Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13321/2023 31.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı statusu və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı statusu və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1969-cu il təvəllüdlü iddiaçı xx.xx.1992-ci il tarixdən könüllü olaraq birinci Qarabağ müharibəsində iştirak etmişdir. Fizuli rayonunun kəndləri uğrunda gedən döyüşlərdə iştirak etmişdir. N nömrəli hərbi hissədən N gün müddətindən sonra azad edilmişdir. N nömrəli hərbi hissə döyüş əməliyyatlarını yerinə yetirən hərbi hissələrin sırasına daxildir. İddiaçı müharibə veteranı statusunun verilməsi ilə bağlı AR Müdafiə Nazirliyinə müvafiq sənədlərlə (hərbi biletin notariat qaydada təqdiq edilmiş surətini, şəxsiyyət vəsiqəsinin surəti, müvafiq arayışlar və s.) müraciət etmişdir. AR Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, 4/2-5784 saylı məktubu ilə imtina verilmişdir. İmtina məktubunda bildirilmişdir ki, döyüş əməliyyatları aparılan zaman 1992-1994-cü ilin N nömrəli hərbi hissəyə daxil olmağı və xidməti barədə arxiv sənədlərində məlumat olmadığına görə müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunur. İddiaçı imtinanı əsassız hesab edir və müharibə veteranı statusu verilməli olduğunu qeyd edir. Belə ki, 1992-ci ilin iyul-avqust aylarında N nömrəli hərbi hissəyə daxil olmağı barədə qeyd verilmiş H3 seriyalı, ******* nömrəli hərbi biletin 13-cü səhifəsində öz əksini tapmışdır. İddiaçı «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216 saylı xx.xx.1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlar qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası şərtləri haqqında Əsasnamə»yə istinad edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, eyni zamanda iddiaya yazılı münasibət (etiraz) təqdim etməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaya dair yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Etirazda bildirmişdir ki, İddiaçı iddia ərizəsində göstərilənlər əsassız və qanunsuz olduğu səbəbindən, aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iddiaçı ərizəsində göstərmişdir ki, birinci Qarabağ döyüşlərdə iştirak etmişdir. Qeyd olunan ifadənin əsasında da Müdafiə Nazirliyinə qarşı olan tələblərini irəli sürmüşdür. Buna etiraz edərək bildirilir ki, Müharibə veteranı, silahlı qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi və «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 7 aprel 2006-cı il tarixli 90-111 QD №-li Qanunu ilə «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə edilmiş əlavələr və dəyişikliklərə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci hissəsində göstərilən «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 №-li Fərmanının ikinci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabineti də özünün 22 sentyabr 1995-ci il tarixli 216 №-li Qərarı ilə «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnaməni təsdiq etmişdir. Həmin Əsasnamənin 1-ci bəndinin onuncu yarımbəndinə uyğun olaraq, «1988-ci il fevralın 1-dən 1991-ci il oktyabrın 9-dək erməni milliyətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - keçmiş DQMV ərazisində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə-Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə - müdafiə, daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir». Həmin Əsasnamənin 1-ci bəndinin on birinci yarımbəndinə uyğun olaraq, «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən komissiyaların rəyinə əsasən verilir». Hesab edirəm ki, iddia tələbi əsassızdır. Belə ki, İddiaçı həqiqi hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmasını təsdiq edən müvafiq sənəd olmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Buna görə də, Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın qərarı əsaslı olmuşdur. “Müharibə veteranı” adının verilməsi üçün şəxsin hərbi hissəyə daxil edilməsi kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (təxris olunması) da şərtdir. Buna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə “Qeyd” hissəsi əlavə olunmuşdur. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İddia ərizəsi onun mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2017-ci il və xx.xx.2021-ci il tarixli məktublardan görünür ki, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmasını təsdiq edən müvafiq sənəd olmadığına görə iddiaçıya "Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. -AR Müdafiə Nazirliyi Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, N nömrəli hərbi hissə komandirinin 1992-1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyat kitablarında iddiaçının xidməti barədə məlumat aşkar edilməmişdir. -AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1969-cu il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -НЗ № ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1987-ci ildə uçota götürülmüş, xx.xx.1991-cu ildə uçotdan çıxarılmışdır. Hərbi biletin 13-cü səhifəsində aparılmış qeyddən görünür ki, iddiaçı 1992-ci ildə N aylı hərbi hissədə atıcı vəzifəsi üzrə toplanışda olmuşdur. -Çağırış vərəqəsinin surətindən görünür ki, İddiaçı ehtiyatda olan hərbi qulluqçu kimi xx.xx.1992-ci il tarixdə 60 günlük toplanışa çağırılmışdır. -Səbail rayon hərbi komissarlığının 27 iyul 1992-ci il tarixli, 1/14 saylı arayışının surətindən görünür ki, İddiaçı 18 may 1992-ci il tarixdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırılmışdır. -26 Bakı Komissarı adına rayon hərbi komissarlığının xx.xx.1992-ci il tarixli, 1/153 nömrəli arayışının surətindən görünür ki, Fizuli şəhərindəki N saylı hərbi hissədə toplanışda olmuş İddiaçı 23 sentyabr 1992-ci il tarixdə işə yerinə qayıtmalıdır. Toplanışda olma müddəti barədə əlavə məlumat veriləcəkdir. -cavabdeh AR Müdafiə Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş 06 sentyabr 2023-cü il tarixli məktubdan görünür ki, N nömrəli hərbi hissə komandirinin 1992-1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı barəsində məlumat aşkar edilməmişdir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin normalarına əsasən hesab edir ki, cavabdeh orqanın imtinası əsaslıdır və iddiaçının hər hansı hüququnu pozmur. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin (bundan sonra- Əsasnamə) 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bundan əlavə, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.1998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat»ın 1.6-cı bəndinə əsasən 1988-ci il fevralın 1-dən 1991-ci il oktyabrın 9-dək erməni milliyyətçi quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - keçmiş DQMV ərazisində ... aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə ... - 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili işlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarə etmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Bu normanın tələbləri baxımından iddiaçı “Müharibə veteranı” statusunu almaq üçün onun hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu sübut etməlidir. Çünki “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər (7 oktyabr 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Məhkəmə qeyd edir ki, iddiaçının hərbi biletində 1992-ci ildə Füzuli şəhərində yerləşən N saylı hərbi hissədə atıcı vəzifəsində hərbi toplanış keçməsi barədə qeyd aparılsa da, iddiaçı istər inzibati icraatda, istərsə də məhkəmə icraatında müvafiq dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissədə xidmət etməsi və qanuni əsaslarla tərxis edilməsini təsdiqləyən, nizami hissə üzrə əmrlər və ya arxiv arayışlarını təqdim etməmişdir. Halbuki, Əsasnamənin tələbindən göründüyü kimi, müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün hərbi biletdə aparılmış qeydlər hərbi qulluqçunun hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda mötəbər sayılır. Həmçinin, iş materiallarında olan AR Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, iddiaçının xidmət keçdiyi N saylı hərbi hissə yalnız N fevral 1993-cü il tarixdən 05 noyabr 1993-cü il tarixədək, 31 iyul 2002-ci il tarixdən 30 mart 2004cü il tarixədək döyüş zonasında yerləşən hərbi hissə olduğu müəyyən edillmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi verilməsindən cavabdeh AR Müdafiə Nazirliyinin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməli, iddia əsassız olduğundan təmin edilməməlidir. İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” AR Qanununun: -11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. -17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-13321/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13321/2023
31.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver