Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13269/2025 19.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim İddiaçı Xaqani oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hərbi xidmətdən ehtiyata buraxılma” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hərbi xidmətdən ehtiyata buraxılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1990-cı il tarixdə Beyləqan rayonunda doğulmuşdur. 2008-ci il tarixdə Azərbaycan Tibb Universitetinə Hərbi tibb fakültəsinə daxil olmuşdur. 2012-ci il tarixindən təhsilini Hərbi tibb fakültəsində kursant kimi davam etdirmiş, xx.xx.2014-cü ildən zabit kimi Silahlı Qüvvələrdə, xx.xx.2017-ci il tarixdən Hərbi tibb fakültəsində rezident, 2021ci il tarixdən Quru Qoşunlarında həkim Anestezioloq- Reanimatoloq, xx.xx.2024-cü il tarixdən bu günə qədər Silahlı Qüvvələrin Baş X1 və Reanimasiya bölməsinin ordinatoru vəzifəsində xidmət edir. xx.xx.2025-ci il tarixdə "Hərbi xidmətkeçmə haqqında" Azərbaycan Respublikasının Qanunun 156 "j" maddəsinə müvafiq olaraq onun Azərbaycan ordusundan həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmağı barədə rapotla müraciət etməsinə baxmayaraq, Müdafiə Nazirliyinin Tibb Baş İdarəsindən bu vaxta qədər heç bir cavab verilməmişdir. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı 05 iyun 2012-ci il tarixdən təhsilini Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsində kursant kimi davam etdirmiş, 23 iyun 2014-cü il tarixdən Azərbaycan Ordusu sıralarında N nömrəli hərbi hissənin tibb məntəqəsinin həkimi vəzifəsində leytenant hərbi rütbəsində xidmətə başlamış və rezidentura təhsilinə qədər ordu sıralarında zabit kimi xidmətdə olmuşdur. Bundan sonra İddiaçı 21 sentyabr 2017-ci il tarixdə rezidentura təhsilinə qəbul edilmiş və 30 oktyabr 2020-ci il tarixdə təhsilini bitirərək müvafiq əmrə əsasən N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmiş və 21 dekabr 2020-ci il tarixdə yenidən rezidentura təhsilinə qəbul edilərək 06 aprel 2021-ci il tarixdədək təhsildə olmuşdur. 06 aprel 2021-ci il tarixdən N nömrəli hərbi hissədə xidmətini davam etdirmiş 05 noyabr 2024-cü il tarixdən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında xidmətini davam etdirir. İddiaçı iddia ərizəsində 2014-cü il tarixdən leytenant hərbi rütbəsində Azərbaycan Ordusunda xidmətə başladığını və 2024-cü il tarixdə onun 10 il zabit kimi xidməti olduğunu göstərək 24 yanvar 2025-ci il tarixdə ehtiyata buraxılması üçün komandanlığa müraciət etməsini qeyd etmiş, lakin sonradan müraciətindən xeyli müddət keçməsinə baxmayaraq heç bir tədbir görülmədiyindən məhkəməyə müraciət etməsini göstərmişdir. “Hərbi qulluqçuların statusu haqqında”, Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında 22 dekabr 2023-cü il tarixdə dəyişiklik edilmiş və 01 yanvar 2024-cü il tarixdə qüvvəyə minmiş, belə ki həmin Qanununun 2.4.2-ci yarımbəndinə “Qeyd” hissəsi əlavə edilmiş və orada “Zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Əsasnamənin 15-ci maddəsinin birinci hissəsinin səkkizinci abzasında və bu maddənin birinci hissəsinin “j” bəndində nəzərdə tutulmuş müddətlərə daxil edilmir.” göstərilmişdir. Yəni, İddiaçı 21 sentyabr 2017-ci il tarixdə rezidentura təhsilinə qəbul edilmiş və 30 oktyabr 2020-ci il tarixdə təhsilini bitirmiş buda onu göstərir ki, iddiaçı 3 il 1 ay müddətində rezidentura təhsildə olmuş və onun 10 il zabit kimi Azərbaycan Ordusunda xidməti olmamış, belə ki, onun hal-hazırda Azərbaycan Ordusunda zabit kimi xidməti 8 il təşkil edir və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndi ilə ehtiyata buraxılması üçün yuxarı komandanlığa müraciəti əsassızdır belə ki, onun 10 il zabit kimi Azərbaycan Ordusundan tərxis olunması hüququnu əldə etməmişdir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hərbi biletdən görünür ki, xx.xx.2014-cü il tarixli əmri ilə iddiaçı tibb məntəqəsinin həkimi vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.2016-cı il tarixli 011 №-li əmri ilə N nömrəli hərbi hissənin tibb məntəqəsinin rəisi təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli, 0691 №-li əmri ilə Hərbi- Tibb fakültəsinin rezidenti olmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli, 0433 №-li əmri ilə N nömrəli hərbi hissənin baş ordinatoru, xx.xx.2024-cü il tarixdən isə Silahlı Qüvvələrin Baş X1 və Reanimasiya bölməsinin ordinatoru təyin edilmişdir. Raportdan görünür ki, iddiaçı xx.xx.2025-ci il tarixdə müraciət edərək 156-cı maddənin “j” bəndində (öz arzusu ilə) müvafiq olaraq hərbi xidmətdən ehtiyata buraxılması barədə yuxarı komandalıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun: 41.0.9-cu maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçulardan yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun:
18. Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Qadınlar və müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular həqiqi hərbi xidmətdə olmağın müddətləri başa çatanadək ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən öz arzuları ilə buraxıla bilər, zabitlər isə, bundan başqa, bir də zabit vəzifələrində on illik xidmət müddəti başa çatdıqdan sonra öz arzuları ilə buraxıla bilər 22-ci maddəsinin 2-ci bəndində əsasən müəyyən olunmuş təminatın qane etməməsi, hərbi qulluqçular barəsində komandirlərin (rəislərin) və ya başqa hərbi qulluqçuların qanunsuz xidməti sərəncamları (hərəkətləri) barəsində, hərbi-xidmət münasibətlərinin başqa məsələləri barəsində şikayətlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrində nəzərdə tutulan qaydada verilir, nəzərdən keçirilir və həll edilir. Hərbi qulluqçular hərbi vəzifəli şəxslərin və hərbi idarə orqanlarının qərar və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: 156-cı maddəsinin «j» bəndinə əsasən yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Qeyd: Zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Əsasnamənin 15-ci maddəsinin birinci hissəsinin səkkizinci abzasında və bu maddənin birinci hissəsinin “j” bəndində nəzərdə tutulmuş müddətlərə daxil edilmir. (22 dekabr 2023-cü il tarixli 1074-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmişdir və xx.xx.2024-cü il tarixdən qüvvəyə minmişdir) Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 887 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi”nin: Bənd 6. Hərbi qulluqçu xidmət məsələlərinə dair özünün bilavasitə rəisinə və ancaq onun icazəsi ilə komanda üzrə daha böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu şəxsi məsələlərə dair, bir qayda olaraq, özünün bilavasitə rəisinə, xüsusi hallarda isə böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu rəisə yazılı surətdə müraciət etdikdə, raportu yalnız komanda üzrə verə bilər. Hərbi qulluqçu təklif, ərizə və şikayət verdikdə, İntizam nizamnaməsinin müddəalarını rəhbər tutmalıdır. Normativ hüquqi aktın tələblərinin şərhinə keçməzdən əvvəl, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki işdə söhbət xüsusi kateqoriya şəxs olan hərbi qulluqçudan gedir. Onların xidmətə qəbuluna, xidmətin aparılmasına, xidmətdən buraxılmasına dair xüsusi tələblər vardır. Ona görə ki, hərbi xidmət xüsusi xarakter daşıyır. Bu onunla bağlıdır ki, hərbi qulluqçuların malik olmalı olduğu hərbi intizam onların yüksək şüurluluğuna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə, xalqın beynəlmiləlçilik ənənələrinə sadiq olmalarına və Vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Mövcud normativ tənzimləmələrə əsasən, azı 10 il hərbi xidmət keçmiş kadr zabitinin öz arzusu ilə Silahlı Qüvvələrdən ehtiyata buraxılması barədə müraciəti olduğu halda, qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati orqan tərəfindən həmin müraciət təmin edilməli, yəni həmin şəxs ehtiyata buraxılmalıdır. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan iddiaçının ehtiyata buraxılma barədə raportla müraciət etməsini mübahisələndirməmiş, lakin “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “Qeyd” bölməsinə əsaslanaraq, iddiaçının rezidentura təhsilində keçirdiyi müddəti xidmət illərinə daxil etməmiş və bu səbəbdən onun 10 il xidmət müddətini tamamlamadığını bildirmişdir. Məhkəmə cavabdehin bu hüquqi mövqeyini əsaslı hesab edir. Belə ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsinin 156-cı maddəsinin xx.xx.2024-cü il tarixinədək qüvvədə olmuş redaksiyası kadr zabitinin öz arzusu ilə ehtiyata buraxılması üçün yalnız bir şərt – xidmət müddətinin azı 10 il olmasını nəzərdə tuturdu və həmin dövrdə maddədə rezidentura müddətinin xidmət stajına daxil edilməməsinə dair hər hansı məhdudlaşdırıcı qeyd mövcud deyildi. xx.xx.2024-cü ildən etibarən qüvvəyə minmiş yeni redaksiyada isə 156-cı maddəyə “Qeyd” bölməsi əlavə olunmuş, rezidentura müddətinin xidmət illərinə daxil edilməməsini nəzərdə tutan yeni hüquqi tənzimləmə gətirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən, yalnız hüquqi vəziyyəti yaxşılaşdıran və ya hüquqi məsuliyyəti yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Hüquqi vəziyyəti ağırlaşdıran yeni tənzimləmələrin geriyə şamil olunması yolverilməzdir. Məhkəmə qeyd edir ki, yeni redaksiyanın iddiaçının formalaşmış hüquqi vəziyyətinə təsir etməməsi yalnız onun xx.xx.2024-cü il tarixinədək faktiki olaraq 10 il zabit kimi xidmət keçməsi müəyyənləşdirildiyi halda mümkün olardı. Əgər iddiaçının rezidentura müddəti də daxil edilməklə zabit kimi 10 il xidməti xx.xx.2024-cü ilədək tamamlanmış olsaydı, bu halda yeni “Qeyd” bölməsindəki tənzimləmə ona münasibətdə tətbiq edilməli deyildi və o, əvvəlki redaksiyaya əsasən ehtiyata buraxıla bilərdi. Lakin iş materiallarından müəyyən olunur ki, iddiaçının rezidentura müddəti də daxil olmaqla keçirdiyi hərbi xidmət müddəti xx.xx.2024-cü ilə qədər 10 ildən az olmuş, 10 illik müddət yalnız yeni tənzimləmə qüvvəyə mindikdən sonra tamamlanmışdır. Deməli, həmin tarixdən sonra tətbiq olunan tənzimləməyə əsasən rezidentura dövrü xidmət illərinə daxil edilə bilməz və bu səbəbdən iddiaçının 10 il xidmət müddətinin tamamlanması əsası ilə ehtiyata buraxılması mümkün deyil. Məhkəmə, iddiaçının bərabərlik hüququnun pozulduğu barədə arqumentinə münasibətdə bildirir ki, iddiaçı eyni vəziyyətdə olan şəxslərin ehtiyata buraxılması barədə məhkəmə qərarlarına istinad etmişdir. Nəzərə alınmalıdır ki, Konstitusiyanın 25-ci maddəsində təsbit olunmuş hüquq bərabərliyi prinsipi yalnız eyni hüquqi və faktiki vəziyyətdə olan şəxslərin fərqli rəftara məruz qaldığı hallarda pozulmuş hesab edilə bilər. Təqdim olunmuş məhkəmə qərarlarından ehtiyata buraxılan şəxslərin xx.xx.2024-cü il tarixinədək 10 il zabit kimi xidmət keçdiyi və rezidentura müddətinin yeni “Qeyd”ə baxmayaraq xidmət stajına daxil edildiyi barədə hər hansı əsaslandırma mövcud deyil. Bu səbəbdən iddiaçı ilə həmin şəxslərin hüquqi vəziyyətləri eyniləşdirilə bilməz və bərabərlik hüququnun pozulması müəyyən olunmur. Qeyd olunur ki, müvafiq münasibətlər üzrə tənzimləmə müəyyən edən və mübahisə tərəflərindən hər hansı birinin vəziyyətini dəyişən normaların qəbulu dəyişən münasibətlərə fərqli tətbiq zərurətindən irəli gəlir. Aydın məsələdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi nəzərə alınmaqla həmin normanın tətbiqinin mümkünlüyündən söhbət gedə bilər. Hazırkı halda isə hüquqi vəziyyətin Azərbaycan Respublikası Konstitusiyasının 149cu maddəsi tətbiqi baxımından ağırlaşmasından söhbət gedə bilməz. Nəzərə alınmalıdır ki, belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün əksər milli və beynəlxalq məhkəmələrin hüquq tətbiqetmə təcrübəsində “qazanılmış hüquq” yanaşması tətbiq edilir. Qazanılmış hüquq – yarandığı an hüquqa uyğun olan, şəxsin xeyrinə yeni hüquqi status yaratmaqla və ya dəyişməklə faktiki və hüquqi nəticələr doğuran, eləcə də fərdin özü üçün qətiləşmiş tələb etmə hüququ yaradan, lakin daha sonra qanunvericiliyin dəyişməsinə baxmayaraq hüquq nizamının qorumalı olduğu haqqdır. Hər hansı bir konkret halda qazanılmış hüququn varlığından söz edə bilmək üçün şəxsə aid artıq yaranmış (tamamlanmış) və hüquqi müdafiə altına alınmış bir vəziyyət mövcud olmalıdır. Qazanılmış hüququn mövcud olması üçün sözügedən hüquq müəyyən bir müddət üçün verilməməlidir. Çünki, həmin müddət ərzində istifadə edilmədikdə müddətin bitiməsindən sonra hüquqla bağlı müdafiə təminatı da ortadan qalxmış olur. Qazanılmış hüquqlara münasibətdə yanaşmanı formalaşdıran əsasən belə bir ideyadır ki, əvvəlki qanunvericiliklə müəyyən edilmiş qaydada qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə tamamilə ortadan qaldırıla və ya hüququn mahiyyətini əhəmiyyətsiz edəcək həddə qədər məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin ümumi mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Hazırkı halda isə öz arzusu ilə ehtiyata buraxılmaya münasibətdə qazanılmış hüququn mövcudluğundan söhbət gedə bilməz, göstərilən səbəbdəndir ki, xx.xx.2024-cü il tarixinədək faktiki olaraq 10 il zabit kimi xidmət keçmə ilə həmin tarixdən sonra xidmət keçməyə münasibətdə fərqli mövqe nümayiş etdirilməlidir. Belə ki, ilkin halda qazanılmış hüquq mövcuddur və qanunvericilikdə edilmiş yeni tənzimləmələr qazanılmış hüququn itirilməsinə səbəb ola bilməz. İddiaçının vəziyyətində isə qazanılmış hər hansı hüquq yoxdur, bu səbəbdən də yeni tənzimləmə Konstitusiyanın yuxarıda göstərilən maddəsinin tətbiqini istisna edir. Əks halda, 01 yanvar 2024-cü il tarixdə qüvvəyə minmiş yeni normativ tənzimləmənin illər sonra tətbiqinin yalnız mümkünlüyü anlamına gəlməlidir. Oxşar hüquq münasibətləri kimi necə ki, “Əmək pensiyaları haqqında” Qanuna edilmiş yeni tənzimləmələr ( dövlət qulluğu üçün 5 il stajın 15 ilə qaldırılması, hərbi və xüsusi rütbə nəzərdə tutulan bir-sıra dövlət orqanlarında nəzərdə tutulmuş vəzifələr üzrə 20 illik stajın 25 ilə, 25 illik stajın 35 ilə qaldırılması və s) şəxsə münasibətdə hüquqi vəziyyəti dəyişmişdir, göstərilən dəyişmə Konstitusiyanın yuxarıda göstərilən maddəsinin tətbiqi zərurətini müəyyən etməmişdir. Belə ki, dövlət qulluğuna daxil olduğu ildə 5 il staj, hərbi qulluğa daxil olduğu ildə 20 il staj, prokurorluq orqanlarına daxil olduğu ildə 25 il stajı olan şəxs, pensiya yaşına çatdıqda həmin müddətlər 15, 25,35 il olduğundan məhz sonuncu göstərilən staj müddəti toplandığı halda xüsusi növ əmək pensiyasının tətbiqini tələb edə bilər. Digər növ tələb etmə isə o zaman mövcud ola bilər ki, yeni tənzimləmə müəyyən edilənədək 5 il, 20 il, 25 illlik staj mövcud olmuş olsun. Göstərilən növ hallara münasibətdə həlledici məqam isə hazırkı iş üzrə olduğu kimi qazanılmış hüquq konsepsiyasıdır. AR İPM-nin 14.3-cü maddəsindən də göründüyü kimi inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi digər iddia növlərindən fərqli olaraq iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd olunmalıdır.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: İddiaçı