Məhkəmə qərarları › İş №2-1(112)-13336/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13336/2023

18.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13336/2023 18.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı X4, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X8, Üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı X4 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X5) “qeydiyyatın ləğv edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin üzərinə məhkəmə qətnaməsi ilə etibarsız hesab edilmiş iddiaçı ilə X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli renta müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilərək iddiaçının Bakı şəhəri, D.Bünyatzadə küçəsi, 2 saylı evin 97 saylı mənzilinə mülkiyyət hüququnun bərpa edilərək reyestrdən çıxarışın verilməsi” tələbini irəli sürərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, D.Bünyatzadə küçəsi 2 saylı evin 97 saylı mənzili onunla X5 arasında Bakı şəhəri 5 saylı notariat ofisində bağlanaraq təsdiq edilmiş 10.06. 2022-ci il tarixli renta müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrində X1 adına mülkiyyət kimi qeydə alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3473/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onunla X5 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli renta müqaviləsi etibarsız hesab edilmişdir, həmin qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir və xx.xx.2022-ci il tarixli renta müqaviləsinin etibarsız hesab edilməsi Bakı şəhəri 5 saylı notariat ofisi tərəfindən qeydə alınmışdır. Mövcud vəziyyətdə xx.xx.2022-ci il tarixli renta müqaviləsi etibarsız hesab edildiyi üçün həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyatın ləğv edilərək onun Bakı şəhəri, D.Bünyatzadə küçəsi 2 saylı evin 97 saylı mənzilinə mülkiyyət hüququ bərpa edilərək mülkiyyət hüququna dair reyestrdən çıxarışın verilməsinə dair ərizə ilə onun tərəfindən cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edilmişdir və cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubunda renta müqaviləsinin ləğvi haqqında məlumatın bazaya daxil edilərək onun Bakı şəhəri, D.Bünyatzadə küçəsi 2 saylı evin 97 saylı mənzilinə mülkiyyət hüququnun bərpa edilməsindən və reyestrdən çıxarışın verilməsindən imtina edilmişdir. Cavabdeh tərəfindən verilmiş bildirişdə renta müqaviləsinin ləğvi haqqında məlumatın bazaya daxil edilərək onun Bakı şəhəri, D.Bünyatzadə küçəsi, 2 saylı evin 97 saylı mənzilinə mülkiyyət hüququnun bərpa edilməsindən və reyestrdən çıxarışın verilməsindən imtina edilməsinin əsası kimi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3473/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsində 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmadığı göstərilmişdir. Cavabdehin bu imtinası əsassızdır. Belə ki, daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlakla bağlı müqavilələr qeydə alındığı kimi, eyni qaydada müqavilələrin etibarsız hesab edilməsi də qeydə alınaraq müqavilədən əvvəlki vəziyyət bərpa edilməlidir. Beləliklə, onunla X6 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli renta müqaviləsi məhkəmə qətnaməsi ilə etibarsız hesab edildiyi üçün həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılan qeydiyyatın ləğv edilərək onun Bakı şəhəri, D.Bünyatzadə küçəsi 2 saylı evin 07 saylı mənzilinə mülkiyyət hüququnun bərpa edilərək reyestrdən çıxarışın verilməsi barədə müraciətinə cavabdeh tərəfindən verilmiş imtina qanunsuz və əsassızdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X5 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. AZ-İİ seriyalı 379661 saylı xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölmüşdür. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 1938/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, xx.xx.2023cü il tarixdə ölmüş İddiaçı (doğum tarixi: xx.xx.1951-ci il) ilə bağlı Bakı şəhəri 52 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə 42/2023 nömrəli reyestrlə vərəsəlik işi açılmışdır və X9 onun vəsiyyət üzrə vərəsəsidir. X9 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə vəfat etmişdir, onun vəsiyyət üzrə vərəsəsidir və Bakı şəhəri 52 saylı notariat ofisində onun vəsiyyət üzrə vərəsəsi olması barədə xx.xx.2023-cü il tarixdə 42/2023 saylı reyestrlə vərəsəlik işi açılmışdır. Hüquqi varisi olduğu İddiaçı onunla əvəz edilməsi xahiş edilmişdir. İş üzrə İddiaçı onun hüquqi varisi hesab edilən X9 ilə əvəz edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə xx.xx.2022-ci il tarixli renta müqaviləsi əsasında X1 adına aparılmış Bakı şəhəri D.Bünyadzadə küçəsi 2 saylı evin 97-ci mənzili barədə aparılmış xx.xx.2022-ci il tarixli qeydiyyatın ləğv edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı müvafiq iddia tələbi ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş və iddiaçıya xx.xx.2023-cü il tarixli, **********39 saylı məktubla cavab verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3473/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsi ilə İddiaçı ilə X5 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli renta müqaviləsinin etibarsız hesab edilməsi və iddiaçı tərəfindən 100 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdeh X2 tutularaq İddiaçı ödənilməsi qeyd edilmişdir. Göründüyü kimi, 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Lakin renta müqaviləsinin ləğvi nəzərə alınaraq daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeyd aparılmışdır. İcra vərəqəsi üzrə daşınmaz əmlakın dövlət reyestrində aparılmış X1 adına aparılmış qeydiyyata münasibət bildirilməmişdir. Belə ki, sonuncunun adına aparılmış qeydiyyat ləğv edilməmişdir. Bundan əlavə, iddiaçının İdarəyə müraciətində qeyd olunan mənzil Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, 2 saylı evin 97 saylı mənzili üzərində mülkiyyət hüquqları Bakı şəhəri 5 saylı notariat ofisinin notariusu X10 tərəfindən 10 iyun 2022-ci il tarixdə təsdiq edilmiş 4Ə-204 saylı renta müqaviləsinə əsasən adına qeydiyyata alınmış və hal-hazırda mülkiyyətindədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən təqdim edilmiş ÖM seriyalı 100752 saylı qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri Yasamal rayonu Bünyatzadə küçəsində yerləşən 2 saylı evin 29,11 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 97 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 1205 saylı reyestr kitabında 181038-ci səhifədə 30/181038 qeydəalma nömrəsi ilə xx.xx.2002-ci il tarixdə qeydiyyat aparılmışdır. İddiaçı və X5 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli renta müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 29,11 kv.m olan 2 otaqlı mənzilin tam mülkiyyət üzrə X1 mülkiyyətinə vermişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən” 011A3/1070 saylı xx.xx.2022-ci il tarixli arayışa əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 1205öz nömrəli reyestr kitabının 181038 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3473/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək İddiaçı ilə X7 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli renta müqaviləsi etibarsız hesab edilmişdir. İddiaçı tərəfindən 100 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdeh X3 tutularaq İddiaçı ödənilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3473/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı ilə X7 arasınaa bağlanılmış xx.xx.2022-ci il tarixli renta müqaviləsi etibarsız hesab edilmişdir. İddiaçı tərəfindən 100 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdeh X3 tutularaq İddiaçı ödənilməlidir. Qətnamə xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2-1-01xxxx/2023 **********39 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3473/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsi ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Renta müqaviləsinin ləğvi nəzərə alınaraq daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeyd aparılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən məhkəməyə ünvanlanmış 2(006)- 3473/2022 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3473/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi xx.xx.2022-ci il tarixdə qüvvəyə minmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddianın təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, № 02, 24-cü bənd). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İddia mümkündür. III. Məhkəmənin mövqeyi Beləliklə, məhkəmə müəyyən edir ki, X11 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05). Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland). Azərbaycan Respublikasının Mülki Məcəlləsindən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar (bundan sonra — qərarlar) çıxarırlar. Məhkəmə qeyd edir ki, Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən təqdim edilmiş ÖM seriyalı 100752 saylı qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri Yasamal rayonu Bünyatzadə küçəsində yerləşən 2 saylı evin 29,11 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 97 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 1205 saylı reyestr kitabında 181038-ci səhifədə 30/181038 qeydəalma nömrəsi ilə xx.xx.2002-ci il tarixdə qeydiyyat aparılmışdır. İddiaçı və X5 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli renta müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 29,11 kv.m olan 2 otaqlı mənzilin tam mülkiyyət üzrə X1 mülkiyyətinə vermişdir. Sözügedən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının hazırda mövcud olması işin mübahisəsiz halıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3473/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə X7 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli renta müqaviləsi etibarsız hesab edilmişdir. Qətnamə xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almışdır. Məhkəmə hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3473/2022 saylı mülki iş üzrə 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə prosesinə tərəf qismində cəlb edilməməsi və İdarə üzərinə hər hansı bir öhdəlik qoyulmaması cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçının Bakı şəhəri D.Bünyadzadə küçəsi 2 saylı evin 97-ci mənzili barədə xx.xx.2022-ci il tarixli renta müqaviləsi əsasında X1 adına aparılmış aparılmış xx.xx.2022-ci il tarixli qeydiyyatın ləğv edilməsi üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1.4-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.4-cü maddəsində nəzərdə tutulmuş hüquqi sənədlər mövcuddur, iddiaçının qeyd edilən mənzilə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” var və cavabdehin imtinası qanunun güddüyü məqsədə mütənasib deyil. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 68, 69, 73, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri D.Bünyadzadə küçəsi 2 saylı evin 97-ci mənzili barədə xx.xx.2022-ci il tarixli renta müqaviləsi əsasında X1 adına aparılmış aparılmış xx.xx.2022-ci il tarixli qeydiyyatın ləğv edilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi İlə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar