Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1332/2022 18.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək faktiki istifadəsində olmuş mənzilə görə 35.000 manat kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən iki girişdən ibarət 4 mərtəbəli yataqxana Bakı Dəniz Balıq Limanı İdarəsinə məxsus olmuşdur. İddiaçı uzun müddət həmin idarənin nəzdində olan 1 saylı TTİ-də fəhlə işləmişdir. Yaşayış sahəsinə ehtiyacı olduğu üçün ərizə ilə rəhbərliyə müraciət etmiş, müraciəti əsasında xx.xx.2007-ci il tarixdə Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi 24 ünvanında yerləşən yataqxananın 11 saylı mənzilinə dair onun adına 07 saylı order verilmiş, istifadə hüququ tanınmışdır. O vaxtdan 2018-ci ilin iyun ayına qədər həmin mənzildə ailə üzvləri ilə birlikdə qeydiyyatda olmaqla yaşamışdır. 2016-cı ildə sakinlərin müraciəti əsasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin TTİ-yə X5 “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun mütəxəssisləri tərəfindən ünvan 3 ünvanında yerləşən yataqxanaya baxış keçirilərkən yataqxana binasının sol pilləkən qəfəsəsində pilləkən marşının qırılıb aşması nəticəsində binanın bir girişinin bağlandığı, yeganə işlək olan sağ pilləkən qəfəsəsindəki 1-ci mərtəbədən 2-ci mərtəbəyə qalxan pilləkən marşının beton qatınır düşməsi nəticəsində binaya giriş və çıxışın yararsız hala düşməsi müəyyən edilərək binanın qəzalı vəziyyətdə olmasına dair xx.xx.2016-cı il tarixli “Rəy” tərtib edilmişdir. Azərbaycan Respublikası Prezidentinin ““Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli, 392- İV Q nömrəli Qanununun tətbiqi barədə” 699 nömrəli, 4 sentyabr 2012-ci il tarixli Fərmanına əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonları ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi tapşırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarına əsasən Suraxanı rayonu üzrə 3828 nəfərin yaşadığı 1127 mənzildən ibarət olan uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş və ya qəzalı vəziyyətdə olan 63 yaşayış binası qeydə alınmışdır. O cümlədən ünvan 4 ünvanda yerləşən 4 mərtəbəli yataqxana da o siyahıdadır. Qəzalı yataqxana binasında baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması, sakinlərin təhlükəsizliyinin təmin edilməsi, orada faktiki yaşayan ailələrin Bakı ŞİH-ə 2017-ci ilin yerli xərclərində mənzil fondunun əsaslı təmiri üçün ayrılmış vəsait hesabına birdəfəlik maddi yardım ödənilməklə köçürülməsi, eləcə də binanın sökülərək ərazinin abadlaşdırılması işlərinin həyata keçirilməsinə dair Bakı ŞİH-nin xx.xx.2017-ci il tarixli 7-290/2g saylı təklifinə Azərbaycan Respublikası Baş nazirin müavininin xx.xx.2017-ci il tarixli xx/xx/3266-12 saylı dərkənarı ilə etiraz edilməmişdir. Mübahisəli məzillərin yerləşdiyi yataqxana faktiki olaraq təxminən 94 mənzildən ibarət olmuş, lakin cavabdeh tərəfindən 71 ailəyə “birdəfəlik maddi yardım” ödənilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 04 sentyabr 2012-ci il tarixli Fərmanında və (1.8-ci bəndi) tələblərinə əsasən qəzalı vəziyyətdə olan binalar sökülərkən həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, xx.xx.2016-cı il tarixli Qərarının 1.2 və 1.3-cü maddələrində isə həmin “sakinlər”in əhatə dairəsi müəyyənləşdirilmişdir. “Qərara” görə qəzalı vəziyyətdə olduğu müəyyən edilmiş binaların sakinlərinə kompensasiya mənzilə mülkiyyət hüququ əsasında və faktiki yaşayanlara ödənilməsi nəzərdə tutulmuşdur. Qəzalı vəziyyətdə olması müəyyən edilmiş Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi 24 ünvanında yerləşən yataqxananın sakinlərinin kompensasiya verilməklə köçürülməsi cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə tapşırılmışdır. Qəzalı yataqxana binasında inventarlaşdırma işləri aparılması və orada faktiki yaşayan ailələrin sayının dəqiqləşdirilməsi və siyahısının tərtib olunması məqsədilə Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 89 saylı, xx.xx.2017-ci il tarixli sərəncamı ilə müvafiq “Komissiya” yaradılmışdır. Lakin “Komissiya” tərəfindən sakinlərin siyahıya alınmasında, kompensasiyanın ödənilməsində, sakinlərin köçürülməsində bir sıra qanun pozuntularına yol verilmişdir. Belə ki, “Komissiya” sakinləri siyahıya alarkən sakinlərin bir hissəsi ümumiyyətlə siyahıya salınmamışdır. Siyahının tərtib olunması iş vaxtına təsadüf etdiyindən sakinlərin bəziləri işdə olmuş, bəziləri isə bu və ya digər səbəblərdən yataqxanada olmamış və bu səbəbdən ilkin siyahıya düşməmişlər. İddiaçı da daxil olmaqla siyahıya salınmayan sakinlər tərəfindən cabahdehə etiraz edildikdə sonuncu tərəfindən əlavə siyahı tərtib olunacağı bildirilmişdir. Əraziyə xidmət edən 11 saylı MKİS tərəfindən əlavə siyahı tərtib olunaraq “komissiya”ya təqdim edilmiş, lakin tərtib olunmuş əlavə siyahıda olanların heç birinə bu günədək kompensasiya verilməmişdir. Cavabdeh Suraxanı Rayon İcra Hakimiyyəti qəzalı vəziyyətdə olan binanın sakinlərinin köçürülməsi üçün onlara bazar qiymətinə uyğun kompensasiya verməkdən yayınma məqsədilə “hər bir ailə üçün” “birdəfəlik maddi yardım” ödənilməsi ifadəsindən istifadə etməklə iddiaçı da daxil olmaqla sakinlərin bir hissəsinin hüquqlarını pozmuşdur. Nəzərə alınmalıdır ki, “maddi yardım” və “kompensasiya” fərqli anlayışlardır. Kompensasiyadan fərqli olaraq “maddi yardım” onu verənin özünün seçimi ilə kriteriyalaşdırılan anlayışdır. Həmin kriteriya publik hüquq sahəsində “bərabərlik prinsipi”nin pozulması kimi qiymətləndirilməlidir. Suraxanı Rayon İcra Hakimiyyətinin o vaxtkı rəhbərliyi tərəfindən qəzalı vəziyyətdə olan binanın sakinlərinə “kompensasiya” deyil, “maddi yardım” anlayışının mahiyyətinə uyğun ödənişlər edilmişdir. Belə ki, qəzalı binada istər mülkiyyət hüququ ilə, istər istifadə hüququ əsasında yaşamasından asılı olmayaraq sakinlərin köçürülməsi üçün ayrılmış vəsait qanunvericiliyin tələblərinə uyğun olaraq ədalətli ödənilməmişdir. Belə ki, bir otağa görə ödənilən kompensasiya məbləği 2 və ya 3 otağa görə də eyni olmuşdur (35.000). Qəzalı binanın sakinləri köçürülərkən cavabdeh Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə təsdiq edilmiş, yerli icra hakimiyyəti “Əsasnamə” ilə müəyyən edilmiş yerli icra hakimiyyəti başçısının fəaliyyətinin əsas prinsiplərinə (vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, qanunçuluq, müvafiq ərazinin əhalisinin rifahının yaxşılaşdırılması) riayət etməmişdir. Hal-hazırda binanın kommunikasiya sistemləri (xətləri) fəaliyyət göstərmir, binaya giriş-çıxış tam məhdudlaşdırılması səbəbindən əmlakdan istifadə hüquqlarının məhdudlaşdırıldığı birmənalı olaraq təsdiqlənir və bu məhdudiyyətin gələcəkdə əvvəlki kimi bərpası real görünmür. Cavabdeh ciddi icra orqanı olduğundan ona etibar edərək faktiki yaşadığı mənzildən çıxmışdır. Lakin cavabdeh ona olan etibarından istifadə edərək onu aldatmış, bu günədək ona mənzil kirayə haqqı “birdəfəlik maddi yardım” və ya “kompensasiya” ödəməmiş və ya yaşayış sahəsi verməmişdir. Dəfələrlə şifahi və yazılı şəkildə müraciət etməyinə baxmayaraq cavabdeh tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, R.Abdullayev küçəsi, 24 saylı binanın 44 saylı mənzilinə görə bazar qiymətinə uyğun olaraq onun dəyərinin ödənilməsi tələbinə dair rəsmi müraciətinə bu günədək cavab verilməmişdir. Cavabdeh Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya qəzalı vəziyyətdə olduğu müəyyən edilmiş binada 1 otaqlı mənzilə görə digər sakinlərə ödənilmiş məbləğdə (35.000 manat) “kompensasiya” (“birdəfəlik maddi yardım”) ödənilməli və ya yaşayış sahəsi verilməlidir. xx.xx.2007-ci il tarixli 07 saylı orderin surətindən göründüyü kimi ümumi sahəsi 14,5 kv.m olan 1 otaqlı mənzil iddiaçının qanuni istifadəsinə verilmişdir. Kommunal xidmətlərin ödənilməsinə dair xx.xx.2007-ci il tarixli, 7 saylı müqavilənin surətindən görünür ki, həmin vaxtdan kommunal xidmətlərə görə ödənişləri öz üzərinə götürmüşdür. 11 saylı MKİS-nin rəisi tərəfindən imzalanmış arayışın surətindən göründüyü kimi iddiaçı ailə üzvləri ilə birlikdə həmin yataqxananın 11 saylı mənzilində yaşamışdır. Təqdim etdiyi ərizə-aktın surətindən göründüyü kimi o, ailə üzvləri ilə birlikdə Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 saylı TTİ-nin ailəvi yataqxanası, R.Abdullayev küçəsi, ev 24 ünvanında 2018-ci ilin avqust ayınadək yaşamışdır. 11 saylı MKİS tərəfindən yaşadığı ünvana göndərilmiş “Xəbərdarlıq”dan məlum olur ki, binanın sakinləri köçürülənədək mübahisəli mənzildə yaşamışdır. 11 saylı MKİS tərəfindən tərtib edilmiş “Əlavə Siyahı”nın (sakinlərin əlavə siyahısı Suraxanı Rayon İcra Hakimiyyətinə təqdim edilmişdir) surətindən göründüyü kimi 11 saylı otaq Suraxanı rayonu, R.Abdullıyev küçəsi, 24 saylı binadakı 11 saylı mənzil iddiaçının istifadəsində olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun mütəxəssisləri tərəfindən Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi 24 ünvanında yerləşən yataqxanaya baxış keçirilmiş və xx.xx.2016-cı il tarixli rəydə binanın mövcud texniki vəziyyətinin yolverilməz olduğu göstərilmişdir. Bununla bağlı Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 89 nömrəli xx.xx.2017-ci il tarixli Sərəncamı ilə yaradılmış komissiya tərəfindən sözügedən qəzalı yataqxana binasında yaşayan ailələrin sayının dəqiqləşdirilməsi və siyahısının tərtib olunması məqsədilə keçirilən baxış zamanı həmin yataqxanada 71 ailənin yaşadığı müəyyən edilsə də onların arasında bu iş üzrə iddiaçı X2 yaşaması müəyyən edilməmişdir. Məlumat üçün bildirilir ki, komissiya tərəfindən aparılan inventarlaşma işləri zamanı dövlət büdcəsindən əlavə vəsaitin əldə edilməsi məqsədi ilə bəzi sakinlər tərəfindən süni olaraq mənzillərin otaqlarının bölünərək sənədləşdirilməsi və bu kimi hərəkətlər edildiyi aşkar olunmuşdur. 2017-ci ilin yerli xərclərində mənzil fondunun əsaslı təmiri üçün ayrılmış vəsaitdən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 7- 430/4g saylı məktubu ilə verilmiş təklif Maliyyə Nazirliyinin xx.xx.2017-ci il tarixli 07/03- 317-5172 saylı məktubu ilə razılaşdırılmış və BŞİH başçısının 491 №-li xx.xx.2017-ci il tarixli Sərəncamı ilə hər ailəyə ödəniləcək vəsait Suraxanı Rayon İcra Hakimiyyətinə deyil Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə ayrılmışdır. Qeyd olunanları nəzərə alaraq, Suraxanı RİH-ə qarşı iddia əsassızdır və rədd edilməsini məhkəmədən xahiş edilir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X9 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1980-ci il təvəllüdlü İddiaçı Tərtər rayonu, Hüləbətli kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 1 saylı Təmir Tikinti İdarəsinin verdiyi xx.xx.2008-ci il tarixli, 07 nömrəli orderdə qeyd olunmuşdur ki, verilir İddiaçı, iş yeri BDBİ, tutduğu sahə 1 otaq 14,5 kv.m, ünvan ünvan 5ərkibi İddiaçı (özü), X8 (qızı), X10 (oğlu). İş materiallarına əlavə edilmiş 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 11 saylı MKİS-i tərəfindən ünvan 4, 1 saylı yataqxana ünvanda yaşayan vətəndaş İddiaçı ünvanlanmış bildiriş-xəbərdarlıqda göstərilmişdir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyindən daxil olmuş xx.xx.2017-ci il tarixli xx/xx-01331 saylı telefonoqramda Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata əsasən ünvan 3 ünvanda yerləşən 4 mərtəbəli yataqxana binasının sol pilləkən qəfəsəsində pilləkən marşının qırılıb aşması nəticəsində binanın bir girişi bağlanmışdır. Binanın yeganə işlək olan sağ pilləkən qəfəsəsindəki 1-ci mərtəbədən 2-ci mərtəbəyə qalxan pilləkən marşının beton qatının qopub düşməsi nəticəsində binaya girib və çıxış yararsız hala düşmüşdür. Qeyd edilənləri nəzərə alaraq xoşagəlməz hadisələrin baş verməsinin qarşısının alınması məqsədi ilə yaşadığınız mənzili müvəqqəti olaraq 2 (iki) gün müddətində boşaltmağınız zəruridir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, X-10-152 nömrəli məktubda bildirilmişdir ki, Bakı şəhər Mənzil-Kommuııal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi 24 ünvanında yerləşən qəzalı yataqxana binasında yaşayan ailələrin dəqiqləşdirilmiş siyahısının tərtib edilməsi və aidiyyəti üzrə təqdim edilməsi üçün həmin binada inventarlaşdırma işlərinin aparılması məqsədilə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 89 nömrəli xx.xx.2017-ci il tarixli sərəncamı ilə yaradılmış komissiya tərəfindən sözügedən yataqxanada faktiki yaşamadığınız müəyyən edildiyindən sizə birdəfəlik 35000 manat maddi yardımın ödənilməsi məqəsədəmüvafiq hesab edilməmişdir. İş materiallarına əlavə edilmiş 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 11 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2017-ci il tarixli, 625 nömrəli arayışına əsasən verilir İddiaçı ondan ötrü ki, həqiqətən o, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, 24 nömrəli evin 11 nömrəli mənzilində yaşayır. İş materiallarına əlavə edilmiş 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 11 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2019-cu il tarixli, 705 nömrəli arayışına əsasən verilir İddiaçı ondan ötrü ki, həqiqətən o, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, ev 24, 11 nömrəli yataqxanada yaşayıb. X8 (qızı), X10 (oğlu). Məhkəmənin sorğusuna cavab olaraq Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2021-ci il tarixli, 01-13/88 nömrəli məktubunda göstərilmişdir ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi 24 ünvanda yerləşən qəzalı yataqxana binası Suraxanı rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında deyil. Belə ki, Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi 24 ünvanda yerləşən qəzalı yataqxana binasında inventarlaşdırma işlərinin aparılması məqsədilə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 89 nömrəli xx.xx.2017-ci il tarixli sərəncamı ilə müvafiq komissiya yaradılaraq orada yaşayan ailələrin dəqiqləşdirilmiş siyahısı tərtib olunmuş və RİH-nin müvafiq məktubları ilə Bakı ŞİH-nə və Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinə təqdim edilmişdir. “Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 491 saylı sərəncamının icrasının təmin olunması haqqında” Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 134 saylı sərəncamının 1.1-ci bəndilə Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi 24 ünvanında yerləşən yataqxana binasında yaşayan 71 ailənin hər birinə 35 000 (otuz beş min) manat, eləcə də orada yerləşən 3 qeyri-yaşayış sahəsinin mülkiyyətçisinə cəmi 40 000 (qırx min) manat olmaqla (bununla bağlı bank xidmətləri üçün əlavə xərc 15 150 (on beş min yüz əlli) manat) birdəfəlik maddi yardımın onların adlarına açılmış müvafiq bank hesablarına köçürülməsi Suraxanı rayon MKTB-nə tapşırılmışdır. Əlavə olaraq bildirilir ki, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi 24 saylı yataqxana binasının 11 saylı mənzilinə dair hər hansı maddi yardım verilməmişdir. Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən təqdim olunmuş siyahıda adları qeyd olunan 71 ailə arasında vətəndaş İddiaçı adı yoxdur. Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi 24 saylı yataqxananın köçürülməsi zamanı maddi yardım almış sakinlərin siyahısı təqdim olunur. Qeyd edilən məktubla Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi 24 ünvanda yerləşən yataqxana binasının sökülməsi ilə əlaqədar maddi yardım almış sakinlər (69 nəfər), maddi yardım almayan sakinlər (2 nəfər) olmaqla ümumilikdə 71 nəfərin adları qeyd olunmuş siyahı təqdim edilmişdir. Həmin siyahıda İddiaçı adı yoxdur. Həmin məktuba əlavə edilmiş: - Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 89 nömrəli sərəncamında göstərilmişdir ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun əməkdaşları tərəfindən ünvan 9 ünvanında yerləşən yataqxana binasına xx.xx.2017-ci il tarixdə keçirilmiş baxışın nəticəsi olaraq binanın qəzalı olması haqqında rəy verilmişdir. Baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması, sakinlərin təhlükəsizliyinin, habelə onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasının təmin edilməsi məqsədi ilə həmin qəzalı yataqxanada yaşayan ailələrin Bakı Şəhər İcra Hakimiyyətinə 2017-ci ilin yerli xərclərində mənzil fondunun əsaslı təmiri üçün ayrılmış vəsait hesabına birdəfəlik maddi yardım ödənilməklə köçürülməsi işlərinin həyata keçirilməsinə dair BŞİH-nin xx.xx.2017-ci il tarixli 7-290/2g saylı təklifinə Azərbaycan Respublikası Baş nazirinin müavini cənab Abid Şərifovun xx.xx.2017-ci il tarixli xx/xx/3266-12 saylı dərkənarı ilə etiraz edilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi 24 ünvanında yerləşən qəzalı yataqxana binasında yaşayan ailələrin dəqiqləşdirilmiş siyahısının tərtib edilməsinə dair zəruri təşkilati tədbirlərin həyata keçirilməsinin təmin edilməsi məqsədi ilə ünvan 9 ünvanında yerləşən qəzalı yataqxana binasında yaşayan ailələrin dəqiqləşdirilmiş siyahısının tərtib edilməsi və aidiyyəti üzrə təqdim edilməsi üçün həmin binada inventarlaşdırma işlərinin aparılması məqsədilə müvafiq tərkibdə komissiya yaradılması, Komissiyanın ünvan 9 ünvanında yerləşən qəzalı yataqxana binasında inventarlaşdırma işlərini həyata keçirməklə orada yaşayan ailələr və onların yaşayış sahələri haqqında zəruri məlumatları özündə əks etdirən dəqiq siyahını tərtib edərək Suraxanı RİH-nə və BŞİH MKTD-yə təqdim etməsi qərara alınmışdır. - Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 134 nömrəli sərəncamı ilə BŞİH Başçısının 491 №-li xx.xx.2017-ci il tarixli sərəncamının 1.1-ci bəndində nəzərdə tutulmuş vəsait hesabına Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin: 1.1. Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi 24 ünvanında yerləşən yataqxana binasında yaşayan 71 ailənin hər birinə 35 000 (otuz beş min) manat, eləcə də orada yerləşən 3 qeyri-yaşayış sahəsinin mülkiyyətçisinə cəmi 40 000 (qırx min) manat olmaqla (bununla bağlı bank xidmətləri üçün əlavə xərc 15 150 (on beş min yüz əlli) manat) birdəfəlik maddi yardımın onların adlarına açılmış müvafiq bank hesablarına köçürülməsini təmin etməsi; 1.2. aidiyyəti qurumlarla razılaşdırılmaqla 40 000 (qırx min) manat vəsait hesabına Hövsan qəsəbəsi, R.Abdullayev küçəsində yerləşən 21/1 və 24 saylı qəzalı yataqxana binalarının söküntüsünü, həmin binaların balansdan silinməsini və 80 000 (səksən min) manat vəsait hesabına sökülmüş binalarının yerində abadlıq işlərinin görülməsini təmin etməsi; 1.3. Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi 24 ünvanında yerləşən yataqxana binasında maddi yardım almış şəxslərə məxsus yaşayış və qeyri-yaşayış sahələrinə dair sənədlərin ləğvi məqsədilə aidiyyəti üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə müraciət etməsi tapşırılmışdır. - Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli, 491 nömrəli sərəncamına əsasən Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinin: 1.1. Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə 2.660.150 (iki milyon altı yüz altmış min bir yüz əlli) manat məbləğində vəsaitin ayrılmasını Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1, 2, 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı birliklərinə və Şəhərin rayon Mənzil Kommunal Təsərrüfatı birliklərinə 2017-ci ilə mənzil fondunun əsaslı təmiri üçün nəzərdə tutulmuş vəsait daxilində həll etməsi; 1.2. Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1, 2, 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı birlikləri və Şəhərin rayon Mənzil Kommunal Təsərrüfatı birlikləri üzrə azaldılan məbləğlərin 2018-ci il yerli büdcə xərcləri hesabına ödənilməsini təmin etmək məqsədi ilə onların növbəti ilə keçirilməsi və 2017-ci ilin borc öhdəliyi kimi qəbul edilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyi qarşısında vəsatət qaldırılmasını həll etməsi qərara alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 1/1041 nömrəli məktubunda göstərilmişdir ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun mütəxəssisləri tərəfindən Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi 24 ünvanında yerləşən yataqxanaya baxış keçirilmiş və xx.xx.2016-cı il tarixli rəydə binanın mövcud texniki vəziyyətinin yolverilməz olduğu göstərilmişdir. Bununla bağlı Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 89 nömrəli xx.xx.2017-ci il tarixli sərəncamı ilə yaradılmış komissiya tərəfindən sözügedən qəzalı yataqxana binasında yaşayan ailələrin sayının dəqiqləşdirilməsi və siyahısının tərtib olunması məqsədilə keçirilən baxış zamanı həmin yataqxanada 71 ailənin yaşadığı müəyyən edilsə də onların arasında bu iş üzrə iddiaçı X1 ünvanda faktiki yaşaması müəyyən edilmədiyindən ona birdəfəlik maddi yardım verilməmişdir. Eyni zamanda bildirilir ki, sözügedən yataqxana binasında faktiki yaşayan sakinlərə bir dəfəlik maddi yardım 2017ci ilin yerli xərclərində mənzil fondunun əsaslı təmiri üçün ayrılmış vəsaitdən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 7-430/4g saylı məktubu ilə verilmiş təklif Maliyyə Nazirliyinin xx.xx.2017-ci il tarixli 07/03-317-5172 saylı məktubu ilə razılaşdırılmış və BŞİH başçısının 491 №-li xx.xx.2017-ci il tarixli sərəncamı ilə hər ailəyə ödəniləcək vəsait Suraxanı Rayon İcra Hakimiyyətinə deyil, Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə ayrılmışdır. Məhkəmənin nəzərinə çatdırılır ki, komissiya tərəfindən aparılan inventarlaşma işləri zamanı dövlət büdcəsindən əlavə vəsaitin əldə edilməsi məqsədi ilə bəzi sakinlər tərəfindən suni olaraq mənzillərin otaqlarının bölünərək sənədləşdirilməsi və bu kimi hərəkətlər edildiyi aşkar olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 1/117 nömrəli məktubunda bildirilmişdir ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi 24 ünvanında yerləşən yataqxanaya qəzalı vəziyyətə düşməsi ilə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 89 nömrəli xx.xx.2017-ci il tarixli sərəncamı ilə yaradılmış komissiya tərəfindən sözügedən qəzalı yataqxana binasında yaşayan ailələrin sayının dəqiqləşdirilməsi və siyahısının tərtib olunması zamanı 11 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən komissiyaya xx.xx.2017-ci il tarixli əlavə siyahı təqdim edilməmiş və həmin yataqxanada 71 ailənin yaşadığı müəyyən edilsə də onların arasında bu iş üzrə İddiaçı faktiki yaşaması müəyyən edilmədiyindən ona kompensasiya ödənilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 11 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 99 nömrəli arayışında göstərilmişdir ki, verilir İddiaçı ondan ötəri ki, həqiqətən o, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, 24 nömrəli yataqxanada yaşamır. xx.xx.2009-cu il tarixdən 1 saylı TTİ-nin MKİS və “Noro/Eİ” Birliyinin MKİS birləşdiilib və 11 saylı MKİS yaradılıb. X3 2009-cu ildən 2019-cu ilə kimi həmin ünvanda yaşamayıb və 11 saylı MKİS-nə kommunal xidmət xərci ödəməyib. Ona aid MKİS-də heç bir sənəd yoxdur. Həmin ünvan sökülüb, bina mövcud deyil. Beləliklə, işin hallarından müəyyən olunur ki, İddiaçı xx.xx.2007-ci il tarixdə Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi 24 ünvanında yerləşən yataqxananın 11 saylı mənzilinə dair onun adına 07 nömrəli order verildiyini, həmin orderlə mənzilə istifadə hüququnun tanındığını, o vaxtdan həmin mənzildə ailə üzvləri ilə birlikdə qeydiyyatda olmaqla yaşadığını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli Qərarına əsasən uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş və ya qəzalı vəziyyətdə olan yaşayış binalarının, o cümlədən sözügedən yataqxananın söküldüyünü, söküntü ilə əlaqədar ona maddi yardım ödənilməsi ilə bağlı cavabdeh icra hakimiyyəti orqanına müraciət etmiş, cavabdeh orqan söküntü ilə əlaqədar yaradılmış komissiya tərəfindən iddiaçının həmin yataqxanada faktiki yaşamadığının müəyyən edildiyini əsas gətirərək maddi yardımın ödənilməsindən imtina etmişdir. Hazırkı iddiasında iddiaçı cavabdehin imtinasını əsassız hesab edərək ona sökülmüş yataqxana məzilinə görə 35.000 manat kompensasiyanın ödənilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Beləliklə, hazırkı iddiaya münasibətdə ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsassızdır. İddiaçının kompensasiyanın ödənilməsi ilə bağlı tələbi iki əsasa söykənir:
1. Yataqxana mənzilinə dair order əsasında iddiaçının istifadə hüququ yaranmışdır.
2. İddiaçı ailə üzvləri ilə faktiki olaraq həmin mənzildə yaşamışdır. Məhkəmə iddiaçının istinad etdiyi dəlillərlə razılaşmır. İ. iş materiallarına əlavə edilmiş istinad edilən 1 saylı Təmir Tikinti İdarəsinin xx.xx.2008-ci il tarixli orderi iddiaçının 2 nəfər ailə üzvü ilə birlikdə Bakı şəhəri, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi 24, 1 saylı yataqxanaya dair verilsə də həmin yataqxananın konkret olaraq hansı nömrəli otağına verildiyi qeyd edilməmişdir. Bundan əlavə, orderin verildiyi 2008-ci il tarixdə mənzil münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (xx.xx.2009-cu ilədək qüvvədə olmuş): -28-ci maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. -31-ci maddəsinə əsasən mənzil fondu olan və mənzil tikən yaxud mənzil tikintisində pay vəsaiti ilə iştirak edən müəssisələrdə, idarələrdə, təşkilatlarda işləyən və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar həm iş yerində, həm də öz arzularına görə yaşayış yerində uçota götürülürlər. Pensiyaya çıxması ilə əlaqədar həmin müəssisələrdən, idarələrdən, təşkilatlardan getmiş vətəndaşlar da onlarla bərabər surətdə uçota götürülürlər. SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində nəzərdə tutulmuş hallarda müəssisənin, idarənin, təşkilatın əmək kollektivinə bilavasitə xidmət göstərən tibb, mədəni-maarif və digər idarə və təşkilatların işçiləri də arzularına görə həmin əmək kollektivinin fəhlə və qulluqçuları ilə bərabər surətdə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna götürülürlər. -33-cü maddəsinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. -36-cı maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotunda dayanan vətəndaşlara yaşayış sahəsi siyahılarla müəyyən edilmiş növbəlilik qaydasında, uçota götürülmə vaxtı əsas tutularaq və həmin yaşayış məntəqəsində istifadəyə verilən və boşalan mənzil sahəsinin həcmindən asılı olaraq verilir. Növbəlilik aşağıdakı qaydada müəyyən edilir: iş yerində uçota götürülmüş vətəndaşlar barəsində, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, müəssisə, idarə və təşkilatın həmkarlar ittifaqı komitəsi ilə birlikdə müdiriyyət tərəfindən. -37-ci maddəsinə görə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların müəssisələrdə, idarələrdə, təşkilatlarda uçotunun vəziyyətinə yerli xalq deputatları Sovetlərinin icraiyyə komitələri və müvafiq həmkarlar ittifaqı orqanları nəzarət edirlər. İş yerində uçota götürülmüş vətəndaşların siyahılarını yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi təsdiq edir. Siyahıda sonrakı dəyişikliklər haqqında müəssisə, idarə, təşkilat rəhbəri siyahını təsdiq etmiş icraiyyə komitəsinə məlumat verməlidir. -45-ci maddəsinə əsasən idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. -48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Sadalanan normalardan müəyyən olunur ki, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəxslərin uçota götürülmə əsaslarından biri də iş yerində müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülmədir. İş yerində uçota götürülmüş vətəndaşların siyahılarını yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi təsdiq edir. Mənzillər müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və bu barədə müvafiq xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. Qeyd edilən normaları işin hallarına tətbiq etdikdə müəyyən olunur ki, hazırkı iş üzrə təqdim edilmiş order iddiaçının iş yerində mənzil növbəsində olması, ona iş yerində mənzil uçotuna götürülmüş mənzil şəraitini yaxşılaşdırmağa ehtiyac olan şəxs kimi qeydiyyata alınması ilə əlaqədar olmamışdır. Bu, onunla sübut olunur ki, orderin özündə konkret olaraq idarə müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarına istinad edilməmiş, order qeyd edilən səlahiyyətli qurumların imza və möhürü ilə təsdiq edilməmiş, yerli icra hakimiyyəti orqanında iddiaçının iş yeri üzrə uçota götürülmüş şəxs olması ilə bağlı məlumat, uçot qovluğu olmamışdır. Beləliklə, təqdim olunmuş order verildiyi vaxt qüvvədə olmuş mənzil qanunvericiliyinin tələblərinə əsasən müəssisə rəhbərliyi, həmkarlar ittifaqının birgə qərarı, yerli icra hakimiyyəti orqanında təsdiq edilmiş siyahı üzrə verilmiş və uçota götürülmüş şəxslərə verilən order olmadığından həmin order əsasında əmlaka hüquq istifadə hüququ da yaranmamışdır. İİ. İşin hallarından görünür ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun rəyinə əsasən ünvan 9 ünvanında yerləşən yataqxana binasının qəzalı olması müəyyən edilmiş, baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması, sakinlərin təhlükəsizliyinin, habelə onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasının təmin edilməsi məqsədi ilə həmin qəzalı yataqxanada yaşayan ailələrə birdəfəlik maddi yardım ödənilməklə köçürülməsi qərara alınmışdır. Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi 24 ünvanda yerləşən qəzalı yataqxana binasında inventarlaşdırma işlərinin aparılması məqsədilə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 89 nömrəli sərəncamı ilə müvafiq komissiya yaradılmış və Komissiya qarşısında yalnız sözügedən qəzalı yataqxana binasında inventarlaşdırma işləri həyata keçirilməklə orada yaşayan ailələrin dəqiqləşdirilmiş siyahısının və onların yaşadıqları yaşayış sahələri haqqında məlumatın tərtib edilməsi tapşırılmışdır. Eyni zamanda Suraxanı rayon İH-nin xx.xx.2017-ci il tarixli, 134 nömrəli sərəncamı ilə Bakı şəhər İH-nin xx.xx.2017-ci il tarixli, 491 nömrəli sərəncamının icrası ilə əlaqədar olaraq yataqxana binasında yaşayan 71 ailənin hər birinə 35.000 manat maddi yardımın ödənilməsi qərara alınmışdır. Beləliklə, müəyyən olunur ki, qəzalı vəziyyətdə olan yataqxana binası ilə bağlı inventarlaşdırma və köçürülmə işləri yerinə yetirilərkən maddi yardımın məhz həmin binada faktiki yaşayan ailələrə ödənilməsi nəzərdə tutulmuşdur. Tərtib edilən 71 ailənin siyahısında İddiaçı adı göstərilməmişdir. İddiaçı iddia ərizəsində siyahının tərtib olunması iş vaxtına təsadüf etdiyindən onun yataqxana binasında olmaması səbəbindən adının siyahıya alınmaması dəlili ilə bağlı məhkəmə qeyd edir ki, yerli icra hakimiyyətinin təşkil etdiyi komissiyanın binanın ümumi inventarlaşdırmasını, ailələrin siyahısının tərtib edilməsini 1 gündə deyil, müəyyən müddət ərzində həyata keçirə biləcəyini, komissiyanın tərkibində yerli icra hakimiyyəti nümayəndələri ilə yanaşı mənzil kommunal təsərrüfatı birliyinin nümayəndələrinin iştirak etdiklərini, yataqxanada yaşayan və yaşamayan şəxslər haqqında məlumat toplanarkən həmin binanın balansaxlayıcısı olan və binaya xidmət edən mənzil kommunal təsərrüfatı birliyinin, mənzil istismar sahələrinin də təqdim etdiyi məlumatların torplanıldığını nəzərə aldıqda iddiaçının qeyd etdiyi dəlil ağlabatan hesab edilmir. İddiaçı sonradan tərtib olunmuş xx.xx.2017-ci il tarixli əlavə siyahıda onun da adının göstərildiyini qeyd etmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı da adının olduğu 10 nəfərlik əlavə siyahı yalnız MKİS-nin rəisi və mühasibinin imzası və MKİS-nə aid möhürlə təsdiq edilmiş, siyahının hansı səlahiyyətli quruma ünvanladığı qeyd edilməmişdir. Həmçinin məhkəmənin sorğusuna cavab olaraq Suraxanı RİH tərəfindən yataqxana binasında yaşayan ailələrin sayının dəqiqləşdirilməsi və siyahının tərtib olunması zamanı MKİS tərəfindən komissiyaya əlavə siyahının təqdim edilmədiyi bildirilmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, iddiaçı sözügedən yataqxana binasında yaşadığını bildirsə də ona aid şəxsiyyət vəsiqəsində yaşayış yeri kimi Tərtər rayonu, Hüləbətli kəndi qeyd edilmişdir. Halbuki “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 3-cü maddəsinin 1-ci bəndinə görə yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Göründüyü kimi şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun şəxsiyyət vəsiqəsində öz əksini tapır. Başqa sözlə, şəxsin şəxsiyyət vəsiqəsində göstərilən qeydiyyat ünvanı yaşayış yeri hesab olunur və ya əksinə şəxs yaşadığı ünvan üzrə qeydiyyata alınmalıdır. Dolayısı ilə, İddiaçı şəxsiyyət vəsiqəsindəki ünvan yataqxananın ünvanı olmadığına görə onun həmin ünvanda yaşadığı da müəyyən olunmur. Bundan əlavə, iddiaçı sözügedən ünvanda yaşamasını təsdiq edən sənədlər sırasında binanın boşaldılması barədə bildiriş-xəbərdarlığa istinad etmişdir. İş materiallarına əlavə edilmiş bildiriş-xəbərdarlıq yataqxanada yaşayan şəxslərə ünvanlanmış ümumi məzmunda müraciət olub, MKİS tərəfindən tərtib olunmuşdur. Bildiriş-xəbərdarlığın hansı mənzillə (otaqla) bağlı verildiyi, bildirişin tərtib edilmə tarixi göstərilməmiş, ümumi xəbərdarlığın mətnindən fərqli olaraq iddiaçının adı əl ilə yazılmışdır. Qeyd edilənlərə əsasən məhkəmə adıçəkilən bildiriş-xəbərdarlığı şəxsin faktiki yaşamasını təsdiq edən sübut kimi qəbul etmir. İddiaçı sözügedən yataqxanada faktiki yaşadığını təsdiq edən mənzilə dair mənzil və kommunal xidmət haqqının ödənilməsi ilə bağlı sənədləri də məhkəməyə təqdim etməmişdir. İddiaçı faktiki yaşaması ilə bağlı 11 saylı MKİS-nin xx.xx.2019-cu il və xx.xx.2017ci il tarixli 2 arayışını təqdim etsə də məhkəmə sorğusu əsasında həmin arayışları vermiş 11 saylı MKİS xx.xx.2022-ci il tarixli arayışında X2 2009-cu ildən 2019-cu ilə kimi həmin ünvanda yaşamadığını və 11 saylı MKİS-nə kommunal xidmət xərci ödəmədiyini, ona aid MKİS-də heç bir sənədin olmadığını bildirmişdir. Beləliklə, iddiaçının iddia etdiyi yataqxana mənzilinə dair hər hansı hüquqmüəyyənedici sənədi, eləcə də faktiki yaşadığı müəyyən olunmadığından cavabdehin maddi yardımın ödənilməsindən imtinası əsaslı olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 68, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon icra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova