Məhkəmə qərarları › İş №2-1(112)-133/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-133/2021

29.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-133/2021 29.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh2nə qarşı 3-cü şəxslər Azərbaycan Respublikası Maliyyə Nazirliyi və qeyriləri işə cəlb edilməklə kompensasiya ödənilməsi tələbinə dair iddiasına ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və Bakı şəhəri Cavabdeh2nə qarşı ona məxsus ünvan 2 ünvanında yerləşmiş və dövlət ehtiyacları üçün sökülərək alınmış ümumi 568.8 kv.m sahəsi olan “Təmir Tikinti Sahəsi”nin 1 kv.m-i 1000 manatdan hesablanmaqla 568800 manat kompensasiya məbləğindən ödənilməyən 440000 manat pul vəsaitinin, 568800 manat kompensasiya məbləğinin 20 %-i miqdarında əlavənin, 10000 manat məbləğində mənəvi ziyanın ödənilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 04.05.2011-ci il tarixli 1490 saylı Sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət proqramı”nın icrası ilə əlaqədar olaraq Bakı Beynəlxalq Dəniz Vağzalından Nobel prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsinə kimi olan ərazidə salınacaq yeni bulvar və avtomobil yolunun tikintisi layihəsinin altına düşən müəssisə və obyektlərin köçürülməsi işi müvafiq tapşırıq əsasında həyata keçirilmişdir. Qeyd olunan proqram icra olunarkən, ünvan 3 ünvanında yerləşən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 23.02.2008-ci il tarixdə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 13 №-li reyestr kitabının 1211 №-li vərəqində qeydiyyata alınmış MH seriyalı ******* №-li Çıxarışla tam mülkiyyət hüququ ilə ona məxsus 0,06925 ha torpaq sahəsində yerləşən 2 a №-li binada, 237,8 kv.m ümumi, 134,9 kv.m əsas, 102,9 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası da, sökülmüşdür. Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət Ehtiyaclarının ödənilməsi və yerli qurumlarla iş şöbəsinin müdiri Y.Qənbərov tərəfindən imzalanmaqla təsdiqlənmiş “Bakı Beynəlxalq Dəniz Vağzalından Nobel prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsinə kimi olan ərazidə yerləşən özəl müəssisə və obyektlərə məxsus əmlakın (torpaq sahəsinin və tikilinin) geri alınması üçün ödəniləcək kompensasiya dair hesablama” cədvəlində 5-ci sırada ona məxsus ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak (qeyri-yaşayış binası və torpaq sahəsi) qeyd olunmuş və həmin daşınmaz əmlakın faktiki sahəsi (568,8 kv.m) dəqiq qeyd olunmaqla bazar dəyərinə uyğun ilkin qiyməti 1 kv.m-i 1000 manatdan olmaqla, 568800 (beş yüz altmış səkkiz min səkkiz yüz) manat kompensasiya məbləği müəyyən edilmişdir. Cavabdeh2ndə söküntünü həyata keçirmək və şöküntüyə məruz qalacaq əmlakların sahiblərinə kompensasiyanın ödənilməsini təmin etmək üçün yaradılmış Komissiyanın üzvləri ünvan 3 ünvanında yerləşən ona məxsus qeyri-yaşayış binası sökülməmişdən və torpaq sahəsi dövlət ehtiyacları üçün geri alınmamışdan öncə, onlar əmin etmişlər ki, əmlak sahibləri əmlakların faktiki ölçüsünə və bazar dəyərinə uyğun ilkin qiyməti 1 kv.m-i 1000 manatdan olmaqla kompensasiya məbləğini tam şəkildə alacaqlar. Qeyd olunan ona məxsus daşınmaz əmlak söküldükdən sonra kompensasiyanın nə vaxt ödəniləcəyi ilə bağlı Cavabdeh2ndə yaradılmış Komissiyadan maraqlananda isə bildirmişlər ki, söküntüyə məruz qalan əmlakların sayının çoxluğu ilə əlaqədar dövlət büdcəsindən bu məqsədlə ayrılacaq kompensasiya məbləği böyük olduğundan əmlak sahiblərinə kompensasiya mərhələlərlə və hissə-hissə ödəniləcək və bu prosesin başa çatması üçün bir müddət gözləməli olacaqlar. Qeyd olunan ərazidə söküntü işləri 21 avqust 2013-cü il tarixdən 31 avqust 2013-cü il tarixədək icra olunsa da, uzun müddət ərzində kompensasiya məbləğinin ödənilməsi mümkün olmamış, əmlakları sökülən şəxslərin müxtəlif yüksək dövlət orqanlarına şikayət xarakterli müraciətlərindən sonra, ona məxsus faktiki sahəsi 568,8 kv.m daşınmaz əmlakın dövlət ehtiyacları üçün geri alınmasına görə cəmi 100000 (bir yüz min) manat kompensasiya ödənilmiş, qalan 468800 (dörd yüz altmış səkkiz min səkkiz yüz) manatın isə bu məqsədlə dövlət büdcəsindən vəsait ayrıldıqca hissə-hissə ödəniləcəyi bildirilmişdir. Hər dəfə Cavabdeh2nə ödənilməmiş kompensasiya məbləği ilə bağlı müraciət edəndə isə, hələ dövlət büdcəsindən vəsait ayrılmadığını və yaxın vaxtlarda ayrılacağını bildirməklə gözləməyi tövsiyyə etmişlər. 09.11.2018-ci il tarixli məktubla Bakı şəhəri, Cavabdeh2nə müraciət edərək ona məxsus ünvan 3 ünvanında yerləşmiş ümumi 568 kv.m sahəsi olan “Təmir Tikinti Sahəsi”nin 1 kv.m-i 1000 manatdan hesablanmaqla 568800 manat kompensasiya məbləğindən ödənilməyən 440000 manat pul vəsaitinin, həmçinin Azərbaycan Respublikası Prezidentinin məlum Fərmanı əsasında hesablanacaq 20 % əlavə haqqın qısa müddətdə ödənilməsini təmin etməyi xahiş etmişdir.09.11.2018-ci il tarixli məktub Bakı şəhəri Cavabdeh2nə 19.11.2018-ci il tarixdə rəsmi formada daxil olmuş və Eyvazova soyadlı şəxs tərəfidnən qəbul edilmişdir. Lakin, bu günə qədər müraciətinə heç bir cavab verilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1247/2020 saylı, 18 mart 2020-ci il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkilinin ərizəsi nəzərə alınaraq, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi cavabdehlər sırasından çıxarılaraq 3-cü şəxs qismində cəlb edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflərə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin və 3-cü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə cavabdehin və 3-cü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək ididanın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, 23.02.2008-ci il tarixli, MH seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov 97-ci qaraşəhər) küçəsində istifadədə olan 0.06925 ha torpaq sahəsində yerləşən 2a nömrəli binada, 237.8 kv.m ümumi, 134.9 kv.m əsas, 102.9 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (Təmir tikinti sahəsinin əmlakı) tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 13 nömrəli reyestr kitabının 1211 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən verilmiş Müəssisə və obyektin (qeyri-yaşayış sahəsinin) texniki pasportunun surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən, mülkiyyətçisi İddiaçı olan qeyri-yaşayış sahəsinin tikinti altı sahəsi 338.7 kv.m, ümumi sahəsi 237.8 kv.m, əsas sahəsi 134.9 kv.m, köməkçi sahəsi 102.9 kv.m-dir. İşdə olan Bakı Dəniz Vağzalından Nobel prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişmsinə kimi olan ərazidə yerləşən özəl müəssisə və obyektlərə məxsus əmlakın, torpaq sahəsinin və tikilinin) geri alınması üçün ödəniləcək kompensasiyaya dair hesablama kağızından görünür ki, 5-ci sırada fiziki şəxs İddiaçı məxsus, ünvan 5 ünvanında yerləşən 237.8 kv.m qeyri-yaşayış sahəsinə görə 568 800 manat qeyd edilmişdir. İşdə olan İddiaçı ilə Bakı şəhəri Cavabdeh2 arasında bağlanmış və Cavabdeh2 tərəfindən təsdiq edilmiş razılaşma aktının surətindən görünür ki, ərazidə aparılan yenidənqurma və abadlıq işləri ilə əlaqədar Bakı Beynəlxalq Dəniz Vağzalından Nobel prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsinə kimi olan ərazidə salınmış yeni bulvar və avtomobil yolunun, həmçinin Xəqani Rüstəmov küçəsində yol qovşağının tikintisi layihəsinin altına düən yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi zərurəti yaranmışdır. Bu və yaxın ərazidə aparılmış sorğulara əsasən Azərbaycan Respublikası Prezidentinin 26.12.2007-ci il tarixli Fərmanına əsasən sökülən tikilinin 1 kv.m üçün 20% əlavə hesablanmaqla birlikdə tikilinin sahəsinin 1 kv.m-nin alğı-satqı orta bazar qiyməti müəyyənləşdirilərək əmlak sahiblərinə təklif olunmuşdur. Bakı Beynəlxalq Dəniz Vağzalından Nobel prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsinə kimi ola ərazidə salınmış yeni bulvar və avtomobil yolunun tikintisi layihəsinin altına düşən və Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov (7-ci Qaraşəhər) küçəsində 2a nömrəli binada İddiaçı mülkiyyətində olan (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış (seriya MH, № 0132328, dövlət reyestr nömrəsi **********47-0301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 23.02.208-ci il) Təmir Tikinti sahəsinin əmlakının sökülməsi ilə əlaqədar tikililərin texniki vəziyyətindən və iş həcmindən asılı olaraq sahibkarın obyekti qiymətləndirilmişdir. Qiymətləndirmə nəticəsində 237.8 kv.m tikili sahəsinin real bazar dəyəri 128808.00 manat müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 26.12.2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3-cü bəndi nəzərə alınaraq təyin olunmuş bazar dəyərinə 20.0 % əlavə haqq ödənilməklə qiymətləndirmə gününə sahibkara 154570.00 manat məbləğində vəsait müəyyən edilərək mülkiyyətçiyə təklif olunmuşdur. Beləliklə, sahibkar İddiaçı cəmi ödəniləcək təzminat məbləği 154570.00 (bir yüz əlli dörd min beş yüz yetmiş) manat təşkil etmişdir. Komissiyanın işində İddiaçı iştirak etmiş, ona ödəniləcək kompensasiya məbləği ilə razı olması barədə razılaşma aktına imza etmişdir. İşdə olan "xxxx" ASC tərəfindən Cavabdeh2nə ünvanlanmış 07 aprel 2021-ci il tarixli, 273 nömrəli məktubdan görünür ki, Xətai rayonu, Nobel prospekti və Xəqani Rüstəmov küçələrində yerləşən qeyri-yaşayış obyektlərinin köçürülməsi ilə əlaqədar Cavabdeh2 tərəfindən 10 dekabr 2015-ci il tarixində köçürülmüş vəsaitə uyğun formada təqdim edilmiş siyahıda adı qeyd olunan İddiaçı ona hesablanmış kompensasiya məbləğini 11.12.2015-ci il tarixində Xətai Filialına yaxınlaşaraq 154570 AZN təhvil almışdır. İşdə olan məhkəmənin “Bakı Beynəlxalq Dəniz Vağzalından Nobel prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsinə kimi olan ərazidə yeni bulvar və avtomobil yolunun tikintisi layihəsinə düşməsi ilə əlaqədar mülkiyyət hüququ ilə İddiaçı məxsus olmuş ünvan 3 nömrəli binada yerləşən qeyri-yaşayış sahəsinə görə İddiaçı kompensasiya ödənilməsini təsdiq edən sənədləri, eləcə də, həmin qeyri-yaşayış sahəsinin bir kv.m-nə görə neçə manat məbləğində kompensasiya ayrılması barədə məlumatın məhkəməyə təqdim edilməsi” barədə sorğusuna, Bakı şəhəri Cavabdeh2 Başçısının Aparatı tərəfindən verilmiş 541 nömrəli, 03.06.2021-ci il tarixli cavab məktubundan görünür ki, araşdırılma nəticəsində məlum olmuşdur ki, Bakı Beynəlxalq Dəniz Vağzalından Nobel prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsinə kimi olan ərazidə yeni bulvar və avtomobil yolunun tikintisi layihəsinin altına düşən və Bakı şəhəri, Xətai rayonu Ayaz İsmayılov (7-ci Qaraşəhər) küçəsi, 2 a nömrəli binada İddiaçı mülkiyyətində olan Təmir Tikinti sahəsinin əmlakının sökülməsi ilə əlaqədar tikililərin texniki vəziyyətindən və iş həcmindən asılı olaraq sahibkarın obyekti qiymətləndirilmişdir. Qiymətləndirmənin nəticəsində 237,8 kv m tikili sahəsinin real bazar dəyəri 128808,00 manat müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 26.12.2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3-cü bəndi nəzərə alınaraq təyin olunmuş bazar dəyərinə 20.0 % əlavə haqq ödənilməklə qiymətləndirmə gününə sahibkara 154570,00 manat məbləğində vəsait müəyyən edilərək mülkiyyətçiyə təklif olunmuşdur. Beləliklə, sahibkar İddiaçı cəmi ödəniləcək təzminat 154570,00 manat təşkil etmişdir və o, öz imzası ilə təzminatın məbləği ilə razılığını təsdiq etmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ünvan 3 nömrəli binada yerləşən, iddiaçının xüsusi mülkiyyətində olan ümumi sahəsi 237.8 kv.m olan qeyri-yaşayış sahəsi Bakı Beynəlxalq Dəniz Vağzalından Nobel prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsinə kimi olan ərazidə salınmış yeni bulvar və avtomobil yolunun tikintisi layihəsinin altına düşmüş, əmlakın sökülməsi ilə əlaqədar tikililərin texniki vəziyyətindən və iş həcmindən asılı olaraq sahibkarın obyekti qiymətləndirilmişdir. Qiymətləndirmə nəticəsində ümumi sahəsi 237.8 kv.m tikintili sahəsinin real bazar dəyəri 128808.00 manat müəyənləşdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 26.12.2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3-cü bəndi nəzərə alınaraq təyin olunmuş bazar dəyərinə 20.0 % əlavə haqq ödənilməklə qiymətləndirmə gününə 154570.00 manat kompensasiya məbləği müəyyən edilərək, iddiaçıya təklif olunmuş, iddiaçı razılaşma aktına imza edərək, sözügedən kompensasiya məbləği ilə razılaşmış və həmin kompensasiya məbləğini "xxxx" ASC-nin Xətai filialına yaxınlaşaraq almışdır. Göründüyü kimi, iddiaçı, mübahisəli daşınmaz əmlaka görə ona təklif olunmuş kompensasiya məbləği ilə razılaşaraq, razılaşma aktına imza etmiş, həmin razılaşma aktını mübahisələndirməmiş, əksinə ona təklif olunmuş kompensasiya məbləğini "xxxx" ASC-nin Xətai filialından təhvil alaraq, həmin razılaşma aktının şərtlərini icra etmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddiaçının ona əlavə kompensasiya məbləğinin ödənilməsi ilə bağlı tələbi əsassızdır. Məhkəmə eləcə də, qeyd edir ki, iddiaçının ona məxsus qeyri-yaşayış sahəsinə görə əlavə kompensasiya məbləğinin ödənilməsi ilə bağlı iddia tələbi əsassız olduğundan, hüquqi müqəddaratı həmin tələblə əlaqəli olan mənəvi ziyanın ödənilməsi tələbi də, müzakirə edilmədən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinəəsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X3 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məşhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov prospekti 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar