Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1329/2022 28.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X6 (baş mütəxəssis, ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdeh nümayəndəsi vəkil X5 (vəkillik fəaliyyəti ilə məşğul olan, ünvan 2 ünvanında qeydiyyatda olan), İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin qaytarılması” tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, artıq ödənilmiş 152.218,30 manat pensiya məbləğinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, vətəndaş X4 Dövlət Sosial X10 rayon şöbəsi tərəfindən 2-ci dərəcə əlilliyi nəzərə alınmaqla ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyası hüququ verən sənədlərin araşdırılması nəticəsində vətəndaş Cavabdeh təyin edilmiş və ödənilmiş əmək pensiyasının əsassız və qanunsuz olduğu müəyyən edilmişdir. Belə ki, pensiya işinə tikilmiş sənədlərin araşdırılması ilə, həmçinin “Giriş-çıxış və qeydiyyat” X1 Axtarış Sistemi’ndə (İAMAS) mövcud olan məlumatlara əsasən müəyyən olunmuşdur ki, xx.xx.1956-cı il tarixdə Ermənistan SSR- nin Vardenis rayonunda doğulmuş, müvafiq dövrdə və hazırda da ünvan 3 ünvanında qeydiyyatda olduğu halda aidiyyəti üzrə Gəncə şəhəri Nizami rayon şöbəsi tərəfindən deyil, Fondun Səbail rayon şöbəsi tərəfidən xx.xx.2013-cü il tarixli 285 №-li qərarla 2-ci dərəcə əlillliyi nəzərə alınmaqla Cavabdeh ailə başçısını itirməyə görə (ABİ) əmək pensiyası təyinatının və ödənişinin aparılmasına nail olunmuş (pensiya işi №-si 813436, FİN xxxxxxx), bununla da “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra-Qanun) 30.1-ci bəndinin (“Əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir.”) tələbləri kobud şəkildə pozulmuşdur....Göstərilənlərlə əlaqədar, Fond tərəfindən mütəmadi olaraq yerli qurumlara pensiya işləri və digər aidiyyəti zəruri sənədlərin inventarizasiyasının aparılması barədə verilmiş ciddi tapşırıqlara baxmayaraq Cavabdeh aid qeyd edilən və çatışmayan zəruri sənədlərlə əlaqədar müvafiq şöbənin məsul işçiləri tərəfindən heç bir tədbir görülməmişdir. Araşdırma ilə əlaqədar xx.xx.2020-ci il tarixdən pensiya ödənişinin dayandırılmasına baxmayaraq pensiyasının ödənişinin dayandırılmasının səbəbləri və ya pensiya ödənişinin davam etdirilməsi ilə əlaqədar Cavabdeh Fondun müvafiq qurumlarına rəsmi müraciətinin olmadığı müəyyən edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, altsistemdə 2013-2014-cü illər üzrə çıxarışın olmamasına, həmçinin 2015-ci ildən tam reabilitasiya olması səbəbi ilə əlillik verilməsindən imtina olunması qeydinə görə Cavabdeh pensiya ödənişi müvafiq olaraq 2013-2014-cü illərdə və xx.xx.2015-ci il tarixdən dayandırılmalı olduğu halda Fondun Suraxanı rayon şöbəsi tərəfindən ödəniş davam etdirilmişdir. Göründüyü kimi, elektron altsistemdə vətəndaşa aid mövcud məlumatlarla kağız daşıyıcılarında olan məlumatlar, o cümlədən diaqnoz və əlilliyin müayinə tarixlərində uyğunsuzluqlar mövcuddur. Ümumiyyətlə, Cavabdeh sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi və əlillik vəziyyətinin qiymətləndirilməsi faktının mövcudluğu müxtəlif TSEK-lər tərəfindən (xüsusilə qeydiyyatda olduğu ərazi üzrə aidiyyəti olmayan 7 və 9 №-li TSEK) bilərəkdən saxtalaşdırıldığı ehtimal olunan sənədlərdən istifadə edildiyinə əsaslı şübhələr yaradır. Məlumat üçün bildiririlir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq qurumu tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri zamanı X8 ofisindən və ya mənzilindən maddi sübutlar kimi götürülmüş sənədlər arasında Cavabdeh aid fotoşəkilli əlillik sənədinin surəti (sənəddə xx.xx.2015-ci il tarixdə tam reabilitasiya olması səbəbi ilə əlillik verilməsindən imtina olunduğu qeyd edilmişdir), vətəndaşlar mərhum X2 X9 ilə evlənməsini təsdiq edən və xx.xx.1968-ci ildə verilmiş 131167 №-li “Evlənmək haqqında şəhadətnamə”sinin surəti, Vüsal Əliyevə məxsus kompüterdə isə elektron faylda Cavabdeh adının qeyd olunduğu aşkar edilmişdir. Qeyd olunanlar və Cavabdeh pensiya təyinatı aparılarkən başqa şəxslərə aid olan məlumatlardan istifadə edilməklə qanunsuz pensiya təyinatına və ödənilməsinə nail olunması faktları “görülən xidmətlərin dəyərinin ödənilməsi üçün” vətəndaşın öz plastik bankomat kartını bu işdə maraqlı olan şəxslərə verməklə onun plastik kartına köçürülmüş külli miqdarda vəsaitin həmin şəxslər tərəfindən mənimsənildiyinə əsaslı şübhələr yaradır. Bu işlərdə maraqlı olmuş şəxslərdən biri kimi ehtimal olunur ki, Cavabdeh yüksək məbləğdə pensiyanın təyin edilməsinə nail olunmasında 2006-2013-cü illərdə Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon, 2013-2015-ci illərdə isə Suraxanı rayon şöbələrinin Pensiya təyinatı sektorunda işləmiş, funksional vəzifələrin icrasında yol verdiyi ciddi nöqsanlara görə xx.xx.2015-ci il tarixdən dövlət qulluğundan azad edilmiş, törətdiyi çoxsaylı cinayət hərəkətlərinə görə hazırda həbs olunmuş X12 bilavasitə iştirak etmişdir. Əvvəlki araşdırmalar nəticəsində də X12 tərəfindən bilavasitə saxtalaşdırıldığı ehtimal edilən sənədlər əsasında öz yaxın ailə üzvlərinə və digər şəxslərə yüksək məbləğdə əsassız əmək pensiyalarının təyin olunaraq ödənilməsinə və mənimsənilməsinə nail olunması halları müəyyən edilmiş, aşkarlanmış faktlara hüquqi qiymət verilməsi məqsədi ilə toplanmış müvafiq materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. Göründüyü kimi, Cavabdeh saxtalaşdırıldığı ehtimal olunan sənədlər əsasında pensiya təyinatının aparılması, təyin olunmuş pensiya işinin Fondun Suraxanı rayon şöbəsinin uçotuna köçürülməklə ödənişinin davam etdirilməsinə nail olunması X8 həmin şöbələrdə işlədiyi dövrlərlə üst-üstə düşür. Beləliklə, pensiya işi və uçot vərəqinə əsasən məlum olmuşdir ki, əlillik qrupu nəzərə alınmaqla Fondun keçmiş Bakı şəhəri Səbail rayon şöbəsi tərəfindən Cavabdeh ABİ-yə görə xx.xx.2012-ci il tarixdən 1325,18 manat məbləğində əmək pensiyası təyin edilmiş, pensiya ödənişinə xx.xx.2012-ci il tarixdən başlanılmaqla əvvəlki dövrlərə hesablanmış 1453,42 manat fərq məbləği aylıq pensiya məbləği ilə birlikdə vətəndaşın plastik kart hesabına birdəfəlik köçürülmüşdür. Göstərilənlərdən əlavə, pensiya işi və uçot vərəqinə müvafiq şöbələrin tikilmiş qərar və sərəncamlarından, həmçinin əvvəlki pensiya proqramında və Nazirliyin “Pensiya” altsistemində olan məlumatlardan müəyyən edilmişdir ki, Cavabdeh mərhum məhkəmə hakiminin arvadı kimi ABİ-yə görə təyin edilmiş aylıq pensiya məbləği xx.xx.2012xx.xx.2013-cü il dövr ərzində 1325,18 manatla, xx.xx.2013- xx.xx.2013-cü il dövr ərzində 1325,19 manatla, xx.xx.2013-xx.xx.2014-cü il dövr ərzində 1340,19 manatla, xx.xx.2014xx.xx.2018-ci il dövr ərzində 1536,76 manatla, xx.xx.2018-xx.xx.2019-cu il dövr ərzində 1650,24 manatla, xx.xx.2019-xx.xx.2020-ci il dövr ərzində 1788,58 manatla ödənilmişdir. Beləliklə, saxtalaşdırıldığı ehtimal olunan sənədlər əsasında hüququ olmadığı halda xx.xx.2012-ci il tarixdən 2-ci dərəcə əlilliyi nəzərə alınmaqla ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilərək xx.xx.2020-ci il tarixədək ödənilməsi nəticəsində X3 plastik kart hesabına faktiki köçürülmüş və-ağdlaşdırılmış cəmi əsassız məbləğ 152 218,30 manat təşkil etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd olunanlara uyğun məzmunda izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabehin nümayəndəsi iddia ərizəsinin ehtimallar əsasında, əsası olmayan dəllillərə istinad etməklə tərtib olunduğu bildirərək iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatarnı dinləyərək, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, cavabdehə xx.xx.2012-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının dəlillərinə əsasən cavabdehə əlilliyi nəzər alınmaqla ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş və pensiya ödənişin aparılması xx.xx.2020-ci il tarixədək davam etdirilmişdir. Məhkəmə araşdırması dövründə iddiaçıya Dövlət Sosial X10 rayon Şöbəsi tərəfindən pensiya təyinatı ilə bağlı hər hansı araşdırmanın aparılıb-aparılmadığı, aparıldığı təqdirdə cinayət işinin materiallarından iddiaçının izahatının təsdiq edilmiş surətinin və araşdırmanın nəticəsi barədə məlumatın məhkəməyə göndərilməsi Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən tələb edilmiş, sorğuya cavab olaraq göndərilmiş məktubda X12 və digər şəxslərin barəsində aparılan cinayət işi üzrə istintaqın davam etdirildiyi bildirilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırkı halda isə iş materialları ilə cavabdehin əmək pensiyasından tutulmaların aparılmasına dair hər hansı razılıq ərizəsi müəyyən edilmir. Bu səbəbdən də iddiaçı pensiya qanunvericiliyinin tələbinə uyğun olaraq aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququndan istifadə etmişdir. Qeyd olunmalıdır ki, hazırkı iş üzrə inzibati məhkəmə mübahisəsinin əsası artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılmasının qanuni hesab edilib-edilməməsi ilə bağlıdır ki, məhkəmə hesab edir ki, bu zaman məhkəmə inzibati icraatla bağlı qanunvericiliyin tələblərinə və işin hallarına uyğun olaraq əmək pensiyasının təyin edilməsi barədə inzibati aktın qanuni və qanunsuzluğundan əvvəl həmin inzibati aktın əlverişsiz və ya əlverişli inzibati akt olmasını araşdırmalıdır. Başqa sözlə, hazırkı iş üzrə artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması barədə tələb, əmək pensiyasının təyin edilməsi barədə qərarın, o cümlədən inzibati orqanın faktiki xarakterli digər hərəkətlərinin əlverişli və ya əlverişsiz olmasından asılıdır. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia təmin olunmamalıdır. "İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). "İnzibati İcraat Haqqında” Qanun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Beləliklə iddiaçının dəlillərinə əsasən xx.xx.2012-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə cəmi 152.218,30 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Qeyd olunan pul vəsaiti cavabdeh tərəfindən xərclənmişdir ki, bununla bağlı məhkəmə hesab edir ki, cavabdeh onu qaytardığı təqdirdə ziyana məruz qalacağı təqdirdə cavabdehin etimadın qanunla qorunması hüququna malikdir. İş materiallarında olan digər sənədlərlə isə əmək pensiyasının təyin edilməsininin əsassızlığı ümumi və xüsusi iş stajının yetərli olmaması ilə bağlı əsaslandırılsa da, bu zaman cavabdehin səhv təyinata hər hansı müdaxiləsinin mövcud olduğu qeyd edilməmişdir. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda sadalanan müddəalarından görünür ki, Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunsuz əlverişli inzibati aktın ləğv edilməsində isə vəziyyət başqa formada tənzimlənmişdir ki, yuxarıda adıçəkilən müddəaların tələbindən də görünür ki, qanunsuz əlverişli inzibati aktın ləğvindən sonra onun hüquqi nəticələrinin aradan qaldırılıb-qaldırılmaması maraqlı şəxsin etimadın qorunması hüququna istinad etmək imkanına mövcud olub-olmamasından asılıdır. Belə ki, maraqlı şəxsin etimadın qorunması hüququna istinad edilməsini istisna edildiyi hallarda qərarın ləğvi onun hüquqi nəticələrinin aradan qaldırılmasına səbəb olur ki, hazırkı iş üzrə qeyd olunan hallardan hər hansı birinin mövcudluğu artıq ödənişin geri qaytarılmasına səbəb olacaqdır. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh tərəfindən rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə əmək pensiyası məbləğinin alınmasına dair hər hansı hərəkət edilməmiş və bu halların mövcud olması məhkəmə araşdırması zamanı da müəyyən olunmamışdır. İddiaçının cavabdehdən asılı olmayan hallar nəticəsində, əmək pensiyasının güman olunan səhv təyin edilməsi halı ilə bağlı məhkəmə hesab edir ki, bu, cavabdehdən ödənişin tutulmasına əsas qismində çıxış edə bilməz. Belə ki, nə əmək pensiyasının təyin edilməsi barədə qərarda, nə də məhkəməyə daxil olmuş müvafiq sənədlərdə iddiaçının güman etdiyi əmək pensiyasının səhv təyin edilməsində cavabdehin təqsirli olması barədə heç bir qeyd edilməmişdir. Göründüyü kimi, rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə cavabdeh onun pensiya məbləğinə müdaxilə etməmişdir. Məhkəmə ehtimal olunan artıq ödənişi pensiya təyini barədə qərarın, sərəncamın qəbul edilməsinin, faktiki xarakterli hərəkətlərin hüquqi nəticəsi kimi gördüyündən, artıq ödənişin aradan qaldırılmasına qanunvericiliklə müəyyən edilmiş məhdudiyyət olduğunu nəzərə alaraq, geri qaytarılması barədə inzibati orqanın hərəkətlərini qanunsuz hesab edir. Beləliklə, əmək pensiyasının təyin edilməsi barədə qərar qanunsuz hesab edilsə belə, həmin qərarın qeyd olunan halda qanunsuz və əlverişli xarakterə malik olması hazırkı iddianın təmin edilməsinə əsas vermir. Belə ki, şəxsin etimad hüququ qanunla qorunur və ona istinad edilməsini istisna edən hər hansı bir hal mövcud deyil. İnzibati orqanın ehtimal olunan səhv hesablaması və ya pensiyanı səhv təyin etməsi etimad hüququ qorunduğu müddətdə cavabdehdən pul məbləğinin geri tələb edilməsinin qarşısını alır. Göründüyü kimi inzibati orqan tərəfindən əmək pensiyası səhv təyin edilsə belə məsuliyyəti həmin inzibati orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin maraqlı şəxsin hesabına, indiki halda isə cavabdehin hesabına düzəldilməsi yolverilməzdir. Məhkəmə vurğulayır ki, əmək pensiyasının təyin edilməsi barədə qərar şəxsin ziyanına şərh olunacağı halda belə, yəni əmək pensiyasının təyin edilməsi barədə qərarın ləğv olunması, əmək pensiyasının bərpa edilməsi barədə cavabdeh tərəfindən iddia qaldırılmamaması və ya qaldırılmış iddianın uğurlu olmaması halında belə, bu həmin aktın əlverişli inzibati akt hesab edilməsini aradan qaldırmır və hazırkı faktiki hallar nəzərə alınmaqla cavabdehin etimad hüququna istinad etməsi istisna olunmadığından hazırkı iddianın təmin edilməsi qanunvericiliyin tələbləri ilə uzlaşmır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A LDİ : İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-1329/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1329/2022
28.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver