Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13301/2024 23.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İslamova Minayə Etibar qızının katibliyi ilə İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinə qarşı “qanunsuz tikililərin sökülməsi və s.” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 3-cü şəxs X2 tərəfindən Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, 136 saylı evin 1 saylı mənzilinin əsas divarında iddiaçıya məxsus həyət tərəfində quraşdırılmış pəncərənin sökülərək yerinin cavabdehin hesabına mişar daşı ilə hörülməsinə , qanunsuz olaraq ikinci mərtəbədə inşa edilmiş eyvanın , ikinci mərtəbəyə qalxmaq üçün inşa edilmiş pilləkənin sökülməsinə və kanalizasiya lyukunun üstünün açılmasının bir vəzifə olaraq cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinin öhdəsinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi , Aydınbəyov küçəsi , 136 saylı evin 7 saylı mənzili iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilmişdir və şəxsi mülkiyyətidir. Bakı şəhəri , Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi , Aydınbəyov küçəsi , 136 saylı evin 1 saylı mənzilin sahibi X2 tərəfindən mənzillər arasında yerləşən eni 40 sm. olan mənzilin əsas divarındakı mişar daşlarını çıxararaq heç bir icazə olmadan qeyriqanuni pəncərə yeri açaraq plastik materialdan pəncərə quraşdırmışdır və etirazlara əhəmiyyət verməmişdir. Həmin pəncərə birbaşa iddiaçıya məxsus mənzilin həyətinə açılır, ciddi şəkildə maneçilik törədir. 3-cü şəxsə məxsus mənzilin texniki pasportunda halhazırda açılmış pəncərə yeri nəzərdə tutulmamışdır . Həmin vaxt iddiaçı bu barədə Binəqədi rayon 145 saylı MKİS-nə müraciət etmiş, MKİS-nin əməkdaşları tərəfindən baxış keçirilmişdir və 15 avqust 2023-cü il tarixdə akt tərtib edilmişdir. Bu pəncərə tamamilə qeyri-qanuni olaraq , heç bir lazımi icazə sənədi olmadan açılmışdır, bu pəncərənin mövcud olması onun və ailə üzvlərinin həmin hissədə yerləşən həyətdən sərbəst şəkildə istifadə etməyi, rahat yaşamağını pozur. Belə olan halda həyətdən istifadə etməmək məcburiyyətindədir. X1 ikinci mərtəbəyə qalxmaq üçün qanunsuz olaraq pilləkən inşa etmişdir və bu pilləkən iddiaçıya məxsus fərdi yaşayış evinin həyətinə avtomobilin daxil olmasına imkan vermir , ciddi maneçiliklər törədir. İstifadə etdiyi fərdi yaşayış evindən çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş kanalizasiya borusunun lyuku heç bir səbəb olmadan 3-cü şəxs pilləkən inşa etməklə bağlamışdır və nəticədə antisanitariya yaranmış və fərdi yaşayış evlərindən çirkab sularının axıdılmasında təmizlənməsini mümkünsüz edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehlərə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda qeyd edilmişdir ki, Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 145 saylı Mənzil Kommunal İstismar sahəsinə mövcud məsələ ilə bağlı ünvanlanmış şifahi sorğuya cavab olaraq 37 nömrəli, xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, ünvan 1 bir mərtəbəli, yeddi mənzildən ibarətdir. X3 tərəfindən inşa olunmuş ikinci mərtəbə, açılmış qapı və pilləkən qeyri-qanunidir. O cümlədən, sözügedən yaşayış binasının yeddinci mənzilində yaşayan İddiaçı Asim oğlunun quraşdırdığı darvaza və talvarı qeyriqanuni inşa olunmuşdur. Qonşular münaqişəlidir. Hər ikisi Mənzil Məcəlləsinin 24.1-ci maddəsini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.1.1-ci maddəsini kobud şəkildə pozmuşdur. ünvan 1 ünvanında yerləşən 1 nömrəli mənzildə X3 tərəfindən inşa edilmiş tikinti barəsində qabaqcadan tikintiyə icazə alınmağı üçün ərizə təqdim edilməmişdir və mövcud qanunsuz tikinti barəsində Binəqədi Rayon İcra Hakimiyyətinin icazə sənədi mövcud deyildir. İddiaçının Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia irəli sürməsi əsassızdır, onun hüquqları və qanunla qorunan maraqları inzibati orqan tərəfindən pozulmamış və həmin halın mövcudluğunu əsaslandıra bilməmişdir. Qeyd olunanlara əsasən cavabdehə qarşı irəli sürdüyü iddia tələbinin qeyri mümkün sayılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatında inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanıla bilər. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. İnzibati orqanların iştirakı ilə baş verən və yaxud inzibati orqanlarla yaranmış hər bir mübahisə inzibati mübahisə kimi qiymətləndirilə bilməz. İnzibati orqanın inzibati fəaliyyəti o zaman inzibati mübahisəyə əsas olur ki, inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə şəxsin maddi hüquq normasında ifadə olunan hüquqları pozulmuş olsun və ya bu hüquqlara müdaxilə edilmiş olsun. İşin hallarından görünür ki, iddiaçı Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, 136 saylı evin 7 saylı mənzilinin mülkiyyətçisidir. İddiaçı ünvan 1 ünvanında yerləşən 1 nömrəli mənzildə X3 tərəfindən aparılmış əlavə tikinti işlərinin onun bir mülkiyyətçi kimi hüquqlarını pozduğunu, mənzilindən istifadə etmək imkanının məhdudlaşdırıldığını əsas gətirərək qonşu üçüncü şəxs tərəfindən həmin tikinti işlərinin sökülməsi vəzifəsinin Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə vəzifə olaraq qoyulmasını inzibati məhkəmə icraatında mübahisələdnirir İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (12-ci bənd). Qeyd olunan normanın tələbinə əsasən iddia o zaman mümkün sayılır ki, iddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqanın qərarı, hərəkəti və ya hərəkətsizliyi nəticəsində pozulsun və iddiaçı cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən həmin hərəkətlərin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutları iddia verilərkən təqdim etsin. Mülki Məcəllənin aşağıdakı maddələrinə əsasən: -152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın -157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. -157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. -157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddiaçının iddia etdiyi daşınmaz əmlakından istifadəsinə mane olan hallar cavabdeh orqan tərəfindən, balansında olmayan əmlakla bağlı və publik fəaliyyətlə əlaqədar deyil, iddia ərizəsində də qeyd etdiyi kimi qonşusu olan digər mülkiyyətçi tərəfindən həyata keçirilmişdir. Belə olan halda hazırkı mübahisə fiziki şəxsə qarşı mülki məhkəmə icraatında baxılacaq mülkiyyət hüququnun müdafiəsi ilə əlaqədar iddia tələbi olub hüquqi təbiətinə görə mülki hüquq xarakterlidir. İddiaçının hüquqi marağı qeyd edilən tələblə mülki məhkəmə icraatında müvafiq ümumi məhkəmədə iddia qaldırmaqla həll oluna bilər. Başqa sözlə, hazırkı iş üzrə cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinin iddiaçının bilavasitə hüquq və qanunla qorunan maraqlarını pozan inzibati akt qəbul etdiyi və hərəkətə (və ya hərəkətsizliyə) yol verdiyi müəyyən olunmadığından iddia ona münasibətdə mümkün sayıla bilməz. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-13301/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13301/2024
23.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver