Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13352/2025 12.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı “mənzil uçotuna alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İşin halları İddiaçı (bundan sonra –İddiaçı) hərbi qulluqçu kimi güzəştli mənzil uçotuna alınma barədə ərizə ilə Bakı şəhər Cavabdehnə (bundan sonra – Cavabdeh) müraciət etmiş, cavabdeh xx.xx.2025-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında" qanunun 12-cı maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının yerli icra hakimiyyəti başçıları tərəfindən mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə təmin edilənədək mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək kirayə haqqı ilə təmin edilməsi nəzərdə tutulmuşdur. İddiaçı müvafiq qanunvericiliyə əsasən 2010-cu il tarixindən ehtiyata buraxıldığından onun yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsinə götürülməsi mümkün deyildir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi təqdim edərək, cavabdehin hərəkətlərinin qanunsuz sayılması, iddiaçının hərbi qulluqçuların güzəştli mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı Ağahüseyn qızı xx.xx.1958-ci il təvəllüdlü istefada olan gizirdir. xx.xx.1994-cü ildən xx.xx.2010-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin “a” bəndinə əsasən (yaşa görə) AR MN-nin 033 gm nömrəli xx.xx.2010-cü il tarixli əmri ilə həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon idarəsi tərəfindən verilmiş 292 nömrəli, xx.xx.2025ci il tarixli arayışa əsasən, gizir olaraq, yaşa görə AR MN-nin 033 gm nömrəli xx.xx.2010cu il tarixli əmri ilə həqiq hərbi xidmətdən istefaya buraxılmağı qeyd edilmişdir. Daha sonra iddiaçı tərəfindən Cavabdehnə “yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsinə götürülməsi ilə bağlı” müraciət ünvanlanmış, müraciətinə imtina verilmişdir. “Hərbi qulluçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Yəni, iddiaçının yaşa görə hərbi xidmətdən istefaya buraxılmağı iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində ehtiyyatda olan hərbi qulluqçu kimi güzəştli mənzil növbəsinə götürülməməyi əsassız və qanunsuzdur. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək iddianın təmin olunmaı barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus SQ № ******* şəxsi vəsiqədən görünür ki, İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah Rəisinin xx.xx.1994cü il tarixli, 0687gm №-li əmri ilə gizir hərbi rütbəsi verilmişdir. -Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal Rayon İdarəsinin xx.xx.2025-ci il tarixli, 292 nömrəli arayışdan görünür ki, iddiaçı xx.xx.1994-cü ildən xx.xx.2010-cu ilədək AR Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin “a” bəndinə (yaşa görə) əsasən AR MN-nin 033gm nömrəli xx.xx.2010-cu il tarixli əmri ilə həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır. -Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-54335/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, İddiaçı adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. - Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli, 18/2-24924 nömrəli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı xx.xx.1974-cü il tarixdən hazıradək ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı hazırda Bakı şəhəri, Yasamal rayonunda yaşamaqla qeydiyyatda olmasını bildirərək, hərbi qulluqçu kimi yaşadığı yer üzrə mənzil uçotuna götürülməsini xahiş edir. Məhkəmə qeyd edir ki: “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 12. Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququ Hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə gəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Hərbi təhsil müəssisələrinin ailəli kursantları ailə yataqxanalarında yerləşdirilir, belə yataqxanalar olmadıqda isə onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Müvəqqəti mənzilin kirayəsi üçün ödənilən kompensasiyanın məbləği hərbi qulluqçular (hərbi təhsil müəssisələrinin ailəli kursantları) üçün ayda iyirmi səkkiz manatdan, onların hər bir ailə üzvü üçün isə həmin məbləğin əlli faizindən az olmayaraq müəyyən edilir. Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) üçün yaşayış sahələrinin, o cümlədən xidməti mənzillərin tikintisi bu məqsədlər üçün hər il dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 41.0.2. yaşa görə - həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41.0.3. xəstəliyə görə - hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; 41.0.4. ştatların ixtisarına görə - ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş əsaslara görə; 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.7. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X1”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.8. törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə 41.0.9. öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 52. Vətəndaşlar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsinin nəticələri Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Maddə 53. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2. Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. 53.3. Uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı iş üzrə hüquqi marağı və ondan irəli gələn tələbi ehtiyatda olan hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməsinə nail olmaqdan ibarətdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərardadına ziddir. Həmin qərardadında Konstitusiya Məhkəməsi qeyd etmişdir: ““Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41-ci maddəsi ilə nəzərdə tutulan əsaslarla həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçular Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu statusuna malik olan hərbi qulluqçulardır. Lakin qeyd edilməlidir ki, hərbi qulluqçu statusuna malik olma faktı öz-özlüyündə ehtiyata və ya istefaya buraxılmış bütün hərbi qulluqçuların yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) və s. sosial təminatlar əldə etmək şərtlərinin və əsaslarının eyni olması anlamına gəlmir. Bu zaman hərbi qulluqçuların dövlət və ictimai əhəmiyyəti yüksək olan bir xidmətdən - həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmasının əsaslarının diqqətə alınması xüsusi əhəmiyyət kəsb edir. Belə ki, ”Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41-ci maddəsi üzrə ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata buraxılmalarına səbəb olan halları iki qrupa ayırmaq olar. Birinci qrupa hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallardır ki, bura xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla), yaşa görə - həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda, xəstəliyə görə - hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; ştatların ixtisarına görə - ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), qadınların ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma kimi hallar aiddir. İkinci qrupa isə hərbi qulluqçunun öz hərəkətləri səbəbindən və ya arzusu ilə ehtiyata buraxılma halları aiddir. Bu isə xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X1”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla), törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə, yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlərin öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarını ehtiva edir. Qeyd edilməlidir ki, qanunverici “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12ci maddəsinin 2-ci hissəsinə görə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaşayış sahəsi və ya torpaq sahəsi almaq hüququnu təsbit edərkən, məhz hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallarda bu sosial təminatdan yaralanmasını nəzərdə tutmuşdur. Əvvəldə də göstərildiyi kimi, qeyd edilən maddənin 7-ci hissəsində, habelə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin 8-ci hissəsində müvafiq olaraq məhz yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslərin (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri ilə (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə) təmin edildiyi müəyyən edilmişdir. Oxşar müddəa Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli Qərarının 1-ci hissəsində də əks olunmuşdur. Beləliklə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz”. Yuxarıda göstərilən hallara əsaslanan məhkəmə qeyd edir ki, iddiaçı özündən asılı olmayan səbəblərdən, yəni yaşa görə ehtiyata buraxıldığından, eləcə də Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq (15 il 3 ay 12 gün) xidmət edən gizir olduğundan onun hərbi qulluqçu kimi mənzil uçotuna alınma hüququ mövcud olmuşdur. İşdən görünür ki, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən onun 2010-cu ildə ehtiyata buraxılsa da, 2025-ci ildə mənzil uçotuna alınma ilə müraciət etməsinə istinad etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsində göstərilən 6 aylıq müddət hərbi qulluqçunun müraciət etmə müddəti deyil, dövlətin öhdəliyi icra etmə müddətidir. Yəni Qanun hərbi qulluqçunun mənzil uçotuna durmaq hüququ üçün hüququna xitam edən hər hansı bir son müddət müəyyən etmir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. İddiaçının uçota alınması ilə bağlı 3 aylıq müddətə gəldikdə, məhkəmə qeyd edir ki, 12-ci maddədə qeyd olunan "3 il qalmış siyahıya daxil edilmə" proseduru komandanlığın və icra orqanının üzərinə düşən vəzifədir. Əgər hərbi hissə vaxtında vəsatət qaldırmayıbsa, bu iddiaçının günahı hesab edilə bilməz və onun mənzil hüququnu aradan qaldırmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı hərbi qulluqçu kimi mənzil uçotuna alınması vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №2-1(112)-13352/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13352/2025
12.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver