Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1331/2021 29.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “pul kompensasiyasının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona qanunvericilikdə nəzərdə tutulmuş qaydada “Hərbi qulluqçuların statusu haqqında" Qanunun 11-ci maddəsinin 1-ci bəndinin axırıncı abzası və “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsi nəzərə alınmaqla istifadə etmədiyi növbəti məzuniyyət əvəzinə pul kompensasiyasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 217 nömrəli 28 sentyabr 2012-ci il tarixli qərarının tələblərinə müvafiq olaraq işlədiyi vəzifənin və tutduğu rütbə maaşının müraciət etdiyi gün üzrə məbləğləri əsas götürülməklə hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Silahlı Qüvvələrin ehtiyatına buraxılarkən tərxis məsələlərini həll etmək üçün qanunvericiliklə nəzərdə tutulmuş 90 (doxsan) gün növbəti məzuniyyətdən istifadə etmədiyi qalan 15 (on beş) günə görə pul kompensasiyasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2012-ci il tarixli 217 nömrəli Qərarına müvafiq qaydada birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, 1994-cü ildən 2015-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində zabit qismində xidmət etmiş və 2015-ci ildə Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Silahlı Qüvvələrdə təqvim ili 24 il xidmət etmişdir. “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 120-ci maddəsinin 1ci maddəsinin axırıncı abzasına və “Hərbi qulluqçuların statusu haqqında" Qanunun 11-ci maddəsinə uyğun olaraq ona ehtiyata buraxılarkən növbəti məzuniyyət verilməmişdir. Bununla bağlı Dövlət Sərhəd Xidmətinə 11.06.2020-cı il tarixli ərizə təqdim etmişdir. Lakin bu günədək qanunvericilikdə müəyyən olunmuş müddət keçməsinə baxmayaraq, ərizəsinə cavab verilməmişdir. Ona görə də o, bu faktı inzibati orqanın imtinası hesab edir. Ehtiyata buraxılarkən «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 120-ci maddəsinin axırıncı abzasına və «Hərbi qulluqçuların statusu haqqında» qanunun 11-ci maddəsinin axırıncı abzasına uyğun olaraq ona ehtiyata buraxılarkən növbəti məzuniyyət verilməli idi. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununda və “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də zabit heyəti və digər kateqoriyalı hərbi qulluqçular üçün bir sıra məzuniyyətlər (təhsil məzuniyyəti, qısamüddətli məzuniyyət, xəstəliyə görə məzuniyyət, yaradıcılıq məzuniyyəti və s.), o cümlədən növbəti məzuniyyətlər nəzərdə tutulmuşdur. Zabitlər və onların ailə üzvlərinin istirahəti üçün ildə bir dəfə 45 günlük növbəti məzuniyyət verilir. Həmçinin Silahlı Qüvvələrin ehtiyatına buraxılarkən zabitlərə (20 il və daha artıq xidmət etmiş) hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün 3 ay növbəti məzuniyyət verilir. Bunların hər ikisi də növbəti məzuniyyətdir. Həmin 3 aylıq növbəti məzuniyyət zabitlərin və onların ailə üzvlərinin istirahəti üçün deyil, məhz hərbi xidmətdən buraxılmaqla bağlı məsələlərinin həll edilməsi üçün Qanunun və Əsasnəmənin müəyyənləşdirdiyi məzuniyyətdir. Zabit ona verilməli olan 3 ay növbəti məzuniyyəti gələcək yaşayış məkanının müəyyənləşdirilməsinə (kirayə ev axtarışına), hərbi komissarlıqda qeydiyyata durmağa, pensiya məsələlərinin həll edilməsinə, mənzil əşyalarının daşınmasına, övladları məktəblidirlərsə onlar üçün məktəb axtarışına, icra hakimiyyətində mənzil növbəsinə durmaq üçün lazımi sənədlərin əldə edilməsinə və haqqında bəhs etmədiyi bir çox məsələlərin həllinə həsr edir. Ona görə də ilin əvvəlində istifadə etdiyi 15 günlük növbəti məzuniyyət müddətində hərbi xidmətdən buraxılmaqla bağlı məsələlərinin həlli ilə məşğul olmamışam, qanunun diktə etdiyi kimi ailəmlə birlikdə istirahət etmişdir. Onun 2015-ci ilin fevral ayının 1-dən fevral ayının 15-dək müddətdə istifadə etdiyi məzuniyyəti hərbi xidmətdən buraxılmaqla bağlı məsələlərin həll edilməsi üçün nəzərdə tutulmuş məzuniyyətlə bir tutulmamalıdır, bunlar ayrı-ayrı təyinatlı məzuniyyətlərdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, İddiaçı iddiasında Silahlı Qüvvələrdən ehtiyata buraxılarkən «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin və «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrinə istinad edərək ona növbəti məzuniyyətin verilmədiyini və buna görə də kompensasiyanın birdəfəlik ödənilməsini göstərmişdir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsində və «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin Vİİİ fəslinin (Məzuniyyətlər) 114-cü maddəsində dinc dövrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara aşağıdakı məzuniyyətlərin verilməsi göstərilmişdir: a) növbəti məzuniyyət; b) qısa müddətli məzuniyyət; v) xəstəliyə görə məzuniyyət; q) tədris-təlimi zamanı məzuniyyət; d) hərbi təhsil müəssisəsini bitirmək ilə əlaqədar məzuniyyət; e) tədris məzuniyyəti; y) yaradıcılıq məzuniyyəti; z) qadın hərbi qulluqçulara hamiləliyinə və doğuşa görə, üç yaşı tamam olanadək uşağa qulluq etmək üçün məzuniyyətlər; i) əlavə məzuniyyət. Həmin Əsasnamənin 115-ci maddəsində göstərilmişdir ki, hərbi qulluqçulara məzuniyyət vermək hüququ hərbi hissə komandirinə (əmr vermək hüququ olan tabor (3-cü dərəcəli gəmi) komandirinin intizam hakimiyyətindən istifadə edən əlahiddə hissə komandirindən, onlara bərabər və onlardan yuxarı olanlara) aiddir. Məzuniyyətə getmək və məzuniyyətdən qayıtmaq hərbi hissə üzrə əmrlə elan olunur. Sözügedən Əsasnamənin 120-ci maddəsində növbəti məzuniyyətin aşağıdakılara verilməsi göstərilmişdir: a) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına - müddətli həqiqi hərbi xidmət ərzində bir dəfə 10 gün; b) müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına - hər təqvim ili üçün 30 gün; v) gizirlərə və miçmanlara - hər təqvim ili üçün 35 gün; q) zabitlərə - hər təqvim ili üçün 45 gün. Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş hərbi qulluqçulara (zabitlərdən başqa) 40 günlük növbəti məzuniyyət verilir. Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün məzuniyyət 3 ay müddətində verilir. Qeyd olunan Əsasnamənin 121-ci maddəsinə əsasən növbəti məzuniyyət hər bir hərbi qulluqçuya təqvim ili ərzində verilir. Ötən il ərzində müstəsna səbəblərə görə məzuniyyət verilmədikdə, xüsusi hallarda korpus (diviziya) komandiri və ona bərabər və ondan yuxarı birbaşa rəislərin icazəsi ilə ötən il üçün məzuniyyət yeni ilin birinci rübündə verilə bilər. Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. İddiaçı sabiq hərbi qulluqçu İddiaçı sonuncu xidmət yeri olan Dövlət Sərhəd Xidmətinin Akademiyasına göndərilmiş sorğuya cavab olaraq sonuncunun hərbi xidmətdən ehtiyata buraxılarkən 2015-ci ilin hesabına növbəti məzuniyyətdən istifadə etməsi, həmin təqvim ili üçün nəzərdə tutulmuş maddi yardım və məzuniyyət müavinətini alması, həmçinin ona təqvim ili ərzində birdəfəlik pul müavinətinin tam həcmdə ödənilməsi bildirilmişdir. «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununun 41-ci maddəsində həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçuların dairəsi müəyyən edilmişdir. Sabiq hərbi qulluqçu İddiaçı sözügedən qanunun 41.0.9-cu maddəsinə uyğun olaraq (öz arzusu ilə) Dövlət Sərhəd Xidməti rəisinin 15.07.2015-ci il tarixli, 1432 nömrəli əmri ilə Silahlı Qüvvələrin ehtiyatına buraxılsa da xidməti vəzifələrinin təhvil-təslimi ilə əlaqədar o, 14.08.2015-ci il tarixdə şəxsi heyətin siyahısından çıxarılmış və həmin tarixədək olan müddət onun xidmət illərinə hesablanmışdır. Bundan başqa sabiq hərbi qulluqçu İddiaçı Silahlı Qüvvələrin ehtiyatına buraxılan zaman qeyd olunan məsələ ilə əlaqədar aidiyyəti üzrə xidmət etmiş DSX Akademiyasına müraciət etməmişdir. İddiaçı Ə.X5 Xidmətinə ünvanladığı müraciətinə Maliyyə-Plan İdarəsi tərəfindən baxılmış və ona istifadə etmədiyi məzuniyyətə görə 1681,88 manat məbləğində pul kompensasiya şəklində 19.02.2021-ci il tarixdə Beynəlxalq Bankda adına olan hesab nömrəsinə köçürülmüşdür. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən İddiaçı ünvanlanmış 21.07.2020-ci il tarixli 10/82 saylı və 29.07.2020-ci il tarixli 10/95 saylı məktublarda qeyd edilir: Dövlət Sərhəd Xidmətinə ünvanladığınız müraciətə Maliyyə-Plan idarəsində baxılmışdır. Məlumat üçün bildiririk ki, həqiqi hərbi xidmətdə olduğunuz dövrün istifadə edilməmiş növbəti məzuniyyət günləri aidiyyəti üzrə araşdırılır. Həqiqi hərbi xidmətdə olduğunuz dövrün istifadə edilməmiş növbəti məzuniyyət günləri əvəzinə pul kompensasiyasına hüququnuz olduğu təqdirdə ödənişin müvafiq qaydada həyata keçirilməsi təmin olunacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiya rəisinin 31 yanvar-01 fevral 2015-ci il tarixli 025 nömrəli əmrindən çıxarışın surətindən görünür ki, polkovnik-leytenant İddiaçı, sərhəd mühafizəsi kafedrasının baş müəllimi - 01 fevral 2015-ci il tarixdən 15 fevral 2015-ci il tarixədək 15 (on beş) gün müddətinə məzuniyyətə getmiş hesab edilmişdir (növbəti məzuniyyətin bir hissəsinə). Əsas: 30 yanvar 2015-ci il tarixli R-246 №-li raport. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiya rəisinin 15 iyul 2015-ci il tarixli 0159 nömrəli əmrindən çıxarışın surətindən görünür ki, polkovnik-leytenant İddiaçı, sərhəd mühafizəsi kafedrasının baş müəllimi - 15 iyul 2015-ci il tarixdən 13 avqust 2015-ci il tarixədək 30 (otuz) gün müddətinə məzuniyyətə getmiş hesab edilmişdir (növbəti məzuniyyətin qalan hissəsinə). Əsas: 14 iyul 2015-ci il tarixli, R- 1066 №-li raport. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiya rəisinin 14 avqust 2015-ci il tarixli 0183 nömrəli əmrindən çıxarışın surətindən görünür ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq polkovnik-leytenant İddiaçı sərhəd mühafizəsi kafedrasının baş müəllimi vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış hesab edilmişdir. Polkovnikleytenant İddiaçı 14 avqust 2015-ci il tarixdən şəxsi heyətin siyahısından, bütün təminat növlərindən çıxarılmış və hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinə göndərilmişdir. Polkovnik-leytenant İddiaçı 2015-ci il üçün nəzərdə tutulmuş maddi yardımı, məzuniyyət müavinətini almış və növbəti məzuniyyətdən istifadə etmişdir. Polkovnik-leytenant İddiaçı 14 avqust 2015-ci il tarixə xidmət illəri: Təqvimi: 24 il, 00 ay, 13 gün, güzəştli: 05 il, 08 ay, 07 gün, cəmi: 29 il, 08 ay, 20 gün. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 oktyabr 1992-ci il tarixli 562 №-li qərarına müvafiq olaraq polkovnik-leytenant İddiaçı 2015-ci il yanvar ayının 01-dən avqust ayının 14-dək xidmət dövrü üçün birdəfəlik pul mükafatını 100% həcmində almağa layiqdir. Əsas: Dövlət Sərhəd Xidmətinin rəisi-X3 15 iyul 2015-ci il tarixli 1432 ş/h №-li əmri. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən İddiaçı ünvanlanmış 26.02.2021-ci il tarixli 10/9 saylı məktubdan görünür ki, hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyətə görə 1681,88 manat kompensasiya 19.02.2021-ci il tarixdə ******************** nömrəli plastik kart hesabınıza vəsait köçürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin arayışından görünür ki, İddiaçı 19.02.2021-ci il tarixdə istifadə edilməmiş 45 gün növbəti məzuniyyət günləri əvəzinə 1681,88 manat pul kompensasiyası ödənilmişdir – vəzifə maaşı 720,00 manat, rütbə maaşı 154,00 manat, xidmət illəri üzrə 262,20 manat, hesablanmış 1136,20 : 30,4 = 37,37 x 45 gün = 1681,88 manat. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun: 11-ci maddəsinin 1-ci hissəsinin 6-cı abzasına əsasən ildə bir dəfə zabitlərə 45 günlük, gizirlərə və miçmanlara 35 günlük, müddətindən artıq xidmət hərbi qulluqçularına 30 günlük, əsgərlərə (matroslara) və çavuşlara 10 günlük növbəti mə!zuniyyət verilir; 11-ci maddəsinin 1-ci hissəsinin 8-ci abzasına əsasən Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir; 11-ci maddəsinin 1-ci hissəsinin 9-cu abzasına əsasən hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin: 120-ci bəndinə əsasən növbəti məzuniyyət aşağıdakılara verilir: a) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına — müddətli həqiqi hərbi xidmət ərzində — bir dəfə 10 gün; b) müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına — hər təqvim ili üçün 30 gün; v) gizirlərə və miçmanlara — hər təqvim ili üçün 35 gün; q) zabitlərə — hər təqvim ili üçün 45 gün. Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş hərbi qulluqçulara (zabitlərdən başqa) 40 günlük növbəti məzuniyyət verilir. Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir; 121-ci bəndinə əsasən növbəti məzuniyyət hər bir hərbi qulluqçuya təqvim ili ərzində verilir. Ötən il ərzində müstəsna səbəblərə görə məzuniyyət verilmədikdə, xüsusi hallarda korpus (diviziya) komandiri və ona bərabər və ondan yuxarı birbaşa rəislərin icazəsi ilə ötən il üçün məzuniyyət yeni ilin birinci rübündə verilə bilər. Təhsil almaq və xidmət müddəti müəyyən edilmiş yerlərdən dəyişilmək üçün namizədlikləri təsdiq edilmiş hərbi qulluqçulara növbəti məzuniyyət elə hesabla verilir ki, onlar yola düşənə qədər həmin məzuniyyətdən bütünlüklə istifadə edə bilsinlər. Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiya rəisinin 14 avqust 2015-ci il tarixli 0183 nömrəli əmrinə əsasən «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq sərhəd mühafizəsi kafedrasının baş müəllimi vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış, 14 avqust 2015-ci il tarixdən şəxsi heyətin siyahısından, bütün təminat növlərindən çıxarılmış və hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinə göndərilmiş, 2015-ci il üçün nəzərdə tutulmuş maddi yardımı, məzuniyyət müavinətini almış və növbəti məzuniyyətdən istifadə etmişdir. Eyni zamanda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiya rəisinin 31 yanvar-01 fevral 2015-ci il tarixli 025 nömrəli əmrinə əsasən iddiaçı 01 fevral 2015-ci il tarixdən 15 fevral 2015-ci il tarixədək 15 (on beş) gün müddətinə, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiya rəisinin 15 iyul 2015-ci il tarixli 0159 nömrəli əmrinə əsasən 15 iyul 2015-ci il tarixdən 13 avqust 2015-ci il tarixədək 30 (otuz) gün müddətinə məzuniyyətdən istifadə etmişdir. Həmçinin iddiaçıya 19.02.2021-ci il tarixdə istifadə edilməmiş 45 gün növbəti məzuniyyət günləri əvəzinə 1681,88 manat pul kompensasiyası ödənilmişdir. Hazırda iddiaçı ona 30 gün məzuniyyət verildiyini, 45 gün növbəti məzuniyyət günləri əvəzinə 1681,88 manat pul kompensasiyası ödənildiyini, lakin 15 gün istifadə etmədiyi məzuniyyətə görə kompensasiya ödənilmədiyini iddia edərək Silahlı Qüvvələrin ehtiyatına buraxılarkən tərxis məsələlərini həll etmək üçün qanunvericiliklə nəzərdə tutulmuş 90 (doxsan) gün növbəti məzuniyyətdən istifadə etmədiyi qalan 15 (on beş) günə görə pul kompensasiyasının birdəfəlik ödənilməsini tələb edir. Lakin iş materiallarından görünür ki, iddiaçı 14.08.2015-ci ildən Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış, ona 15 gün və 30 gün olmaqla, ümumilikdə 45 gün məzuniyyət verilmiş, həmçinin 45 gün növbəti məzuniyyət günləri əvəzinə 1681,88 manat pul kompensasiyası ödənilmişdir. Göründüyü kimi, iddiaçı 45 gün məzuniyyətdə olmuş, istifadə etmədiyi 45 gün növbəti məzuniyyət günləri əvəzinə isə ona pul kompensasiyası ödənilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər.. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-1331/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1331/2021
29.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver