Məhkəmə qərarları › İş №2-1(112)-1333/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1333/2025

23.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1333/2025 23.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X13rşı “torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, «Maştağa bağlar» sahəsi, 137 nömrəli bağ sahəsinin qonşuluğunda yerləşən 2400 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 15/10 nömrəli Qərarına əsasən ona «Maştağa bağlar» sahəsi, 137 nömrəli bağ sahəsinin qonşuluğunda yerləşən 2400 kv.metr torpaq sahəsi kənd təsərrüfatı məhsullarının becərilməsi məqsədilə adıma rəsmləşdirilmişdir. Qeyd olunan qərar qəbul edilənədək həmin torpaq sahəsini abadlaşdırıb yararlı hala salaraq 10 ilə yaxın müddət ərzində əkib becərmişdir. Həmin vaxtdan 20 ilə yaxın müddətdir ki, torpaq sahəsi daimi sahibliyində və istifadəsində olmaqla (torpaq vergisini ödəməklə), torpaq sahəsi ilə bağlı qonşularla, o cümlədən hər hansı üçüncü şəxslərlə mübahisəm yoxdur. Həmin torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydə alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə etdiyim xx.xx.2023-cü il tarixli müraciətinə, həmin idarədən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubu ilə «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Qanunun 15.1.2-ci maddəsinə əsaslanmaqla müraciətimin icrasından imtina edilmişdir. Cavabdeh inzibati orqanın imtinasının əsası kimi göstərilmiş haldan biri ondan ibarətdir ki, həmin torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəriləçəkmə Komitəsi tərəfindən təsdiqlənmiş alqı-satqı aktı təqdim edilməmişdir. Cavabdeh inzibati orqanın imtina məktubunda qeyd olunan əsası «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitutsiyasma və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında müəyyən olunmuş hüquqi mövqeyinə zidd olan əsasdır. Bu səbəbdən də cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixli imtina məktubunda göstərilmiş qeyd olunan halı əsassız hesab edir və yuxarıda qeyd olunan sənədlər və faktiki vəziyyət həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün kifayət edir. Cavabdeh inzibati orqanın imtinasının əsası kimi göstərilmiş digər hal ondan ibarətdir ki, həmin torpaq sahəsi qanunvericiliklə nəzərdə tutulmuş normadan artıq ayrılmışdır. Cavabdeh inzibati orqanın imtina məktubunda qeyd olunan əsasla bağlı qeyd edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 15/10 nömrəli Qərarının məzmunundan da göründüyü kimi həmin torpaq sahəsi qeyd olunan qərar qəbul edilənədək həmin torpaq sahəsini abadlaşdırıb yararlı hala salaraq 10 ilə yaxın müddət ərzində kənd təsərrüfatı məhsullarının becərilməsi məqsədilə istifadə etmişdir. Bununla da həmin torpaq sahəsi cavabdeh inzibati orqanın imtina məktubunda göstərdiyi kimi fərdi yaşayış evinin tikintisi məqsədilə deyil, kənd təsərrüfatı məqsədləri üçün qanunvericiliklə müəyyən olunmuş norma həddində ayrılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********00 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinin iddiaçının adına ayrılması ilə bağlı bələdiyyə orqanının müvafiq qərarı və Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş “torpaqların alqı-satqısına dair akt” təqdim edilməmişdir. Bundan əlavə elektron kadastr baza məlumatına əsasən göstərilən sahə dövlət mülkiyyəti torpağıdır, bələdiyyə ərazisi olması barədə bazada məlumat aşkar edilməmişdir. O cümlədən torpaq sahəsinin 140 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməklə yanaşı təqdim olunan yerləşmə cizgisinin faktiki sahəyə aidiyyəti yoxdur. Qeyd olunanlarla yanaşı idarənin arxiv məlumatlarına əsasən həmin ərazidə yerləşən 137a saylı bağ sahəsi **********91-11301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daha sonra bölünmüşdür. “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli, 261 nömrəli qərarı ilə tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş və 08 iyul 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli protokol qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ilə əvəz edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayon Maştağa Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 15/10 nömrəli “Vətəndaş İddiaçı istifadəsində olan torpaq sahəsinin vergi qeydiyyatına alınması haqqında” Qərara əsasən Maştağa Bələdiyyəsinə Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi ev 7 menzil 8-də pasport qeydiyyatınde olan 1966-cı il təvəllüdlü İddiaçı ərizə ilə müraciət edərək bildirir ki, on ilə yaxındır ki, Maştağa qəsəbəsində mərkəzi yol kənarında olan bağ sahələri yaxınlığında olan 2400 kv/m torpaq sahəsini abadlaşdırıb yararlı hala salaraq əkib becərmişdir. Bu barədə qonşuluqda olan bağ sahiblərinin təsdiq edici ərizələrində də göstərilmişdir. Qeyd olunanları, Vat. İddiaçı Maştağa qəsəbəsində anadan olub yaşamasını, qonşular Ə.Ə.Mahmudov, V.M.Babayeva, N.Y.Rzayeva 32 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq olunmuş xx.xx.2004-cü il tarixli ərizələrini nəzərə alaraq və "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" "Yerli vergilər və ödənişlər haqqında" Azərbaycan Respublikası Qanunlarını əldə rəhbər tutaraq X11 qərara alır: 1. Qeyd olunan torpaq sahələrinin Bakı şəhər İcra Hakimiyyətinin 823 saylı xx.xx.2000-ci il tarixli sərəncamıyla Maştağa Bələdiyyəsinin mülkiyyətinə verilməsi nəzərə alınsın; 2. "Maştağa" bağlar sahəsi, 137A saylı bağ sahəsinin qonşuluğunda yerləşən 2400 kv/m torpaq sahəsi vət. İddiaçı adına rəsmillədirilib torpaq vergisi ödəyicisi kimi qeydə alınsın; 3. Vat. A.Ə.X4 "Vergi və ödənişlər" şöbəsində qeydiyyatdan keçib torpaq vergisinin ödənilməsini təmin etsin; 4. Vat. İddiaçı izah edilsin ki, hər hansı bir tikinti işləri aparmazdan avval Azərbaycan Respublikasının 2002-ci il 15 mart 274-İİQ saylı qanunu ilə təsdiq edilmə "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq müvafiq İcra Hakimiyyəti orqanlarından icazə almalı və razılaşdırılmalıdır. -“X1 Dadaşova Maştağa bağ massivi 137A saylı bağın qonşuluğunda ayrılması nəzərdə tutulmuş 2500 kv.m torpaq sahəsinin” Yerləşmə sxemi Maştağa bələdiyyəsinin sədri S.S.İbrahimov tərəfindən imzalanaraq Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Bələdiyyəsinin möhürü ilə təsdiq edilmişdir. -Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2021-ci il tarixli BA- 03544-2021 nömrəli məktubu ilə təqdim edilən sənədlərdən görünür ki: -X8 15 saylı xx.xx.2004-cü il tarixli iclasının protokoluna əsasən <<Bələdiyyələrin əraziləri və torpaqları haqqında», «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında», "Yerli vergilər və ödənişlər haqqında» Azərbaycan Respub Qanunlarını əldə rəhbər tutaraq və Maştağa Bələdiiyyəsinin 57 saylı 02 noyabr 2004-cü il tarixli iclasının Qərarına əsaslanaraq X11 qərara alır: 1.Aşağıda adları qeyd olunan vətəndaşlar tərəfindən zəbt olunmuş torpaq sahələri onlar tərəfindən uzun müddət istifadə etmələrini, ailələrinin dolandırılmasından ötəri digər iş yerlərinin olmamasını həmin torpaq sahələrindən kənd təsərrüfatı məhsullarının vecərilməsi ilə məşcul olmalarını nəzərə alaraq həmin torpaq sahələri vergi qeydiyyatına alınaraq torpaq vergisinə cəlb edilsin: 10.Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, ev 7, mənzil 8-də yaşayan 1966- cı il təvəllüdlü İddiaçı, Maştağa qəsəbəsində anadan olub, qəsəbədə yaşayıb, Maştağa bağlar sahəsində 10 ildən çox istifadəsində olduğu 2400 kv.m. torpaq sahəsi; 1.1.Adları qeyd olunan vətəndaşlara izah edilsin ki, qeyd olunan torpaq sahəsində hər hansı bir tikinti işləri aparmazadan əvvəl Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ №-li qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnaməyə uyğun olaraq müvafiq İcra hakimiyyəti orqanlarından icazə almalı və razılaşdırılmalıdır. 1.2.Qeyd olunan vətəndaşlar Maştağa Bələdiyyəsinin «Vergi və ödənişlər» şöbəsindən qeydiyyatdan keçib, torpaq vergisinin ödənilməsini təmin etsinlər. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********18 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin digər torpaq sahələri ilə üst-üstə düşmə halı yoxdur. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2022-ci il tarixli BA-00022-2022 nömrəli məktubunda göstərilmişdir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyləri Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Bakı Şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinin məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti Planlaşdırma Mərkəzinin arxivində heç bir sənəd aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********00 nömrəli məktubu ilə təqdim edilən sənədlərdən görünür ki: -Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin Maştağa bağlar sahəsindəki 50 nömrəli kooperativ tərəfindən verilmiş 29 nömrəli Orderə əsasən X3 Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli 198 nömrəli qərarı ilə Maştağa qəsəbəsində 50 nömrəli BTK nəzdində 0.12 ha sahəsi olan 96 nömrəli bağ sahəsi ayrılmışdır. -A№496237 nömrəli Torpaq sahəsinin planı və ölçüsünə əsasən torpaaq sahəsinin planı və ölçüsü Sabunçu rayonu Maştağa bağ massivində yerləşən torpaq sahəsinə mərhum X2 adına Bakı şəhər İH-nin xx.xx.1996-cı il tarixli 198 saylı qərarı və BTİ-nin 29 saylı Orderi əsasında 1200 kv.m olmaqla 96q saylı bağ evi tikintisi üçün tərtib edilmişdir. X14 kitabında xx.xx.2014-cü il tarixdə 37357 nömrəsi ilə uçota alınmışdır. Torpaq sahəsinin ölçüsü 1200 kv.m təşkil edir. -RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan **********44 reyestr nömrəli torpaq sahəsi xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 480 nömrəli reyestr kitabının 45391 nömrəli vərəqində qeydiyyata alınmışdır. -Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X6 bağlar Sahəsindəki 50 nömrəli Kopperativ tərəfindən verilmiş B/S saylı Orderə əsasən xx.xx.1991-ci il tarixdə X10 Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 1/16 nömrəli qərarına əsasən Maştağa bağlar sahəsində 50 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 96B nömrəli bağ ayrılmışdır. -A№133123 nömrəli Torpaq sahəsinin planı və ölçüsünə əsasən torpaaq sahəsinin planı və ölçüsü Sabunçu rayonu Maştağa bağ massivində yerləşən torpaq sahəsinə X9 adına Bakı şəhər İK-nin xx.xx.1991-cı il tarixli 1/16 saylı qərarı və BTİ-nin xx.xx.1991-ci il tarixli B/S saylı Orderi əsasında 1200 kv.m olmaqla 96v saylı bağ evi tikintisi üçün tərtib edilmişdir. X14 kitabında xx.xx.2009-cu il tarixdə 13241 nömrəsi ilə uçota alınmışdır. Torpaq sahəsinin ölçüsü 1200 kv.m təşkil edir. -MH seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.1139 ha olan **********38 reyestr nömrəli torpaq sahəsi xx.xx.2009-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 202 nömrəli reyestr kitabının 18675 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-1333/2025 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tikinti texniki ekspertizası təyin edilmiş, Ekspertizanın keçirilməsi mübahisəli ərazidə tərəflərin iştirakı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 15/10 saylı qərarı ilə “Maştağa” bağlar sahəsi, 137A saylı bağ sahəsinin qonşuluğunda yerləşən İddiaçı ayrılmış 2400 kv/m torpaq sahəsinin faktiki koordinatları, ölçüsü torpaq sahəsinin bələdiyyə və ya dövlət torpağı olması müəyyən edilsin.

2. Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 15/10 saylı qərarı ilə “Maştağa” bağlar sahəsi, 137A saylı bağ sahəsinin qonşuluğunda yerləşən İddiaçı ayrılmış 2400 kv/m naturada göstərilən torpaq sahəsinin yerləşmə vəziyyəti bələdiyyə qərarına əlavə edilmiş yerləşmə cizgisinə uyğundurmu?

3. Naturada göstərilən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşürmü? Üst-üstə düşən hissənin ölçüsü, koordinatları müəyyən edilsin.

4. Naturada göstərilən torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına düşürmü? Düşürsə hansı hissədə?

5. Barələrində sual qoyulmayan, lakin işin düzgün həlli üçün əhəmiyyət kəsb edən sair halların aydınlaşdırılması ekspertin səlahiyyətinə (sərəncamına) buraxılsın. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 3- 16-16/2-10/2270/2025 nömrəli məktubu ilə təqdim edilən xx.xx.2025-ci il tarixli 10/2270 nömrəli Ekspert rəyinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Əli Cəfərlinin tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Qərardadın birinci-dördüncü sualları üzrə: Göstərilən torpaq sahəsi sənəd üzrə 0.24 ha olsa da, faktiki olaraq hasardaxili 0.2462 ha təşkil edir. Torpaq sahəsinin üzərində yaşayış evi və köməkçi tikililər mövcuddur. Torpaq sahəsinin cənub hissəsində hasardan 6.8m-7.4m-6.1m məsafədən yüksək gərginlikli (6 kVt-lıq) elektrik xətti keçir. Göstərilən torpaq sahəsinin koordinatları əlavə olunur: XY

1. 414450.615 4485789.485

2. 414462.323 4485840.152

3. 414504.590 4485828.511

4. 414491.824 4485774.668

5. 414454.584 4485781.349

6. 414456.105 4485788.030 Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə dövlət mülkiyyəti torpağıdır, o cümlədən torpaq sahəsinin 140 kv.m (0.014 ha) hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməklə yanaşı təqdim olunan yerləşmə cizgisinin faktiki sahəyə aidiyyəti yoxdur. İdarənin arxiv məlumatlarına əsasən həmin ərazidə yerləşən 137a saylı bağ sahəsi **********91-11301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daha sonra bölünmüşdür. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli **********50 nömrəli məktubunda bildirilmişdir ki, qeyd olunan torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiqlənmiş alqısatqı aktı təqdim edilməmişdir. Həmçinin torpaq sahəsi qanunvericilikdə nəzərdə tutulmuş normadan artıq ayrılmışdır və yerləşmə cizgisində bələdiyyə qərarına istinad olunmamışdır. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası qanununun 8.0.1-ci maddəsinə əsasən xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları müvafiq inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin sıxlığı, torpaq ehtiyatlarının miqdarı və bu məqsədlə yaxın dövr üçün tələbat nəzərə alınmaqla fərdi yaşayış evlərinin tikintisi üçün Bakı şəhərində tətbiq edilən 1-4-cü zonalar üzrə - 0,04 hektaradək, 5-8-ci zonalar üzrə 0,05 hektaradək, 9-12-ci zonalar üzrə - 0,06 hektaradək hədlər daxilində bələdiyyələr tərəfindən müəyyən edilmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15.1.2-ci maddəsinə əsasən (hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzrnunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olmaması) hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır”. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyəti üzrə əsassızdır. Hazırkı iş üzrə iddiaçı Maştağa Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 15/10 nömrəli qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində 2400 kv.m. toqpaq sahəsinin ayrıldığını əsas gətirərək, həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyatını mübahisələndirir. Məhkəmə iddiaçının iddia tələbi və cavabdehin imtina əsasları ilə bağlı aşağıdakıları qeyd edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Göründüyü kimi, qanunverici bələdiyyəyə məxsus əmlakın mülkiyyətə verilməsinə dair inzibati aktı daşınmaz əmlaka hüququn dövlət reyestrində qeydə alınması üçün əsas kimi müəyyən etmişdir. Torpaq sahəsinin iddiaçıya ayrıldığı vaxt qüvvədə olan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun aşağıdakı maddələrinə əsasən: -6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. - 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. - 6.5 Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi (“müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər) alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. - 6.7. Bələdiyyələr on gün müddətində ərizəyə baxır və Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada (torpaqayırma sənədləri hazır olduqdan sonra) torpaq sahəsinin verilməsi barədə qərar qəbul edirlər. Həmin qərar torpaq sahəsinin naturada (yerdə) ayrılması və torpaq üzərində hüquqlara dair sənədlərin verilməsi üçün əsasdır. - 9.1. Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə satıla bilər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə (iddiaçıya torpaq sahəsi ayrılan vaxt qüvvədə olan redaksiyası) aşağıdakı bəndlərinə əsasən: - 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. - 4. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının, habelə bələdiyyə torpaqlarının satışı bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə və bu Əsasnaməyə uyğun olaraq həyata keçirilir. - 7. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. - 18. Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. - 19. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. - 21. Müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını (cizgisini) təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. - 22. Bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir. -23. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir. Yuxarıda sadalanan hüquq münasibətlərinin yarandığı dövr qüvvədə olan normalardan müəyyən olunur ki, xx.xx.2004-cü il tarixdə bələdiyyə torpaq sahəsi ayırması üçün: 1.torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumlarının və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətlərinin (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) rəyini əldə edir;

2. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumu həmin torpaq sahəsinin planını (cizgisini) təsdiq edir və torpaq sahəsinin normativ qiymətini müəyyən edir və həmin sənədləri bələdiyyəyə təqdim edir;

3. həmin sənədlər bələdiyyəyə daxil olduqdan sonra torpaq sahəsinin şəxsin mülkiyyətinə verilməsi ilə bağlı qərar qəbul edir.

4. şəxslə bələdiyyə arasında torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlanır. Hazırkı iş üzrə iddiaçıya torpaq sahəsi ayrılarkən həmin dövrdə qüvvədə olmuş qanunvericiliklə tələb olunan normalara əməl etməmiş, DTXK tərəfindən təsdiq edilmiş torpaq sahəsinin alqı-satqı aktı təsdiq edilməmiş və Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi alınmamışdır. Eyni zamanda hazırkı iş üzrə naturada göstərilən mübahisəli torpaq sahəsinin mülkiyyət formasına gəlincə məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə qərardadının icrası ilə əlaqədar olaraq keçirilmiş məhkəmə-tikinti texniki ekspertizasının nəticəsi olaraq təqdim edilən xx.xx.2025-ci il tarixli 10/2270 nömrəli ekspert rəyinə əsasən vahid elektron kadastr baza məlumatlarına əsasən iddia olunan torpaq sahəsi dövlət mülkiyyəti torpağı olduğu müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, “X14, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən X14 — torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur. Həmin Qanunun 6-cı maddəsinə əsasən X14na aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən X14na daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına (Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) təqdim edilməsi məcburidir. X14nın məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Həmin Qanunun 7-ci maddəsinə görə X14 məlumatlarının qeydiyyatı torpaqların hüquqi statusunun, rejiminin, kəmiyyət və keyfiyyət göstəricilərinin uçotunu aparmaq və torpaq münasibətlərinin tənzimlənməsinə nəzarət etmək məqsədilə həyata keçirilir. X14 məlumatlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə aparılır. X14nın məlumatları Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət torpaq reyestrində qeydiyyata alınır. Göründüyü kimi, torpaqların hüquqi statusu X14na daxil edilən məlumatlardan biridir və həmin məlumatlar cavabdehin tabe olduğu təşkilat tərəfindən həyata keçirilir. Beləliklə, X14nın məlumatlarının həqiqətə uyğunluğu kadastrı aparan orqanın məlumatına əsasən müəyyən edilməlidir. Belə ki, qanun birbaşa təsbit etmişdir ki, X14nın məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli, 271 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”nın 7-ci hissəsinə əsasən Azərbaycan Respublikasının 2009-cu il 29 dekabr tarixli, 936-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”nin 3.4.5-ci bəndinə əsasən bələdiyyələrin hüdudlarındakı torpaqların torpaq sahəsi kimi X14 məlumatlarının dürüstləşdirilməsi (dəqiqləşdirilməsi) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılır (bənd 7.1). Bələdiyyələrin Dövlət reyestrinə daxil edilmiş bələdiyyələrin xəritələrində onların ərazisi (o cümlədən, sərhədləri, döngə nöqtələri və onların koordinatları) barədə məlumatlar X14nın aparılması üçün əsas götürülür (bənd 7.2). Buna görə də məhkəmə hesab edir ki, hazırkı halda mübahisəli torpaq sahəsinin dövlət və ya bələdiyyə torpağına aid olması müəyyən edilərkən X14nı həyata keçirən orqanın tabe təşkilatı olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin məlumatı əsas götürülməlidir. Məhkəmə bu qənaətə həm də o halı nəzərə alır ki, məhkəmə sorğusu ilə əldə edilmiş iddiaçı tərəfindən naturada göstərilən torpaq sahəsinin ətrafında qeydiyyatdan keçmiş qonşu daşınmaz əmlaklara dair hüquqmüəyyənedici sənədlərdən görünür ki, qonşu torpaq sahələri 96z nömrəli bağ sahəsi və 96v nömrəli bağ sahəsi olmaqla dövlət mülkiyyətində, yerli icra hakimiyyəti orqanı tərəfindən verilən order əsasında vətəndaşların istifadəsinə verilmiş və qeydiyyata alınmış torpaq sahələridir. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsinin bələdiyyə ərazisi olmadığından, eləcə də Maştağa bələdiyyəsinə aid olması müəyyən edilmədiyindən aydın olur ki, onun müvafiq torpaq ayrıma səlahiyyəti olmamışdır. Beləliklə, iddiaçının hüquqmüəyyənedici əsas qismində təqdim etdiyi sənəd qanunvericiliyin tələblərinə uyğun olmadığından məhkəmə hesab edir ki, həmin hüquqmüəyyənedici sənədə əsasən daşınmaz əmlaka hüququn qeydiyyatı aparıla bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı halda iddiaçı iddia tələbinin əsaslılığını sübuta yetirə bilməmişdir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Eyni Məcəllənin 108.1-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 109-cu maddəsinə görə prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməli, olduğundan təmin edilməməli, ekspertiza xərci iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X13rşı “torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ekspert tədqiqatının dəyəri olan 50 manat xərc İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: AZ34CTRE********************, VÖEN **********, X5, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22) ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar