Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13272/2023 27.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, iddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi və sair” barədə iddia tələbi üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin barəsində qəbul etdiyi “artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında” və “pensiya məbləğinin azalma ilə nəticələnmiş yenidən hesablanması” barədə qərarların ləğv edilməsi (əgər varsa), əks halda eyni adda hərəkətlərin qanunsuz sayılması və əvvəl ödənilən əmək pensiyası məbləğinin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, caavbdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli 3-17-1/1-Q-167394/2023 nömrəli “ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın ləğv edilməsi və ona ödənilən 693 manat əvvəlki pensiya məbləğinin ödənilməsinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, iddiaçı uzun illərdir pensiya alır. Əmək pensiyasının məbləği 2023-cü ilin yanvar ayınadək 587.52 manat olmuş, 2023-cü il ərzində 693.00 manat olmuşdur. Sonuncu dəfə, avqust ayının 7-də pensiya alarkən məbləğin 554.37 manat olduğunu görmüşdür. Bununla bağlı, DOST Agentliyinə müraciət etdikdən sonra şifahi olaraq ona pensiyanın “artıq” ödənildiyini, həmin aydan etibarən isə pensiya məbləğinin az ödəniləcəyi bildirilmişdir. Eyni zamanda, şifahi olaraq 4000 manat artıq ödənilmiş məbləğin ondan aybaay tutulacağı da deyilmişdir. İlk növbədə qeyd edilməlidir ki, pensiya məbləğinin azaldılacağı barədə ona əvvəlcədən məlumat verilməmiş, pensiya məbləğinin “guya” artıq ödənildiyi barədə şifahi şəkildə əsassız fikirlər bildirilmiş, hər hansı qərar təqdim edilməmişdir. İddiaçı pensiyaçı olduğundan və hazırda da işləmədiyindən, yeganə gəliri pensiya məbləğidir. Eyni zamanda, pensiyanın “artıq” ödənilməsində iddiaçının təqsiri də olmamışdır. Həmçinin, pensiyanın hesablanması zamanı riyazi səhvə yol verildikdə artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulmasına dair qanunvericinin mövqeyi birmənalıdır. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında bildirmişdir ki, iddiaçıya Qanunun 7-cı maddəsinin xx.xx.2011-cı il tarixdə qüvvədə olan tələblərinə əsasən həmin tarixdən yaşa gorə əmək pensiyası təyin edilmiş və xx.xx.2023-cü il tarixdən indeksləşdirilməklə 693 manata çatdırılmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət edərək işdən azad olduğu xx.xx.2023-cü il tarixədək fərdi hesabında toplanmış pensiya kapitalının yenidən hesablanaraq əmək pensiyasının üzərinə əlavə olunmasını xahiş etmişdir. Sözügedən müraciətin araşdırılması zamanı iddiaçıya 4236,53 manat məbləğində artıq ödənilmiş məbləğ aşkar edilmişdir. Belə ki, Əmək pensiyaları haqqında Qanunun xx.xx.2021-ci il tarixədək qüvvədə olmuş 19.2-ci maddəsinə əsasən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi tədqiqat və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının əmək pensiyasının sığorta hissəsinə elmlər doktoru elmi dərəcəsinə gorə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanırdı. Sözügedən Qanunun 19.2-ci maddəsinin xx.xx.2021-ci il tarixdə qüvvədən düşməsinə baxmayaraq 120 manat məbləğində əlavə İddiaçı əmək pensiyasının sığorta hissəsinə hesablanmış və illər üzrə indeksləşdirilərək xx.xx.2023-cü il tarixinədək ödənilmişdir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/1-Q-167394/2023 nömrəli əmək pensiyasının yenidən hesablanması barədə qərarı ilə iddiaçının əmək pensiyası yenidən hesablanaraq 554,37 manat müəyyən edilmiş və Qanunun 19.2-cı maddəsinin qüvvədən düşdüyü xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 4236,53 manat artıq ödəmə aşkarlandığı qeyd edilmişdir. İnzibatı icraat haqqında Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibatı orqanlar inzibatı akt qəbul etmək səlahiyyətinə malikdirlər. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən inzibatı orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibatı aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Əsas məqam kimi qeyd edilməldir ki, inzibati orqan tərəfindən qərar qəbul edilərkən iddiaçıya ödənilən pensiya məbləğinin artıq hesablandığı müəyyən edilmiş və pensiya məbləği yenidən hesablanaraq həqiqətən ödənilməli olan məbləğ müəyyən edilmişdir. Bu zaman arada yaranan fərqin iddiaçıya ödənilən əmək pensiyasının məbləğindən çıxarılmasında inzibatı orqan haqlı olduğu kimi, əsassız olaraq artıq hesablanmış məbləğin iddiaçının əmək pensiyasına əlavə olunmaqla ödənişinin davam etdirilməsi qanunvericiliyin tələblərinə ziddir. İddiaçı iddia ərizəsində əlavə olaraq cavabdehin ona təyin edilmiş əmək pensiyasından tutulma apardığını iddia edir. X1 məhkəməyə təqdim edilmiş çıxarışlardan görünür kı, iddiaçının əmək pensiyasından hər hansı bir tutulma aparılmır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, iddia tələbinin təmin olunmaması haqqında qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı xx.xx.2013-cü il tarixdə Dövlət Sosial Müdafiə Fonduna ərizə ilə müraciət edərək, ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, Fondun Binəqədi rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2013-cü il tarixli 136 saylı qərarı ilə iddiaçıya xx.xx.2011-ci il tarixdən ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir. İşdə olan cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/1-Q-167394/2023 saylı ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında qərarından görünür ki, iddiaçının əmək pensiyası yenidən hesablanmış və məbləği 693 manatdan 554,37 manata azaldılmışdır. Qərara bununla əsaslandırılmışdır ki, 120 manat elmlər namizədinə görə verilən əlavə sığorta hissəyə əlavə edilərək indeksləşmişdir, nəticədə xx.xx.2021-ci ildən xx.xx.2023-cü ilə qədər artıq alma yaranmışdır. Qərara əsasən artıq vermənin məbləği 4236.53 manat olmuşdur. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda isə göstərilmişdir ki, iddiaçının pensiya işinə daxil olan sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1973-cü il tarixindən xx.xx.1974-cü il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla 01.01,2006-cı il tarixinədək 43 il 3 ay 9 gün sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2011-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 10457,06 manat, xx.xx.2011-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi 01,04.2013-cü il tarixinədək 4680,17 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2020-ci il tarixindən (xx.xx.2023-cü il tarixli müraciətinizdən 3 il əvvəl) 512,27 manat müəyyən edilmişdir. Qanunun xx.xx.2021-ci il tarixinədək qüvvədə olmuş 19.2-ci maddəsinə əsasən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi tədqiqat və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının əmək pensiyasının sığorta hissəsinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanırdı. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddələrin tələblərinə əsasən əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2021-ci il tarixindən 436,98 manata, (əmək pensiyasının sığorta hissəsinin üzərinə hesablanan 120 manat əlavə çıxılmaqla), xx.xx.2022-ci il tarixindən 451,84 manata çatdırılmışdır. Sözügedən Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddələrin tələblərinə əsasən iddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 468,50 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilərək 537,37 manata çatdırılmışdır. Qanunun 37.3.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 1768,82 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2023-cü il tarixindən 554,37 manat müəyyən edilmişdir. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Xidməti araşdırma zamanı məlum olmuşdur ki, Qanunun 19.2-ci maddəsinin xx.xx.2021-ci il tarixində qüvvədən düşməsinə baxmayaraq 120 manat əlavə əmək pensiyasının sığorta hissəsinə hesablanmış və illər üzrə indeksləşdirilərək xx.xx.2023-cü il tarixinədək ödənilmişdir. Bu səbəbdən Qanunun 39.1-ci maddəsinin tələbləri də nəzərə alınmaqla yaşa görə əmək pensiyasının məbləğində xx.xx.2020-ci il tarixindən (xx.xx.2023-cü il tarixli müraciətinizdən 3 il əvvəl) xx.xx.2023-cü il tarixinədək artıqödəmə müəyyən edilmişdir. İddiaçı hazırda cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/1-Q-167394/2023 saylı ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında qərarını mübahisələndirir. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – ƏPQ) 19.2-ci maddəsinə görə əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) pensiyalarının sığorta hissəsinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanırdı. 2021-ci il yanvarın 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”Azərbaycan Respublikasının 29 dekabr 2020-ci il tarixli № 240-VİQD saylı Qanununun 1.4-cü maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 19-cu maddəsi ləğv edilmişdir. xx.xx.2021-ci il tarixdən qüvvəyə minmiş “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 30 dekabr 2020-ci il tarixli 1229 nömrəli Fərmana əsasən: - bənd 1. Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilsin və onun aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat müəyyən olunmuş; - bənd 2. Müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2.1. 2021-ci ilin yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçılarının (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə, habelə bu kateqoriyadan olan pensiya hüququ yaranacaq şəxslərə verilir. 20 dekabr 2021-ci il tarixli 1494 nömrəli Fərmanla edilmiş dəyişikliyə görə 2022-ci il yanvarın 1-dən elmlər doktoru elmi dərəcəsinə görə təqaüdün məbləği 300 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 200 manat müəyyən olunmuşdur. Sadalanan normalardan müəyyən olunur ki, xx.xx.2021-ci il tarixədək “Əmək pensiyaları haqqında” Qanunun 19-cu maddəsinə əsasən fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə əmək pensiyalarının sığorta hissəsinə hesablanaraq aylıq əmək pensiyası ilə birlikdə ödənilirdisə, xx.xx.2021-ci il tarixdən elmi dərəcəyə görə ödənilən 120 manat məbləğ, əmək pensiyasına əlavə statuslu ödəniş olmaqdan çıxarılmış, artıq Prezident təqaüdü statuslu ödənişə keçirilmişdir, hansı ki, bu ödənişin ödənilmə qaydası 30 dekabr 2020-ci il tarixli 1229 nömrəli Fərmanla tənzimlənir. İşdən görünür ki, cavabdeh ƏPQ-yə edilmiş dəyişikliyə və həmin Fərmana istinad edərək, iddiaçıya təyin edilmiş əmək pensiyasını yenidən hesablamış və onun pensiyasının sığorta hissəsinə fəlsəfə doktoru elmi dərəcəsinə görə ödənilən 120 manat məbləğində əlavəni sığorta hissəsindən çıxaraq əmək pensiyasının məbləğini həmin məbləğ qədər azaltmışdır. Məhkəmə yuxarıda qeyd edilən normaların tələblərini nəzərə alaraq hesab edir ki, cavabdehin qəbul etdiyi bu qərar qüvvədə olan maddi hüququ normalarına uyğun olmuşdur. İddiaçı cavabdehin əmək pensiyasının yenidən hesablanması barədə qərarını mübahisələndirərkən cavabdehin “inzibati icraat haqqında” Qanunun tələblərini pozmasına istinad etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarının pozulduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Normanın mənasına görə formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunur ki, həmin pozuntu qərara təsir etsin, yəni müddəaya riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Hazırkı halda cavabdeh orqan maddi hüquq normalarını düzgün tətbiq etdiyindən məhkəmə hesab edir ki, onun formal tələblərə əməl etməməsi qərarın ləğvi üçün əsas ola bilməz. Belə ki, iddiaçı hazırda cavabdehin qəbul etdiyi qərarın ləğv edilməklə qüvvədən düşmüş normaya əsasən ona hesablanmış pensiya məbləğinin bərpa edilməsini xahiş edir, lakin hazırda qüvvədə olan qanunvericilik əmək pensiyaçısına pensiyanın tərkib hissəsi kimi elmi dərəcəyə görə əlavə ödənilməsini nəzərdə tutmur. 2021-ci il yanvarın 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 29 dekabr 2020-ci il tarixli № 240-VİQD saylı Qanununun keçid müddəalarının 2.2-ci maddəsindən də görünür ki, orada yalnız “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.1-ci, 19.1.3-cü, 19.1.5-ci və 19.1.8-ci maddələrinə əsasən həmin Qanun qüvvəyə minənədək hesablanmış əlavələrin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsinin davam etdirilməsi nəzərdə tutulmuşdur. Bununla qanunverici ƏPQ-nin 19-cu maddəsinin digər müddəalarına, o cümlədən 19.2-ci maddəyə münasibətdə belə bir tənzimləmə müəyyən edilməsini istisna etmişdir. Deməli, iddiaçının fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğin onun pensiyasının sığorta hisssəsinə əlavə edilməklə ödənilməsinin davam etdirilməsinə dair tələbinin hüquqi əsası mövcud deyil. Buna görə də məhkəmə hesab edir ki, hazırkı halda cavabdehin hərəkəti qanuni olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığından iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-13272/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13272/2023
27.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver