Məhkəmə qərarları › İş №2-1(112)-13351/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13351/2023

03.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13351/2023 03.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X10, X12 və X5) yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X10, X12 və X2 Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları küçəsi, ev 82, 9 saylı mənzildən üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil ünvan 2-da yerləşməklə sahəsi 43.60 kv.m olan 2 otaqdan ibarətdir. Mənzilin sahibi özüdür, belə ki, notarius tərəfindən təsdiq edilmiş və rəsmiləşdirilmiş 29 noyabr 2011-ci il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsinə əsasən bu mənzil üzərində mülkiyyət hüquqları qeydə alınmış və adına çıxarış verilmişdir. Üçüncü şəxslər mənzilin keçmiş sakinləridirlər. Bu mənzili alqı-satqı müqaviləsinə əsasən almış və üçüncü şəxslər daimi olaraq bu ünvandan köçmüş və mənzilə dair bağlanmış alqı-satqı müqaviləsinin 12-ci bəndinə əsasən 1 ay ərzində yəni 29 dekabr 2011-ci il tarixə kimi mənzildən qeydiyyatdan çıxmağı öhdələrinə götürmüşlər. Lakin müddətin keçməsinə baxmayaraq cavabdehlər bu mənzildən qeydiyyatdan çıxmamışlar. Bu isə bir mülkiyyətçi kimi onun mənzil üzərində hüquqlarını həyata keçirməyə, sahiblik, istifadə və sərəncam hüquqlarına maneə yaradır. Nəticədə onun tutulan mülkiyyət hüquqları pozulur. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X10, X12 və X5 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh ərizə ilə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. İddia mümkün və əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 saylı xx.xx.2007-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı mənzilin mülkiyyətçisidir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 065-217xx/xx-3222 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, arvadı İddiaçı məxsus ünvan 1 ünvanında hal-hazırda qeydiyyatda olan vətəndaşlar X10 və X8 qeydiyyatdan çıxarılmaları ilə əlaqədar mövcud qanunvericiliyin tələblərini nəzərə alınaraq “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən məhkəmə orqanlarına müraciət etmək məqsədəmüvafiqdir. III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2022-ci il) əsasən ünvan 5 İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı və X11 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, ünvan 4 X7 bağışlanmışdır. İddiaçı və X11 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli müqavilənin ləğvinə dair müqavilədən görünür ki, İddiaçı və X11 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ləğv edilmişdir. X3 və İddiaçı arasında bağlanılmış AN-İ seriyalı ******* saylı xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 2 İddiaçı satılmışdır. X5 və X3 arasında bağlanılmış AN-İ seriyalı ******* saylı xx.xx.2008-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən ünvan 2 X1 satılmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı xx.xx.2023-cü il tarixli arayışa əsasən X10, X12 və X5 ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 15 saylı notariat ofisi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 869 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Bakı şəhər 15 saylı notariat ofisində xx.xx.2011-ci il tarixdə tərtib edilmiş 4Ə-320 reyestrli daşınmaz əmlakın alqı-satqı müqaviləsi qanunvericiliyin tələbinə əsasən notariat ofisində saxlanma müddəti bitdiyindən Dövlət notariat arxivinə təhvil verilmişdir. Odur ki, həmin alqı-satqı müqviləsinin təsdiq edilmiş surətini əldə etmək üçün Dövlət notariat arxivinə müraciət etmək xahiş edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 18/2-3-1581/23 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, müraciətdə göstərilən X6, X8 və X2 qeyd olunan ünvana qeydiyyata alınmasına və onlara şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti (5 il) bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 47/2-27699/2023 xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olan X10 və X8 qeydiyyatı 4 saylı Bakı Asan Xidmət tərəfindən həyata keçirildiyi üçün və ünvanda qeydiyyatda olan X2 fərdi uçot kartoçkası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Qeydiyyat məsələləri bölməsində aşkar edilmədiyi üçün onlara məxsus fərdi uçot kartoçkaları təqdim edilə bilmir Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 38444/2023 **********44 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, ünvan 4 ünvanı X10, X12 və X2 istifadə hüququnun qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Müvafiq sənədlərin təsdiq edilmiş surəti təqdim edilmişdir. IV. Məhkəmənin mövqeyi Üçüncü şəxslər həmin ünvanda faktiki olaraq yaşamır, iddiaçı ilə hər hansı qohumluq əlaqəsi yoxdur, istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb, bu səbəbdən cavabdeh qurumun imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən mərhum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinin tələbinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. - 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. - 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. - 228.5-ci maddəsinin birinci cümləsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə etdiyi mövqeyə əsasən mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Həmin Qərarda göstərilmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Həmin Qərarda qeyd edilir ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Məhkəmə 1 saylı Protokolun 1-ci maddəsində təsbit olunmuş hüququn çox mühüm olduğunu bir daha xatırladır və hesab edir ki, həmin hüququn real və səmərəli həyata keçirilməsi sadəcə dövlətin müdaxilə etməmək üzrə öhdəliyindən asılı deyil, bu, həm də pozitiv müdafiə tədbirlərini tələb edə bilər. Pozitiv öhdəliklərin mövcud olub-olmadığını müəyyən edərkən cəmiyyətin ümumi marağı ilə fərdin maraqları arasında ədalətli tarazlığın gözlənilməsinə diqqət yetirilməlidir, bu tarazlığın axtarılması Konvensiyanın bütün mətni üçün səciyyəvidir. Bu öhdəlik, ərizəçinin dövlət orqanlarından gözlədiyi tədbirlərlə ərizəçinin öz mülkiyyətindən istifadə etməsi arasında birbaşa əlaqə olan hallarda qaçılmaz olaraq yaranır. (Avropa Məhkəməsinin Önəryıldız (Oneryıldız) Türkiyəyə qarşı iş üzrə 18 iyun 2002-ci-ci il tarixli Qərarı, § 145) “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin imtinası qanunsuz hesab edilməli və X10, X12 və X2 ünvan 5 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. X10, X12 və X2 ünvan 5 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Z.Xəlilov küçəsi - 540) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar