Məhkəmə qərarları › İş №2-1(112)-13261/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13261/2025

19.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13261/2025 19.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil1, cavabdehin nümayəndəsi X2, üçüncü şəxs X6 vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (X13 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “sərəncamın ləğv edilməsi və müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında qaydada baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 30 ildən artıq fasiləsiz yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsi 7 saylı binanın, 1A saylı 37,7 kv.m qeyri-yaşayış sahəsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hazırkı qeyriyaşayış sahəsinə dair verilmiş 18 yanvar 2024-cü il tarixli “Daşınar Əmlakın və icarəyə verilmiş dövlət əmlakının və onların yerləşdiyi torpaq sahələrinin özəlləşdirilməsi haqqında” 07 nömrəli Sərəncamı sözügedən qeyri-yaşayış sahəsinə dair hissəsinin, Sərəncama əlavə olan “Daşınar Əmlakın və icarəçilərə təklif olunan icarəyə verilmiş dövlət əmlakının və onların yerləşdiyi torpaq sahələrinin təsdiq edilmiş siyahısının, eyni zamanda cavabdehlə 3-cü şəxs Almas Quliyeva arasında bağlanmış və hazırda istifadəsində olan “Dövlət Əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında xx.xx.2023-cü il tarixli, 4093 nömrəli icarə müqaviləsinin, tərəflər arasında xx.xx.2024-cü il tarixli, 934 nömrəli, Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsi, 7 saylı binanın, 1A saylı, 37 kv.m qeyri-yaşayış sahəsinə dair “Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İddia tələbi onunla əsaslandırılmışdır ki, məlum hadisələrlə əlaqədar 1992-ci ildən Laçın rayonunun, Bülulduz kəndindən məcburi köçkün düşərək, Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsi 7 saylı binanın 1A saylı qeyri-yaşayış sahəsində (zirzəmidə) ailə üzvləri ilə birlikdə məskunlaşmışdır. Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 6/39-nömrəli məktubu əsasında, onlar qeyd olunan qeyri-yaşayış sahəsinə Nərimanov rayon İHB-nın icazəsi və razılığı əsasında məskunlaşmışlar və hal-hazıra kimi həmin qeyri-yaşayış sahəsində yaşayırlar. İlk olaraq həmin qeyri-yaşayış sahəsindən istifadəyə dair kommunal və digər sənədləşmələr anası X5 adına olmuş, anası B.Q.Rəhimova xx.xx.2010-cu il tarixdə vəfat etdikdən sonra da kommunal sənədləşmələr uzun müddət onun adında qalmışdır. Sözügedən qeyri-yaşayış sahəsində mərhum anası X12, qardaşı X15, bacım X7, X1, o və bacısı X8 müvəqqəti qeydiyyatda olmuşlar. Əvvəl qeyd etdikləri kimi, anası B.Q.Rəhimova 2010-cu ildə, qardaşı Ş.M.Quliyev 2021-ci ildə vəfat etmişlər. X1 bir müddət qeyd etdikləri qeyri-yaşayış sahəsində yaşadıqdan sonra köçüb ünvan 1 ünvanında yerləşmiş yataqxanada yaşamış, yataqxana söküldükdən sonra, 2019-cu ildə məcburi köçkünlər üçün inşa edilmiş Qobu qəsəbəsində yerləşən, Qobu Park 2 massivində 19 saylı binanın 96 saylı mənzilində yaşamağa başlamış və hal-hazırda da həmin mənzildə yaşayır. Cavabdeh Almas Quliyeva məcburi köçkün deyildir və yaşadıqları qeyri-yaşayış sahəsində az müddət yaşadıqdan sonra, qeydiyyatdan çıxaraq ünvan 2 ünvanında qeydiyyata alınmış və həmin ünvanda yaşayır. Bundan başqa, cavabdeh Almas Quliyeva heç bir qanuni əsas olmadan, həmin qeyri-yaşayış sahəsinə dair qanunsuz sənədlər əldə edərək, müvəqqəti qeydiyyatda olduqları və faktiki olaraq yaşadıqları Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsi 7 saylı binanın 1A saylı 37,7 kv.m sahəsi olan qeyri-yaşayış sahəsini (zirzəmini) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti ilə Almas Quliyeva arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 934 saylı alqı-satqı müqaviləsinə əsasən dövlət reyestrində xüsusi mülkiyyət üzrə qeydə aldırmışdır. Hazırda cavabdeh Almas Quliyeva onu və digər iki bacısı X3 və X4 həmin qeyri-yaşayış sahəsindən çıxarmağa çalışır. Hesab edir ki, cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti ilə cavabdeh X13 arasında bağlanmış Nərimanov rayonu Ü.Bünyadzadə küçəsi 7-saylı binanın ümumi sahəsi 37,7 kv.m qeyri-yaşayış sahəsinə dair alqı-satqı müqaviləsi qanunsuz olduğundan etibarsız hesab edilməlidir. İddiaçı, digər ailə üzvləri ilə birlikdə 1992-ci il tarixdən Laçın rayonunun Bülulduz kəndindən məcburi köçkün düşərək, Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsi 7 - saylı yaşayış binasının 1A-saylı qeyri-yaşayış sahəsində (zirzəmidə) məskunlaşmışdır. Ailə başçısı X12 xx.xx.2010-cu il tarixində vəfat etmiş, lakin bütün kommunal ödənişlər və kommunal xidmətlər üzrə olan sayğaclar mərhum B.Rəhimovanın adına olmuş və son dövrlərə qədər də onun adında qalmışdır. Hazırki iş üzrə cavabdeh X9 həyat yoldaşı mərhum qardaşımız X15 2021-ci ildə vəfat etmiş, vəfat etməmişdən əvvəl 2003-cü ildə ailəsi ilə birlikdə qeyd olunan qeyri-yaşayış sahəsindən köçərək ünvan 4 ünvanında yaşamış və arvadı cavabdeh Almas Quliyeva hal-hazıra kimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Bundan başqa, qardaşım X10 da, qeyd olunan qeyri- yaşayış sahəsindən (zirzəmidən) 2001-ci ildə qeydiyyatdan çıxaraq əvvəlcə ünvan 1 ünvanında yerləşən yataqxanada yaşamış, yataqxana söküldükdən sonra 2019cu il tarixdən məcburi köçkün kimi Qobu qəsəbəsi, Qobu Park 2 yaşayış massivindən mənzil alaraq 19 nömrəli binanın 96 nömrəli mənzilinə köçmüşdür. Mübahisə predmeti olan qeyri-yaşayış sahəsində ancaq İddiaçı ailə üzvlərimlə və bacıları X8, X7 hal-hazıra kimi qeydiyyatda olmaqla yaşayırlar. Cavabdeh Almas Quliyeva Azərbayan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti ilə xx.xx.2024-cü il tarixdə sözügedən qeyri-yaşayış sahəsinə dair (o, ailə üzvləri ilə həmin qeyri-yaşayış sahəsində yaşadıqları halda) alqısatqı müqaviləsi bağlayaraq həmin sahəyə dair xüsusi mülkiyyət hüququ əldə etmişdir. Vəkil sorğusu ilə Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidmətinin 1-saylı Bakı Ərazi İdarəsinə bununla bağlı müraciət olunmuş və hansı hüquqi sənədlər əsasında bu alqısatqının aparıldığı barədə məlumat verilməsi xahiş olunsa da, DƏKRX-nin 1 -saylı Bakı Ərazi İdarəsi, xx.xx.2024-cü il tarixli cavab məktubunda ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 37,7 kv.m olan qeyri-yaşayış sahəsinin X9 adına Azərbayan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti ilə onun arasında imzalanmış xx.xx.2024-cü il tarixli, 934 saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən Dövlət Reyestrində xüsusi mülkiyyət üzrə qeydiyyata alınması bildirilmişdir. Həmin cavabda eyni zamanda bildirilmişdir ki, bununla bağlı müvafiq sənədlərin surəti yalnız məhkəmə sorğusuna əsasən verilə bilər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti, yerində yoxlama aparmadan, qeyri yaşayış sahəsinin yüklü olduğunu yoxlamadan, toplanmış sənədlərin doğruluğunu müəyyən etmədən, cavabdeh Almas Quliyeva ilə sözügedən qeyri-yaşayış sahəsinin alqı-satqısı ilə bağlı müqavilə bağlamışdır. Məhkəmə iclasında tərəflərlə iddianın mümkünlüyü müzakirə edildi. İddiaçının nümayəndəsi və vəkili iddia müddətinin ötürülmədiyini bildirdi və işə mahiyyəti üzrə baxılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, iddianın mümkün sayılmamasını xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, iddiaçı tərəf hazırda mübahisələndirdiyi müqavilənin mövcudluğundan məlumatlı olmuş və Bakı şəhəri Nizami rayon Məhkəməsində iddia qaldırmışdır. Həmin iş üzrə məhkəmə qərardadı xx.xx.2025-ci il tarixdə elektron kabinetə yüklənmişdir. Üçüncü şəxsin vəkili və nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, hazırkı iddianın növü mübahisələdirmə haqqında iddiadır. Belə ki, iddiaçı cavabdehin “Dövlət Əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında xx.xx.2023-cü il tarixli, 4093 nömrəli icarə müqaviləsinin, xx.xx.2024-cü il tarixli Sərəncamını və xx.xx.2024-cü il tarixli, 934 nömrəli, Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsi, 7 saylı binanın, 1A saylı, 37 kv.m qeyri-yaşayış sahəsinə dair “Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi”nin mübahisələndirir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; İPM-nin: 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Sadalanan qanunvericilik aktlarında müəyyən edilir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddiadır və belə iddialar müddət məhdudiyyətinə tabedir. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə – iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. İddiaçı cavabdehin Sərəncamını, həmin Sərəncam əsasında bağlanmış alqı-satqı müqaviləsini mübahisələndirir və həmin sənədləri mübahisələndirmək üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüşdür. Belə ki, mübahisələndirilən icarə müqaviləsi xx.xx.2023-cü il tarixli, alqı-satqı müqaviləsi xx.xx.2024-cü il tarixli və Sərəncam xx.xx.2024-cü il tarixlidir. İddiaçı cavabdehin xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə cavabdeh X11 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Məsələləri Xidmətinə qarşı “müqavilənini etibarsız hesab edilməsi” tələbinə dair elektron iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin e-2(007)-1347/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh X11 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Məsələləri Xidmətinə qarşı “müqavilənini etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraata, işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, xitam verilmiş və iddiaçıya Bakı İnzibati Məhkəməsinə müraciət etməli olması izah edilmişdir. Həmin qərardad xx.xx.2025-ci il tarixdə elektron kabinetə yerləşdirilmiş və iddiaçı tərəf qərardaddan məlumatlı olmuşdur. İddiaçı ən gec halda xx.xx.2025-ci il tarixdə üçüncü şəxs dair sənədlərin inzibati məhkəmədə mübahisələndirilməli olmasını bilmiş, lakin hazırkı iddia tələbi ilə xx.xx.2025-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət eddərək iddia müddətini ötürmüşdür. Məhkəmə qeyd edir ki, iddiaçı hüquqlarının pozulmasını xx.xx.2025-ci il tarixdə artıq bilirdi. Odur ki, cavabdehin hazırda mübahisələndirilkən digər sənədlərinin (Sərəncam və icarə müqaviləsi) iddiaçıya təqdim edilib-edilməməsi əhəmiyyət kəsb etmir. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. Bundan başqa iddiaçı sözügedən qeyri-yaşayış sahəsinin üçüncü şəxsin mülkiyyətinə verilməsinə dair cavabdehin sərəncamını və alqı-satqı müqaviləsini mübahisələndirmək üçün subyektiv hüquqa da malik deyildir. Belə ki, iddiaçı həmin sahəyə dair hər hansı hüquqmüəyyənedici sənədə malik deyildir. Əmlakda pasport qeydiyyatının olması isə iddiaçıya cavabdeh tərəfindən qəbul edilmiş hüquqmüəyyənedici sənədlərin mübahisələndirilməsi üçün subyektiv hüquq vermir. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Oxşar iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-570/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadında məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətini mümkünsüz hesab edərək qeyd etmişdir ki, “...iddiaçının uzun illər mübahisəli mənzildə yaşamasına əsaslanmaqla həmin mənzilə dair order və digər sənədləri mübahisələndirmək tələbi o halda yaranmış hesab oluna bilər ki, həmin mənzil ilə bağlı iddiaçının mülkiyyət hüququ əldə etmə imkanının hüquqi əsasları mövcud olsun. Lakin hazırkı işdə belə bir əsaslar mövcud deyil. İddiaçı mübahisəli mənzildə uzun illər yaşadığını bildirsə də, onun həmin mənzil üzərində hüquqlarını təsdiqləyən hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyil. İddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüququnun yaranmasına əsas kimi 1993-cü ildən Qubadlı rayonundan məcburi köçkün kimi həmin mənzildə məskunlaşdığını göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qeyd etdiyi hal iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququnun yaranması üçün əsas təşkil edə bilməz. Belə ki, yuxarıda qeyd edilənlər iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququnun olmasını istisna edir... ...Məhkəmə kollegiyası həmin şikayəti mümkün saymayarkən bu növ işlərlə bağlı vahid məhkəmə təcrübəsinin mövcudluğuna istinad etmiş, eyni zamanda qeyd etmişdir ki, hazırki iş üzrə qanunvericiliklə müəyyən edilən əsasların mövcudluğu müəyyən edilmədiyindən, yəni iddiaçı tərəfindən torpaq sahəsi ilə bağlı müvafiq sənədlərin (alğısatqı müqaviləsi, qeydiyyat vəsiqəsi, texniki pasport və s.) təqdim edilməməsinə görə hazırkı iddia mümkün sayıla bilməz. Beləliklə, formalaşmış vahid məhkəmə təcrübəsi onu göstərir ki, hər hansı bir sahə üzərində hüquqların olduğu barədə tələb irəli sürülərkən müvafiq sənədlərin olması zəruridir). Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkünlük şərtlərini ödəmədiyi üçün mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (X13 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “sərəncamın ləğv edilməsi və müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar