Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1326/2025 02.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüququn məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xətai rayon İcra Hakimiyyətinin keçmiş Bağlar Təsərrüfatı İdarəsinin xx.xx.1990-cı il tarixli 19/57 nömrəli qərarına əsasən Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,12 ha olmaqla 24 “A” saylı bağ sahəsi mərhum həyat yoldaşı X3 adına hüququ qeydiyyata almaqla müvafiq arayışın verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tabeliyində olan 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinin keçmiş Bağlar Təsərrüfatı İdarəsinin xx.xx.1990-cı il tarixli 19/57 nömrəli Qərarına əsasən Bakı şəhəri, Xəzər rayonu , Şüvəlan qəsəbəsində yerləşən 0,12 ha olmaqla 24 “A” saylı bağ sahəsi onun həyat yoldaşı X3 adına ayrılmışdır. Həmin vaxtdan bağ sahəsi onların qanuni istifadəsindədir. Həyat yoldaşı X7 xx.xx.2009-cu il tarixdə vəfat etmiş, o vaxtdan 24 “A” saylı bağın yeganə istifadəçisi o olmuşdur. Bununla əlaqədar yuxarıda qeyd olunan bağ sahəsinin üzərində hüquqların mərhum həyat yoldaşı X3 adına qeydiyyata alınması tələbi ilə xx.xx.2024-cü il tarixdə ********** saylı məktubla cavabdeh təşkilata müraciət etmişdir. Cavabdeh təşkilat xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-70460- 35/2024 **********99 saylı cavab məktubunda təqdim olunan üzvlük kitabçasında mərhum X5 24 “A”saylı bağ sahəsinin ayrıldığı göstərilsə də idarənin arxivində mövcud olan bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında onun adına 14 saylı bağ sahəsi qeyd olunmuşdur. Elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi heç bir bağçılıq-yoldaşlığın ayrıc aktı daxilində yerləşmir. Həmçinin qeyd olunan bağın nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə əks olunmadığından, sənəd üzrə sahəsinin yerləşməsini təyin etmək mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri , sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında ” AR Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatl daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyetrində saxlanılan məlumata uyğunluğun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında ” AR Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından cavabdeh təşkilat imtina etmişdir. Cavabdeh təşkilatın imtinada qeyd etdiyi nöqsanlar tamamilə qanunsuz və əsassızdır, belə ki, yuxarıda qeyd etdiyi kimi qanuni istifadəsində olan 24 “A ”bağ sahəsi 1990-ci il tarixdən mərhum həyat yoldaşı X3 istifadəsində olub və bunu Xətai rayon İcra Hakimiyyətinin “Günəş” Bağçılıq-Yoldaşılıq Təssərüfatınm üzvlük kitabçası da sübut edir. O da öz növbəsində 14 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 331 saylı məktuba əsasən mərhumun vərəsəsidir. Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin hərəkəti qanuna ziddir və təqdim etdiyi sənədlər qanunvericiliyə əsasən mərhum yoldaşına məxsus torpaq sahəsinin üzərində hüquqların qeydiyyata alınması üçün əsasdır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqan tərəfindən iddiaya yazılı münasibət məhkəməyə təqdim edilməmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək Bakı çəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yerləşən sahəsi 0.12 ha olan 24 A saylı bağ sahəsinə mülkiyyət hüququnun X5 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər 14 saylı Notariat ofisinin xx.xx.2024-cü il tarixli 331 nömrəli məktubunda göstərilmişdir ki, X2 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsilə bağlı Bakı şəhəri 14 saylı notariat ofisinə müraciət daxil olmuşdur. X3 xx.xx.2009-cu il tarixdə vəfat etməsi və vərəsələrin dairəsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli 319 saylı Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, hüquqlara və onların məhdudlaşdırılmasma (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimatı”nın 7-ci bəndinə əsasən, İddiaçı miras qoyanın vərəsəsi olması barədə məlumat məktubu təqdim edilir. İş materiallarına əlavə edilmiş Xətai rayon İcraiyyə komitəsi X6 “Günəş” Bağçılıq yoldaşlığı kitabçasından görünür ki, RİH-nin Xətai rayon X6 xx.xx.1990-cı il tarixli 19/57 nömrəli qərarı ilə X5 “24A” nömrə nişanı ilə bağ evi, yardımçı tikililərin tikintisi və bağçılığın inkişafı üçün 0.12 hektar torpaq sahəsi ayrılmışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********92 nömrəli məktubu ilə təqdim edilmiş Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 24A saylı torpaq sahəsinin texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə aktından görünür ki, torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 0.12 ha, faktiki sahəsi 0.1698 ha olmaqla, 498 kv.m artıqdır. Bağ sahəsinin sərhədləri mişar daşı ilə hasarlanıb. Darvaza var. Torpaq sahəsində icazəsiz tikili yoxdur. Bağ sahəsinin nömrəsi bağçılıq-yoldaşlığın bölgü sxemində əks olunmadığından, naturada yerləşməsinin düzgünlüyünü aydınlaşdırmaq mümkün olmamışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********34 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: -Xətai Rayon İcra Hakimiyyəti Aparatı nəzdində yaradılmış “Günəş” Bağçılıq Yoldaşlığın üzvlərinin Siyahısında 16-cı sırada X3 adı qeyd edilmişdir, üzvlüyə dail olduğu il 1993-cü il, ona ayrılmış torpaq sahəsinin nömrəsi 14, bağın sahəsi 1200 kv.m-dir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********13 nömrəli məktubunda göstərilmişdir ki, Xətai rayon İcra Hakimiyyəti aparatı nəzdində “Günəş” bağçılıq yoldaşlığı əsasında ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 0.12 ha olan 24a saylı bağ sahəsi ilə bağlı hüquqmüəyyənedici sənəd idarənin arxivində aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********69 nömrəli məktubu ilə təqdim edilmiş Xəzər rayonu, Şüvəlan qəsəbəsi ünvanına aid ortofoto görüntüdən görünür ki, mərhum X5 məxsus olan bağ sahəsinin qonşuluğunda 2149, 2025, 23J, 23Ş, 28A/2149A saylı bağ sahələri yerləşir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********45 nömrəli məktubda qeyd edilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq (bağ) sahəsinin sərhədləri mişar daş ilə hasarlanmışdır. Faktiki sahəsi 0.1698 ha təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Eyni zamanda bağ sahəsinin nömrəsi bağçılıq yoldaşlığın bölgü sxemində əks olunmadığından naturada sahənin yerləşməsinin düzgünlüyünü aydınlaşdırmaq mümkün olmamışdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan ərazi heç bir bağçılıq yoldaşlıq ayrıc aktı daxilinə düşmür. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-12643/2025 nömrəli məktubu ilə 2149, 2025, 23j, 23ş, 28/2149a nömrəli bağ sahələrinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, **********23 nömrəli məktubunda bildirilmişdir ki, təqdim olunan üzvlük kitabçasında mərhum X5 “24a” saylı bağ sahəsinin ayrıldığı göstərilsə də, İdarənin arxivində mövcud olan bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında onun adına “14” saylı bağ sahəsi qeyd olunmuşdur. Elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi heç bir bağçılıq- yoldaşlığın ayrıc aktı daxilində yerləşmir. Həmçinin qeyd olunan bağın nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə əks olunmadığından, sənəd üzrə sahənin yerləşməsini təyin etmək mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. Belə ki, hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçı “Günəş” Bağçılıq təsərrüfatının üzvlük kitabçasına əsasən X5 RİH-nin Xətai rayon Xalq Departamenti Sovetinin xx.xx.1990-cı il tarixli 19/57 nömrəli qərarı ilə “24A” nömrəli 0.12 hektar torpaq sahəsi ayrıldığını, X3 vəfatından sonra vərəsə kimi həmin bağ sahəsinin onun istifadəsində olduğunu əsas gətirərək bağ sahəsinə mülkiyyət hüququn qeydiyyatı ilə bağlı cavabdehə mürciət emiş, cavabdeh orqan Günəş” Bağçılıq təsərrüfatının üzvlük kitabçasında X5 “24a” saylı bağ sahəsinin ayrıldığı göstərilsə də, idarənin arxivində mövcud olan bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında onun adına “14” saylı bağ sahəsi qeyd olunduğunu, torpaq sahəsinin heç bir bağçılıq-yoldaşlığın ayrıc aktı daxilində yerləşmədiyini və qeyd olunan bağın nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə əks olunmadığını əsas gətirərək müraciəti təmin etməmişdir. Hazırkı tələbində iddiaçı cavabdehin imtinasının əsasızlığını iddia edərək sözügedən bağ sahəsinə mülkiyyət hüquqlarının mərhum X5 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını inzibati məhkəmə icraatında mübahisələndirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndinə əsasən “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elekton çıxarış tərtib edilir. Sadalanan normalardan müəyyən olunur ki, daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması barədə arayış dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən vərəsənin müraciəti əsasında əmlak üzərində hüquq sahibi olan şəxsin hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət etmədən öldüyü halda verilir. Dolayısı ilə müvafiq arayışın verilməsi üçün ilk növbədə vəfat etmiş şəxsin müvafiq əşya üzərində qanun, müqavilə və s. əsasında əmələ gəlmiş əmlak hüquqları (mülkiyyət, sahiblik, istifadə, məhdud əşya hüquqları və s.) mövcud olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunun tələbinə əsasən bağ sahələrinə mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün tələb olunan sənədlər sırasında ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclas protokolundan çıxarış hüquqmüəyyənedici sənəd qismində çıxış edir. İş materiallarından müəyyən olunur ki, iddiaçı iddia etdiyi bağ torpaq sahəsinə dair mərhum X3 adına “Günəş” bağçılıq yoldaşlığına aid üzvülk kitabçasını təqdim etmiş, həmin kitabçada iddiaçıya Xətai RXDS-nin xx.xx.1990-cı il tarixli 19/57 nömrəli qərarı ilə 24a saylı, 012 ha ölçüdə bağ sahəsinin ayrıldığı qeyd edilmişdir. Cavabdehin arxivində mövcud olan “Günəş” bağçılıq yoldaşlığının üzvlərinin siyahısında 16-cı sırada X3 adı qeyd edilmişdir. Beləliklə, iddiaçının Günəş bağçılıq yoldaşlığının üzvlərinin siyahısına uyğun üzvlük kitabçası mövcuddur və qeyd edilən üzvlük kitabçası iddia olunan bağ sahəsinə dair hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Cavabdehin imtina dəlili ondan ibarətdir ki, üzvlük kitabçasında mərhum X5 “24a” saylı bağ sahəsinin ayrıldığı göstərilsə də, İdarənin arxivində mövcud olan bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında onun adına “14” saylı bağ sahəsi qeyd olunmuşdur. Bununla əlaqədar iddiaçı tərəfindən əsli məhkəməyə təqdim edilmiş üzvlük kitabçasında iddiaçıya ayrlmış bağ sahəsinin nömrəsində “24a” nömrəsində “2” rəqəmində düzəliş edildiyi adi gözlə müşahidə olunur. Eyni zamanda kitabçanın həmin səhifəsində “24A nömrəsinə edilmiş düzəlişə inanmalı” qeydi edilmiş, qeyd bağçılığın sədrini imzası və bağçılığa aid möhürlə təsdiq edilmişdir. Göründüyü kimi bağçılığın üzvlərinin siyahısında mərhum L.Əhmədova 14 nömrəli bağın ayrıldığı qeyd edilsə də üzvlük kitabçasında iddiaçıya ayrılmış bağın nömrəsinin 24A nömrəsinə düzəliş edildiyi qeyd edilmişdir. İddia olunan bağ sahəsinin yerləşməsinə gəlincə cavabdehin imtina əsası ondan ibarətdir ki, göstərilən torpaq sahəsi heç bir bağçılıq- yoldaşlığın ayrıc aktı daxilində yerləşmir, eyni zamanda bağın nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə əks olunmadığından, sənəd üzrə sahənin yerləşməsini təyin etmək mümkün olmamışdır. Sorğuya cavab olaraq cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli **********45 nömrəli məktubla təqdim edilmiş Günəş bağçılıq yoldaşlığının bölgü sxemində 24a nömrəli bağ sahəsi öz əksini tapmamışdır. Məhkəmə qeyd edir ki, bağçılığa aid bölgü sxemdə 24 a nömrəli bağ sahəsinin olmaması mümkündür. Belə ki, yuxarıda da qeyd edildiyi kimi adlı siyahıda iddiaçının adına 14 nömrəli bağ, daha sora düzəlişlə 24a nömrəli bağ ayrıldığı qeyd edilmişdir. Odur ki, ilkin siyahıya uyğun tərtib edilmiş bağçılığa aid ilkin bölgü sxemdə 24a nömrəli bağın olmadığı ağlabatandır. Məhkəmə qeyd edir ki, bağ sahəsinin heç bir bağçılıq- yoldaşlığın ayrıc aktı daxilində yerləşməməsi müraciətin təminindən imtinaya əsas vermir. Təqdim edilən ərazinin ortofoto görüntüsündə iddiaçı tərəfindən iddia olunan bağ sahəsinin ətrafında 23J, 23Ş, 28A/2149A, 2149, 2025, saylı bağ sahələri yerləşdiyi nəzərə alındıqda iddiaçı tərəfindən iddia olunan 24a nömrəli bağ sahəsinin nömrə ardıcıllığına uyğun yerləşdiyi müəyyən olunur. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********35 nömrəli məktubu ilə təqdim edilmiş ortofoto görüntüdən görünür ki, iddia olunan bağ sahəsi ilə Günəş bağçılıq-yoldaşlığa aid ayrıc aktı daxilində yerləşən ərazinin müqayisəli görüntüsündə iddia olunan bağ sahəsinin Günəş baçılığa aid ayrıc aktı daxilində yerləşmədiyi görünür. Lakin məhkəmə sorğusuna əsasən iddia olunan bağ sahəsinin ətarfında yerləşən 2149, 2025, 23j, 23ş, 28/2149a nömrəli bağ sahələrinə dair hüquqmüəyyənedici sənədlərdən məlum olur ki, iddia olunan bağ sahəsi ilə qonşuluğunda yerləşən 25/2025 nömrəli bağ evi X1 verilmiş Günəş bağçılıq yoldaşlığına aid üzvlük kitabçası əsasında xx.xx.2004-cü il tarixdə qeydə alınmışdır. Göründüyü kimi cavabdeh iddia olunan bağ sahəsinin heç bir bağçılıq aktı daxilində yerləşmədiyi və Günəş bağçılıq yoldaşlığa aid ayrıc aktı daxilində yerləşmədiyini qeyd etsə də iddiaçının qonşuluğunda yerləşən digər bağ sahəsini Günəş bağçılıq yoldaşlığına aid bağ sahəsi kimi qeydə almış və qeydiyyat zamanı həmin bağın yerləşməsi ilə bağlı hər hansı etiraz dəlili irəli sürməmişdir. Belə olan halda cavabdehin imtina dəlili iddiaçıya münasibətdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə zidd hesab olunmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, yerli müayinə aktında iddia olunan torpaq sahəsinin koordinatları müəyyən edilmiş, torpaq sahəsinin iddiaçının sahiblik və istifadəsində olduğu müəyyən olunmaqla hər hans şəxsə aid torpaq sahəsi ilə üst-üstə düşmədiyi aşkar edilmişdir. Bundan əlavə yerli müayinə zamanı iddiaçının sahibliyində 0.1698 ha torpaq sahəsinin olduğu müəyyən edilmiş, 24a nömrəli bağ sahəsindən sənəd üzrə 0.12 ha hissəsi və 498 kv.m artıq qalan hissənin yerləşmə konfiqurasiyası, koordinatları müəyyən edilərək baş planda öz əksini tapmışdır. İddiaçı hazırkı tələbində sənəd üzrə 0.12 ha ölçüdə olan bağ sahəsinə qeydiyyatı mübahisələndirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yerləşən sahəsi 0.12 ha olan 24 A saylı bağ sahəsinə mülkiyyət hüququnun X5 məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yerləşən sahəsi 0.12 ha olan 24 A saylı bağ sahəsinə mülkiyyət hüququnun X5 məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-1326/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1326/2025
02.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver