Məhkəmə qərarları › İş №2-1(112)-13346/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13346/2022

14.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13346/2022 14.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı4, İddiaçı1 iştirakları ilə, İddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı3, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “sərbəst toplaşmaq azadlığına müdaxilənin qanunsuz sayılması və s” tələbinə dair iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı3, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “30 sentyabr 2022-ci il tarixli dinc toplantının keçirilməsinə cavabdeh tərəfindən qadağa qoyulmasının qanunsuz hesab edilməsi, cavabdehin hərəkətinin “Sərbəst toplaşmaq haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin pozuntusu kimi tanınması tələblərini irəli sürərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə iddiaçıların daxil olduğu piketin təşkilatçılar qrupu cavabdehə rəsmi xəbərdarlıq göndərərək xx.xx.2022-ci il tarixdə Milli Məclisin qarşısında piketin keçirilməsi barədə məlumat vermişlər. Piketin keçirilməsində məqsəd parlamenti “Siyasi partiyalar haqqında” yeni qanunun qəbulundan imtinaya çağırış etmək idi. Xəbərdarlıqda dinc toplantının yeri, tarixi və saatı, təşkilatçılar barədə məlumatlar dəqiq göstərilmişdir. Toplantıda səslənəcək şüar haqqında xəbərdarlıqda geniş məlumat verilmişdir. Təşəbbüskarın piketin keçirilməsi barədə cavabdehə göndərdiyi xəbərdarlığa bu qurumdan verilmiş cavab məktubunda dinc toplantının keçirilməsi “məqsədəuyğun” sayılmamış və bununla onun keçirilməsinə icazə verməmişdir. Halbuki təşkilatçılar tərəfindən icra hakimiyyətinə müraciətin məqsədi icazə almaq yox, keçiriləcək toplantı barəsində onu xəbərdar etmək idi. Çünki belə bir icazənin alınması qanunvericilikdə nəzərdə tutulmamışdır. Cavabdehin bu məktubu onun qərarı kimi qəbul edilməli və cavabında mitinqin keçrilməsinin məqsədəuyğun hesab edilməməsi toplantının keçirilməsinin qadağan edilməsi kimi qiymətləndirilməlidir. Bu əsaslara görə cavabdehin bu qadağası qanunazidd və əsassız hesab edilməlidir. Hesab edir ki, cavabdeh orqan piketin keçirilməsinə bu formada müdaxilə etməklə Azərbaycan Respublikasının qanunvericiliyində təsbit olunmuş insan hüquqlarının, xüsusən də sərbəst toplaşmaq azadlığının pozuntusuna yol vermişdir. İş üzrə məhkəmə iclası təyin edilərək vaxtı və yeri barədə tərəflərə müvafiq bildiriş göndərilmişdir. Məhkəmə iclasına iddiaçılar İddiaçı4 və İddiaçı1 gəlmiş, digər iddiaçılar və cavabdeh gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 30.4 və 62.3-cü maddələrinin tələblərini rəhbər tutaraq iclasın gəlməyən tərəflərin iştirakı olmadan keçirilməsini mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdıraraq iddianın mümkünlüyü məsələsinin müzakirə edilməsini zəruri hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı4 və İddiaçı1 iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianı müdafiə etmiş və iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğunu bildirmişlər. Məhkəmə iddiaçıları dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 49-cu maddəsinə əsasən hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı vardır. Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə, ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə, dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 1ci maddəsinə əsasən hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə təmin edilir. Həmin azadlığın həyata keçirilməsi və məhdudlaşdırılması bu Qanunla müəyyən edilir. Dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsini təmin edir və bu Qanuna uyğun təşkil edilən toplantıların dinc və silahsız keçməsi üçün müvafiq tədbirlər görür. Həmin Qanunun 6-cı maddəsinə əsasən yığıncağın, mitinqin, nümayişin, küçə yürüşünün və ya piketin təşkilatçısı dinc toplantını təşkil edən, adı müvafiq icra hakimiyyəti orqanına təqdim edilmiş yazılı xəbərdarlıqda göstərilən bir və ya bir neçə hüquqi və ya fiziki şəxsdir. Həmin Qanunun 7-ci maddəsinin İ hissəsinə əsasən sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. 1) ictimai və dövlət təhlükəsizliyi mənafelərinin qorunması üçün; 2) ictimai asayişin pozulmasının qarşısını almaq üçün; 3) iğtişaş və ya cinayətlərin baş verməməsi üçün; 4) əhalinin sağlamlığının mühafizəsi üçün; 5) əxlaq normalarının və mənəviyyatın mühafizəsi üçün; 6) başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün. Həmin maddənin İİ hissəsinə əsasən bu maddənin İ hissəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması qarşıya qoyulan məqsədə mütənasib olmalıdır. Həmin məhdudiyyət qarşıya qoyulmuş məqsədə nail olmaq üçün lazımi və kifayət hədləri aşmamalıdır. Həmin maddənin İİİ hissəsinə əsasən bu maddənin İ hissəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması üçün görülən tədbirlər məhdudiyyətin qoyulmasına səbəb olmuş məqsədə nail olmaq üçün son dərəcə zəruri olmalıdır. Həmin maddənin İV hissəsinə əsasən sərbəst toplaşmaq azadlığı yalnız bu maddənin İ hissəsində nəzərdə tutulmuş məqsədlərlə müxtəlif formalarda, o cümlədən toplantının vaxtının və yerinin, küçə yürüşünün marşrutunun dəyişdirilməsi formasında məhdudlaşdırıla bilər. İddiaçı4, İddiaçı1, İddiaçı3, İddiaçı2 mitinq təşkilatçıları və iştirakçıları qismində Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinə aşağıdakı məzmunda 22 sentyabr 2022-ci il tarixli xəbərdarlığı ünvanlamışlar: - Azərbaycan Xalq Cəbhəsi Partiyası Azərbaycan Respublikasının Konstitusiyasının 49-cu maddəsinin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 1 və 3-cü maddələrinə uyğun olaraq “Siyasi partiyalar haqqında” yeni, mürtəce qanun layihəsinin Milli Məclis tərəfindən qəbul edilməsinə etiraz məqsədilə “Siyasi partiyalar haqqında yeni mürtəce qanuna etiraz edirik”, “Siyasi məhbuslara azadlıq”, “Azad seçki tələb edirik”, “Ölkədə köklü demokratik dəyişikliklər tələb edirik” tələbləri və şüarları ilə piket keçirməyi planlaşdırır. Məqsədimiz dinc şəkildə etirazımızı bildirmək, hökuməti yanlış qərarların qəbulundan çəkindirməkdir. Piketdə 50 nəfərin iştirakı nəzərdə tutulur. Piketin 30 sentyabr 2022-ci il tarixində, saat 16:00-dan, 17:00-a qədər keçirilməsi nəzərdə tutulub. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə uyğun olaraq, bu barədə əvvəlcədən sizi xəbəradar edirik. Qeyd olunanları nəzərə alaraq, sentyabrın 30-da, saat 16:00-da Milli Məclisin qarşısında piket üçün şərait yaratmağınızı xahiş edirik. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən İddiaçı4, İddiaçı1, İddiaçı3, İddiaçı2 ünvanlanmış 1-569-003 nömrəli, 26 sentyabr 2022-ci il tarixli məktubda aşağıdakılar qeyd edilir: - Sizin Bakı Şəhər İcra Hakimiyyətinə daxil olmuş 22 sentyabr 2022-ci il tarixli müraciətinizə tərəfimizdən baxılmışdır. Bildiririk ki, toplantı keçirilməsi haqqında müraciətiniz “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin İİ hissəsinin tələblərinə cavab vermir. Həmçinin nəzərinizə çatdırırıq ki, qanun layihəsi xüsusi komissiya tərəfindən hazırlanır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, 30 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin inzibati binası qarşısında planlaşdırdığınız toplantının keçirilməsini məqsədəuyğun hesab etmirik. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); - 2.2.4-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia). Həmin Məcəllənin 36.1-ci maddəsinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.4-cü maddəsinə əsasən hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə iddiaçıların tələbi üzrə müəyyən edilən aşağıdakı xüsusatları diqqətə çəkir: - cavabdeh Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin 1-569-003 nömrəli, 26 sentyabr 2022-ci il tarixli məktubu müstəqil hüquqi nəticə yaratmadığından inzibati akt sayıla bilməz; - iddiaçıların müraciəti üzrə cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti müvafiq tövsiyə vermiş, qanun layihəsinin xüsusi kommisiya tərəfindən hazırlandığını bildirmiş və Azərbaycan Respublikası Milli Məclisinin inzibati binası qarşısında keçirilməsi planlaşdırılmış toplantının keçirilməsinin məqsədəuyğun olmadığını bildirmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçıların müraciəti üzrə cavabdeh inzibati orqanın cavab məktubu “toplantı keçirilməsinə icazə verilməsi”ndən imtina olunması hərəkəti və müstəqil inzibati icraatın nəticəsi kimi inzibati məhkəmə icraatında mübahisə predmeti ola bilməz. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan tərəfindən iddiaçıların hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Belə olan halda iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və həmin Məcəllənin 23 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar