Məhkəmə qərarları › İş №2-1(112)-13328/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13328/2025

22.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13328/2025 22.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “qeyri-yaşayış sahəsinə dair texniki pasportun verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayon, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi, 26 A (Yeni qaydalarla: AZ 1117, ünvan 1 yerləşən 30 kv.m qeyri-yaşayış sahəsinin üzərində hüquqların dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayon Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsi 26 A (Yeni qaydalarla: AZ 1117, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi, giriş 361 A) yerlşən 9.40 kv.m qeyri yaşayış obyekti X1 mülkiyyətində olmuşdur. Həmin obyektə dair Eldəniz Məmmədova cavabdeh orqan tərəfindən müvafiq çıxarış verilmişdir. Sonradan iddiaçı həmin obyekti almış və məlum olmuşdur ki, bu obyektin sahəsi çıxarışda səhv göstərilmişdir. Belə ki, obyektin real ərazisi 30 kv.m təşkil edir. Həmin obyekt onun istifadə və sahibliyindədir. Buna görə də cavabdeh orqana ərizə ilə müraciət edərək həmin obyektin ərazisi 30 kv.m olmaqla müvafiq çıxarışın verilməsini xahiş etdi. Lakin müraciətindən bir aydan çox vaxt keçməsinə baxmayaraq, hələdə cavab verilməmişdir. Göstərilənlərə əsasən hesab edir ki, Bakı şəhəri Binəqədi rayon Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsi 26 A (Yeni qaydalarla: AZ 1117,Bakı şəhəri Binəqədi rayonu, Bilcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi, giriş 361 A) yerləşən 9.40 qeyri yaşayış obyekti DƏDRX-də qeydiyyata alınmalı və adına reyestrdən çıxarış verilməlidir.

3. Cavabdehin etirazı onunla əsaslandırılmışsır ki, sözügedən qeyri-yaşayış sahəsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5ci maddəsinə uyğun təqdim edilmiş qeydiyyat vəsiqəsi əsasında ilkin mülkiyyətçi X1 adına həmin vəsiqədə qeyd edilmiş 9.4 kv.m sahəyə uyğun qeydiyyata alınmışdır. Qeyd olunan qeyri-yaşayış sahəsi üzərində hüquqlarınızın qeydiyyata alınmasına əsas olmuş xx.xx.2025-ci il tarixli, 4Ə-599 reyestr nömrəli alqı-satqı müqaviləsində də sahə 9.4 kv.m göstərilmiş, buna uyğun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır. Əlavə sahələrə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilir.

4. Məhkəmənin sorğusuna əsasən caabdehin 3-21-3-30/2-60469/2025 saylı 16 dekabr 2025ci il tarixli məktubu ilə bildirilir ki, sözügedən ünvanda qeydiyyatdan keçmiş 30 kv.m olan qeyri-yaşayış sahəsi aşkar edilməmişdir. Lakin İddiaçı adına həmin ünvanda 9.4 kv.m olan qeyri-yaşayış sahəsi qeydiyyata alınmışdır. Həmin əmlaka dair arxiv qovluğunda saxlanılan müvafiq sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilir.

5. ƏMDX DƏDKR publik hüquqi şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayon, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi, 26 A (Yeni qaydalarla: AZ 1117, ünvan 1 ünvanında yerləşən sahəsi 9.40 kv.m olan qeyri-yaşayış sahəsinə xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2025-ci il tarixdə qeydiyyata alınmışdır.

6. Məhkəmə sorğusuna əsasən xx.xx.2025-cü il tarixli müayinə (baxış) aktında qeyd edilir ki, qeyri-yaşayış sahəsinin faktiki ölçüsü 26.2 kv.m təşkil edir. Koordinatlar cədvəli akta əlavə olunur.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

8. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

9. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

10. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

11. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

12. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

13. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.

14. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır.

15. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

16. Azərbaycan Respublikasının “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

17. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

18. İddia mümkündür.

İV. Məhkəmənin mövqeyi

19. İddiaçının iddia tələbi Bakı şəhəri, Binəqədi rayon, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi, 26 A (Yeni qaydalarla: AZ 1117, ünvan 1 ünvanında yerləşən 30 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinə dair texniki pasportun verilməsidir.

20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

21. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

22. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;

24. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi, 26 A (Yeni qaydalarla: AZ 1117, ünvan 1 ünvanında 9.40 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə iddiaçının mülkiyyət hüquqları tanınaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı hazırda qeydiyyatın özünün cavabdeh inzibati orqan tərəfindən düzgün aparılmadığını bildirərək istifadəsində olan 30 kv.m qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını xahiş etsə də, həmin ünvanda yerləşən 30 kv.m ölçüdə tikiliyə və torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənəd aşkar olunmamışdır. Belə ki, Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 73 nömrəli sərəncamı əsasında Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi, 26 saylı yaşayış binasının yaxınlığında yerləşən 40 kv.mlik torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün S.Ə.Sevdimovun adına sənədləşdirilmiş, daha sonra AN-İ ******* saylı xx.xx.2004-cü il tarixli müqavilə ilə X2 mülkiyyətində olan Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi, 26 saylı yaşayış binasının yaxınlığında yerləşən qeyri-yaşayış sahəsinin 9.4 kv.m hissəsini X1 mülkiyyətinə vermişdir. Sonuncu tərəfindən həmin daşınmaz əmlak iddiaçıya satılmış, nəticədə 9.4 kv.m olan qeyri-yaşayış sahəsi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2025-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı isə qeyri-yaşayış sahəsinin 30 kv.m-dən ibarət hissəsinə dair texniki pasportun verilməsi üçün ona həmin torpaq sahəsinin qanuni əsaslarla ayrılmasını təsdiq edən sübutu məhkəməyə təqdim edə bilmədi. Belə ki, iş materiallarından göründüyü kimi qeyri-yaşayış sahəsinin məhz 9.4 kv.m hissəsi alıcının mülkiyyətinə verilərək alqı-satqı edilmişdir. Cavabdeh də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsini əsas gətirərək iddianın təmin edilməsindən imtina etmişdir.

25. Beləliklə, məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən iddiaçının qeyd edilən ölçüdə qeyriyaşayış sahəsinə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” yoxdur.

26. Məhkəmə qeyd edilən halı iddianın rədd edilməsi üçün yetərli hesab etdiyindən, əlavə araşma aparılmasını zəruri hesab etmir.

27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

28. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.

29. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar