Məhkəmə qərarları › İş №2-1(112)-13303/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13303/2024

25.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13303/2024 25.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 46.1 kv.m qeyri-yaşayış sahəsinin onun adına mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, 18 yanvar 2007-ci il tarixli 4435 saylı icarə müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsi 110 saylı ünvanda yerləşən ümumi sahəsi 46.1 kv.m qeyri-yaşayış sahəsi icarəyə verilmişdir. Sonradan həmin qeyri yaşayış sahəsinə dövlət reyestrindən çıxarış verilmişdir. Həmin ünvan qeyriyaşayış sahəsi olsa da hazırda yaşayış sahəsi kimi istifadə edilir. Qanunvericiliyin tələblərinə uyğun olaraq Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsi 110 saylı ünvanda yerləşən ümumi sahəsi 46.1 kv.m qeyri-yaşayış sahəsinin müvafiq sənədlərini, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edərək, mülkiyyətin qeydə alınmasını və çıxarış verilməsini xahiş etmişdir. Lakin cavabdeh qurum əsassız olaraq ona imtina vermişdir. Cavabdeh qurum vermiş olduğu imtina məktubunda göstərmişdir ki, belə ki, qeyri yaşayış sahəsinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə tam şərait yaradılmamışdır. Cavabdeh qurumun imtinası tam əsassız və qanunsuzdur. Cavabdeh qurum qanunvericiliyin tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə göstərilmişdir ki, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Azərbaycan Respublikası Konustitutsiyasının 71-ci maddəsinə göstərilmişdir ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhkəmələr və Hakimlər haqqında qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyəti yalnız ədalət mühakiməsinin və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhkəmə nəzarətinin həyata keçirilməsinə yönəldilmişdir. Həmin Qanunun 4-cü maddəsinə əsasən məhkəmələrdə işlərə birinci instansiya, apellyasiya və kassasiya instansiyaları üzrə baxılır. Məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. Hazırda yuxarıda sadalanan normaların mahiyyətindən də göründüyü ki, qanunvericilik hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiə olunmasını, işlərə baxarkən qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrini rəhbər tutulmasını göstərir. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmış M-29 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, İddiaçı Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə ərizə ilə müraciət edərək, Nəsimi rayonu, Topçubaşov küçəsi 110 saylı ünvanda yerləşən 47.0 kv.m olan qeyri-yaşayış sahəsinin icarəyə götürülməsinə və özəlləşdirilməsinə münasibət bildirilməsi məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müvafiq arayışın verilməsini xahiş etmişdir. İddiaçı tərəfindən qeyd olunan ünvanda yerləşən 47.0 kv.m olan qeyri-yaşayış sahəsinin icarəyə götürülməsinə və özəlləşdirilməsinə etiraz etmir. Azərbaycan Respublikasi Prezidentinin müvafiq sərəncamına əsasən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi və özəlləşdirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilmişdir. Qeyd olunan məsələ səlahiyyəti daxilində olduğundan baxılması üçün göndərilir. Əmlakın Texniki İnventarlaşdırılması Bürosu tərəfindən tərtib edilmiş ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin texniki pasportunun surəti iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi və İddiaçı arasında bağlanılmış dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında 4435 saylı xx.xx.2007-ci il tarixli icarə müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xidmət məqsədi ilə İddiaçı (icarəçinin) müddətli istifadəsinə verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən İddiaçı ünvanlanmış 3-21-3-02/2-M-1767-8/2024 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, ********** qeydiyyat nömrəli müraciətə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-M-0882-8/2024 nömrəli məktubla münasibət bildirilmişdir. Cavab məktubun təsdiq olunmuş surəti təqdim edilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 3-21-3-30/2-M-0882-8/2024 **********45 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, qeyd olunan ünvanda yerləşən qeyriyaşayış sahəsi dövlət mülkiyyətində olan daşınmaz əmlak olduğundan Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməyiniz məqsədəmüvafiqdir. Bundan başqa, qeyri-yaşayış sahəsinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə tam şərait yaradılmamışdır. Yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi” qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlanması təmin edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi” Qaydalarından:

4. Qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi aşağıdakı qaydada həyata keçirilir: 4.1. özəlləşdirilən dövlət müəssisələri (obyektləri) tərəfindən icarəyə götürülmüş və onlar tərəfindən istehsal, ticarət, ictimai-iaşə, məişət xidməti və digər məqsədlər üçün istifadə edilən qeyri-yaşayış sahələri qüvvədə olan qanunvericiliyə müvafiq olaraq həmin müəssisələr (obyektlər) ilə birlikdə özəlləşdirilir. 4.2. qeyri-dövlət hüquqi şəxsləri və ya fiziki şəxslər tərəfindən icarəyə götürülmüş (bundan sonra - icarəçi) qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi barədə ərizələr Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra – Dövlət Xidməti) təqdim edilir. Ərizəyə icarə müqaviləsinin surəti və aşağıdakı sənədlər əlavə olunur: a) hüquqi şəxslər üçün: hüquqi şəxsin nizamnaməsinin müəyyən edilmiş qaydada təsdiq olunmuş surəti; hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin müəyyən edilmiş qaydada təsdiq olunmuş surəti; qeyri-yaşayış sahəsinin texniki pasportu; b) fiziki şəxslər üçün: şəxsiyyəti təsdiq edən sənəd; qeyri-yaşayış sahəsinin texniki pasportu. Qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi üçün nəzərdə tutulan sənədlərin və ya məlumatların X1 Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar icarəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların X1 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi icarəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur və ya icarəçi tərəfindən təmin edilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi daxil olmuş müraciətə əsasən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi haqqında iki həftə ərzində müvafiq qərar qəbul edir. Özəlləşdirilən dövlət əmlakı yerli əhəmiyyətli memarlıq abidəsi olduqda, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həmin qərarı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində olduqda, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə razılaşdırır. 4.2.1. İcarəçi tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış sahələri ilk növbədə 100 faiz dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçi həmin sahəni almağa razılıq verdikdə onunla Dövlət Xidməti arasında alqı-satqı müqaviləsi bağlanılır. 4.2.2. İcarəçi, ona müvafiq təklif edildikdən 1 ay ərzində həmin qeyri-yaşayış sahəsini 100 faiz dəyəri ilə almaqdan imtina etdikdə və ya bu müddət ərzində alqı-satqı müqaviləsi bağlamadıqda, obyekt Dövlət Xidməti tərəfindən "Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları"na müvafiq olaraq özəlləşdirilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Göründüyü kimi, iddiaçının hüquqi marağı icarəçisi olduğu qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə yönəlmişdir. Onun məqsədinə çatmaq üçün səmərəli hüquqi müdafiə vasitəsi icarəyə götürülmüş qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciətin edilməsidir. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquqi müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar