Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13346/2024 29.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X2 Baş İdarəsinə qarşı “ölkədən getmək hüququnun məhdudlaşdırılmasının götürülməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X2 Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı barəsində tətbiq edilmiş “ölkədən getməsinin məhdudlaşdırılması” tədbirinin götürülməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X2 Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2024-cü il tarixli ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək "xxxx" MMC-nin (VÖEN: **********) vergilər üzrə 117013,53 (bir yüz on yeddi min on üç manat, əlli üç qəpik) və icbari sığorta haqqı üzrə 479,57 (dörd yüz yetmiş doqquz manat, əlli yeddi qəpik) AZN olmaqda ümumilikdə 117493,10 (bir yüz on yeddi min dörd yüz doxsan üç manat, on qəpik) AZN məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin o dövrdəki icra orqanının rəhbəri olan, İddiaçı barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsi işə mahiyyəti üzrə baxaraq xx.xx.2024-cü il tarixli, e-2-2(l 13)-3884/2024 saylı qətnamə ilə ərizəni təmin etmiş və icra orqanının keçmiş rəhbəri olan, İddiaçı ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Hazırda isə İddiaçı vergi ödəyicisi olan "xxxx" MMC-ilə heç bir bağlantısı qalmamışdır. Bu səbəbdən iddiaçı Dövlət Vergi Xidmətinə müraciət edərək ölkədən getmək hüququnun məhdudlaşdırılması tədbirinin götürülməsini xahiş etmişdir. Sözügedən müraciətə aidiyyəti üzrə baxan cavabdeh isə xx.xx.2024-cü il, 3-21-2-8/2-Ç-4- 43/2024 №-li cavab məktubu ilə ölkədən getmək hüququnun məhdudlaşdırılmasına səbəb olmuş əsasların aradan qalxmadığını, yəni "xxxx" MMC-nin borcunun ödənilmədiyini bildirərək bundan imtina etmişdir. Hazırda İddiaçı vergi ödəyicisi olan "xxxx" MMC-ilə heç bir bağlantısı qalmamışdır və o artıq sözügedən hüquqi şəxsin icra orqanının rəhbəri vəzifəsində deyil. Belə olduğu təqdirdə, vergi borcu olan hüquqi şəxslə əlaqəsi olmayan bir şəxsin ölkədən getmək hüququnu məhdudlaşdırmaq Konstitusiyanın 28-ci maddəsində nəzərdə tutulmuş “Azadlıq hüquq”una da qəsd etməkdədir. Ümumiyyətlə, vətəndaşın konstitusion hüquq və azadlıqlarını məhdudlaşdırılmasımn əsassız şəkildə davam etdirilməsi öz-özlüyündə qanunsuz bir hərəkət sayılır. Cavabdehin cavab məktubunda istinad olunan Vergi Məcəlləsinin 24.1.2-1-ci maddəsi isə məhz hüquqi şəxsin icra orqanının rəhbəri ilə bağlıdır. Hazırda isə İddiaçı hazırda "xxxx" MMC-nin icra orqanının rəhbəri olmadığından, onun ölkədən getmək hüququnun məhdudlaşdırılması absurddur. Bu səbəbdən, artıq iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılmasınadair heç bir əsas mövcud olmadığından müvafiq vergi orqanı tərəfindən İddiaçı barəsində məhdudlaşdırılmanın götürülməsinə dair qərar qəbul edilməli idi. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini həmin Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Vergi ödəyicisi kimi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olan "xxxx" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə olan vergilər üzrə 117013,53 manat, icbari tibbi sığorta haqqı üzrə isə 479,57 manat borcunun ödənilməsini təmin etmək üçün rəhbəri olan İddiaçı ölkədən getmək hüququ Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3884/2024 saylı qətnaməsi ilə məhdudlaşdırılmışdır. Vergi Məcəlləsinin 24.1.2-1-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludurlar. İddiaçının icra orqanının rəhbəri olduğu hüquqi şəxs "xxxx" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə olan vergilər üzrə 117013,53 manat, icbari tibbi sığorta haqqı üzrə isə 479,57 manat borcuna görə üçün qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının ölkədən getmək hüququ məhdudlaşdırılmışdır, iddiaçı tərəfindən sonradan həmin hüquqi şəxsin icra orqanının rəhbərinin dəyişdiyi qeyd edilsə də, borc tam şəkildə ödənilməmişdir. Yəni, iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılmasına səbəb olmuş əsas hazırda aradan qalxmamışdır. Xüsusi mülkiyyətli hüquqi şəxsin icra orqanının rəhbəri (bildiriş, sərəncam, əmlakın siyahıya alınması, yeni təyin olunmuş rəhbərə məhdudiyyətin tətbiqi, cinayət xarakterli materialların aidiyyəti üzrə göndərilməsi və s.) görüldükdən sonra əvvəlki rəhbərin məhdudiyyəti aradan qaldırılır (əsas vergi borcu 50 000 manatdan yuxarı olan, barəsində vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma ilə bağlı cinayət işi başlanan və riskli vergi ödəyiciləri istisna). "xxxx" MMC-nin cinayət tərkibi yaradan borcu olduğu üçün məhdudiyyətin götürülməsi məqsədəmüvafiq hesab edilmir. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X2 Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 3-21-2-8/2-Ç-4-43/2024 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, "xxxx" MMC-nin vergilər üzrə 117013,53 manat və icbari tibbi sığorta haqqı üzrə 479,57 manat olmaqla ümumilikdə 117493,10 manat borcu əsas götürülürək vergi orqanı tərəfindən hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə xx.xx.2024-cü il tarixli ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edilmiş və həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-2(113)-3884/2024 saylı qətnaməsi ilə vergi orqanının ərizəsi təmin edilərək ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxmamışdır, yəni qətnamə üzrə borc ödənilməmişdir. Borcun ödənilməsi təmin edildikdən sonra ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılacaqdır. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3884/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********) dövlət büdcəsinə olan ümumilikdə 117013,53 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 0 manat, İşsizlikdən sığorta fonduna olan 0 manat, İcbari Tibbi Sığorta Fonduna olan 479,57 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan xx.xx.1984-cü ildə Balakən rayonunda doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılmışdır. Bakı Kommersiya Məhkəməsi tərəfindən 2-2(113)-3884/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3884/2024 saylı 13 iyun 2024-cü il tarixli qətnaməsinə əsasən ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin maraqlı şəxs İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi təmin edilmiş, qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəsini almış və icra olunması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə göndərilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet vergi idarəsi Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında məlumatlardan görünür ki, "xxxx" MMC-nin qanuni təmsilçisi xx.xx.2024-cü il tarixdən X3r. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü İddianın növü məcburetmə haqqında iddiadır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Məhkəmə hesab edir ki, inzibati aktın qəbulundan imtinaya dair məlumata da eyni yanaşma tətbiq edilməli və inzibati orqan tərəfindən ərizəçiyə mümkün hüquqi müdafiə vasitələri izah edilməlidir. İddiaçıya cavabdeh qurum tərəfindən xx.xx.2024-cü il tarixli imtina məktubu verilmiş, borcun ödənilməsi təmin edildikdən sonra ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə dərhal qərar qəbul ediləcəyi bildirilmişdir. Məhkəmə hesab edir ki, iddia mümkündür. III. Məhkəmənin mövqeyi Azərbaycan Respublikasının Vergi Məcəlləsindən: Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək; ... Maddə 24. Vergi orqanlarının vəzifələri 24.1. Vergi orqanları: 24.1.2-1. vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə; ...borcludur. Vergi Məcəlləsinin yuxarıda istinad edilən 23.1.15-3-cü maddəsinin məzmunundan göründüyü kimi, qanunverici həmin normada təsbit olunan məhdudiyyət tədbirinin vergi ödəyicisi olan fiziki şəxsə və ya hüquqi şəxsin icra orqanının rəhbərinə münasibətdə tətbiqini nəzərdə tutur. Məhkəmə nəzərə alır ki, iddiaçı barəsində məhdudiyyətin tətbiqi istinad edilən normanın digər dispozisiya şərtləri ilə yanaşı, iddiaçının vergi öhdəliyi olan hüquqi şəxsin icra orqanının rəhbəri olması şərtindən irəli gəlmişdir. İşdən göründüyü kimi, həmin şərt aradan qalxmışdır və iddiaçı hazırda hüquqi şəxsin icra orqanının rəhbəri deyil. İddiaçı ilə yanaşı həmin hüquqi şəxsin icra orqanının yeni (digər) rəhbərinin də ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Lakin cavabdeh inzibati orqan Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsindən irəli gələn (vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək) vəzifəsini icra etməkdən imtina etmiş, imtinanın əsası kimi, iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan halın aradan qalxmadığına – hüquqi şəxs tərəfindən vergi borcunun ödənilmədiyinə əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Yuxarıda istinad edilən normanın məzmununa görə, məhdudiyyətin tətbiqi üçün 1) vergi ödəyicisinin dövlət büdcəsinə vaxtı ötməmiş vergi borcu olmalıdır; 2) vergi borcu vaxtında ödənilməməlidir; 3) hüquqi şəxsə münasibətdə çıxışına məhdudiyyət qoyulacaq şəxs - icra orqanının rəhbəri olmalıdır. Normada nəzərdə tutulan əsaslardan vergi orqanının imtina məktubunda istinad etdiyi şərt – vergi borcunun olması şərti aradan qalxmasa da, məhdudiyyətin tətbiq edilməli olduğu şəxs (hüquqi şəxsin icra orqanının rəhbəri) barədə şərt aradan qalxmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı (FİN: xxxxxxx) Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3884/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsinə dair qərar qəbul edilməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-13346/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13346/2024
29.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver