaytarılmasını tələb etmək hüququ da aradan qalxmışdır, buna görə də iddia tələbi həmin hissədə təmin edilə bilməz.

26. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

27. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə-sinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia qismən təmin edilsin. İddiaçı tərəfindən artıq ödənilmiş 2300 manat məbləğin və ərizənin verildiyi tarixdən həmin məbləğ geri qaytarılanadək gecikdirilən hər bir gün üçün vergi ödəyicisinə müvafiq məbləğin 0.1 faizi məbləğində faizin ödənilməsi barədə rəyin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə 200 (iki yüz) manat məhkəmə ekspertizası xərci cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən tutularaq dövlət büdcəsinə (X3, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22) ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar