Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13362/2024 05.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əlilliyə görə ödənilməmiş müavinətin ödənilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona xx.xx.1988-ci il tarixdən xx.xx.2006-cı il tarixədək ödənilməmiş əlillik müavinətinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1988-ci il təvəllüdlü İddiaçı anadangəlmə (doğuşdan) lal-kardır. Hazırda səhhətində ciddi pozuntular mövcuddur və bu hər gün bir az daha ağırlaşır. Həmin problemlər onun mövcud vəziyyəti ilə bağlıdır və onda ciddi nevroloji problemlər yaradır. Səhhətində yaranmış problemləri aradan qaldırmaq üçün onun maddi rifahım əlverişli deyil. Elə ona görə də əlillik meyarının müəyyən edilməsi zərurəti yaranmışdır. Hazırda əlilliyə görə o, xx.xx.2006-cı il tarixindən etibarən müavinət 220 (iki yüz iyirmi) manat məbləğində alır, lakin 2006-cı il tarixinədək ödənilməmiş əlillik müavinətlərini ala bilmir. İddiaçı bununla bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.3-cü maddəsinə əsasən əlilliyə görə müavinət - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıada və bu Qanunun 9.1.2-ci maddəsinə uyğun olaraq əlillik müddətinə təyin olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” xx.xx.2018-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması hesab edilir. Sözügedən Qanunun 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti DTSERA tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Sözügedən Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs DTSERA tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Müavinət işinə daxil olan tibbisosial ekspert komissiyasının SER TSE-01 № 012078 saylı müayinə aktından çıxarışa əsasən İddiaçı xx.xx.2006-cı il tarixdən ilkin müayinə əsasında müddətsiz İİ dərəcə (orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə) əlilliyi müəyyən edilmiş və müvafiq olaraq həmin tarixdən əlilliyə görə sosial müavinət təyin edilmiş, hazırda ödənişi 220 manat məbləğində olmaqla davam etdirilir. X1 Sisteminin Əlillik altsistemində olan məlumatlara əsasən İddiaçınm əlilliyi xx.xx.2006-cı il tarixdən müəyyən edilməsi səbəbindən iddiaçıya xx.xx.1988-ci il tarixdən xx.xx.2006-cı il tarixədək ödənilməmiş əlillik müavinətinin ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və tələbinin təmin edilməsini xahiş etdi Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 08 avqust 2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış etirazın dəlillərinə uyğun imtina cavabı verilmişdir. -AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1988-ci il təvəllüdlüdür. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən təqdim olunmuş müavinət işindən görünür ki: -İddiaçı “Kəskin debillik dərəcəsində oliqofreniya davranış pozuntuları ilə. Lal-kar” diaqnozu əsasında xx.xx.2006-cı il tarixdən müddətsiz olaraq ikinci dərəcəli əlillik təyin edilmişdir. -Altsistemə daxil olmuş məlumatdan görünür ki, iddiaçıya xx.xx.2006-cı il tarixdən 220 manat məbləğində müavinət təyin edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, İddiaçı “Kəskin debillik dərəcəsində oliqofreniya davranış pozuntuları ilə. Lal-kar” diaqnozu əsasında xx.xx.2006-cı il tarixdən müddətsiz olaraq ikinci dərəcəli əlillik təyin edilmiş, daha sonra ona əlilliyi təyin olunduğu tarixdən etibarən 220 manat məbləğində əlilliyə görə müavinət təyin edilmişdir. İddiaçı hesab edir ki, onda olan xəstəliklər anadangəlmə olduğundan, onun həmin əlilliyə görə müavinəti almaq hüququ əvvəlki dövrlərə görə də yaranır. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hazırkı iddia ilə cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunundan: -1.0.1. Sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. -4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1. aylıq müavinətlər 4.0.1.3. əlilliyə görə müavinət; -7.0. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.3. əlilliyə görə müavinət - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda; 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.2. əlilliyə görə müavinət-əlillik müddətinə; “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanundan: -3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. (2 iyul 2021-ci il tarixli 356-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 iyul 2021-ci il, № 151) yeni məzmunda 3.3-1-ci maddə əlavə edilmişdir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə ləğv edilmişdir): -4.26. Əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. -5.1. Əlillik müddətlə müəyyən edildiyi hallarda, şəxs növbəti əlilliyin qiymətləndirilməsi təyin edildiyi aydan sonrakı ayın 1-dək əlil hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”ndan: -1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Məhkəmə qeyd edir ki, şəxsin əlilliyə görə müavinət almaq hüququ, əmək qabiliyyətinin qismən və ya tam itirilməsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edildiyin andan etibarən yaranır. Bu hüquq Azərbaycan Respublikasının “Sosial müavinətlər haqqında” Qanunu və digər normativ aktlarla tənzimlənir. Nəzərə alınmalıdır ki, əlillik statusunun müəyyən edilməsi zamanı şəxsin tibbi göstəriciləri, sosial vəziyyəti və digər əlaqəli amillər hüquqi qiymətləndirməyə cəlb olunur. Əlillik statusunun təsdiq edildiyi tarix müavinətin ödənilməsinin başlanğıc tarixi kimi əsas götürülür. Başqa sözlə, şəxs əlillər üçün qanunla nəzərdə tutulan imtiyazlardan yalnız bu hüququ yarandığı tarixdən istifadə etmək hüququna malik olur. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçıya əlilliyin təyin olunduğu dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 avqust 1997-ci il tarixli, 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1-ci bəndinin ikinci abzasına görə, “Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil sayılır. Göründüyü kimi, istər 2006-cı ildə, istərsə də daha sonra qüvvədə olmuş normalara əsasən şəxsin əlilliyinin müəyyən olunması üçün onun müvafiq səlahiyyətli tibb müəssisəsi tərəfindən verilmiş göndəriş əsasında tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirilməsi və bunun üzərindən onun sağlamlıq vəziyyətinin qiymətləndirilməsi tələb olunur. Belə ki, müvafiq səlahiyyətli tibb müəssisəsi tərəfindən verilmiş göndəriş şəxsin həmin göndərişdə nəzərdə tutulmuş məlumatlar əsasında tibbisosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən və ya tibbi-sosial ekspertizadan keçirilməsi məqsədlərinə xidmət və yalnız bu keyfiyyətə malik olan sənəd qismində qiymətləndirilməlidir. Lakin hazırkı halda nə əlilliyə görə təyin olunmuş müavinət işində, nə də iddiaçının təqdim etdiyi sənədlərdə onun 2006-cı ildən əvvəlki dövr üzrə əlil olmasına dair tibbi-sosial ekspert komissiyası tərəfindən verilmiş sənədin mövcudluğu müəyyən olunmur. Belə sənədlərin olmaması isə şəxsdə olan xəstəliyin anadangəlmə olub-olmamasından asılı olmayaraq əlil şəxs kimi qəbul edilməsinə və onun əlillər üçün nəzərdə tutulan hər hansı imtiyazdan istifadə etməsi hüququ vermir. Məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2006-cı il tarixdən əlil olmasına dair tibbisosial ekspert komissiyası tərəfindən verilmiş sənəd olmadığından, başqa sözlə iddiaçı 2006-cı ilin mart ayından əmək qabiliyyəti olmayan şəxs hesab olunduğundan, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə 30 mart 2006-cı il tarixindən müddətsiz olmaqla ikinci dərəcəli əlillik təyin olunduqdan sonra ona ikinci dərəcəli əlil kimi müavinət təyin olunması qanunvericiliyin tələbinə uyğun olmuşdur. Oxşar işlər üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-2351/2019 nömrəli, xx.xx.2019-cu il tarixli 2-1(102)-1862/2021 nömrəli, xx.xx.2021ci il tarixli; 2-1(102)-19/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və 2-1(102)-1210/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə qərarlarında analoji hüquqi mövqedən çıxış edilmişdir. Göstərilənlərə əsasən, məhkəmə belə qərara gəlir ki, cavabdehin imtinası qanunazidd olmamış və iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Odur ki, iddia təmin edilməməlidir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-13362/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13362/2024
05.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver