Məhkəmə qərarları › İş №2-1(112)-13295/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13295/2024

25.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13295/2024 25.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X9 Üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi” tələbi üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) ərizə ilə cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, ona məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Cavabdeh müraciəti təmin etməkdən imtina etmiş və 30 avqust 2024-cü il tarixli imtina məktubu ilə bildirmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcbui köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan qaydalarının 4.2.6 bəndinin tələblərinə uyğun olaraq “məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmadığından, X3nun qeydiyyatı onun doğum tarixindən əvvəl adına qeydiyyatdan keçmiş ünvan 4 ünvanında olduğundan ona məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsi imkan xaricindədir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məcburi köçkün vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. Tərəflərin əsaslandırması: İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçının valideynlərinin hər ikisi ailə qurmamışdan öncə məlum hadisələrə görə 1992-ci ilin may ayından Laçın rayonundan məcburi köçkün düşüblər. Sonradan onlar Bakı şəhərində ailə həyatı qurublar. Onların birgə nigahından iki bacısı və o, doğulmuşdur. Məcburi köçkün kimi Səbail rayonu, Mərdanov Qardaşları, ev 6, mənzil 38-də rəsmi qeydiyyatdadırlar. Valideyinlərinin və bacılarının hər birinin məcburi köçkün vəsiqələri vardır. O da vəsiqə almaq üçün Komitəyə müraciət etmişdir. Lakin cavab olaraq bildirilmişdir ki, valideynlərin Bakı şəhərində rəsmi qeydiyyatda olduqları üçün qanunvericiliyin tələblərinə uyğun olaraq vəsiqə verilə bilməz. Atası X2 rayonundan məcburi köçkün olduqdan sonra 1992-ci ilin iyun ayından daxili işlər orqanında zabit kimi xidmətə başlayıb. Atası dəfələrlə Qarabağ döyüşlərində iştirak edib və yaralanıb. Eyni zamanda atası DİN-də gənc mütəxəssis kimi ev növbəsinə götürülüb. DİN-nin yataqxanasında yaşadığına görə mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə ölkə rəhbərliyinə müraciət etmiş, nəticə olaraq Bakı şəhər İcra Hakimiyyətinin Mənzillərin uçotu və Bölüşdürülməsi Baş İdarəsinin rəisi C.Nəbiyev Səbail rayon İcra Hakimiyyətinə rəsmi müraciət edərək atasının Qarabağ döyüşlərində yaralandığını və xidmətlərini nəzərə alıb mənzil növbəsi çatana kimi müvəqqəti sığınacaqla təmin olunmasını xahiş etmişdir. Səbail rayon İcra Hakimiyyətinin başçısı R.Məmmədovun 10 may 1994-cü il tarixli 1487 saylı sərəncamı ilə Bakı şəhəri Səbail rayonu Mərdanov Qardaşları küçəsi, ev 6, mənzil 38 müvəqqəti sığınacaq kimi atasına verilmişdir. Həmin dövlərddə DİO-da xidmət etmək üçün şəxsin mütləq Bakı şəhərinə rəsmi qeydiyyatı tələb olunmuşdur. Ona görə də, atası məcburiyyət qarşısında qalıb ailə üzvləri ilə birlikdə həmin ünvana rəsmi qeydiyyata alınmışdır. Bunlara baxmayaraq, onlar məcburi köçkün kimi ərzaq pulu almasalar da, digər imtiyazlardan istifadə ediblər. Hazırda atası təqaüdçüdür. Cavabdeh tərəfindən təqdim olunmuş iddiaya yazılı etirazda göstərilmişdir ki, İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki, İddiaçı X3 AA161249 nömrəli məcburi köçkün vəsiqəsinə əsasən məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malikdir; X7 ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır; İddiaçı anası X8 məcburi köçkün vəsiqəsinə əsasən məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malikdir. X8 ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq çıxarışına əsasən, ünvan 3 ünvanında yerləşən mənzil X4 adına qeydiyyata alınmışdır. Etiraza əlavə olunmuş sənədlərdən göründüyü kimi, iddiaçının atası X1 Nicat Qalib oğlunun doğumundən əvvəl ayrıca yaşayış sahəsi əldə edərək, həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatda olduğundan, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.6-cı bəndinə əsasən, ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. İddiaçı anası X8 da həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəfi dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki ilk növbədə qeyd olunur ki, iddia mümkün iddiadır, çünki iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur, habelə iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmiş və cavabdehin imtinasını aldıqdan sonra qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etmişdir. Məhkəmə iddianın mahiyyəti ilə bağlı qeyd edir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar’ın 4.2.6-cı maddənin tələbləri baxımından iddiaçının məcburi köçkün statusu almaq hüququ olmamışdır. Belə ki, işdə olan: - Bakı şəhəri Səbail rayon VVADQ Şöbəsi tərəfindən 20 aprel 2004-cu il tarixdə veriliş AZ-İN-449930 nömrəli “Doğum haqqında şəhadətnamə”yə əsasən İddiaçı xx xxxx 2004-cü il tarixdə Bakı şəhəridə anadan olmuş, ata qrafasında X7, ana qrafasında X8 qeyd edilmişdir. - Qaçqınların və X9 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş AA seriyalı 059050 nömrəli “Məcburi köçkün vəsiqəsi”-nə əsasən X8 1992-ci il tarixdən Laçın rayonundan məcburi köçkündür. - Qaçqınların və X9 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş AA seriyalı 161249 nömrəli “Məcburi köçkün vəsiqəsi”-nə əsasən X7 1992-ci il tarixdən Laçın rayonundan məcburi köçkündür. - Səbail rayon İcra Hakimiyyəti Başçısının 10 may 1994-cü il tarixli 1487 nömrəli sərəncamına əsasən Mərdanov Qardaşları küçəsi, 6 nömrəli evdə 2 otaqlı, 24.5 kv.m sahəsi olan 38 №-li mənzil X5 müvəqəti sıınacaq kimi verilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı ******* nömrəli çıxarışına əsasən ünvan 4 ünvanında yerləşən mənzil X4 xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 1357 nömrəli reyestr kitabınn 123987 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının Daxili İşlər Naziliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 14 oktyabr 2024-cü il tarixli 18/2-29255/2024 nömrəli məktuba əsasən;

1. xx.xx.1967-ci il təvəllüdlü X7 xx.xx.2005-ci il tarixdən hazıradək ünvan 4-də;

2. xx.xx.1974-cü il təvəllüdlü X8 xx.xx.2005-ci il tarixdən hazıradək ünvan 4-də;

3. xx.xx.2004-cü il təvəllüdlü İddiaçı xx.xx.2015-ci il tarixdən hazıradək ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 04 noyabr 2024-cü il tarixli **********9 nömrəli məktuba əsasən Bakı şəhəri, Səbail rayonu, Mərdanov qardaşları küçəsi, ev 6, 38 saylı mənzil X4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Abşeron rayonu, Xırdalan şəhəri, Ramana südçülük sovxozu ərazisində yerləşən 0.06 kənd təsərrüfatı təyinatlı torpaq sahəsi icarə hüququna əsasən X4 adına qeydiyyatdan keçmişdir, hazırda icarəsindədir. Abşeron rayonu, Masazır kəndi, ev 7, 39 saylı mənzil X4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İddiaçı hazırda valideynlərinin hər ikisinin məcburi köçkün statusuna malik olmasına istinad edərək, ona da məcburi köçkün statusunun verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 1. Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Maddə 9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər. Maddə 10. Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir Maddə 12. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Maddə 14. Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş aşağıdakı hallarda itirir: əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə; bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə. Tətbiq edilən və yuxarıda sadalanan normaların mənasından görünür ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Məcburi köçkün statusunun verilməsi onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcısı olur. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Məcburi köçkün statusunun verilməsi üçün isə hər hansı bir qaydanın müəyyən edilməsi məqsədilə digər hüquqi aktın qəbul edilməsi bu qanunda nəzərdə tutulmamışdır. Bunun əksinə olaraq qaçqın statusu verilməsi qaydasının Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı ilə tənzimlənməsi göstərilmişdir. Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin xx.xx.2013cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.6cı yarımbəndinə görə “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına məcburi köçkün statusu verilmir. Bununla bağlı Məhkəmə qeyd edir ki, iddiaçı doğulmamışdan əvvəl onun atası artıq ayrıca yaşayış sahəsinə malik olmuşdur. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının 10 may 1994-cü il tarixli 1487 nömrəli sərəncamına əsasən Mərdanov Qardaşları küçəsi, 6 nömrəli evdə 2 otaqlı, 24.5 kv.m sahəsi olan 38 №-li mənzil X5 müvəqəti sığınacaq kimi verilmiş, o həmin ünvana qeydiyyata alınmışdır. Daha sonra sonuncunun həmin mənzil üzərində xüsusi mülkiyyət hüquqları qeydiyyata alınmışdır. İddiaçı, habelə onun valideynləri xx.xx.1967-ci il təvəllüdlü X7 və xx.xx.1974-cü il təvəllüdlü X8 xx.xx.2005-ci il tarixdən hazıradək ünvan 4-də ünvanında yaşayış yeri üzrə qeydiyyata alınmışlar. Məhkəmə hesab edir ki, xx.xx.1967-ci il təvəllüdlü X7 (iddiaçının atası) İddiaçı Elgün oğlu hələ anadan olmamışdan əvvəl ayrıca yaşayış sahəsi əldə etdiyi və həmin yaşayış sahəsinə dair həmin dövrdə onun legitm gözləntisi olması, eyni zamanda onun və arvadının həmin məzildə qeydiyyatda düşməsi səbəbindən cavabdeh tərəfindən iddiaçıya məcburi köçkün statusu verilməsi Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.2.6cı bəndinə ziddir və bu halda cavabdeh tərəfindən iddiaçının tələbinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin 2-1(102)-2113/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarını əsas gətirir. Belə ki, həmin qərarda qeyd olunmuşdur ki, “iddiaçının arvadı, onun 2002-ci il təvəllüdlü qızı hələ anadan olmamışdan əvvəl, yəni, 2002-ci il tarixədək ayrıca yaşayış sahəsi əldə etdiyi və həmin yaşayış sahəsinin onun mülkiyyətində olduğu, iddiaçı və arvadı 2002-ci il tarixdən həmin mənzildə qeydiyyatda düşdüyü səbəbindən cavabdeh tərəfindən iddiaçının qızına məcburi köçkün statusu verilməsi “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.6-cı bəndinə ziddir və bu halda cavabdehin iddiaçının tələbinin təmin edilməsindən imtinası əsaslı olmuşdur.” Göründüyü kimi kassasiya instansiya məhkəməsi oxşar iş üzrə eyni mövqeyi nümayiş etdirərək hesab etmişdir ki, məcburi köçkün statusunun verilməsini tələb edən şəxsin valideynlərindən biri onun anadan olmasından əvvəl əmlak sahibi olarsa, bu zaman həmin şəxsin məcburi köçkün statusunu tələb etmək hüququ yaranmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasəm məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı:

İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar