Məhkəmə qərarları › İş №2-1(112)-1333/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1333/2023

07.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1333/2023 07.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı “mənzillə təmin olunma” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı “mənzillə təmin olunma” tələbinə dair iddiası üzrə inzibati işə 07 fevral 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı özünün və ailə üzvlərinin mənzillə təmin olunması üçün cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə müraciət etsə də, cavabdeh iddiaçının müvəqqəti məskunlaşmaq üçün verilən mənzili kirayəyə verdiyini əsas gətirərək, müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş 28 fevral 2022-ci il tarixli 136 saylı imtina məktubunun qeyri-qanuni hesab edilərək, iddiaçının və ailə üzvlərinin (iki nəfər) Qaradağ rayonu, Ümid qəsəbəsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə 2 otaqlı mənzillə təmin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri ilə birlikdə 1992-ci il tarixdən Şuşa rayonunun Qaladərəsi kəndindən məcburi köçkün olaraq Bakı şəhərində məskunlaşmışlar. 2019-cu il yanvar ayında iddiaçı 3 nəfər ailə üzvü birlikdə Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən ünvan 1 ünvanında 2 otaqlı mənzillə təmin olunmuşdur. O və ailəsi davamlı olaraq ünvan 2sərrüfatı ilə məşğul olur, bu səbəbdən 2021-ci ilin avqust ayının ortalarında yenidən Xızı rayonuna təsərrüfatla məşğul olmağa getmişlər. Onlara dövlət tərəfindən verilən mənzili nəzarət edilməsi və yaşamaq üçün qohumlarına vermişlər. 2021-ci ilin oktyabr ayında Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən Qaradağ rayonu, Ümid qəsəbəsində yerləşən məcburi köçkünlərin evlərində yoxlama aparılmış və onların evdə olmadıqlarını əsas tutaraq sözügedən mənzili onlardan geri tələb etmişlər. Onların qeyd olunan mənzili təhvil verdikləri halda Xızı rayonuna yaxın olan stansiya Sumqayıtda 3 otaqlı evlə təmin olunacaqları bildirilmişdir. Onlar mənzili təhvil vermələrinə baxmayaraq, yeni mənzillə təmin olunmamışlar. İddiaçı yenidən mənzillə təmin olunmaq üçün Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinə məktubla müraciət etmiş, lakin 28 fevral 2022-ci il tarixli 136 saylı məktubla imtina olunmuşdur. Cavabdehin etirazı: İş üzrə cavabdeh iddiaya qarşı etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. İddiaçı ailə üzvləri ilə birlikdə həmin qaydalara uyğun olaraq “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi” əsasında 15 yanvar 2019-cu il tarixində Komitə tərəfindən Qaradağ rayonu, Ümid qəsəbəsi ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 300 ailəlik yaşayış kompleksində bina 5-də 39 nömrəli 2 otaqlı mənzillə təmin edilmişdir. Sonradan aparılan araşdırma nəticəsində İddiaçı mənzildə uzun müddət yaşamadığı və mənzili qeyri-qanuni olaraq kənar şəxsə kirayə verdiyi məlum olduğundan onunla bağlanılmış müqaviləyə xitam verilmişdir. Kirayə müqaviləsində kirayəçinin vəzifələrində kirayəyə götürülmüş xüsusi təyinatlı yaşayış sahəsini dəyişdirməmək, özgəninkiləşdirmək, subkirayəyə habelə digər şəxsin icarəsinə və istifadəsinə verməmək qeyd edilmişdir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən kirayəçi mənzildə uzun müddət yaşamadıqda onunla bağlanılmış müaviləyə xitam verilir. Göründüyü kimi İddiaçı mənzillə təmin edilmiş və mənzildə uzun müddət yaşamayıb mənzili kirayə verdiyi üçün onunla bağlanılmış müqaviləyə xitam verilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materialları ilə müəyyən edilir ki, iddiaçı “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”na uyğun olaraq ailə üzvləri ilə birlikdə “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi” əsasında 15 yanvar 2019-cu il tarixdə Komitə tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 300 ailəlik yaşayış kompleksində bina 5də 39 nömrəli 2 otaqlı mənzillə təmin edilmişdir. Sonradan aparılan araşdırma nəticəsində iddiaçının mənzildə uzun müddət yaşamaması və mənzili kənar şəxsə kirayə verməsi əsas gətirilərək, onunla bağlanılmış müqaviləyə xitam verilmişdir. İddiaçı həm iddia ərizəsində, həm də məhkəmə iclaslarında izahatında 2021-ci ilin avqust ayından oktyabr ayınadək Xızı rayonunda təsərrüfatla məşğul olduğu müddətdə həmin mənzildə qohumlarının yaşadığını bildirmiş, lakin kirayəyə vermədiyini qeyd etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”: 1.2. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. 1.3. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. 1.4. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların müvəqqəti istifadəsinə verilir. 1.5. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. 2.1. Məcburi köçkünlərin yeni yaşayış sahələrində müvəqqəti yerləşdirilməsi Komitənin qərarı ilə yaradılmış Komissiya tərəfindən mərhələli və şəffaf şəkildə həyata keçirilir. Komissiya Komitənin, aidiyyəti yerli rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin, həmçinin məcburi köçkün icmalarının nümayəndələrindən ibarət təşkil olunur. Məcburi köçkünlərin mənzillə təmin edilməsi müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edilmiş siyahı və bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada təqdim edilmiş ərizələr əsasında həyata keçirilir. 2.2. Yeni yaşayış sahələrinə köçürüləcək məcburi köçkün ailələrinin siyahısının düzgünlüyünə və dəqiqliyinə görə həmin siyahını tərtib və təsdiq etmiş müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri məsuliyyət daşıyırlar. 2.5. Məcburi köçkünlərin müvəqqəti istifadəsinə ayrılmış yaşayış sahələri onların istifadəsinə “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş kirayə müqavilələri (bundan sonra - kirayə müqaviləsi) əsasında verilir. 2.6. Kirayə müqaviləsi Komitənin müvafiq qurumu ilə məcburi köçkün arasında 2(iki) nüsxədən ibarət olmaqla yazılı formada bağlanılır və bir nüsxəsi kirayəçiyə (məcburi köçkünə) verilir. 2.7. Kirayə müqaviləsində müvəqqəti istifadəçinin ailə üzvləri də göstərilməklə müqavilənin predmeti, yaşayış sahəsindən müvəqqəti istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Kirayə müqaviləsi Komitənin müvafiq qurumu tərəfindən şifahi qaydada məcburi köçkünə izah edilir. 3.2. Məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. 3.3. Məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, ipoteka qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. 3.4. Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsinə qayğı ilə yanaşmalı, həmin evdən yalnız yaşayış məqsədi ilə istifadə etməli, layihədə nəzərdə tutulmayan heç bir tikinti işlərinə yol verməməli və ümumi birgəyaşayış qaydalarına əməl etməlidirlər. 3.5. Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsindən kommersiya məqsədləri, habelə qanunvericiliklə qadağan olunan hərəkətlər və ya fəaliyyətlər məqsədi ilə istifadə edə bilməzlər. 3.6. Məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, həmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə (vərəsələrə), həmçinin himayəyə və ya qəyyumluğa götürülmüş şəxsin istifadəsinə verilə bilməz. 3.7. Məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarından göründüyü kimi, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində istifadə edilir və Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin qərarı ilə və kirayə müqaviləsi əsasında onların müvəqqəti istifadəsinə verilir. Kirayə müqaviləsinin bir nüsxəsi kirayəçiyə (məcburi köçkünə) verilir və kirayə müqaviləsində göstərilən şərtlərə əməl edilməməsi kirayə müqaviləsinin pozulmasına səbəb olur. Həmin əsaslardan biri də, məcburi köçkün ailəsinin müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamaması və mənzili başqasının istifadəsinə verməsidir. İddiaçı həm iddia ərizəsində, həm də məhkəmə iclaslarında izahatında 2021-ci ilin avqust ayından oktyabr ayınadək Xızı rayonunda təsərrüfatla məşğul olduğu müddətdə həmin mənzildə qohumlarının yaşadığını bildirmiş, lakin kirayəyə vermədiyini qeyd etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçının müvəqqəti istifadəsinə verilmiş mənzili başqasına istifadəyə verməsi işin mübahisəsiz halı olduğundan (iddiaçı məhkəmə iclasında həmin şəxsin ailə üzvləri və ev əşyaları ilə birlikdə sözügedən mənzilə köçüb yaşadığını təsdiq etmişdir.), onun kirayəyə (əvəzli şəkildə) və ya əvəzsiz şəkildə başqasının istifadəsinə verməsi işin həlli üçün əhəmiyyət daşımır. Belə ki, hər iki hal kirayə müqaviləsinin pozulmasının əsası kimi həm yuxarıda istinad olunan qaydalarda, həm də kirayə müqaviləsində təsbit edilmişdir. İddiaçının yenidən mənzillə təmin edilməsi ilə bağlı tələbinə münasibətdə qeyd edilməlidir ki, yuxarıda istinad olunan qaydalardan göründüyü kimi, Komitənin qərarı ilə yaradılmış Komissiya tərəfindən mərhələli şəkildə həyata keçirilir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı “mənzillə təmin olunma” tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı “mənzillə təmin olunma” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar