Məhkəmə qərarları › İş №2-1(112)-13355/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13355/2025

14.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13355/2025 14.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı mənzil kirayə haqqına görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Cavabdeh xx.xx.2025-ci il tarixli 1-1/52 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti rəisinin xx.xx.2025-ci il tarixli 20 ş/h nömrəli əmri ilə (öz arzusu ilə) ehtiyata buraxılmış mayor İddiaçı (bundan sonra iddiaçı) 5 nəfər ailə tərkibi ilə (özü, arvadı, qızı, 2 oğlu) Nizami rayonu üzrə imtiyazlı əsaslarla mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların siyahısına daxil edilmişdir. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavab olaraq verilmiş Bakı şəhəri Cavabdeh (bundan sonra cavabdeh) xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur: “...ehtiyata buraxılmış hərbi qulluqçu kimi Sizin iş yeri üzrə mənzil uçot sənədlərinizin yaşayış yeri üzrə köçürülməsi barədə Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətinin məktubu nəzərə alınaraq, Cavabdeh başçısının 23 may 2025-ci il tarixli 1- 1/52 №-li sərəncamına əsasən Nizami rayonu üzrə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların siyahısına daxil edilmisiniz. Nəzərinizə çatdırırıq ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən nəzərdə tutulmuş imtiyazlar yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlərə, gizirlərə və miçmanlara, 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına aiddir. Diqqətinizə çatdırırıq ki, Siz Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti rəisinin xx.xx.2025-ci il tarixli 20 ş/h nömrəli əmri ilə (öz arzusu ilə) ehtiyata buraxıldığınıza görə həmin Qanunda nəzərdə tutulan imtiyazlar Sizə şamil edilmir. Eyni zamanda bildiririk ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, “Hərbi vəzifə və hərbi xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayə xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 6 avqust 2012-ci il tarixli 174 №-li qərarının bəzi müddəaları arasında fərqlilik olduğundan məsələyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində baxılmış və həmin normalara əlaqəli şəkildə şərh verilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2022-ci il tarixli qərardadında öz arzusu ilə ehtiyata buraxılma hallarında hərbi qulluqçuların həmin hüquqlardan istifadə etməsinin nəzərdə tutulmadığı bir daha təsbit edilmişdir.” İddiaçının tələbi, əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 5 nəfərdən ibarət ailəsilə birlikdə (özü, həyat yoldaşı və 3 övladı) 23 may 2025-ci ildən məhkəmənin qərarı qanuni qüvvəyə minənədək ödənilməmiş mənzil kirayə haqlarına görə kompensasiyanın, məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra mənzil kirayə haqlarının ödənilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2004-cü ildən xx.xx.2005-ci ilədək və xx.xx.2006-cı ildən xx.xx.2025-ci ilədək Azərbaycan Respublikasının Silahlı qüvvələrində həqiqi hərbi xidmətdə olmuş və ehtiyata buraxılmışdır. Ehtiyatda olan mayordur. Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti rəisinin xx.xx.2025-ci il tarixli, 20 ş/h nömrəli əmri ilə ehtiyata buraxıldıqdan sonra Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti başçısının 1- 1/52 saylı, 23 may 2025-ci il tarixli Sərəncamı əsasında 5 nəfərdən ibarət ailəsilə birlikdə (özü, həyat yoldaşı və 3 övladı) Nizami rayonu üzrə imtiyazlı əsaslarla mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların siyasına daxil edilmişdir. Mənzillə təmin edilənədək kirayə xərclərinin ödənilməsi ilə bağlı etdiyi müraciəti isə Cavabdeh tərəfindən təmin edilməmişdir. Belə ki, icra hakimiyyəti qeyd edir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən nəzərdə tutulmuş imtiyazlar yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlərə, gizirlərə və miçmanlara, 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət qulluqçularına aiddir. O, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti rəisinin xx.xx.2025-ci il tarixli, 20 ş/h nömrəli əmri ilə (öz arzusu ilə) ehtiyata buraxıldığı üçün həmin Qanunda nəzərdə tutulan imtiyazlar ona şamil edilmir. Halbuki bu tamamilə yanlış və hüquqazidd mövqedir. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia ərizəsinə yazılı münasibət təqdim etmiş və bildirmişdir ki, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətinin məktubu ilə ehtiyata buraxılmış hərbi qulluqçu kimi İddiaçı mənzil uçot sənədləri yaşayış yeri üzrə Cavabdehnə göndərilmiş və başçının 23 may 2025-ci il tarixli 1-1/52 №-li sərəncamı ilə Nizami rayonu üzrə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların siyahısına daxil edilmiş, lakin mənzil kirayə xərclərinin verilməsindən imtina edilmişdir. Qeyd edilir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən nəzərdə tutulmuş imtiyazlar yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlərə, gizirlərə və miçmanlara, 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına aiddir. İddiaçı Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti rəisinin xx.xx.2025-ci il tarixli 20 ş/h nömrəli əmri ilə (öz arzusu ilə) ehtiyata buraxıldığına görə həmin Qanunda nəzərdə tutulan imtiyazlar ona şamil edilə bilməz. Bundan başqa, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, “Hərbi vəzifə və hərbi xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayə xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 6 avqust 2012-ci il tarixli 174 №-li qərarının bəzi müddəaları arasında fərqlilik olduğundan məsələyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində baxılmış və həmin normalara əlaqəli şəkildə şərh verilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2022-ci il tarixli qərardadında öz arzusu ilə ehtiyata buraxılma hallarında hərbi qulluqçuların həmin hüquqlardan istifadə etməsinin nəzərdə tutulmadığı bir daha təsbit edilmişdir. Qeyd olunanlarla əlaqədar İddiaçı mənzil kirayə xərclərinin ödənilməsinə imtina cavabı verilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə hesab edir ki, tələb inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə uyğundur. Belə ki, inzibati orqanla vətəndaş arasındakı münasibətlər inzibati orqanın publik hüquqdan irəli gələn vəzifələrinin icrası ilə bağlıdır və tərəflər bu münasibətlərdə bərabər hüquqlu subyekt kimi çıxış etmir. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkündür. Tətbiq edilən hüquq və məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, işin faktiki hallarından müəyyən edilir ki, iddiaçının hüquqi marağı və məqsədi ona ailəsilə birlikdə (özü, həyat yoldaşı və 3 övladı) 23 may 2025-ci ildən məhkəmənin qərarı qanuni qüvvəyə minənədək ödənilməmiş mənzil kirayə haqlarına görə kompensasiyanın, məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra mənzil kirayə haqlarının ödənilməsinə nail olmaqdan ibarətdir. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçı ailə üzvləri ilə birlikdə Cavabdeh 23 may 2025-ci il tarixli 1-1/52 №-li sərəncamı ilə Nizami rayonu üzrə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların siyahısına daxil edilmiş, lakin mənzil kirayə xərclərinin verilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti rəisinin xx.xx.2025-ci il tarixli 20 ş/h nömrəli əmri ilə (öz arzusu ilə) ehtiyata buraxıldığına görə həmin Qanunda nəzərdə tutulan imtiyazlar ona şamil edilmir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.1 Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. Maddə 12.2. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. ...

7. Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər). Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” xx.xx.2012-ci il tarixli 174 nömrəli Qərarı Bənd 1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat, 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində – 55 manat. Bənd 2 Bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. İşin tərəflər arasında mübahisələndirilməyən hallarına görə, iddiaçı xx.xx.2004-cü ildən xx.xx.2005-ci ilədək və xx.xx.2006-cı ildən xx.xx.2025-ci ilədək Azərbaycan Respublikasının Silahlı qüvvələrində xidmət etmiş və Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti rəisinin xx.xx.2025-ci il tarixli, 20 ş/h nömrəli əmri ilə (öz arzusu ilə) ehtiyata buraxılmışdır. Hazırda iddiaçının tələbi müvəqqəti mənzil kirayəsi xərclərinin kompensasiya edilməsi ilə bağlıdır və tələbinin hüquqi əsasını “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci hissəsi təşkil edir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147- ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2022-ci il tarixli qərardadında qeyd edilmişdir ki: “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41-ci maddəsi ilə nəzərdə tutulan əsaslarla həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçular Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu statusuna malik olan hərbi qulluqçulardır. Lakin qeyd edilməlidir ki, hərbi qulluqçu statusuna malik olma faktı özözlüyündə ehtiyata və ya istefaya buraxılmış bütün hərbi qulluqçuların yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) və s. sosial təminatlar əldə etmək şərtlərinin və əsaslarının eyni olması anlamına gəlmir. Bu zaman hərbi qulluqçuların dövlət və ictimai əhəmiyyəti yüksək olan bir xidmətdən - həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmasının əsaslarının diqqətə alınması xüsusi əhəmiyyət kəsb edir. Belə ki, ”Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41-ci maddəsi üzrə ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata buraxılmalarına səbəb olan halları iki qrupa ayırmaq olar. Birinci qrupa hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallardır ki, bura xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla), yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); qadınların ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması kimi hallar aiddir. İkinci qrupa isə hərbi qulluqçunun öz hərəkətləri səbəbindən və ya arzusu ilə ehtiyata buraxılma halları aiddir. Bu isə xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X2”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla), törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə, yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlərin öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarını ehtiva edir. Qeyd edilməlidir ki, qanunverici “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci hissəsinə görə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaşayış sahəsi və ya torpaq sahəsi almaq hüququnu təsbit edərkən, məhz hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallarda bu sosial təminatdan yaralanmasını nəzərdə tutmuşdur. Belə ki, əvvəldə də göstərildiyi kimi, qeyd edilən maddənin 7-ci hissəsində, habelə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin 8-ci hissəsində müvafiq olaraq məhz yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslərin (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri ilə (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə) təmin edildiyi müəyyən edilmişdir. Oxşar müddəa Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli Qərarının 1-ci hissəsində də əks olunmuşdur. Beləliklə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz.” Məhkəmə qeyd edir ki, iddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanununun 41.0.9-cu bəndinə müvafiq olaraq, yəni öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığından, cavabdehin imtinası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2022-ci il tarixli qərardadındakı hüquqi mövqeyə uyğun olmuşdur. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1155/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqe də bu istiqamətdə olmuşdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. İPM-in: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar