Məhkəmə qərarları › İş №2-1(112)-1327/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1327/2023

27.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1327/2023 27.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Sahib Hümbətov küçəsi, ev 74 ünvanında yerləşən mənzilə dair üçüncü şəxs X3 adına verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırki iş üzrə X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi (zəruri cəlbetmə) qərara alınmışdır. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar ünvan 1 ünvanında yerləşən mənzilə dair X4 adına çıxarışın verilməsinə əsas olan aktı, yəni Yasamal Rayonu X7 İcraiyyə Komitəsinin 030683 №li 26 avqust 1997-ci il tarixli orderi mübahisələndirmirlər. İddiaçılar onların razılığı alınmadığına görə sözügedən mənzilin X4 adına özəlləşdirilməsi prosesinin qanunsuz aparılmasından narazıdırlar. Qeyd olunanlara əsasən, iddiaçılar hesab edir ki, ünvan 1 ünvanında yerləşən mənzil X4 adına qeydiyyatdan keçməsinə iddiaçılar imza edərək razılıq ərizəsi vermədiyinə görə üçüncü şəxsin adına verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarış etibarsız hesab edilməlidir. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, ünvan 2 ünvanında yerləşən mənzil xx.xx.1997-ci il tarixli 030683 nömrəli order əsasında xx.xx.2009-cu il tarixdə X3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir, (ərizəyə xx.xx.2009-cu il tarixli 134 nömrəli 2 saylı forma arayışı, İddiaçı2, İddiaçı4, X2, X5, İddiaçı5 razılıq ərizələri əlavə edilmişdir) X3 xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən ünvan 2 ünvanında yerləşən mənzilə dair ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli elektron çıxarış tərtib edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia tələbinin rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Yasamal rayon X12 tərəfindən verilmiş 030683 №-li orderin surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən əmlak İddiaçı1 verilmişdir. Orderdə iddiaçı ilə yanaşı onun ailə tərkibinin adı da göstərilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak X3 xüsusi mülkiyyətindədir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi iddiaçıların hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə əsas məqsədləri Bakı şəhəri, Xətai rayonu, Sahib Hümbətov küçəsi, ev 74 ünvanında yerləşən daşınmaz əmlak ilə bağlı X3 adına aparılmış qeydiyyatını rəsmiləşdirilən çıxarışın etibarsız hesab olunmasıdır. İddiaçılar hesab edir ki, Yasamal rayon X12 tərəfindən verilmiş 030683 №-li orderdə təkcə üçüncü şəxsin deyil, həmçinin onların da adları göstərildiyindən, o cümlədən də cavabdeh inzibati orqan tərəfindən məhkəmə icraatı zamanı təqdim olunmuş razılıq ərizələrində olan imzalar onlar tərəfindən icra olunmadığından, mübahisəli çıxarış etibarsız hesab olunmalıdır. Məhkəmə iddiaçıların iddia tələbinin mahiyyətinə keçməzdən əvvəl ilkin olaraq çıxarışın etibarsız hesab olunması və çıxarışın ləğv edilməsi anlayışlarına münasibət bildirməsini zəruri hesab edir. Belə ki, qanunvericilik inzibati aktın (qərarının) “ləğv edilməsi” və “etibarsız hesab edilməsi”nin ifadələrini fərqləndirmişdir. İnzibati aktın ləğv edilməsi aktın mahiyyəti üzrə əsaslı qəbul edilib-edilməməsinə söykənir. Lakin, inzibati aktın (qərarın) etibarsızlığı isə müvafiq olaraq İnzibati icraat haqqında Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallar əsasında müəyyən edilir. Doğrudur ki, mülkiyyət hüquqlarının qeydə alınmasını rəsmiləşdirilən çıxarış inzibati akta xas olan əlamətləri daşımadığından, inzibati akt hesab olunmur. Nəzərə alınmalıdır ki, çıxarış öz növbəliyində inzibati akt hesab olunmasa da, çıxarışın etibarsızlığı ilə bağlı mübahisəyə məhz Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallar əsasında qiymət verilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsində qeyd olunmuşdur ki, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Göründüyü kimi qüvvədə olan qanunvericilik “İnzibati icraat haqqında” Qanunun müddəaları həmçinin inzibati orqanın faktiki xaraterli fəaliyyətinə (hərəkətlərinə) də şamil edir. Faktiki xarakterli fəaliyyət dedikdə inzibati orqanın müvafiq fəaliyyət sferasını, vəzifələrini və hüquqlarını tənzimləyən normativ hüquqi akt əsasında icra etdiyi funksiyalar başa düşülür. Bu ifadənin daşıdığı mənanı izah edilməsi zərurəti vardır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 1.1-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Xidmət) dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində (bundan sonra – müvafiq sahə) dövlət nəzarətini həyata keçirən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra – Nazirlik) strukturuna daxil olan qurumdur. Cavabdeh inzibati orqan dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, buradan irəli doğan digər vəzifələrin icrasını təmin edən orqandır. Həmin orqanının bu fəaliyyət çərçivəsində icra etdiyi hərəkətlər onun faktiki xarakterli fəaliyyətini ehtiva edir. Bu səbəbdən də Məhkəmə hesab edir ki, çıxarışın verilməsi öz növbəliyində inzibati orqanın faktiki xarakterli fəaliyyəti olduğundan, çıxarışın etibarsız hesab edilməsi ilə bağlı mübahisəyə baxılarkən “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsi rəhbər tutulmalıdır. Məhkəmə üçüncü şəxsin adına verilmiş çıxarışın etibarsız hesab olunması ilə bağlı tələbə münasibət bildirir. Bununla bağlı qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət. 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Qanunvericiliyin tələbindən də göründüyü kimi publik hüquq sahəsinə aid olan müəyyən məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır və qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Adıçəkilən maddələrin təhlilindən müəyyən edilir ki, inzibati akt qanunvericilikdə nəzərdə tutulmuş şərtlər daxilində geri çağrılana, ləğv edilənə, dəyişdirilənədək bütün şəxslər, o cümlədən inzibati aktın yönəldiyi fiziki və hüquqi şəxslər üçün hüquqi qüvvəyə malikdir ki, onun hüquqi qüvvəsi və hüquqi cəhətdən etibarlılığı həmin qərarı qəbul etmiş inzibati orqan və digər inzibati orqanlar üçün də istisna təşkil etmir. Bununla əlaqədar olaraq aşağıdakıların qeyd edilməsi zəruridir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Şərh olunan qanunvericiliyin müddəalarından göründüyü kimi, İnzibati icraat haqqında Qanunun 65.1-ci maddəsində inzibati aktın etibarsız sayılmasının konkret əsasları göstərilmişdir. Bu əsasların mövcud olması inzibati aktın heç bir hüquqi əhəmiyyətə malik olmadığını bildirir. Qanunvericiliyin bu əsasları dəqiq müəyyən etməsi ona xidmət edir ki, ilk növbədə aydın şəkildə inzibati aktı etibarsız edən hallar konkretləşdirilsin. Yuxarıda da qeyd olunduğu kimi “İnzibati icraat haqqında” Qanunun müddəaları inzibati orqanının faktiki hərəkətlərinə də şamil olduğundan, cavabdeh tərəfindən üçüncü şəxsin adına verilmiş çıxarışın etibarsızlığı ilə bağlı tələbə qiymət verilərkən həmin Qanunun 65.1-ci maddəsində göstərilən əsasların olub-olmaması müəyyən edilməlidir ki, həmin əsaslar hazırki işdə mövcud olmadığından çıxarışın etibarsız hesab olunmasına dair tələb əsaslı hesab edilə bilməz. Məhkəmə eyni zamanda qeyd etmək istəyir ki, iddiaçı hazırkı iddiasında çıxarışın etibarsız hesab olunmasını tələb etsə də, əslində tələbin mahiyyəti çıxarışın ləğvi ilə bağlıdır. Bu səbəbdən də Məhkəmə hazırki iddia tələbinə həmçinin çıxarışın ləğv edilməsi üçün əsasların olub-olmaması tərəfindən də dəyərləndirmə aparılmasını zəruri hesab etmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Qanunvericiliyin tələbindən də göründüyü kimi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməlidir. Hazırki işin hallarından da göründüyü kimi üçüncü şəxs X3 ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydə alınması X7 tərəfindən verilmiş order və orderdə adı çəkilən şəxslərin razılıq ərizələri əsasında həyata keçirilmişdir. Doğrudur ki, həmin sənədlər üçüncü şəxsin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını həyata keçirmək üçün kifayət qədər mötəbər sənədlərdi. Lakin, iddiaçılar razılıq ərizələrində olan imzaların onlara məxsus olmadığını bildirirək üçüncü şəxsin adına aparılmış qeydiyyatın əsassız olduğunu hesab edirlər. Məhkəmə iddiaçıların irəli sürdüyü mülahizələrə qiymət verilməsi məqsədi ilə aidiyyəti üzrə sorğu ünvanlayaraq çıxarışın verilməsinə əsas olmuş sənədlərin, eyni zamanda həmin sənədlər içərisində iddiaçıların razılıq ərizələrinin əsillərini tələb etmişdir. Məhkəmə icraatı zamanı təqdim olunmuş həmin razılıq ərizələrinə baxış keçirilmiş və razılıq ərizələrində olan imzaların iddiaçılara məxsus olub-olmamasının müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatı zamanı eksperimental imza nümunələri ümumi və xüsusi (quruluşuna, hərəkətin birləşmə formasına, hərəkətin forma və istiqamətinə, hərəkətin başlanğıc və bitmə nöqtələrin yerinə görə) əlamətlər üzrə fərqləndirilmişdir. Ekspertiza tədqiqatının nəticəsi kimi İddiaçı2 adından olan xx.xx.2009-cu il tarixli "İmza” qrafasındakı imza - İddiaçı2; İddiaçı4 adından olan xx.xx.2009-cu il tarixli "İmza” qrafasındakı imza - İddiaçı4; X6 adından olan xx.xx.2009-cu il tarixli "İmza” qrafasındakı imza - X6; İddiaçı1 Xaliq qızı adından olan xx.xx.2009-cu il tarixli "İmza” qrafasındakı imza - İddiaçı1 Xaliq qızı; İddiaçı5 Xaliq qızı adından olan xx.xx.2009-cu il tarixli "İmza” qrafasındakı imza - İddiaçı5 Xaliq qızı tərəfindən icra olunmuşdur. Göründüyü kimi iddiaçılar razılıq ərizələri (imzaların onlara məxsus olması təsdiq olunmuşdur) verərək sahiblik, sərəncam və istifadə hüquqlarının üçüncü şəxsə məxsus olması və onun daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydə alınmasında öz iradə ifadələrini nümayiş etdirmişdirlər. Məhkəmə rəyin sübuti əhəmiyyəti ilə bağlı qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88- ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1); Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2). Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcbur olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Məhkəmə hesab edir ki, üçüncü şəxsin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı qüvvədə olan order və orderdə qeyd olunan şəxslərin razılıq ərizələri əsasında həyata keçirildiyindən, cavabdeh inzibati orqan haqlı olaraq üçüncü şəxsin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatını həyata keçirmişdir. Beləliklə, Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olduğundan, iddia tələbi rədd olunmalıdır. Məhkəmə həmçinin məhkəmə prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İPM-nin 69.5-ci maddəsinin tələbinə görə məhkəmə qərarının nəticəvi hissəsində, həmçinin, prosessual xərclər də göstərilməlidir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Yenə həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi təmin olunmadığından, ekspertiza tədqiqatının dəyəri 124 (yüz iyirmi dörd) manat iddiaçılardan tutulmalıdır. Azərbaycan Respublikası İPM-nin 115.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri 124 (yüz iyirmi dörd) manat məbləğində prosessual xərcin X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba ödənilməsi vəzifəsi ərizəsi əsasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar