Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1329/2020 12.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, X4 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğa qarşı xidmət illərinin yenidən hesablanması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğa qarşı onun xx.xx.1993-cü ildən xx.xx.2002-ci ilədək olan dövr üçün hərbi xidmət illərinin güzəştli şərtlərlə bir ay xidmətin üç ay hesabı ilə yenidən hesablanmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1992-ci ildən prokurorluq orqanlarında əmək fəaliyyətinə başlamışdır. Həmin vaxtdan Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunda müxtəlif vəzifələrdə - prokuror köməkçisi, böyük müstəntiq, 2008-ci ildən isə Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən birləşmələrində təhqiqat orqanları və əsgər dustaqxanalarında qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsində xidmət etmişdir. 2018-ci ilin aprel ayından tibbi yoxlamadan keçərkən sağ böyrəyində törəmə aşkar olunmuş, aldığı müalicələrdən sonra xx.xx.2019-cu ildə Silahlı Qüvvələrin Baş Kliniki Hospitalının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və həmin tarixdə Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə ona “Sağ böyrəyin şəffaf hüceyrəli kasinomasına görə aparılmış laparoskopik sağ tərəfli nefrektomiya əməliyyatından (xx.xx.2018) sonrakı vəziyyət, T3N0M0. Sol aşağı ətrafın səthi venalarının seqmentar varikoz genişlənmsəi, ağrı sendromu ilə müşaiət olunan sol diz oynağının deformasiyaedici osteoartrozu. Hipertoniya xəstəliyi 1-ci mərhələ, Xora xəstəliyi, remissiya mərhələsində, On iki barmaq bağırsağın soğanağının çapığı. Sağ əng cibinin retansion kistası. Xroniki hipertrofik rinit remissiya mərhələsində. Vertebrogen servikalgiya”. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. “Sağ diz oynağının qapalı küt travması (xx.xx.2017) nəticəsində medial menskin yırtığı, ön çarpaz bağın hissəvi qopması və ağrı sindromu ilə müşaiət olunan postravmatik deformasiyaedici osteartozu”. Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidmət vəzifələrini) yerinə yetirərkən alınmışdır diaqnozu qoyulmaqla “xəstəliklər cədvəli”nin 8 a, 65 b maddəsinin 3-cü qrafasına və ƏTC-yə əsasən həm dinc dövründə həm də müharibə dövründə hərbi xidmətə yararsız bilinmişdir. Elə bu səbəbdən 29 noyabr 2018-ci ildə həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır. İstefaya buraxılarkən onun hərbi xidmət illəri Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən düzgün hesablanmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinim 23 dekabr 1992-ci il tarixli 631 saylı Qərarına əsasən Naxçıvan Muxtar Respublikası ərazisində bir ay hərbi xidmət güzəştlə üç ay hərbi xidmət kimi, Azəbraycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli, 728 –İİQD nömrəli “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklilər və əlavə edilməsi barədə Azərbaycan Respublikası Qanununa əsasən bir xidmət ili güzəştlə iki xidmət ili kimi hesablanır. 1992-ci ildən bu günədək Naxçıvan qarnizonunda xidmət edən hərbi qulluqçuların xidmət illəri güzəştli qaydada hsablanır. Lakin, Azərbaycan Respublikası Hərbi Prokurorluğu sabiq Baş Prokuror Əli Ömərov tərəfindən imzalanmış “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüş əməliyyatları aparıldığı bölgələrdə olan hərbi prokurorluq işçilərinin maddi təminatı və onlara verilən güzəştlər barədə” xx.xx.1994-cü il tarixli, 215 k saylı əmrini əsas götürərək onun hərbi xidmət illərini güzəştli qaydada hesablamır. Belə ki, həmin əmrdə Fizuli, Qubadlı, Qarabağ, Qazax, Tərtər qarnizonu hərbi prokurorluqları Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüş əməliyyatları apardığı ərazilərdə yerləşən prokurorluqlar hesab edilmiş, 1990-cı ildən bu günədək Naxçıvan MR-nın blokada şəraitində olması, buradakı bütün hərbi hissələrin əksəriyyətinin düşmənlə təmas xəttində yerləşməklə döyüş tapşırığını yerinə yetirərəkən döyüş əməliyyatları aparmasına baxmayaraq kiminsə şəxsi marağı ucbatından Naxçıvan qarnizonu hərbi prokurorluğunun adı həmin əmrə daxil edilməmişdir. Bununla da, o, həmin güzəşt və imtiyazlardan məhrum olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğuna ünvanladığı müraciətinə verilmiş xx.xx.2019-cu il tarixli, HP-10/454 nörməli cavab məktubu ilə onun xahişindən imtina edilmişdir. İmtina məktubunu xx.xx.2019-cu ildə etmişdir. Hesab edir ki, həmin qərar düzgün və qanuni deyildir. Bu gün də Naxçıvan Qarnizonunda dislokasiya olunmuş hərbi hissələrin əksəriyyəti döyüş şəraitində yerləşməklə döyüş əməliyyatları aparır. Həmin hərbi hissələrdə xidmət edən hərbi qulluqçular iki qat əmək haqqı almaqla xidmət illəri güzəştlər bir ay iki ay kimi hesablanır. Eyni zamanda bildirir ki, həmn müddətdə yəni 1998-ci ilin yanvar ayından 2002-ci ilin oktyabr ayınadək olan dövrdə Naxçıvan hərbi prokurorluğunun əməkdaşlarına Baş Prokurorun “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüş əməliyyatları aparıldığı bölgələrdə olan hərbi prokurorluq işçilərinin maddi təminatı və onlara verilən güzəştlər barədə” xx.xx.1994-cü il tarixli, 215 K-li əmri əsas götürülərək ikiqat əmək haqqı verilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh həmin sərəncama əsasən iddia ərizəsinə qarşı münasibət (etiraz) bildirərək qeyd etmişdir ki, 19 oktyabr 2007-ci il tarixədək qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” 29 aprel 1992-ci il tarixli, 109 nömrəli Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən hərbi qulluqçulara pensiya təyin edilməsi üçün xidmət illərinin hesablanması qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilmləsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” 23 noyabr 1992-ci il tarixli, 631 saylı Qərarının 2-ci bəndinin “a” yarımbəndində 01 iyul 2005-ci il tarixli, 125 nömrəli qərarla dəyişiklik edilənə qədər qeyd olunmuşdur ki, zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri xidmətinin bir ayı üç ay hesab olunurdu. Bundan əlavə, həmin dövrdə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüş əməliyyatları apardığı bölgələrdə olan hərbi prokurorluq işçilərinin maddi təminatı və onlara verilən güzəştlər barədə” Azərbaycan Respublikası Baş Prokurorunun 1.03.1994-cü il tarilxi, 215-L saylı əmrinə əsasən Füzuli, Qubadlı, Qarabağ, Qazax və Tərtər qarnizonu hərbi prokurorluqları Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüş əməliyyatları apardığı ərazilərdə olan hesab edilmişlər. Baş prokurorun sözügedən əmrindən göründüyü kimi, həmin dövrdə Naxçıvan qarnizonu hərbi prokurorluğu döyüş əməliyyatları aparılan ərazilərdə olan hesab edilməmişdir. Bundan başqa, həmin qərara 01 may 1997-ci il tarixli, 33 nömrəli qərarla dəyişiklik edilərək 2-ci bəndin “b” yarımbəndində göstərilən “Azərbaycan Respublikasında onun suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövründə Silahlı Qüvvələrdə, sərhəd qoşunlarında, daxili işlər, milli təhlükəsizlik orqanlarında və digər əsgəri birəşmələrində xidmət müddəti” abzası çıxarılmışdır. Həmçinin, qeyd olunmalıdır ki, həmin dövrdə qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” 29 aprel 1992-ci il tarixli Azərbaycan Respublikası Qanununa 01 sentyabr 2004-cü il tarixli, 728-İİQD nömrəli Qanunla edilmiş dəyişikliklərdən sonra 16-cı maddəyə aşağıdakı məzmunda 2-ci hissə əlavə olunmuşdur. “Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların bir xidmət ili iki xidmət ili kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların bir xidmət ilinin iki xidməti ili kimi hesablanması müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir.” Həmin Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 2004-cü il tarixli, 122 nömrəli Fərmanının 2.2-ci bəndində qeyd olunmuşdur ki, adıçəkilən Qanunun 16-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azəbraycan Respublikasının Müdafiə Nazirliyi həyata keçirir. Qanuna edilmiş sözügedən dəyişikliyə müvafiq olaraq, hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizilərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxil işlər, ədliyyə, gömrük, miqrasiya, fövqladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” 23 noyabr 1992-ci il tarixli, 631 saylı qərarında 01 iyul 2005-ci il tarilxi, 125 nömrəli qərarla dəyişiklik edilərək, adıçəkilən qərarın “b” yarımbəndinin 11-ci abzasından sonra bu məzmunda 12-ci abzas əlavə olunmuşdur: “Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ili iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin qərarı əsasında həyata keçirilir və qəbul olunmuş qərar barədə aidiyyəti orqanlar məlumatlandırılırlar”. Adıçəkilən qərardan görünür ki, döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ili iki xidmət ili kimi hesablanılır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili kimi hesablanması Müdafiə Nazirliyinin qərarı əsasında həyata keçirilir. Döyüş şəraiti dedikdə isə, hərbi hissənin və ya bölmənin bilavasitə düşmənə qarşı durması və ya faktiki döyüş əməliyyatı aparması başa düşülür. Prokurorluq orqanlarının əməkdaşları birbaşa düşmənə qarşı dayanmamaqla döyüş əməliyyatlarında iştirak etmirlər. Ona görə də, İddiaçı 20 mart 1993-cü il tarixdən 31 oktyabr 2002-ci il tarixədək olan xidmət illərinin güzəştli şərtlərlə bir ayının üç ay kimi hesablanmasına dair iddia tələbi əsassızdır. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək, mövcud maddi və prosessul hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən ididaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2019-cu il tarixli, MP-10/454 nömrəli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, Naxçıvan MR Həbri Prokurorluğunun (əvvəllər Naxçıvan qarnizonu hərbi prokurorluğunun) döyüş əməliyyatlarının aparıldığı ərazilərdə olan kimi hesab edilməsinə dair Azərbaycan Respublikası Baş prokurorunun, Respublika Hərbi prokurorunun, eləcə də Müdafizə nazirinin hər hansı əmri müəyyən edilməmişdir. Odur ki, onun Naxçıvan MR Hərbi Prokurorluğunda xx.xx.1992-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan xidmət illərinin xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövrü bir ay hərbi xidmət müddəti iki ay hərbi xidmət müddət kimi, digər xidmət illərinin isə bir ilinin bir il kimi düzgün hesablandığından, ərizəsində qeyd etdiyi həmin tarixlərdə xidmət illərinin yenidən hesablanmasına heç bir zərurət görülməmişdir. İşdə olan EZ seriyalı, ******* nömrəli İddiaçı məxsus hərbi biletin və xx.xx.1978-ci il tairxli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1992-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Naxçıvan Qarnizonu Hərbi Prokurorluğunda köməkçi işləmişdir. İşdə olan iddiaçı barəsində tərtib olunmuş məlumat vərəqəsinin surətindən görünür ki, İddiaçı 34 il 03 ay iş stajı ilə, polkovnik leytenant hərbi rütbəsindən, xəstəliyə görə xx.xx.2018-ci il tarixdə ehtiyyata buraxılmışdır. Onun ehtiyata buraxıldığı günə təminat xərcliyi 2400.30 manat təşkil etmişdir. İşdə olan məhkəmənin “hərbi prokurorluğun sabiq əməkdaşı İddiaçı xx.xx.1993-cü ildən xx.xx.2002-ci ilədək olan xidmət dövrü üçün ödənilməsi müəyyən edilmiş əmək haqqı mələği ilə faktiki olaraq ödənilmiş əmək haqqı məbləği arasında fərqin olub-olmaması barədə ətraflı məlumatın və bu barədə sənədlərin məhkəməyə təqdim edilməsi barədə” sorğusuna əsasən Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli, HP-10/827 nömrəli məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Respublika Hərbi Prokurorluğunun Maddi-texniki təminat şöbəsində saxlanılan sənədlərdə 1992-ci ildən 2002-ci ilədək Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunda əmək haqqının güzəştli şərtlərlə verilməsinə dair hər hansı normativ aktın mövcudluğu müəyyən edilməmiş, pul təminatı paylama cədvəlində isə güzəştli şərtlərlə əmək haqqı verilməsinə dair hər-hansı bir qeyd aşkar edilməmişdir. İşdə olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublkası Baş Prokurorluğu tərəfindən 07 oktyabr 2019-cu il tarixli, xx/xx-1383 nömrəli məktubla təqdim edilmiş, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüş əməliyyatları aparıldığı bölgələrdə olan hərbi prokurorluq işçilərinin maddi təminatı və onlara verilən güzəştlər barədə” xx.xx.1994-cü il tarixli, 215-L saylı əmrin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən 09 oktyabr 1991-ci il tarixdə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında” Qanunun 31-ci maddəsinə uyğun olaraq və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüş əməliyyatları apardığı bölgələrdə yerləşən hərbi prokurorluq orqanlarının hərbi qulluqçularının əmək haqlarının ödənilməsində vahid qayda yaratmaq məsqəsilə Füzuli qarnizonu hərbi prokurorluğu, Qubadlı qarnizonu hərbi prokurorluğu, Qarabağ qarnizonu hərbi prokurorluğu, Qazax qarnizonu hərbi prokurorluğu, Tər-tər qarnizonu hərbi prokurorluğu Azəbraycan Respublikası Silahlı Qüvvələrinin döyüş əməliyyatları apardığı ərazilərdə olan hesab edilmişlər. Beləliklə, işdə olan sənədlərlə və işin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı həqiqətən qeyd etdiyi dövrlərdə Naxçıvan qarnizonu hərbi prokurorluğunda işləmiş, lakin, Azərbaycan Respublikası Naxçıvan qarnizonu hərbi prokurorluğu “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüş əməliyyatları aparıldığı bölgələrdə olan hərbi prokurorluq işçilərinin maddi təminatı və onlara verilən güzəştlər barədə” xx.xx.1994-cü il tarixli, 215-L saylı əmrə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüş əməliyyatları apardığı bölgələrinin siyahısında aşkar edilməmiş, iddiaçıya xx.xx.1993-cü il ildən xx.xx.2002-ci ilədək olan xidmət dövrü üçün əlavə güzəştli şərtlərlə əmək haqqı ödənilməsi məhkəmə araşdırması zamanı iş materialları ilə öz əksini tapmamış, bundan əlavə Respublika Hərbi Prokurorluğunun Maddi-texniki təminat şöbəsində saxlanılan sənədlərdə 1992-ci ildən 2002-ci ilədək Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunda əmək haqqının güzəştli şərtlərlə verilməsinə dair hər hansı normativ aktın mövcudluğu müəyyən edilməmişdir. Bu səbəbdən də, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X2 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68-69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-1329/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1329/2020
12.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver