Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1330/2023 12.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi X2 iştirakı ilə iddiaçı Bakı şəhəri Nəsimi bələdiyyəsinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «hesabatların təqdim edilməsi»na dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Bakı şəhəri Nəsimi bələdiyyəsi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «hesabatların təqdim edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Azərbaycan Respublikasında sosial-iqtisadi inkişaf, eləcə də bütün sahələrdə aparılan islahatlar bələdiyyələrin fəaliyyətinin genişləndirilməsinə, bunun üçün isə ilk növbədə yerli büdcələrin imkanlarının gücləndirilməsinə diqqətin artırılmasını labüd etmişdir. Qeyd olunur ki, bələdiyyələrin maliyyə mənbələrindən biri də ərazilərində fəaliyyət göstərən mehmanxana, sanatoriyakurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişlərdir. Cavabdeh “Karat İnn“ MMC (mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslər) ünvan 1 ünvanda faktiki fəaliyyət göstərir. Mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslər tərəfindən “Bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişin hesabatı” bələdiyyələrə təqdim olunmalı və hesablanmış məbləğ (ödəniş) növbəti ayın 5-dək müvafiq bələdiyyənin hesabına ödənilməlidir. Hesabatın təqdim olunması ilə bağlı cavabdeh “Karat İnn“ MMC-yə bələdiyyənin 28 aprel 2022 tarixli 01-428 saylı bildiriş məktubları göndərilsə də, hesabat təqdim edilməmişdir. «Yerli vergilər (bələdiyyələr) və ödənişlər haqqında» Azərbaycan Respublikasının Qanunu yerli vergilərin və ödənişlərin ödənilməsi ilə bağlı yaranan iqtisadi və hüquqi münasibətləri tənzimləyir. Bu Qanunun 3.3-cü maddəsinə əsasən bələdiyyələr tərəfindən tətbiq edilən ödənişlər bu Qanunla müəyyənləşdirilən ödənişlərdən, habelə yerli rəy sorğularının nəticələri əsasında həyata keçirilən məqsədli layihələrin maliyyələşdirilməsi üçün hüquqi və fiziki şəxslərin ödədikləri könüllü birdəfəlik ödənişlərdən ibarətdir. Bu Qanunun 9-cu maddəsində yerli ödənişlərin təkibi sadalanmış, 9.1.4-cü maddəsində bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan vəsait yerli ödənişlərdən biri kimi qeyd olunmaqla, bu ödənişin hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmamaqla məbləği də müəyyən edilmişdir. Həmçinin mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən ödənişlərin qeydiyyata düşmüş şəxslərdən tutularaq, növbəti ayın 5-dək müvafiq bələdiyyələrə ödənilməsi də Qanunun 11.2-ci maddəsinə əsasən həmin şəxslərin üzərinə vəzifə kimi qoyulmuşdur. Yerli vergi və ödənişlərin hesablanması, ödənilməsi, uçotu ilə bağlı ödəyicilərin və bələdiyyələrin vergi xidməti orqanlarının hərəkətlərini müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikasının keçmiş Vergilər Nazirliyinin 27 dekabr 2013-cü il tarixli əmri ilə təsdiq edilmiş “Yerli vergi və ödənişlərin hesablanması, ödənilməsi və uçotu ilə bağlı Metodiki Vəsait”in 7.4-cü bəndində mehmanxana, sanatoriyakurort və turizm xidmətləri göstərən şəxslər tərəfindən “Bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişin hesabatı" bələdiyyələrə təqdim olunması və hesablanmış məbləğ növbəti ayın 5-dək müvafiq bələdiyyənin hesabına ödənilməsi göstərilmişdir. Qanunvericiliyin tələblərinə əsasən qeyd olunan sahibkarlıq subyektlərindən alınan vəsait (ödəniş) üzrə yaranan hüquq münasibətləri xarakterinə görə sərbəst mülki dövriyyə və sahibkarlıq münasibətləri kimi deyil, bir tərəfin (bələdiyyənin) digər tərəf (sahibkarlıq subyekti) üzərində hakimiyyət və inizbati-idarəçilik səlahiyyətlərinin həyata keçirilməsi ilə xarakterizə olunan maliyyəbüdcə münasibətləridir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 82, 87-ci maddələrinə və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 6.1.8-ci maddəsinə uyğun olaraq, bələdiyyələr sahibkarlıq subyektinin ödəməli olduğu yerli vergi və ödənişlərinin məbləğini (müvafiq dövrdə yaranmış borcu) dəqiq göstərən inzibati aktı qəbul edərkən onu həmin subyektə təqdim etməli, subyekt müvafiq qaydada borcu ödəmədikdə və ya ödəməkdən imtina etdikdə bələdiyyələr həmin aktı məcburi qaydada icra edilməsi üçün aidiyyəti icra qurumuna göndərirlər. Lakin bu o halda mümkündür ki, bələdiyyənin ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən sahibkarlıq subyektləri tərəfindən üzərlərinə düşən öhdəlik icra olunmalı, yəni müvafiq hesabat bələdiyyəyə təqdim edilməli, tələb edilən vəsaitin həcmi bələdiyyəyə dəqiq məlum olandan sonra isə inzibati akt qəbul edilməlidir. Göstərilənlərə və İPM-in 34.1-ci maddəsinə əsaslanaraq, cavabdeh "xxxx" MMC tərəfindən 2019, 2021 və 2022 illərə dair “Bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişin hesabatı"nın iddiaçı Bakı şəhəri Nəsimi bələdiyyəsinə təqdim edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq inzibati mübahisənin hazırlıq icraatına başlanmış və işin hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məılumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddianı müdafiə etdi və bildirdi ki, iddiaya inzibati məhkəməyə icraatı qaydasında baxılmalıdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maaddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir: dövlət vergiləri, muxtar respublika vergiləri, yerli vergilər (bələdiyyə vergiləri). Həmin Məcəllənin 4.4-cü maddəsinə əsasən yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. Həmin Məcəllənin 5-ci maddəsinə əsasən vergi məbləğləri aşağıdakı formalarda tutulur: bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması), bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması), bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması keçirildikdə yoxlamanın predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan vergi ödəyicisi tərəfindən təqdim olunan sənədlərin və əşyaların öyrənilməsinə əlavə vaxt tələb olunduğu halda, həmçinin təqdim olunmuş sənədlərdə vergi qanunvericiliyinin pozulması halları müəyyən edildikdə və ya bu pozuntular bilavasitə əşyalarla bağlı olduqda, səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 42ci maddəsinə müvafiq olaraq ona təqdim edilmiş sənədləri və nümunə kimi əşyaları götürə bilər. Vergi ödəyicisi tərəfindən yoxlamanı bilavasitə həyata keçirən vəzifəli şəxsə verilən sənədlərin və nümunə kimi əşyaların götürülməsi vergi orqanının rəhbərinin (onun müavininin) əsaslandırılmış qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 43.11-ci maddəsinə görə vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən yerli ödənişlərə aşağıdakılar aiddir: (9.1.1) bələdiyyə mülkiyyətində olan daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı ödəniş, (9.1.2) Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, icarəyə və istifadəyə verilməsindən daxil olan ödəniş, (9.1.3) bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödəniş, (9.1.4) bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş. Bu ödəniş hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmamaqla müəyyən edilir, (9.1.5) bələdiyyə ərazilərində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödəniş. Bu ödəniş hər bir nəqliyyat vasitəsi üçün sutkada 0,1 manatdan çox olmamaqla müəyyən edilir. Həmin Qanunun 11.1-ci maddəsinə görə bu Qanunda göstərilən yerli vergilərin və ödənişlərin hesablanması və ödənilməsi müvafiq qanunvericiliklə müəyyən edilir. «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasında yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir sistemidir ki, bu sistem onlara qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək və yerli əhalinin mənafeyi naminə Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin İİ hissəsinə uyğun olaraq dövlət işlərinin bir hissəsini yerinə yetirmək imkanı verir. Bu hüquqları qanunla müəyyən edilmiş qaydada ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət nümayəndəli kollegial orqanlar (bələdiyyələr) və ya vətəndaşların yığıncaqları həyata keçirirlər. Bələdiyyələr öz vəzifələrini yerinə yetirmək məqsədi ilə onların qarşısında məsuliyyət daşıyan, daimi fəaliyyət göstərən icra strukturları yarada bilərlər. Həmin Qanunun 2-ci maddəsinə əsasən bələdiyyə orqanları – səlahiyyətləri çərçivəsində yerli əhəmiyyətli məsələləri həll etmək üçün bələdiyyə qulluğunun təşkili məqsədilə bələdiyyə tərəfindən yaradılan və dövlət orqanları sisteminə daxil olmayan orqanlardır. Həmin Qanunun 53-cü maddəsinə əsasən bələdiyyələrin, bələdiyyə orqanlarının və onların vəzifəli şəxslərinin qərar və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə qanunla müəyyənləşdirilmiş qaydada şikayət verilə bilər. Azərbaycan Respublikasının 15 oktyabr 1999-cu il tarixli 709-İQ saylı Qanunu ilə təsdiq edilmiş «X1»nin Vİ bəndində göstərilmişdir ki, bələdiyyə iclaslarında baxılan yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə, digər qərarlar isə bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Müvafiq qanunda nəzərdə tutulmuş qaydada qüvvəyə minmiş bələdiyyə aktları əhaliyə elan edilir və bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir. Göründüyü kimi, mövcud qanunvericilik normaları mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərin yerli ödənişlərə cəlb olunmasını nəzərdə tutur və bu ödənişlərin alınması üzrə orqan kimi bələdiyyələri müəyyən edir. Həmçinin qeyd olunmalıdır ki, bu qəbildən olan ödənişlərin alınması üzrə bələdiyyələr tərəfindən müvafiq qaydada inzibati icraat aparıla və əsaslar olduğu halda qərar – əlverişsiz inzibati akt qəbul oluna bilər. Məhkəmə qeyd edir ki, bələdiyyər tərəfindən aparılan həmin inzibati icraat aparılarkən müvafiq fəaliyyətlə məşğul olan şəxslərin verdikləri hesabatlar nəzərə alınmalı xüsusat, dəlil kimi çıxış etsə də, bu sənədlərin təqdim edilməməsi inzibati icraatın başqa əlaqəli məlumatlar əsasında nəticələnməsini, yəni icraat üzrə yekun akt qəbul olunmasını istisna etmir. Beləliklə məhkəmənin qənaətinə görə bu qəbildən olan inzibati icraat üzrə sözügedən hesabatın alınması publik hüquq sahəsi üzrə münasibətlərlə bağlı olsa da, ayrıca inzibati məhkəmə icraatının predmeti ola blməz. Vergi Məcəlləsinin müddəaları “sənədlərin yoxlamaya təqdim edilmədiyi” hallarda, onların məhkəmə qaydasında alınması nəzərdə tutsa da, bu, yalnız vergi orqanlarının həyata keçirdiyi vergi nəzarətinin formalarından biri kimi səyyar vergi yoxlaması zamanı yolveriləndir. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə olan halda, məhkəmənin qənaətinə görə hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilən sayıla bilməz. Odur ki, məhkəmə iddianı mümkün saymır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23.1, 35, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-1330/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1330/2023
12.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver