Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13356/2023 06.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə və Cavabdeh2 firmasına qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə və Cavabdeh2 firmasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai Rayon İH tərəfindən ona vurulan 400.000 manat dəyərində maddi ziyanın və 100.000 manat dəyərində mənəvi ziyanın ödənilməsi, "xxxx" MMC-nin isə iddiaçıya vurduğu 2500 manat zərərin 1300 manat arasında olan fərqin hesablanaraq, həmin MMC-dən iddiaçının xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Xətai rayonu, Turşu küçəsi ünvanında öz şəxsi mülkiyyətində olan fərdi yaşayış evində yaşayır. Bakı ŞİH-nin xx.xx.2007-ci il tarixli 262 saylı Sərəncamında AR Prezidentinin xx.xx.2006-cı il tarixli, 196 saylı Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Ekoloji vəziyyətinə dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” çərçivəsində "xxxx" Azərbaycan İnkişaf Şirkətininin xx.xx.2007-ci il tarixli, C05/07-018 saylı müraciətinə görə, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Y.Əliyev, Nobel prospekti və X.Rüstəmov küçələrinin əhatə etdiyi məhəllələrdə və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən ərazidə yeni yaşayış binaları və ictimai obyektlər massivinin layihələndirilməsi və tikintisinə "xxxx" Azərbaycan İnkişaf Şirkətinə icazə verilmiş və ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi müvafiq qanunvericiliyə əsasən "xxxx" Azərbaycan İnkişaf Şirkəti tərəfindən həll edilməsi qeyd edilmişdir. AR İqtisadiyyat Nazirliyinin 3 iyun 2021-ci il tarixli, İN-X\0-5505\2021 saylı, sakinlərə ünvanladığı cavab məktubunda, Bakı Ağ Şəhər layihəsi çərçivəsində, ərazidə yerləşən yaşayış və qeyriyaşayış tikililərinin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsinin "xxxx" Azərbaycan İnkişaf Şirkətinə həvalə olunması göstərilmişdir. AR Maliyyə Nazirliyinin sakinlərə ünvanladığı xx.xx.2022-ci il tarixli MİHO/1.1-2-2022-3810 saylı cavab məktubunda, yuxarıda göstərilən ərazidən əhalinin köçürülməsinin dövlət vəsaiti hesabına deyil, investorlar tərəfindən onların vəsaitləri hesabına həyata keçirilməli olduğu bildirılmişdir. Belə olan halda isə dövlətin, o cümlədən Maliyyə Nazirliyinin bu işlərə müdaxilə etməsinin mümkünsüzlüyü göstərilmişdir. AR Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 29 mart 2019-cu il tarixli, DX-03\02-05-314 saylı, sakinlərə ünvanladığı cavab məktubunda mülkiyyətində olan daşınmaz əmlakların alınmasına “X1 üçün alınması haqqında” AR Qanununun müddəalarının şamil edilmədiyi bildirilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1355/2022 saylı iş üzrə verdiyi Qərardadın 3-cü səhifəsinin son abzasında və 4-cü səhifənin ikinci abzasında Bakı Ağ Şəhər layihəsinin ərazisinə düşən yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi müvafiq qanunvericiliyə əsasən həll edilməsinin "xxxx" Azərbaycan İnkişaf Şirkətinə həvalə edildiyi qeyd olunur. Yəni, Xətai RİH Bakı Ağ Şəhər layihəsinin icrası ilə əlaqəli hər hansı maliyyə əməliyyatları apara bilməz. Xətai RİH əməkdaşları sakinlərin mülkiyyətlərini satın ala bilməz. Lakin Xətai RİH yuxarıda qeyd etdiyi faktlar olaola, özbaşnalıq edərək, "xxxx" Azərbaycan İnkişaf Şirkətininin hüquqlarını mənimsəyərək, nə ev sahiblərinin razılığı, nə də Məhkəmə qərarı olmadan, mütəmadi olaraq, ağır texnikanın vasitəsi ilə həyətin hasarlarını və köməkçi tikililəri uçururaraq, su və elektrik enerjisinin və qaz təchizatında məhdudiyyətlərlə üzləşdirərək, onları təhdid edir və öz şəxsi fərdi yaşayış evlərindən zorla çıxartmaq istəyir. Xətai RİH "xxxx" firması (Əmlakın Qiymətləndirilməsi) MMC ilə əlbir olaraq, mövcud ərazidə yerləşən daşınmaz əmlakların orta bazar qiymətlərindən qat-qat aşağı, hər kv.m ***-**** manatlarla dəyərində qiymətləndirərək, mülkiyyətini dəyər-dəyməzinə almaq istəyir. İddiaçı xx.xx.2023-ci il tarixində “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti”-nə müraciət edərək, mülkiyyətində olan fərdi yaşayış evlərinin dəyərinin müəyyən edilməsini xahiş etmiş, həmin qurum, mövcud ərazidə yerləşən daşınmaz əmlakların alqı-satqı yolu ilə müəyyən edərək, həmin ərazidə yerləşən mənzillərin dəyərini, o dövr üçün 1750-2800 manat olduğu haqda arayış təqdim etmişdir. Bundan başqa, Xətai RİH “Yeni Baxış” X2 ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-11/2-436/2023 saylı cavab məktubunda, son köçürülmə tədbiri üzrə AR Prezidentinin xx.xx.2022-ci il tarixli, 3143 saylı Sərəncamına istinad edir. Sərəncamda Ağ Şəhərdə yaşayan ailələrin köçürülməsinə görə 2022-ci il dövlət büdcəsindən Xətai RİH-nə 10 000 000 manat vəsait ayrıldığı bildirilir. Bundan əvvəl isə Xətai RİH AR Prezidentinin xx.xx.2022-ci il tarixli, 3621 saylı Sərəncamına istinad edirdi. Bu Sərəncam isə ümumiyyətlə mövcud deyil. "xxxx" MMC-nin verdiyi arayışa əsasən, söküntüyə düşən sahə “Ağ şəhər adlanan yerdə 2021-ci ilin İV rübü üçün satış qiymətləri 1 kvm qiyməti manatla (Park Milli) 2500 manatla qiymətləndirilmişdir”. Lakin “Private Go” Daşınmaz Əmlakın qiymətlləndirmə şirkəti xx.xx.2016-cı il tarixdə inşa edilmiş, ikimərtəbəli yaşayış üçün tam yararlı olan binanı, qəzalı kimi qiymətləndirərək, hər 1 kv.m-ni 2300 manatla qiymət qoyaraq, vətəndaşlara bilərəkdən zərər vurmuşdur. Xətai rayon İcra Hakimiyyəti öz saxta müqaviləsi ilə "xxxx" MMC ilə əvvəlcədən əlbir olaraq İddiaçı Məhərrəm oğluna maddi və mənəvi ziyan vurmuşdur. Belə ki, şəxsi mülkiyyətində olan ikimərtənəli bina, 6 sot həyətyanı sahə, 20-yə qədər meyvə ağacları düzgün qiymətləndirməməklə külli miqdarda, təqribən ******* (üç yüz min) manat dəyərində maddi ziyan vurmuş, özbaşnalıq etməklə, özgəsinin səlahiyyətlərini mənimsəməklə, fiziki güc götərməklə traktorla evə hücum edərək Babayevanın sağlamlığına ziyan vuraraq, mənəvi ziyan olaraq sağlamlığın bərpa edilməyən ziyan vurmuşdur. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli iddiaya yazılı münasibətində göstərmişdir ki, Bakı “Ağ Şəhər" layihəsi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 225 saylı sərəncamı ilə Bakı Şəhərində sosial infastrukturun daha da inkişaf etdirilməsi, Milli parkın genişləndirilməsi, müasir tələblər səviyyəsində yenidən qurulması, ekoloji vəziyyətin sağlamlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davam etdirilməsi ilə əlaqədar paytaxtda aparılan abadlıq və yenidənqurma işlərinin tərkib hissəsi olaraq Xətai Rayonunda da yolların, kommunikasiya xətlərinin və digər infrastrukturun yaxşılaşdırılması üçün Bakı şəhəri, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Y.Əliyev küçələrinin əhatəsində və 8 Noyabr prospekti ilə Babək prospektini birləşdirən yolun yaxınlığında yerləşən yaşayış və qeyriyaşayış sahələrinin köçürülməsi zərurəti yaranmışdır. Göstərilən Sərəncamın icrası ilə əlaqədar olaraq köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürülmə işlərinin həyata keçirilməsi üçün Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 157 saylı Sərəncamı ilə təsdiq olunmuş komissiya yaradılmışdır. Sözügedən Sərəncamın icrasının təmin edilməsi istiqamətində 2017-ci il tarixdə Rayon İcra Hakimiyyəti tərəfindən "xxxx" Qiymətləndirilmə (Əmlak Qiymətləndirilməsi) Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət olunmuşdur. ‘ƏQD’ qiymətləndirmə 2017-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Xətai rayon Turşu küçəsi üzrə yaşayış evlərinin və həyət tikililəri üçün Azərbaycan Respublikasının “X1 üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun (20 aprel 2010-cu il) müvafiq bəndlərini (maddə 32; maddə 56; maddə 58; maddə 59; maddə 66) nəzərə alınmaqla hesablanmış bazar qiymətinə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 saylı Fərmanın 2.3-cü bəndinə əsasən 20% əlavə haqq ödənilmək şərti ilə orta qiymətlər aşağıdakı kimi müəyyən olunsun. Yaşayış evlərinin yaşayış sahəsinin 1 kv.m üçün 1000 manat, yaşayış evlərinin köməkçi sahəsinin 1 kv.m üçün 750 manat, həyətdə əlavə tikililərin 1 kv.m üçün 50,0- 350 manat. Hazırda layihənin icrası ilə bağlı ərazidə aparılmış faktiki ölçmə işlərinə əsasən müəyyən olunmuş ölçülər, illər üzrə inflyasiya, bank və notariat xidmətləri xərcləri, 20% əlavə haqq ödənilmək şərti nəzərə alınmaqla yaşayış və köməkçi sahələrinin 1 kv.m 1250 manat, əlavə tikililərin 1 kv.m 500 manat, özəl torpaq sahələrinin 1 kv.m üçün 250 manat müəyyən edilmiş və bu şərtlər əsasında vətəndaş İddiaçı Məhərrəm oğlu komissiyaya dəvət olunaraq Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-ti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, ********** nömrəli çıxarışa əsasən şəxsi mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 229.9 kv.m olan fərdi yaşayış evi 580994 (beş yüz səksən min doqquz yüz doxsan dörd) manat dəyərində qiymətləndirilmiş və xx.xx.2023-cü il tarixli razılaşma aktına əsasən vətəndaş İddiaçı Məhərrəm oğlu ilə Xətai Rayon İcra Hakimiyyəti arasında müqavilə bağlanılaraq, iş üzrə İddiaçı Məhərrəm oğlu şəxsən özü razılaşma aktına imza ataraq, qeyd olunan vəsait onun bank hesabına köçürülmüşdür. Eyni zamanda, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11030/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı Məhərrəm oğlunun iddia tələbi təmin edilməmişdir. Digər cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs nümayəndələrinin iclasda iştirakını təmin etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçının tələbi şərti olaraq iki hissədən ibarətdir:
1. Xətai Rayon İH tərəfindən iddiaçıya vurulan 400.000 manat dəyərində maddi ziyanın və 100.000 manat dəyərində mənəvi ziyanın ödənilməsi,
2. "xxxx" MMC-nin isə iddiaçıya vurduğu 2500 manat zərərin 1300 manat arasında olan fərqin hesablanaraq, həmin MMC-dən iddiaçının xeyrinə tutulması. a) Tələbin birinci hissəsinə münasibətdə İş materiallarında olan ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə iddiaçının mülkiyyət hüququ xx.xx.2016-cı il tarixdə qeydə alınmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli razılaşma aktından görünür ki, Xətai rayonu ərazisində abadlaşdırma işlərinin keçirilməsi ilə əlaqədar Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov və Yavər Əliyev küçələrinin əhatəsində və 8 Noyabr prospekti ilə Xəzər dənizi arasında bir sıra yaşayış evlərindən ailələrin köçürülməsi zərurəti yaranmışdır. Bu və yaxın ərazidə aparılmış sorğulara əsasən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Fərmanına əsasən sökülən tikilinin yaşayış sahəsinin kv.m-i üçün 20% əlavə hesablanmaqla birlikdə tikilinin sahəsinin 1 kv.mnin alqı-satqı orta bazar qiyməti 1250 manat, köməkçi sahəsinin 1 kv.m-nin alqı-satqı orta bazar qiyməti 1250 manat, əlavə yardımçı tikililərin sahəsinin 1 kv.m-nin alqı-satqı orta bazar qiyməti 500 manat, torpaq sahəsinin 1 kv.m-nin alqı-satqı orta bazar qiyməti 250.00 man müəyyənləşdirilərək əmlak sahiblərinə təklif olunmuşdur. Belə ki, Turşu küçəsi 25C ünvanında yaşayan İddiaçı Məhərrəm oğlu yaşadığı ev otaqlarının iş həcmindən asılı olaraq ona ödəniləcək təzminat aşağıdakı qaydada hesablanmışdır: Tikintinin yaşayış sahəsi 171.29 kvm üçün (171.29 kvm x 1250 manat) =214112.00 manat; Köməkçi sahəsi 147.83 kvm üçün (147.83 kvm x 1250.0 manat)= 184787.00 manat; Əlavə yardımçı tikililərin sahəsi 64.19 kv.m üçün (64.19 kvm x 500.0 manat) =32095.00 manat; Torpaq sahəsi 600.0 kv.m üçün (600.0 kv.m x 250.00)= 150000.00 manat. Turşu küçəsi 25C ünvanında yaşayan İddiaçı Məhərrəm oğlu oğlu məxsus fərdi yaşayış evi üçün ona ödəniləcək təzminat 580994 0.00 manatdır. Aktdan görünür ki, iddiaçı komissiyanın işində iştirak etdiyini, aparılmış ölçülərlə və alacağı təzminatın məbləği ilə razı olduğunu və 7 (yeddi) gün müddətində yuxarıdakı qeyd olunan ünvandakı mülkiyyətini boşaldaraq sökülmək üçün şərait yaradacağını öhdəsinə götürmüş və aktı imzalamışdır. İddiaçı ilə Xətai rayon İcra Hakimiyyəti arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Bakı şəhərində qəzalı vəziyyətdə olan binalardan sakinlərin birdəfəlik maddı yardım (kompensasiya) ödənilməklə köçürülməsi ilə bağlı Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti başçısının 2023-cü il tarixli razılaşma aktı əsəsında Xətaı rayonu, Babək pr., Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və 8 Noyabr prospekti ilə Xəzər dənizi arasında yerləşən bir sıra yaşayış evlərindən sakinlərin köçürülməsi üçün kompensasiyanın ödənilməsi Maİiyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyinin 4 saylı Xəzinədarlıq İdarəsi tərəfindən Xətai Rayon İcra Hakimiyyətinə ayrılmış vəsait hesabına həyata keçirilir. Müqaviləyə əsasən Birinci tərəf (İddiaçı Məhərrəm oğlu) ikinci tərəfdən (Cavabdeh1) 580994 manat məbləğində kompensasiya almaqla ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evindən və mülkiyyətində olan 0,06 ha torpaq sahəsindən ikinci tərəfin xeyrinə imtina edir. İşdə olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, həmin məbləğ cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı hazırda bu məbləğlə razılaşmayaraq, ona cavabdeh tərəfindən mülkiyyətində olan evin hər kv.metri üçün 1200 manat az ödəniş edilməklə 400.000 manat dəyərində maddi ziyanın vurulduğunu iddia edərək, həmin məbləğin ona ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunanlardan məlum olduğu kimi iddiaçı, mülkiyyətində olan ev və torpaq sahəsindən cavabdehin xeyrinə imtina etmiş və bu barədə tərəflər arasında notariat qaydasında təsdiq olunmuş müqavilə bağlanmış, müqavilədə əmlakın dəyəri 580994 manat göstərilmişdir. Müqavilə qüvvədə olmaqla onun ləğvi, dəyişdirilməsi və ya etibarsız sayılması barədə hər hansı sübut təqdim edilməmişdir. Qeyd edilməlidir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdır. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Məhkəmə hesab edir ki, nə qədər ki, iddiaçı mülkiyyətindəki əmlakdan cavabdehin xeyrinə imtina etmişdir, artıq onun həmin əmlaka dair hər hansı bir hüququ qalmamışdır. Bu səbəbdən onun hazırkı məzmunda iddia irəli sürməsi üçün öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olmadığından, iddia mümkün sayıla bilməz. Bundan əlavə, o da qeyd olunmalıdır ki, iddiaçının hazırkı tələbi ona dəymiş maddi və mənəvi ziyanın cavabdehdən tutulmasından ibarətdir. Bu iddia kompensasiyanın ödənilməsi tələbinə dair iddiadır ki, digər mümkünlük şərtləri ilə yanaşı bu iddia, yəni inzibati orqanların qanunsuz qərarları və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsinə dair iddianın qaldırıla bilməsi üçün tələb olunan mümkünlük şərtlərindən biri zərərçəkmiş şəxsin vurulmuş zərərin əvəzinin ödənilməsinə dair ərizə ilə əvvəlcə müvafiq inzibati orqana müraciət etməsidir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Lakin iş materiallarından iddiaçının razılaşma aktına əsasən ona kompensasiya ödənildikdən sonra məbləğin az olması ilə bağlı əlavə kompensasiyanın və sağlamlığına vurulan 100.000 manat dəyərində zərərin ödənilməsi ilə bağlı məhkəməyə müraciət etməzdən öncə inzibati orqana müraciət etməsi müəyyən edilmir. b) Tələbin ikinci hissəsinə münasibətdə Məhkəmə iddiaçının tələbinin ikinci hissəsi ilə bağlı qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci hissəsinə əsasən, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 3.2-ci bəndinə əsasən inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 1.1-ci maddəsinə əsasən həmin Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. - 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 3.1-ci maddəsinə əsasən həmin Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Eyni zamanda Azərbaycan Respublilkası İnzibati Prosessual Məcəlləsinin məqsədi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasını və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən etməkdir (İPM-nin 1.1-ci maddəsi). İddia ərizəsindən müəyyən olunur ki, iddiaçı "xxxx" MMC-nin iddiaçıya vurduğu 2500 manat zərərin 1300 manat arasında olan fərqin hesablanaraq, həmin MMC-dən iddiaçının xeyrinə tutulmasını xahiş etsə də, cavabdeh qismində inzibati orqan olmayan, adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanlarının Təsnifatı”nda inzibati orqan kimi qeyd olunmayan "xxxx" MMC-ni göstərmiş, qanuna əsasən həmin hüquqi şəxsə inzibati akt qəbul etmək səlahiyyətinin verilməsi müəyyən edilməmişdir. Belə olan halda aydındır ki, iddiaçının "xxxx" MMC-yə qarşı iddia tələbinə inzibati mühakimə icraatı qaydasında baxıla bilməz. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə, yəni iddianın mümkünlüyü üçün zəruri olan tələbə cavab vermir, buna görə də iddia mümkün sayılmamalıdır. Azərbaycan Republikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Səlma Salahova