Məhkəmə qərarları › İş №2-1(112)-1327/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1327/2025

15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1327/2025 15.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın ödənilməmiş hissəsinin verilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2015-ci ildən xx.xx.2017-ci il tarixinədək əsassız olaraq dayandırılmış ödənilməyən pensiyanın hesablanaraq ödənilməsində yol verilən nöqsanların aradan qaldırılmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan iddiaçının ərizəsi nəzərə alınaraq Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Həmçinin məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “xx.xx.2015-ci ildən xx.xx.2017-ci il tarixinədək ödənilməyən pensiyanın hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, DİO-da xx.xx.1992-ci ildən xx.xx.2011-ci ilədək xidmətini davam etdirmişdir. DİO-da xidmətdən ailə vəziyyətində baş vermiş ağır itki ilə əlaqədar olaraq, oğlu vəfat etdiyinə və ailəsi ilə birlikdə ağır stress yaşadığına görə öz ərizəsi əsasında xaric olunmuşdur. Həmin dövrdə iddiaçı pensiya hüququ əldə etmişmişdir. Xidmət illərinə və tutduğu vəzifəyə uyğun olaraq ona müvafiq pensiya təyin edilmişdir. Ailəsində vəziyyət stabilləşəndən sonra iddiaçının xahişinə əsasən, təkrarən DİO-da xx.xx.2015-ci ildən xx.xx.2020-ci ilədək xidmətini davam etdirmişdir. Beləliklə, tərxis olunduğu günədək iddiaçının xidmət illəri təqvim üzrə 28 il, 6 ay, 18 gün, imtiyazlı xidmət müddəti isə 34 il, 2 ay, 25 gün təşkil etdiyindən güzəştli şərtlərlə pensiya almaq hüququ vardır. İddiaçının pensiyası hesablanarkən qanunvericiliyin aşağıdakı tələbləri pozulmuşdur: Həmin dövrdə qüvvədə olan qanuvericiliyin tələblərinə görə iddiaçının pensiyası hesablanarkən xidmət illərinə görə faiz dərəcəsi 92 olmalı idi. Lakin, iddiaçıya aydın olmayan səbəblərdən onun pensiyası cəmi 74 faiz hesablanmışdır. Pensiya hesablanarkən həmçinin iddiaçının pensiyasına Daşkəsən rayonuna şamil olunan dağ yüksəkliyinə görə 20 faizlik əlavə də hesablanmamışdır. Onu da qeyd olunmalıdır ki, Daşkəsən rayonu ərazisindəki hər bir xidmət günü pensiya hesabatında gün yarım kimi hesablanmışdır. Hal-hazırda iddiaçının pensiyası 897 manatdır. Hesab olunur ki, iddiaçının pensiyası yuxarıda qeyd edilən nöqsanların aradan qaldırılaraq hesablanması ədalətli və qanuna uyğun olar. İddiaçi Azərbaycan Respublikasının ərazi bütövlüyü və müstəqilliyi uğrunda gedən döyüşlərdə iştirak etmiş və müharibə veteranıdır. Bütün bunlar bir daha təsdiq edir ki, iddiaçının pensiyasının düzgün hesablanmaması müvafiq normativ hüquqi aktların kobud surətdə pozulması ilə əlaqədar yol verilən vəzifəli şəxslərin qanunsuz hərəkətləridir və bu qanunsuz hərəkətlər nəticəsində iddiaçıya maddi və mənəvi zərər vurulmuşdur. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 28 noyabr 2011-ci il tarixli 594 nömrəli məlumat vərəqəsində iddiaçının vəzifəsi "Bakı şəhəri Binəqədı RPİ-nin 40-cı PB-nin təhqiqatçısı, rütbəsi "mayor", ehtiyata buraxılma səbəbi “öz arzusuna görə", ehtiyata buraxıldığı tarix “10 noyabr 2011-ci il", xidmət müddəti 28 il 9 ay 19 gün (təqvimi xidmət illəri 21 il 5 ay 6 gün, güzəştli xidmət illəri 4 il 10 ay 13 gün, ali təhsil müddəti 2 il 6 ay), vəzifə maaşı 195,00 manat, rütbə maaşı 130,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 25 faizi miqdarında əlavə-81,25 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 15 faizi miqdarında əlavə-29,25 manat və ərzaq payı əvəzinə kompensasiya 64,00 manat olmaqla cəmi təminat xərcliyi 499,50 manat göstərilmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin tələblərinə uyğun qaydada 16 dekabr 2011-ci il tarixdə iddiaçıya təminat xəcliyinin (499,50 manat) 74 faizi-442,15 manat məbləğində əmək pensiyası təyin edilmişdir, iddiaçının daxili işlər orqanlarında yenidən xidmətə cəlb olunması ilə əlaqədar pensiya ödənişinin dayandırılması ilə bağlı Daxili İşlər Nazirliyinin 25 aprel 2015-ci il tarixli 027-1568-1215 nömrəli məktubuna əsasən iddiaçının əmək pensiyası 30 aprel 2015-ci il tarixdən dayandırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən 30 noyabr 2019-cu il tarixdə yenidən tərxis olunmağıyla əlaqədar sözügedən orqan tərəfindən idarəyə təqdim edilmiş 13 yanvar 2020ci il tarixli 2196 nömrəli yeni məlumat vərəqəsində vəzifəsi “Daşkəsən Rayon Polis Şöbəsinin İstintaq qrupu Baş müstəntiq”, rütbəsi “mayor", ehtiyata buraxılma səbəbi “öz arzusu ilə", xidmət müddəti 34 il 2 ay 25 gün (təqvimi xidmət illəri 28 il 6 ay 18 gün, güzəştli xidmət illəri 5 il 8 ay 7 gün), vəzifə maaşı 415.00 manat, rütbə maaşı 150 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 10 faizi miqdarında əlavə-56,50 manat, yüksəkliyə görə xidmət illərinə görə əlavə, vəzifə və rütbə maaşının 20 faizi miqdarında əlavə-124,30 manat, xüsusi işə görə vəzifə maaşının 150,00 faizi miqdarında əlavə- 622,50 manat və ərzaq payı əvəzinə kompensasiya 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1432,30 manat göstərilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə uyğun olaraq, əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinin xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyasına əsasən hərbi və ya xüsusi rütbəli şəxs kimi əmək pensiyası təyin edilmiş şəxslər Qanunun 20.1.11-20.1.12-ci maddələrində nəzərdə tutulmuş vəzifələrdə işlədikləri halda onlara qulluq stajına görə əlavələrin ödənilməsi dayandırılır. “Əmək pensiyaları haqqında" Qanunun 37.3.4-cü maddəsinin "qeyd" hissəsində 2017-ci ilin iyulun 1-dək Qanunun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş, Qanunun 20.1.11-20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə həmin tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.3.5-ci maddəsinin müddəalarının tətbiq olunması nəzərdə tutulmuşdur. Göstərilənləri nəzərə alaraq, xidmətə yenidən cəlb edildiyi üçün iddiaçıya keçmiş dövr üzrə ödənilməmiş əmək pensiyasının Qanunun 37.7-ci maddəsinə uyğun olaraq hesablanmışdır. Bununla əlaqədar “Əmək pensiyaları haqqında” Qanunun sözügedən müddəalarına uyğun olaraq iddiaçının əmək pensiyası 2020-ci ilin fevral ayında tam məbləğdə (639,90 manat) bərpa olunmaqla keçmiş üç il müddət üçün hesablanmışdır. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinə və iddianın dəyişdirilməsinə dair ərizəyə uyğun məzmunda izahat verdi və tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia ərizəsi onun mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********0 saylı məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və etirazdakı əsaslara uyğun imtina verilmişdir. -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2019-cu il tarixli əmrinə əsasən polis mayoru İddiaçı, Daşkəsən rayon polis şöbəsinin istintaq qrupunun baş müstəntiqi, “istefada olan polis mayoru” sayılmaqla xx.xx.2019-cu il tarixdən xidmətdən xaric edilmişdir. -AR DİN tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 0xx/xx-64442A-3220 nömrəli məktubdan görünür ki, 2019-cu ildə xidmətdən xaric olunarkən daxili işlər orqanlarındakı iddiaçının bütün xidmət müddəti (xx.xx.1992-ci ildən xx.xx.2011-ci ilədək və xx.xx.2015-ci ildən xx.xx.2019-cu ilədək) nəzərə alınaraq barəsində məlumat vərəqəsi tərtib olunmuş və xx.xx.2020-ci il tarixdə pensiya təyini ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilmişdir. Hesablamalara əsasən onun təqvimi xidmət müddəti - 28 il, 06 ay, 18 gün, imtiyazlı xidmət müddəti - 34 il, 02 ay, 25 gün təşkil edir. Beləliklə, işin mübahisəsiz hallarına görə, iddiaçıya xx.xx.2011-ci il tarixdə hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək onun AR Daxili İşlər Nazirliyində yenidən xidmətə cəlb olunması ilə əlaqədar təyin olunmuş pensiya ödənişi xx.xx.2015-ci ildən dayandırılmışdır. İddiaçı xx.xx.2019-cu il tarixdə daxili işlər orqanlarından ehtiyata buraxılmış və cavabdehə ərizə ilə müraciət edərək təyin edilmiş pensiyasının xx.xx.2015-ci il tarixdən bərpa edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçının pensiya ödənişi bərpa edilmiş, lakin “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 37.7-ci maddələri tətbiq edilərək keçmiş dövr üzrə ödənişlər son üç il ilə məhdudlaşdırılmışdır. Hazırda cavabdeh ona keçmiş dövr üzrə ödənişlərin tam şəkildə həyata keçirilməsini istəyir. Məhkəmə hesab edir ki, iddiaçı tələbində qismən haqlıdır və cavabdehin imtinası həmin hissədə qanunauyğun olmamışdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. "Əmək pensiyaları haqqında” Qanundan: 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular 20.1.12. bu qanunun 12.2-ci maddəsində göstərilən hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 20.1.13. bu qanunun 17.2-ci maddəsinə əsasən əmək pensiyaçısı olan şəxslər (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 37.3.4. (xx.xx.2017-ci ildən qüvvədə olan redaksiya) Bu qanunun 20.1.1-20.1.21ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində ödənilir. Həmin şəxslər (bu qanunun 20.1.5-ci, 20.1.14-cü, 20.1.18-ci, 20.1.20ci maddələrində göstərilən şəxslərdən yalnız həmin orqanlarda azı 35 il qulluq stajı olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə (bu qanunun 20.1.1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.3-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.4-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.5-1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.6-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.7-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.9-cu maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.12-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.16-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə) çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır. Qeyd (xx.xx.2017-ci il tarixdə əlavə olunub): 2017-ci il iyulun 1-dək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş bu Qanunun 20.1.11- 20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə həmin tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.5-ci maddəsinin müddəaları tətbiq olunur. 37.3.5. (xx.xx.2017-ci ilədək qüvvədə olmuşdur) Bu qanunun 20.1.11-ci—20.1.13cü maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr tam məbləğdə ödənilir. Məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.2017-ci ilədək hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş şəxs olduğundan və pensiya təyinatından sonra eyni vəzifədə işləməyə davam etdiyindən “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinin Qeyd hissəsinin tələbinə uyğun olaraq ona qulluq stajına görə əmək pensiyasına əlavələrin tam məbləğdə ödənilməsi davam etdirilməli idi. Cavabdehin imtina dəlilinə münasibətdə bildirilir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi pensiya hüququ, yaxud pensiyasının yenidən hesablanması hüququ yaranmış, lakin bu hüququ hər hansı bir səbəbdən realizə edə bilməyən şəxsə münasibətdə şamil edilir. Adıçəkilən norma sosial təminat hüquqlarının yaranmasını özündə ehtiva etsə də, hazırkı mübahisə belə hüquqların yaranmasından deyil, pozulmuş hüquqların tam şəkildə bərpasından bəhs edir. Bu mənada, indiki halda iddiaçının tələbi mübahisəli dövrdə ona qulluq stajına görə əmək pensiyasına əlavələrin ödənilməsi ilə bağlı olduğundan həmin normanın tətbiqi yolverilməzdir. Belə ki, müvafiq ödənişlərin dayandırılması iddiaçının təqsiri ilə bağlı olmamaqla cavabdehin iradəsindən asılı olduğundan həmin ödənişlər bərpa olunarkən “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinin “Qeyd” hissəsinin və 37.3.5-ci maddəsinin tələblərinə uyğun olaraq hesablanma aparılmaqla, təkcə müraciət tarixindən əvvəlki üç il üzrə deyil, ödənilməyən bütün dövrlər üzrə hesablanaraq ödənilməli idi. Məhkəmə, işin halları üzrə hüquqi qiymətləndirmə apararaq əlavə olaraq vurğulayır ki, iddiaçı tərəfindən tələb olunan pensiya ödənişlərinin bərpası 18 aprel 2015-ci il tarixindən 15 iyun 2017-ci il tarixədək olan dövrü əhatə edir. Lakin iş materiallarının təhlili və təqdim olunmuş sənədlər əsasında müəyyən edilmişdir ki, iddiaçının yenidən xidmətə cəlb olunması səbəbilə pensiya ödənişləri 30 aprel 2015-ci il tarixindən etibarən dayandırılmışdır. Bu hal, iddiaçının faktiki olaraq həmin tarixədək, yəni 30 aprel 2015-ci il tarixinədək pensiya almaqda davam etdiyini təsdiqləyir. Belə olan halda, ödənilməmiş pensiya məbləğinin hesablanması üçün əsas götürüləcək başlanğıc tarix kimi 18 aprel 2015-ci il deyil, 1 may 2015-ci il tarixi qəbul edilməlidir. Bu yanaşma, həm hüquqi ardıcıllıq baxımından, həm də real faktiki vəziyyətin düzgün qiymətləndirilməsi kontekstində əsaslı hesab olunur İddianın təmin edilməyən hissəsinə gəldikdə məhkəmə qeyd edir ki, əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, iddiaçının pensiya təminatı bərpa olunduğu zaman cavabdeh ƏPQ-nin 32.1.1-ci maddəsini rəhbər tutaraq ona ötən dövr üçün hesablanan pensiyanın ödənilməsi müddətini 36 ay, yəni xx.xx.2016-cı ildən xx.xx.2020-ci illər üçün nəzərə almış və hesablanmış 19214,97 manat vəsaitin hissəvi qaydada iddiaçıya ödənilməsini həyata keçirmişdir. Göründüyü kimi, iddiaçının tələb etdiyi xx.xx.2016-cı ildən xx.xx.2017-ci ilədək olan dövr də göstərilən 36 aylıq müddətlə əhatə olunur. Ona görə də iddianın tam şəkildə təmin edilməsi iddiaçıya eyni məsələ ilə bağlı ikinci dəfə ödənişlərin aparılması ilə nəticələnə bilər ki, bu da qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Odur ki, iddia tələbi xx.xx.2016-cı ildən sonrakı hissədə təmin edilmir. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin imtinası qismən əsaslı olmuş və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Odur ki, iddia qismən əsaslı olduğundan təmin edilməli, İddiaçı təyin edilmiş əmək pensiyasının verilməmiş, yəni xx.xx.2015-ci ildən 2016-cı ilin ödənilməyən dövrünə (2016-cı ilin dekabr ayınadək) kimi olan hissənin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir. “İnzibati icraat haqqında” Qanunun: -11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı təyin edilmiş əmək pensiyasının verilməmiş, yəni xx.xx.2015-ci il tarixdən 2016-cı ilin ödənilməyən dövrünə (2016-cı ilin dekabr ayınadək) kimi olan hissənin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar