Məhkəmə qərarları › İş №2-1(112)-1334/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1334/2025

06.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1334/2025 06.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) tərəfindən Bakı şəhəri, Xəzər rayonu (əvvəlki Əzizbəyov rayonu), Dübəndi qəsəbəsində ayrılmış 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyova küçəsində yerləşən 600 kv.m İddiaçı xx.xx.1949-cu ildə Bakı şəhərində anadan olmuşdur. O, uzun müddət Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) Həmkarlar İttifaqında Baş mühasib vəzifəsində işləmiş və hazırda yaş həddinə görə təqaüdə çıxmışdır. 1987-ci ildə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) işçiləri üçün Bakı şəhəri Xəzər rayonu (əvvəlki Əzizbəyov rayonu) Dübəndi qəsəbəsində ayrılmış torpaq sahəsində “Yoldaşlıq-Baxçılıq Təsərrüfatı” təşkil olunmuş və həmin torpaq sahəsindən həmin təşkilatın işçilərinə 0,05 ha torpaq sahəsi ayrılmışdır. O cümlədən də, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) işçisi kimi İddiaçı da Xəzər rayonu (əvvəlki Əzizbəyov rayonu) Dübəndi qəsəbəsində 7-ci Şimal küçəsinin 223 saylı ünvandan 0,05 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı qanuni əsaslarla ünvan 1 ünvanda yerləşən 0,05 ha torpaq sahəsinin kənarı mişar daşı (kubiklə) ilə tam hasarlanmış və dəmir darvaza qoyulmuşdur. Sonrakı illərdə isə müəyyən səbəblərdən digər əsaslı tikinti işləri aparılmamışdır. Bunun da əsas səbəbi “Yoldaşlıq-Baxçılıq Təsərrüfatı” rəhbərliyi tərəfindən verilmiş birinci sənədlərin “Orjinalı” deyil, kserosurəti olmasıdır. Bundan başqa isə ona “Yoldaşlıq-Baxçılıq Təsərrüfatı” rəhbərliyi tərəfindən verilən “Bağçılıq üzvülüyü” kitabçası tərəfindən itirilmişdir. Bundan başqa, “Yoldaşlıq- Baxçılıq Təsərrüfatı” rəhbərlik edən (sədrlik edən) Vəlibəyova Validənin vəfat etməsi və onun tərəfindən aparmış olduğu orijinal sənədlər itmişdir. Ona görə də, “ASAN xidmət” mərkəzinə müraciəti müvəffəqiyyətsiz başa çatmış və torpaq sahəsinə dair sənəd ala bilməmişdir. - Xəzər rayonu (əvvəlki Əzizbəyov rayonu), Dübəndi qəsəbəsində ayrılmış torpaq sahəsində onların hasar qonşusu olan Abdullayev Fətulla lazımı hüquqi sənədlər əldə etmiş və artıq yaşayış evi də tikmişdir. Digər ünvanda - 5-ci Şimal küçəsində rabitə işçisi Ədalət İsakov məhkəmə yolu ilə torpaq sahəsinə dair hüquqi sənədləri əldə etmişdir. Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) işçiləri üçün Bakı şəhəri, Xəzər rayonu (əvvəlki Əzizbəyov rayonu), Dübəndi qəsəbəsində ayrılmış 0,05 ha torpaq sahəsinin “Yoldaşlıq-Baxçılıq Təsərrüfatı” rəhbərliyi tərəfindən verilmiş müvafiq sənədləri vardır. Həmin qeyd olunan torpaq sahəsi ona ayrılan vaxtdan hal-hazıradək iddiaçının istifadəsindədir və torpaq sahəsində müxtəlif meyvə (bar) ağacları tərəfindən əkilmiş və becərilir. Həmin qeyd olunan torpaq sahəsinin (fərdi bağ sahəsinin) sənədləşdirilməsi üçün Azərbaycan Respublikası İN-yi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 sayh Bakı Ərazi İdarəsinə müraciət edərək, yuxarıda qeyd olunan torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirlərinə uyğun formada “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın verilməsini xahiş etmişdir. Lakin, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2N0490-8/2024 (**********94) nömrəli məktubu ilə imtina cavabı verilərək, qeyd olunan torpaq sahəsinə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” verilməmiş və bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” 29 iyun 2004-cü il (№ 713-İİQ) tarixli Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar” barədə müddəalar təsbit olunmuşdur. Həmin Maddənin 8.0.7-ci bəndində qeyd olunur ki, “2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;” daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir. Lakin, Azərbaycan Respublikası İN-yi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” 29 iyun 2004-cü il tarixli Azərbaycan Respublikası Qanununun bu tələblərinə əməl etmədən imtina cavabı vermişdir.

3. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməmişdir. Həmçinin İdarənin arxivində olan bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında İddiaçı adı aşkar edilməmişdir. Bundan başqa, tərəfinizdən torpaq sahəsinə dair təqdim olunan sənədlər digər şəxsin adınadır və bununla bağlı əlaqəli sənəd (etibarnamə və ya vərəsəlik işinin açılması ilə bağlı məktub) təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən sizə hüquqi yardım göstərilərək bildiririk ki, qeyd olunan iradlar aradan qaldırılacağı təqdirdə müraciətinizə yenidən qanunamüvafiq qaydada baxılacaqdır.”

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməmişdir. Həmçinin İdarənin arxivində olan bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında İddiaçı adı aşkar edilməmişdir. Elektron kadastr məlumatına əsasən ümumi ərazidə hasarlanma bağçılıq-yoldaşlıq təsərrüfatının bölgü sxeminə uyğun aparılmamışdır, uyğunsuzluq mövcuddur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

5. Azərbaycan SSR Bakı Telefon Rabitəsi “Yoldaşlıq-Baxçılıq Təsərrüfatı”nın 1987-ci ildə qəbul edilən icazə vərəqinin surətindən görünür ki, Bakı şəhər X3 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli 20/396 saylı qərarı əsasıda Bakı Telefon Rabitəsi İstehsalat Birliyində işləyən İddiaçı Əzizbəyov rayonu, Dübəndi qəsəbəsində 218 (18) saylı bağ sahəsi ayrılmışdır.

6. Bakı şəhər X3 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli 20/396 saylı qərarının surətindən görünür ki, rayon sovetlərinin icra komitələri yanında işçi komissiyalarının baxdığı materiallara əsasən aşağıdakı sahələr üzrə kollektiv bağların salınması üçün aşağıdakı müəssisə, təşkilatlara torpaq sahəsinin ayrılması qərara alınmışdır: 1.1. Əzizbəyov rayonunun Dübəndi qəsəbə ərazisində Azəzrbaycan SSR Nazirlər Sovetinin xx.xx.1987-ci il tarixli 326 nömrəli qərari ilə ayrılmış keçmiş Zirinski tərəvəzsüdçülük sovxozuun ərazisində kollektiv bağçılıq ortaqlığının təşkili üçün Bakı Şəhər Soveti İcraiyyə Komitəsinə: 26 Bakı Komissarları adına rayonun müəssisə və təşkilarlarına: 1.1.9. tərəfdaşlığın 74 üzvü üçün Bakı Şəhər Telefon Şəbəkəsi.

7. BQİ Baş Memarlıq və Planlaşdırma İdarəsi tərəfindən xx.xx.1987-ci il tarixdə təsdiq edilən memarlıq-planlaşdırma göstərişlərinin surətindən görünür ki, həmin göstərişlər Bakı şəhəri Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli 20/396 nömrəli qərarı əsasında verilmişdir. Sahə Əzizbəyov rayonu, Dübəndi qəsəbəsi ərazisində yerləşir.

8. Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) Bağçılıq Yoldaşlıq Cəmiyyətinin üzvlərinin siyahından görünür ki, 33-cü sırada X2 adı göstərilmişdir.

9. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

11. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

12. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

13. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

14. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

15. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.

17. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırkı iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır.

18. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

19. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

20. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

21. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

22. X4 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

23. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).

24. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

25. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə hesab edir ki, eyni yanaşma inzibati məhkəmə icraatı qaydasında çıxarılan məhkəmə aktına da şamil edilməlidir.

26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlərhüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

27. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

28. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

29. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

30. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

31. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın:

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar.

32. Hazırkı iş üzrə iddia tələbi Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) tərəfindən Bakı şəhəri, Xəzər rayonu (əvvəlki Əzizbəyov rayonu), Dübəndi qəsəbəsində ayrılmış 0,05 ha bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi ilə bağlıdır.

33. Məhkəmə qeyd edir ki, bağçılıq yoldaşlığın üzvlərinin siyahısı məhkəmə tərəfindən tədqiq edilmiş və həmin siyahıda iddiaçının adı aşkar olunsa da, iddiaçının hüquqmüəyyənedici sənəd kimi iş materiallarına əlavə etdiyi Azərbaycan SSR Bakı Telefon Rabitəsi “Yoldaşlıq- Baxçılıq Təsərrüfatı”nın 1987-ci ildə qəbul edilən icazə vərəqinin əslinə baxış keçirmək mümkün olmamışdır, belə ki, iddiaçı sənədlərin əsllərinin ona verilmədiyini bildirmişdir.

34. Məhkəmə, həmçinin qeyd edir ki, iddiaçının ona ayrıldığını iddia edilən torpaq sahəsinin təqdim olunmuş hüquqmüəyyənedici sənədlərin surətində ölçüsü göstərilməmişdir.

35. Məhkəmə iddiaçı tərəfindən sənədlərin əsllərinin təqdim edilmədiyini, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin arxiv qovluğuna uyğun gələn siyahısına müvafiq olaraq verilən üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışın qeydiyyat üçün əsas olduğunu nəzərə alır.

36. İş materiallarında və məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, bağ sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər yoxdur.

37. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün “qanuni gözləntisi” yoxdur.

38. Odur ki, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.

39. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

40. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar