Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13313/2023 14.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabelliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “kirayə pulunun ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh1 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabelliyində Sosial Xidmətlər Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Cavabdeh1 və Sosial Xidmətlər Agentliyinin cavabdeh olduqlarını dəqiqləşdirməklə sosial kirayə haqqının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona mənzil verilənədək kirayə haqqı verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1970-ci il təvəllüdlü iddiaçı 25 ildir ailəlidir və Bakı şəhərində yaşayır. 2000-ci ildən bəri ailəsinin mənzillə təmin olunması üçün adiyyatı qurumlara dəfələrlə müraciət etmiş, lakin 23 ildən sonra üçüncü dərəcə əlil kimi mənzil-uçot növbəsinə götürülmüşdür. Ev kirayəsi yüksək olduğu üçün kirayə evdə deyil, qohumlarının evində qalırlar. Ailəsinin qeydiyyatı 2011-ci ildən Yasamal Rayon Polis İdarəsinin inzibati binasındadır. Cavabdeh1nə, ailəsinin hal-hazırda yaşayış yeri olmadığını nəzərə almaqla, mənzil verilənədək, müvəqqəti yaşayış yeri ilə təmin olnmağı üçün etdiyi müraciətinə imtina cavabı verilmişdir. Yasamal Rayon İcra Hakmiyyətinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentiyinə, yaşayış yerinin olmadığını, kirayə haqqının verilməsi haqqında sərəncam verilməsi üçün müraciət etmiş, hər iki qurum kirayə haqqı ilə bağlı iddiaçının müraciətinə imtina cavabı vermişdir. Hər iki cavadeh qurum imtinanı onunla əsaslandırmışdır ki, Azərbaycan Resbublikasında yalnız, şəhid ailələrinə, müharibə iştirakçılarna, birinci qrup gözdən əlillərə dövlət tərəfindən güzəştli mənzil verilir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdeh Sosial Xidmətlər Agentliyinə göndərilmişdir. Cavabdeh Sosial Xidmətlər Agentliyi məhkəməyə təqdim etdiyi yazılı münasibətində (etirazında) iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, iddia qanunvericilik baxımından tam əsassızdır və mümkünsüz hesab edilməlidir. İddiaçının cavabdehə hər hansı bir hüquqi münasibətlərdə olması, həmin hüquqi münasibətlər zəminində cavabdeh tərəfindən iddiaçının publik hüququnun pozulması və bununla da iddiaçının iddia ərizəsində göstərilmiş tələbi irəli sürmək üçün subyektiv hüququnun yaranması üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquqi əsas yoxdur. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”nın 1.5-ci bəndində əsasən şəxsin əlilliyi ümumi və ya xüsusi səbəblərdən birinə əsasən müəyyən edilir. Xüsusi səbəblərə aiddir: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar. İddiaçı əlilliyi müəyyənləşdirilərkən səbəb kimi 3-cü qrup əmək əlili göstərilmişdir. Belə ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında uçota alınmış bu kateqoriyadan olan şəxslərin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Sözügedən sərəncamla 3-cü qrup əmək əlilliyi ilə əlaqədar əlillik əldə etmiş şəxslər əhatə olunmur. Bu səbəbdən İddiaçı mənzillə təmin olunması ilə bağlı tələb yönəldilə bilən subyekt qismində çıxış etmir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin mümkün hesab edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək cavabdeh Sosail Xidmətlər Agentliyinə münasibətdə iddianın mümkünlük məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədə qeyd olunanları müdafiə edərək iddianın mümkün hesab edilməsi və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabelliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X2 etirazda qeyd olunanlara uyğun məzmunda izahat verərək iddianın mümkün hesab edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, iş materiallarını nəzərdən keçirərək və tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia cavabdeh Sosail Xidmətlər Agentliyinə münasibətdə mümkün sayılmamalıdır. Məhkəmə iddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Həmin Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır”. Həmin Qərarın 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İşin faktiki hallarından görünür ki, iddiaçı Cavabdeh1 başçısının xx.xx.2023-cü il tarixli, 162 saylı sərəncamı ilə 3 nəfər ailə tərkibi ilə yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə götürülmüş və İİİ dərəcə ümumi əlillərin güzəştli mənzil-uçot siyahısına daxil edilmişdir. Hazırda iddiaçının məqsədi mənzillə təmin olunanadək cavabdeh Sosial Xidmətlər Agentliyi tərəfindən ona kirayə pulunun ödənilməsindən ibarətdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin Nizamnaməsində mənzil uçotuna götürülmüş şəxslərə mənzillə təmin olunanadək kirayə haqlarının ödənilməsi səlahiyyəti ümumiyyətlə nəzərdə tutulmamışdır. Ona görə də, iddiaçı ilə cavabdeh Sosial Xidmətlər Agentliyi arasında hər hansı inzibati mübahisə yaranmamışdır. Göründüyü kimi, tələb iddiaya cavab verməli olmayan inzibati orqana qarşı yönəldilmişdir. Odur ki, iddia Sosial Xidmətlər Agentliyinə münasibətdə mümkün sayılmamalıdır. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə münasibətdə mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-13313/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13313/2023
14.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver