Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13368/2022 15.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri, Yasamal rayon İcra Şöbəsinə qarşı qərarın ləğv olunması tələbinə dair inzibati iş materiallarına mümkünlük icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri, Yasamal rayon İcra Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal rayon icra şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Səvxan Abasovun qeydiyyat tarixi və nömrəsi olmayan qərarının ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2( 103)- 9642/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia üzrə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-4149/2020 saylı iş üzrə qətnaməsinin iddianın təmin edilməyən - əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməsi, cavabdeh "xxxx" ASC ilə bağlanmış əmək müqaviləsinin müddətsiz bağlanılmış hesab olunması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəlmişdir. Yasamal rayon İcra Şöbəsinin icra məmuru Səvxan Abasov tərəfindən qətnamənin könüllü icrası üçün borcluya 10 (on) gün vaxt verilmişdir. Borclu qətnamənin könüllü icrası üçün ona verilən vaxtda qətnaməni tam icra etməmişdir. Sözügedən icra sənədi “İcra haqqında” Qanunun 70.2-ci maddəsinə əsasən dərhal icra olunmalı olduğu halda, "xxxx" ASC-nin rəhbərliyi hazırki tarixədək, heç bir əsas olmadan, mümkün və mümkün olmayan bütün variantlardan istifadə edərək süründürməçiliyə yol vermiş və məhkəmə qətnaməsini icra etməmişdir. Qanunsuz olaraq işdən çıxarma və ya başqa işə keçirmə haqqında sərəncamın ləğv olunması barədə müdriyyətin müvafiq əmrindən sonra işçinin əvvəlki vəzifələrini yerinə yetirməyə başladığı andan icra sənədi icra olunmuş hesab edilir. Könüllü icra üçün verilmiş müddətdə icra sənədi qismən icra olunmuş, məcburi işburaxma müddəti üçün ödənilməli olan əmək haqqı qismən ödənilmiş, eyni zamanda o əvvəlki vəzifəsini yerinə yetirmək üçün öz iş yerinə buraxılmamışdır. Buna görə də icra sənədi icra olunmuş hesab edilməmişdir. Onu da bildirir ki, icra prosesinin yekunlaşmamasına baxmayaraq cavabdeh "xxxx" ASC-nin rəhbərliyi xx.xx.2022-ci il tarixində təkrarən onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndilə (müəssisənin mülkiyyətçisinin dəyişməsi) xitam vermişdir. Yasamal rayon İcra şöbəsinin icra məmuru Səvxan Abasovun xx.xx.2022ci il və xx.xx.2022-ci il tarixli məktubları ilə borclu "xxxx" ASC-yə könüllü icra müddətində icra sənədinin icra edilməməsi ilə bağlı xəbərdarlıq edilmiş və məcburi icra tədbirlərinin tətbiq olunacağı bildirilmişdir. Göründüyü kimi icra məmurunun cavabdehə ünvanladığı xx.xx.2022-ci il tarixli məktub “onun işdən çıxarıldığı”, yəni xx.xx.2022-ci il tarixli əmrdən sonraya təsadüf edir. Yuxarıda qeyd edilənlərə baxmayaraq, borclu yenə də icra sənədinin icrasından nəinki yayınmış, hətta icra üçün cürbəcür süni maneələr yaratmağa davam etmişdir. Belə ki, icra sənədinə əsasən, o "xxxx" ASC-nin “8 saylı” Filiala müdiri vəzifəsinə - öz işinə müddətsiz əmək müqaviləsi ilə bərpa olunmalıdır. Tərəfindən ünvanlanmış sorğuya Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, xx.xx.2021-ci il tarixində ünvan 1 ünvanında yerləşən “8 saylı” Filialın hüquqi ünvanının ünvan 3 Filialına dəyişdirilməsi ilə əlaqədar Filiala verilmiş icazə yenilənmiş və mərkəzi reyestrdə müvafiq dəyişiklik aparılmışdır. Göstərilənlərə əsasən, o ünvan 1 ünvanında yerləşən “8 saylı” Filialın yenilənmiş hüquqi ünvanına, yən, ünvan 4 May” Filialına öz işinə bərpa edilməli idi. Lakin borclu "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il və xx.xx.2022- ci il tarixli məktublarla “8 saylı” Filialın mövcud olmaması səbəbi əsas gətirilərək onun həmin filiala yox, “3 saylı” Filiala işə bərpa olunmağı təklif olunmuşdur. Borclu "xxxx" ASC tərəfindən ona ünvanlanan məktublarda təklif olunan iş qətnamə üzrə nəzərdə tutulan öz işi olmadığı üçün tərəfindən imtina edilmişdir və bildirmişdir ki, o əvvəlki işinə bərpa edilməlidir və vəzifələrinin icrasına başlamalıdır. Belə ki, borclu əvvəlki işinə bərpa olunmağını təmin etməlidir. Sonradan ona məlum olmuşdur ki, "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixində, yəni ona “3 saylı” Filiala təyin olunmağı təklif edildikdən sonra, icra sənədinin icrası mərhələsində Müşahidə Şurasının növbədənkənar Ümumi iclasında Şəmsi Bədəlbəyli küçəsi, 102 ünvanında yerləşən “28 May” (keçmiş “8 saylı”) Filialın ünvan 5 ünvana köçürülməsi qərara alınmış, bununla bağlı xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankından icazə verilmiş və reyestrdə müvafiq qeydiyyat aparılmışdır. Faktiki olaraq isə “3 saylı” Filialın və “28 May” Filialının işçi tərkibi, müştəri bazası, əmanət və kredit portfelləri yeni ünvana köçürülməmiş, olduğu kimi saxlanılmışdır. Bütün bunlar cavabdeh tərəfindən icra sənədinin icrasını mümkünsüz etmək məqsədilə edilən qanunsuz hərəkətlər və icraya yaradılan süni maneələrdir. Eyni zamanda icra sənədi icra olunmadığı üçün icra üzrə icraata xitam verilməmişdir. Elektron sistem üzərində əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli bildiriş etibarsız hesab edilmiş, süni şəkildə onun köhnə işinə bərpa olunmağı görüntüsü yaradılmışdır. Bununla bağlı o dəfələrlə müxtəlif tarixlərdə həm cavabdeh banka, həm icra şöbəsinə məktublar ünvanlamışdır ki, o işə bərpa olunmamışdır, işə bərpa olunmağı barədə icra sənədi icra olunsun. Yasamal rayon icra şöbəsinin icra məmuru Səvxan Abasovun xx.xx.2022 və xx.xx.2022-ci il tarixli məktublarında da borclu "xxxx" ASC-yə icra müddətində icra sənədinin icra edilməməsi ilə bağlı xəbərdarlıq edilmiş və onun əvvəlki vəzifə öhdəliklərinin icrasına, yəni “28 May” (köhnə “8 saylı”) Filialına müdir vəzifəsinə bərpa edilməli olmağı vurğulanmışdır. Tərəfindən icra tədbirlərinin görülməsi barədə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktub Bakı şəhəri Yasamal rayonu icra şöbəsinin icra məmuru Səvxan Abasova, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli çoxsaylı məktublar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Baş İcra İdarəsi Yasamal rayon icra şöbəsinin rəisinə, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli məktublar isə cavabdeh "xxxx" ASC-nin İdarə Heyətinin rəhbər şəxslərinə ünvanlanmışdır. Məhkəmə qətnaməsinin icra olunması üçün göstərdiyi bütün cəhdlərə baxmayaraq, Yasamal rayon icra şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Səvxan Abasovun qeydiyyat nömrəsi və tarixi belə olmayan qərarında onun tələbkar olaraq hərəkətsizlik nümayiş etdirdiyi qeyd olunmuşdur. Hazırki işdə icra sənədi icra olunmayıb və icra məmuru qanunun yuxarıda göstərilən tələbinə əməl etməyib. Göründüyü kimi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1, 12.3,82.1 və 82.3-cü maddələrinə müvafiq olaraq, icra məmuru hərəkətsizlik nümayiş etdirmişdir. İcra məmurları özləri icra sənədinin icrası üzrə açıq-aşkar hərəkətsizlik etdikləri halda, borclu tərəfindən icra sənədinin icrasına qəsdən yaradılan süni maneələri və öz hərəkətsizliklərini tələbkar olaraq onun “hərəkətsizliyi” kimi qiymətləndirib icra sənədini “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.5-ci maddəsinə əsasən geri qaytarmışlar. Bu isə onun konstitusion hüquqlarının pozulması olmaqla tamamilə qanunaziddir. Bununla da müvafiq icra tədbirləri görmək əvəzinə bankı müdafiə edərək borclu təşkilata vəkillik etmişlər. Cavabdeh iddia tələbinə dair vəsatət təqdim etmiş vəsatəti onunla əsaslandırmışdır ki, hazırki iş üzrə iddia mümkün sayılmamalıdır. Əvvəla qeyd edirlər ki, şikayət ərizəsi mahiyyətinə görə əsassız və qanunsuzdur. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9642/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilinəsi haqqında xx.xx.2020-ci il tarixli, 128/A saylı əmrinin və əmrə əsasən ******* saylı əmək kitabçasının 27-ci səhifəsindəki 29-cu qeyd nömrəsi ilə yazılmış “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b" bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilsin” qeydi etibarsız sayılması, İddiaçı əvvəlki işinə bərpa edilməsi, İddiaçı xx.xx.2020-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı və əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə xəstə olduğu müddətdə xəstəlik vərəqəsi üzrə ödənilməli olan məbləğin ödənilməsi, tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddətsiz bağlanılmış hesab edilməsi, ”Yelo Bank” ASC-dən ödənilmiş dövlət rüsumu olan 30 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmiş və bununla bağlı müvafiq icra vərəqəsi xx.xx.2022ci il tarixində "xxxx"ASC-yə (bundan sonra Bank) daxil olmuş, tərəflərindən təxirə salınmadan məhkəmə qətnaməsi icra olunmuş, xx.xx.2022-ci il tarixində müvafiq qərara əsasən onun hesabına 43133,98 (qırx üç min yüz otuz üç manat doxsan səkkiz qəpik) manat məbləğində vəsait köçürülmüşdür. Eyni zamanda, əmrlə İddiaçı əvvəlki işinə bərpa edilmiş, onun barəsində işdən çıxarılma barədə bildiriş etibarsız hesab edilmişdir. Lakin İddiaçı əmək kitabçasını Banka təqdim etmədiyinə və işə çıxmaqdan imtina etdiyinə görə icra sənədinin icra olunmadan geri qaytarılması barədə xx.xx.2022-ci il tarixdə qərar qəbul edilmişdir. Bundan əlavə, İddiaçı şikayət ərizəsi inzibati mübahisə deyildir və icra məmurunun qərarından şikayət kimi rayon (şəhər) məhkəmələrində baxılır. Şikayət ərizəsi məhkəməyə təqdim edilərkən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa zidd olaraq tərtib edilmişdir. “İcra haqqında” Qanunun 26-cı maddəsində qeyd olunub ki, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində mümkün sayılan iddia növləri sadalanmışdır ki, hazırki şikayət ərizəsi həmin sadalananlar sırasında deyildir. Yuxanda göstərilənləri əsas gətirərək İddiaçı şikayət ərizəsinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasıda iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, iddia ərizəsindən göründüyü kimi hazırki mübahisənin predmetini Bakı Apellyasiya Məhkəməsinin 2(003)-9642/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə başlanılmış icra icraatı ilə bağlı hərəkətlər təşkil edir. İcra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən məhkəməyə şikayət verilməsi “İcra haqqında” Qanunun 87.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddədə göstərilir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair" 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də qaldırılmış iddia da İPM-nin 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Göründüyü kimi icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Yuxarıda şərh olunanların hazırkı mübahisənin hallarına tətbiqi baxımından məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən hal Bakı Apellyasiya Məhkəməsinin 2(003)-9642/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə başlanılmış icra icraatı ilə bağlı olduğundan hazırki iddia tələbi həmin mülki işin davamı kimi mülki icraat qaydasında icra sənədini vermiş məhkəmədə mübahisələndirilə bilər. Beləliklə məhkəmə hesab edir ki, yuxarıda da qeyd olunduğu kimi belə iddialar inzibati mübahisə hesab edilmədikləri üçün ona inzibati məhkəmə icraatı qaydasında baxılması yol verilməzdir. İnzibati iddiaların ilkin ümumi mümkünlük şərti isə İPM-nin 1.1-ci maddəsində təsbit edilmiş qaydaya görə mübahisənin inzibati hüquq münasibətləri ilə bağlı yaranmış olmasıdır. Həmin şərt hazırkı işdə ödənilmədiyi üçün hazırki iş üzrə iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-13368/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13368/2022
15.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver