Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13300/2025 22.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 1000 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində İddiaçı Fəxrəddin oğlunun adına qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 1000 kv.m torpaq sahəsi uzun müddətdir ki, ona məxsusdur. Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 313/1 saylı sərəncamı və alqı-satqı aktı ilə torpaq sahəsi ona satılmış, qiyməti tərəfindən ödənilmişdir. Torpağın cizgisi tərtib edilərək ona təhvil verilmişdir. Hazırda da, torpaq sahəsi onun faktiki istifadə və sərəncamındadır. Torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması zərurəti yaranmışdır. Odur ki, torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində adına qeydə alınıb müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi zərurəti vardır. Bununla əlaqədar cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassız olmaqla hüquqlarını məhdudlaşdırmışdır.
3. Sonradan iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilərək Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 313/1 saylı sərəncamı ilə ayrılmış faktiki ölçüsü 912.7 kv.m təşkil edən torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı iddia tələbində qeyd olunalar ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********11 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatlarna əsasən göstərilən torpaq sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla dövlət mülkiyyəti torpağıdır. Bundan əlavə baza məlumatlarına əsasən sahənin bir hissəsi (420.8 kv.m) yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. O cümlədən, təqdim olunan cizgidə dəqiq istinad, istinad məsafələri qeyd olunmamışdır. Eyni zamanda İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin ölçüsünün sənəd üzrə 1000 kv.m qeyd olunsa da, 912.7 kv.m təşkil etdiyi məlum olmuşdur.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
7. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsrinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmidir. Məhkəmə işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
8. Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 29 iyun 2005-ci il tarixli, 313/1 nömrəli sərəncamına əsasən Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən 1000 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti tikintisi üçün İddiaçı alqı-satqı qaydasında mülkiyyətinə ayrılmışdır.
9. Torpaq sahəsinin yerləşmə cizgisi, “Torpaqların alqı-satqısına dair” akt” və kassa mədaxil orderi iş materiallarına əlavə edilmişdir.
10. Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 1735 nömrəli arayışına əsasən İddiaçı istifadəsinə 1000 kv.m torpaq sahəsinin ayrılması barədə Binəqədi qəsəbə Bələdiyyəsinin 313/1 saylı, 29 iyun 2005-ci il tarixli sərəncamı Bələdiyyənin arxivində qorunub saxlanılır.
11. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-S-0421-8/2025 **********11 nömrəli məktubla imtina edilərək bildirilmişdir ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərabycan Respublikası Qanunun 8-ci maddəsi və ya Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Yuxarıda qeyd olunan müvafiq hüquqmüəyyənedici sənədlər təqdim ediləcəyi təqdirdə müraciətinə yenidən qanunamüvafiq qaydada baxılacaqdır.
12. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş 10 sentyabr 2025-ci il tarixli, 2-48-2F/2-2219/2025 nömrəli məktubla Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2005-ci il tarixli, 313/1 saylı qərarının və həmin qərara əlavə olunmuş sənədinin təsdiq edilmiş kserosurətləri məhkəməyə təqdim edilmişdir.
13. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 23 sentyabr 2025-ci il tarixli, 3-21-3-30/2-44113/2025 nömrəli məktubla bildirilmişdir ki, göstərilən torpaq sahəsi sənəd üzrə 0.1 ha olsa da, faktiki olaraq 0.04918 ha təşkil edir. Torapq sahəsinin cənub hissəsindən yüksək gərginlikli (110 kVt-lıq) elektrik hava xətti keçir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sözügedən sahəyə dair təqdim edilmiş cizgidə heç bir istinad və istinad məsafələri qeyd edilməyib. Həmçinin torpaq sahəsinin bitişik hasar qonşuluğunda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş sahə barədə məlumat aşkar edilməmişdir. Sahə “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kareqoriyasına aid olmaqla dövlət mülkiyyəti torpağıdır. Bundan başqa daşınmaz əmlakın texniki vəziyyətni əks etdirən müayiknə (baxış) aktını və ortofo görüntüsü göndərilmişdir.
14. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 15 oktyabr 2025-ci il tarixli, 3-21-3-30/2-48352/2025 nömrəli məktubla bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir (hər hansı bir dövlət təsisatlarının balansında olması barədə məlumat yoxdur). Eyni zamanda, sözügedən ərazinin yaxınlığında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş sahə yoxdur. Bundan əlavə daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı, koordinatlar və ortofo görüntüsü göndərilmişdir.
15. “X1” MMC tərəfindən 371 nömrəli, xx.xx.2025-ci il tarixli məktubla təqdim edilmiş mütəxəssis rəyinə əsasən Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 29 iyun 2005-ci il tarixli, 313/1 nömrəli sərənamı ilə İddiaçı sahibkarlıq fəaliyyəti tikintisi üçün ayrılmış torpaq sahəsi tərəfləri 33.4 m + 29.3 m + 29.8 m olmaqla 0.10 ha təşkil edir və döngə nöqtələrinin WGS-84 (UTM39) sistemindəki koordinatları aşağdakı kimidir: 1) X – 401739.72 Y – 4478333.58 2) X – 401736.32 Y – 4478366.87 3) X- 401765.59 Y – 4478368.21 4) X – 401769.53 Y- 4478333.43. Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 29 iyun 2005-ci il tarixli, 313/1 nömrəli sərənamı ilə İddiaçı sahibkarlıq fəaliyyəti tikintisi üçün ayrılmış 0.10 ha torpaq sahəsi elektron kadastr məlumat bazasına əsasən Binəqədi qəsəbə Bələdiyyəsinin mülkiyyətində olmaqla yaşayış məntəqələrinin torpaqları kateqoriyasında olan sahədir. Naturada aparılan ölçmətədqiqatına və Binəqədi qəsəbəsinin elektron kadastr məlumat bazasına əsasən torpaq sahəsi hər hansı bir mühafizə zonasının (su, elektrik, qaz, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları, təbiəti mühafizə və sair) hüdudlarında yerləşmir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
16. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
17. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
18. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
19. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
20. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
21. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
22. Belə ki, işin hallarından görünür ki, cavabdehin iddiaçının müraciətindən imtinasının və məhkəməyə təqdim edilmiş etirazının əsasları aşağıdakılardır:
1. Elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla dövlət mülkiyyəti torpağıdır.
2. Bundan əlavə baza məlumatlarına əsasən sahənin bir hissəsi (420.8 kv.m) yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir.
3. O cümlədən, təqdim olunan cizgidə dəqiq istinad, istinad məsafələri qeyd olunmamışdır.
4. Eyni zamanda İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin ölçüsünün sənəd üzrə 1000 kv.m qeyd olunsa da, 912.7 kv.m təşkil etdiyi məlum olmuşdur.
23. Məhkəmə cavabdehin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir:
24. Qanunvericiliyin tələbindən də göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsasdır.
23. İddiaçı Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 29 iyun 2005-ci il tarixli, 313/1 nömrəli sərəncamına istinad edərək, mübahisə predmeti olan torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbini irəli sürmüşdür.
24. İlk növbədə qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya torpaq sahəsi ayrılması barədə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 29 iyun 2005-ci il tarixli, 313/1 nömrəli sərəncamı və ona əlavə edilmiş sənədlər Dövlət Arxivinin Bakı Filialında mövcuddur.
25. Məhkəmə, Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, ... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). ...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.
26. Məhkəmə cavabdehin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iş üzrə iddiaçı tərəfindən əldə edilmiş “X1” MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 29 iyun 2005-ci il tarixli, 313/1 nömrəli sərənamı ilə İddiaçı sahibkarlıq fəaliyyəti tikintisi üçün ayrılmış torpaq sahəsi tərəfləri 33.4 m + 29.3 m + 29.8 m olmaqla 0.10 ha təşkil edir və döngə nöqtələrinin WGS-84 (UTM39) sistemindəki koordinatları aşağdakı kimidir: 1) X – 401739.72 Y – 4478333.58 2) X – 401736.32 Y – 4478366.87 3) X- 401765.59 Y – 4478368.21 4) X – 401769.53 Y- 4478333.43. Sözügedən torpaq sahəsi elektron kadastr məlumat bazasına əsasən Binəqədi qəsəbə Bələdiyyəsinin mülkiyyətində olmaqla yaşayış məntəqələrinin torpaqları kateqoriyasında olan sahədir. Naturada aparılan ölçmə-tədqiqatına və Binəqədi qəsəbəsinin elektron kadastr məlumat bazasına əsasən torpaq sahəsi hər hansı bir mühafizə zonasının (su, elektrik, qaz, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları, təbiəti mühafizə və sair) hüdudlarında yerləşmir.
27. Göründüyü kimi, əldə edilmiş mütəxəssis rəyi ilə cavabdehin torpaq sahəsinin sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla dövlət mülkiyyəti torpağıd olması, sahənin bir hissəsinin (420.8 kv.m) yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsi, o cümlədən təqdim olunan cizgidə dəqiq istinad, istinad məsafələri qeyd olunmaması ilə bağlı dəlilləri öz təsdiqini tapmamışdır.
28. Bununla bağlı qeyd edilməlidir ki, həmin torpaq sahəsinin elektrik xəttinin mühafizə zonasında yerləşməsi iddiaçının mübahisəli torpaq sahəsi üzərində hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilə bilməz.
29. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər”in təsdiq edilməsi haqqında” 2024-cü il 16 may tarixli, 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər”in 1.4-cü bəndinə əsasən Bu Tələblər qüvvəyə minənədək ərazisində elektrik şəbəkələrinin mühafizə zonası müəyyən edilən torpağın mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri həmin torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Elektrik şəbəkələrinin mühafizə zonasının ərazilərində təsərrüfat işlərini aparan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu Tələblərə əməl etməlidirlər.
31. Normaların məzmunundan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonasına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər
32. Məhkəmə həmçinin torpaq sahəsinin faktiki ölçüsünün 912.7 kv.m təşkil etməsi ilə bağlı cavabdehin dəlilinə münasibətdə qeyd edir ki, məhkəmə icraatının gedişatında iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhəkəməyə müraciət edilərək torpaq sahəsi üzərində hüquqların faktiki ölçülərə - 912.7 kv.m-ə uyğun qeydiyyata alınması xahiş edildiyindən cavabdehin həmin dəlili artıq öz əhəmiyyətini itirmişdir.
33. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinin və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, iddiaçının sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.
34. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir.
35. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin (Hüquqların dövlət qeydiyyatından imtina) tələblərinə əsasən: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
36. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və iddiaçı sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etməkdə haqlı olmuşdur.
37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
38. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğun təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 313/1 saylı sərəncamı ilə ayrılmış faktiki ölçüsü 912.7 kv.m təşkil edən torapq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva