Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13301/2023 06.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının qanuni nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 22 iyul 2022-ci il tarixli ******* saylı qərarının ləğv edilməsi və 16 sentyabr 2021ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vəndaşlığına mənsubiyyətinin tanınması haqqında inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra iddiaçı) 16 sentyabr 2021-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuşdur. Bu barədə ona Moskva şəhəri 55 saylı WAQ orqanın Babuşkino rayonu, Dövlət xidmətlərinin göstərilməsi üzrə Çoxfunksiyalı Mərkəzi tərəfindən 18 sentyabr 2021-ci il tarixli Xİ-МЮ seriyalı 722069 nömrəli Doğum haqqında şəhadətnamə verilmişdir. İddiaçıya Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin verilməsi üçün döğum haqqında şəhadətnamə və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi barədə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə ünvanlanmış ərizə-anket əlavə edilmiş sənədlər 16 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2 saylı Bakı ASAN xidmətinə təqdim edilmişdir. xx.xx.2022-ci il tarixdə 2 saylı Bakı ASAN xidmətindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin iddiaçının digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğunu əsas götürürək onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina etməsi barədə məlumat verilmiş və bir müddət keçdikdən sonra cavabdeh təşkilata təkrarən müraciət etmək tövsiyə olunmuşdur. İddiaçıya Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin verilməsi üçün tələb olunan sənədləri əlavə etməklə xx.xx.2023-cü il tarixdə təkrarən 2 saylı Bakı ASAN xidmətinə müraciət edilmişdir. xx.xx.2023-cü il tarixdə ASAN xidmət tərəfindən cavabdehin xx.xx.2023-cü il tarixli ******* nömrəli imtina məktubu təqdim edilən zaman məlum olmuşdur ki, cavabdeh iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması ilə bağlı xx.xx.2022-ci il tarixdə araşdırma aparmış onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə xx.xx.2022-ci il tarixli ******* nömrəli qərar qəbul etmişdir. Həmin qərar təqdim edilmədiyi üçün qərarın surəti rəsmi olaraq xx.xx.2023-cü il tarixdə 2 saylı Bakı ASAN xidməti vasitəsilə əldə edilmişdir. Həmin qərar əsasızdır, qərarda göstərilən dəlillərin heç bir hüquqi əsası yoxdur və Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarının tələblərinə ziddir. Bu səbəbdən də aşağıda göstərilən hüquqi əsaslara görə ləğv olunmalı və iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə cavabdeh tərəfindən yeni qərar qəbul edilməlidir. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının atası X3 Bakı şəhərində anadan olmuşdur və Azərbaycan Respublikasının vətəndaşıdır. X1 1993-cü ildə Rusiya Federasiyasında anadan olduğu üçün ona ilk növbədə Rusiya Federasiyasının vətəndaşlığı verilmiş və sonradan isə o, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilərək ona Azərbaycan Respublikasına mənsubiyyətini təsdiq edən AA0404249 nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. İddiaçının hər iki valideyni Azərbaycan Respublikasının Bakı şəhərində daimi qeydiyyatda olmaqla orada yaşayırlar. Onlar Azərbaycan dövlətinə mənsubdurlar, dövlətlə siyasi və hüquqi bağlılıqları vardır və dövlətin qarşısında qarşılıqlı hüquq və vəzifələri olan şəxslər hesab olunurlar. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddia tələbinin mümkün sayılmamasını xahiş etmiş və göstərmişdir ki, İddiaçı vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.4-cü yarımbəndlərinə əsasən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə xx.xx.2022-ci il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Xidmət sözügedən şəxslərlə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, sözügedən şəxs Rusiya Federasiyasının vətəndaşlığını əldə etmiş və Rusiya Federasiyasına məxsus pasportla müxtəlif vaxtlarda ölkə ərazisinə giriş-çıxış etmişdir (bu barədə şəxslərin pasport məlumatları və müvafiq sənədlər etiraza əlavə olunur). Göründüyü kimi, iddiaçı DMX-nin araşdırmasına qədər RFnin vətəndaşı olmuş və heç bir halda vətəndaşsızlıq halında olmamışdır. Bu səbəbdən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.4-cü bəndinə əsasə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. Bununla yanaşı, şəxs yuxarıda sözügedən qərardan şikayət müddətini ötürdüyü üçün iddia tələbi mümkün hesab olunmamalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi) Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 2.1-ci bəndinə qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində isə qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını ... qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını ... yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir ... İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı iddia mümkünlük şərtlərinə cavab vermir. Belə ki, işdə olan cavabdehin xx.xx.2022-ci il tarixli ******* saylı qərarından görünür ki, İddiaçı 20 iyul 2022-ci il tarixli sorğusunda onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmişdir. Araşdırma nəticəsində şəxsin digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu müəyyən edilmişdir. Nəticədə həmin qərarla 16 sentyabr 2021-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. İddiaçı hazırda bu qərarın ləğv edilməsini və onun, 16 sentyabr 2021-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM): - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar məcburetmə haqqında iddia hesab olunur. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsindən ibarət hazırkı iddiası məcburetmə haqqında iddiaya aiddir və qanunvericiliyə əsasən məcburetmə haqqında iddia üzrə iddia müddəti, tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya məlumat verilməsindən sonra 30 gün təşkil edir. Bu müddətin ötməsindən sonra həmin inzibati akt qanuni qüvvəyə minir. İşin hallarından görünür ki, İddiaçı müvafiq tələblə cavabdehə xx.xx.2022-ci il tarixdə müraciət etmiş, cavabdeh tərəfindən bu barədə xx.xx.2022-ci il tarixdə imtina qərarı qəbul edilmiş və qərar ona cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli rəsmi qaydada təqdim edilmişdir. İddiaçı isə onun barəsində əlverşli inzibati aktın qəbul edilməsi barədə cavabdehə etdiyi müraciətə verilən imtina cavabını aldıqdan 1 ildən artıq zaman keçdikdən sonra, xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmiş, bununla qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. İddiaçı iddia ərizəsində qərarına ona təqdim edilmədiyini bildirsə də, cavabdeh bununla bağlı müvafiq sübutu məhkəməyə təqdim etmişdir. İPM-in 24-cü maddəsinə əsasən: - həmin Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir (maddə 24.1). - Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır (maddə 24.2). - Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir (maddə 24.3). - Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz (maddə 24.4). Yuxarıda qeyd olunanlardan aydın olduğu kimi iddiaçı prosessual müddəti 1 ildən artıq ötürmüşdür və bu müddətin ötürülməsi təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olmamışdır. Belə olan halda hazırkı halda buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə də verilə bilməz. Məhkəmə qeyd edir ki, qanunvericilikdə təsbit olunan müddətlərin, o cümlədən məhkəmədə iddia qaldırmaq üçün müəyyən olunan müddətlərin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir; ikinci, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Beləliklə, hazırkı iddia məcburetmə haqında iddialar üzrə xüsusi mümkünlük şərtinə iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsi) cavab vermir. Məhkəmə onu da qeyd edir ki, hazırkı qərardad iddiaçının mübahisə ilə yeni sübutlara əsaslanmaqla (istinad etməklə) “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində müəyyən edilmiş qaydada yenidən inzibati orqana müraciət etmək hüququna təsir etmir. Belə ki, həmin Qanunun 35.1-ci maddəsinin müddəalarına görə, maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: ... 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda. İPM-in 35.1-ci maddəsinə görə isə iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-13301/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13301/2023
06.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver