Məhkəmə qərarları › İş №2-1(112)-1329/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1329/2024

01.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1329/2024 01.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə Veteranı” adının və vəsiqənin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin AR Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin onun xx.xx.2023-cü il tarixli müraciətinin cavablandırılmamasında ifadə olunan hərəkətsizliyinin (hərəkətinin) qanunsuz hesab edilməsi, cavabdehdən hüquqi yardıma görə ödədiyim 100 manat pulun onun xeyrinə tutulması və ona ‘‘Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının ərizəsinə əsasən məhkəmə qərardadı ilə iddia tələbi “İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması” kimi dəqiqləşdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.199N-cü il tarixdən xx.xx.2022-ci il tarixədək AR Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində müxtəlif zabit vəzifələrində həqiqi hərbi xidmət keçmiş, AR Müdafiə Nazirinin 0312 №-li, xx.xx.2022-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “v” bəndinə (xəstəliyə görə) əsasən ehtiyata buraxılmışdır. O, xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (ehtiyata buraxılanadək) AR Müdafiə Nazirliyinin Hərbi X3-Texniki Təminat İdarəsində (AN) “Aviasiya uçuşlarının radiotexniki təminatı vasitələrinin istismarı və təhlükəsizliyi şöbəsi rəisinin aviasiya uçuşlarının hərəkətinin avtomatlaşdırılmış idarəetmə və radioişıq texniki təminatı üzrə baş köməkçisi” vəzifəsində xidmət etmişdir. Bu vəzifədə xidmət edərkən NN günlük Vətən Müharibəsində iştirak etmişdir. Belə ki, o, AR Müdafiə Nazirinin müavini- Hərbi Hava Qüvvələri Komandanının müvafiq əmri ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020ci il tarixədək N №-li hərbi hissədə,10.10.202-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N №-li hərbi hissədə, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N №-li hərbi hissədə döyüş tapşırığının yerinə yetirilməsi üçün xidməti ezamiyyətdə olmuşdur. Ezam olunmağının səbəbi və məqsədi isə Hərbi Hava Qüvvələrinin NN günlük Vətən Müharibəsində döyüş əməliyyatlarına cəlb olunmuş hərbi hissələrinin (N №-li hərbi hissə, N №-li hərbi hissə, N №-li hərbi hissə) həmin dövrdə apardıqları döyüş əməliyyatlarının döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi olmuşdur. Belə ki, o, Aviasiyanın döyüş uçuşlarının Şəmkir (Dəllər N18 №-İi hərbi hissə), Kürdəmir aerodromlarında (N №-li hərbi hissə ) və Goran aviasiya komendantlığında (N №-li hərbi hissə) gecə-gündüz sadə və mürəkkəb meteo-şəraitlərdə radionaviqasiya, radiolokasiya və hava hərəkətinin avtomatlaşdırılmış idarəetmə vasitələri ilə təmin edilməsində, aerodromların qalxma-enmə zolaqlarının, vertolyot meydançalarının radioişıq siqnal avadanlıqları vasitəsi ilə işıqlandırılmasının təşkil edilməsində, vəsaitlərin təyinatı üzrə düzgün istifadəsinin təşkilində, yerləşməsində və mövqelərdə açılmasında iştirak etmiş, şəxsi heyətin daima döyüş uçuşlarının təminatına hazır olmasını təmin etmiş, nasazlıqlar zamanı çatışmazlıqların yerində aradan qaldırılmasında, təmirin aparılmasında şəxsən iştirak etmiş, təyyarələrin idarə olunması, hədəfgöstərmə, aerodrom və aerodrom qovşaqları rayonlarında təyyarələrin (helikopterlərin) uçuş və enməsi məsələlərinin həll edilməsinin təşkil edilməsində uçuş hadisələrinə zəmin yaradan şəraitlər və onların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görmüşdür. Lakin AR Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın xx.xx.2023-cü il tarixli qərarı ilə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtinaya dair inzibati araşdırma aparılmasına və ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsinə göstəriş verilməsi xahişi ilə xx.xx.2023-cü il tarixdə etibarnamə üzrə səlahiyyətli nümayəndəsı vasitəsi ilə cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin müraciəti cavabsız və nəticəsiz qalmışdır. Müraciətinin cavablandırılmamasını imtina kimi qiymətləndirir, imtinanı isə əsassız və qanunsuz hesab edir.

4. İddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ünvanladığı tələblə eyni məzmunlu xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə çatdırılan ərizəsinə cavab verilməmişdir.

5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin N7-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamı cavabdeh tərəfindən icra edilməmişdir.

6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

8. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

II. İddianın növü və mümkünlüyü

9. Müharibə veteranı adının və vəsiqəsinin verilməsi “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə (bundan sonra – Əsasnamə) əsasən müəyyən edilir.

10. Müharibə veteranı adı aidiyyəti qurumların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.

11. İddiaçının tələbi “Müharibə Veteranı” adının və vəsiqənin verilməsi üçün sənədlərin AR Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir.

12. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 3N.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır

13. İddianın növü öhdəliyin icrasında dair iddiadır. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

14. EZ ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.199N-cü il tarixdən xx.xx.2022-ci il tarixədək AR Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində müxtəlif zabit vəzifələrində həqiqi hərbi xidmət keçmiş, AR Müdafiə Nazirinin 0312 №-li, xx.xx.2022- ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “v” bəndinə (xəstəliyə görə) əsasən ehtiyata buraxılmışdır.

15. AR Müdafiə Nazirinin müavini-Hərbi Hava Qüvvələri Komandanının əmri ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N №-li hərbi hissədə,xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N №-li hərbi hissədə, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N №-li hərbi hissədə döyüş tapşırığının yerinə yetirilməsi üçün xidməti ezamiyyətdə olmuşdur.

16. Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmrinə əsasən N16, N17 və N18 nömrəli hərbi hissələr N sentyabr - N noyabr 2020-ci il tarixlərində Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əks-hücum və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmişlər.

17. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin xx.xx.2023-cü il tarixli, 08N2 nömrəli məktubu ilə Hərbi Hava Qüvvələrinin sabiq hərbi qulluqçusu İddiaçı şəxsi heyətinin siyahısına daxil olması, şəxsi heyətin siyahısından çıxması, NN günlük vətən müharibəsidə döyüş tapşırıqlarını yerinə yetirmək məqsədilə N16, N17 və N18-ci aviasiya uçuşlarının təminat mərkəzlərinə ezam olunması barədə hərbi hissə komandirinin nizami hissə üzrə əmrindən çıxarışlar və Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələri komandanının xx.xx.2020-ci il tarixli 02N7 nömrəli əmrindən çıxarışı məhkəməyə təqdim edilmişdir. - N nömrəli hərbi hissə komandirinin N nömrəli xx.xx.2017-ci il tarixli əmrindən çıxarışa əsasən İddiaçı, Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 09 sentyabr 2017-ci il tarixli 0399 nömrəli əmri ilə aviasiya uçuşlarının radiotexniki təminatı vasitələrinin istismarı və təhlükəsizliyi şöbəsi rəisinin aviasiya uçuşlarının hərəkətinin avtomatlaşdırılmış idarəetməsi və radioişıq texniki təminatı üzrə baş köməkçisi köməkçisi vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən (Bakı şəhəri) gəlmiş hesab edilsin, 30 sentyabr 2017-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilsin, bütün növ təminata qoyulsun və vəzifəsinin icrasına başlamışdır.

18. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin xx.xx.2023-cü il tarixli, 6773 nömrəli məktubu ilə N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu İddiaçı NN günlük vətən müharibəsində döyüş tapşırıqlarını yerinə yetirmək məqsədilə N16, N17 və N18 nömrəli hərbi hissələrə ezam olunması barədə hərbi hissə komandirlərinin nizami hissə üzrə əmrindən çıxarışlar məhkəməyə təqdim edilmişdir.

19. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsinin məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmrinə əsasən N16, N17 və N18 nömrəli hərbi hissələr N sentyabr-N noyabr 2020-ci il tarixlərində Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əks-hücum və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmişlər.

IV. Məhkəmənin mövqeyi

20. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 1-ci hissəsinin ikinci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin: 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən, müharibə veteranı adı - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 199N-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 199N-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.

22. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli N20 Qərarı təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin 10 və 11-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir.

23. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur.

24. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.

25. Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün iki zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün məcburidir: şəxsin xidmət keçməsi; bunun müvafiq sənədlərdə - hərbi biletlə yanaşı hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışında əks olunması. 26.İşin hallarına əsasən İddiaçı xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixədək AR Müdafiə Nazirliyinin Hərbi X3-Texniki Təminat İdarəsində (AN) “Aviasiya uçuşlarının radiotexniki təminatı vasitələrinin istismarı və təhlükəsizliyi şöbəsi rəisinin aviasiya uçuşlarının hərəkətinin avtomatlaşdırılmış idarəetmə və radioişıq texniki təminatı üzrə baş “köməkçisi” vəzifəsində xidmət etmişdir. 27.Məhkəmə sorğusuna cavab olaraq verilmiş məlumatlardan görünür ki, AR Müdafiə Nazirinin müavini-Hərbi Hava Qüvvələri Komandanının xx.xx.2020-ci il tarixli əmri ilə xx.xx.2020-xx.xx.2020-ci il N №-li hərbi hissədə, xx.xx.2020-xx.xx.2020-ci il N №-li hərbi hissədə, xx.xx.2020-xx.xx.2020-ci il tarixədək N №-li hərbi hissədə döyüş tapşırığının yerinə yetirilməsi üçün xidməti ezamiyyətə göndərilmişdir. İddiaçının ezamiyyətə göndərilməsi səbəb və məqsədi Aviasiyanın döyüş uçuşlarının Şəmkir (Dəllər), Kürdəmir aerodromlarında və Goran aviasiya komendantlığında gecə-gündüz sadə və mürəkkəb meteo-şəraitlərdə radionaviqasiya, radiolokasiya və hava hərəkətinin avtomatlaşdırılmış idarəetmə vasitələri ilə təmin edilməsi, aerodromların qalxma-enmə zolaqlarının, vertolyot meydançalarının radioişıq siqnal avadanlıqları vasitəsi ilə işıqlandırılmasının təşkil edilməsi, vəsaitlərin təyinatı üzrə düzgün istifadəsinin təşkilində, yerləşməsində və mövqelərdə açılmasında iştirak etməsi, şəxsi heyətin daima döyüş uçuşlarının təminatına hazır olmasını təmin etməsi, nasazlıqlar zamanı çatışmazlıqların yerində aradan qaldırılmasında, təmirin aparılmasında şəxsən iştirak etməsi, təyyarələrin idarə olunması, hədəfgöstərmə, aerodrom və aerodrom qovşaqları rayonlarında təyyarələrin (helikopterlərin) uçuş və enməsi məsələlərinin həll edilməsinin təşkil edilməsində uçuş hadisələrinə zəmin yaradan şəraitlər və onların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməsi olub.

28. Məhkəmənin araşdırması nəticəsində müəyyən olunur ki, N16, N17 və N18 nömrəli hərbi hissələr N sentyabr - N noyabr 2020-ci il tarixlərində Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əks-hücum və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmişlər.

29. Göründüyü kimi, iddiaçının döyüş əməliyyatlarında iştirakı onun hərbi bileti, ezamiyyət vəsiqəsi, əmrdən çıxarışları ilə təsdiq edilir.

30. Hərbi doktrina nöqteyi-nəzərincə sülh və ya müharibə dövründə silahlı qüvvələrin arxa təminatı - silahlı qüvvələrin silahla, hərbi sursatla, yanacaqla, sair maddi-texniki vasitələrlə təmin edilməsi üzrə kompleks tədbirlər sistemini ehtiva edir. Arxa hissə təminatı silahlı qüvvələrin döyüş qabiliyyətinin lazımi səviyyədə saxlanılması üçün onların ehtiyaclarının ödənilməsi, döyüş əməliyyatları zonasında hərbi hissələr tərəfindən hərbi vəzifələrin uğurla həyata keçirilməsinin təmin edilməsi məqsədlərinə xidmət edir və döyüş əməliyyatları təminatının tərkib hissəsi sayılır. Bu baxımdan döyüş təminatı ilə bağlı tapşırıqların yalnız və sadəcə olaraq əməliyyat təminatı kimi təfsir olunması məqbul sayıla bilməz. Döyüş əməliyyatlarının uğurlu olması üçün əməliyyat təminatı ilə yanaşı həm də digər təminat növlərinin, o cümlədən arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur.

31. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə münasibətdə, iddiaçının ezam olunduğu ərazilərdə yerinə yetirdiyi xidməti vəzifəni qeyd olunan kontekstdən qiymətləndirmək lazımdır. Başqa sözlə, iddiaçının ezam olunduğu ərazilərdə komanda gecə-gündüz sadə və mürəkkəb meteo-şəraitlərdə radionaviqasiya, radiolokasiya və hava hərəkətinin avtomatlaşdırılmış idarəetmə vasitələri ilə təmin edilməsi, aerodromların qalxma-enmə zolaqlarının, vertolyot meydançalarının radioişıq siqnal avadanlıqları vasitəsi ilə işıqlandırılmasının təşkil edilməsi, vəsaitlərin təyinatı üzrə düzgün istifadəsinin təşkilində, yerləşməsində və mövqelərdə açılmasında iştirak etməsi, şəxsi heyətin daima döyüş uçuşlarının təminatına hazır olmasını təmin etməsi, nasazlıqlar zamanı çatışmazlıqların yerində aradan qaldırılmasında, təmirin aparılmasında şəxsən iştirak etməsi, təyyarələrin idarə olunması, hədəfgöstərmə, aerodrom və aerodrom qovşaqları rayonlarında təyyarələrin (helikopterlərin) uçuş və enməsi məsələlərinin həll edilməsinin təşkil edilməsində uçuş hadisələrinə zəmin yaradan şəraitlər və onların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməsi öz əhəmiyyətinə görə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi kimi dəyərləndirilməlidir.

32. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli N20 Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin meyarlarına uyğun olduğuna görə İddiaçı “Müharibə Veteranı” adının və vəsiqənin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin AR Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmasına dair iddia tələbi təmin edilməlidir.

33. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 2N.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

34. İnzibati Prosessual Məcəllənin: 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

35. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin AR Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır.

36. Göstərilənlərə əsasən və İPM-in N.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 5N0-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar