Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13374/2024 24.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında təkrar şəhadətnamənin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Sabunçu rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ermənistan Oktemberyan rayon Bağçalar kəndində xx.xx.1976-cı il tarixində doğulmuş İddiaçı doğum akt qeydinin bərpa edilməsi, ana qrafasında “X3”, ananın milliyəti olaraq “azərbaycanlı”, ata qrafasında isə “X11”, atanın milliyəti olaraq “azərbaycanlı” qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1976-cı il tarixində Ermənistan Oktemberyan rayon Bağçalar kəndində anadan olmuş və doğumu Ermənistanda qeydə alınmışdır. Anası xx.xx.1947-ci il tarixdə Ermənistan Oktemberyan rayonunda doğulmuş X1r. Atası isə xx.xx.1945-ci il tarixdə Ermənistan Oktemberyan rayonunda doğulmuş və xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikası Bakı şəhərində vəfat etmiş - X8r. Hər iki valideyninin milliyyəti azərbaycanlıdır. Qardaşı - xx.xx.1971-ci il təvəllüdlü X16 barəsində Ermənistanda qeydə alınmış doğum haqqında şəhadətnamədə valideynlərinin azərbaycanlı olması öz təsdiqini tapır. 1988-ci ilin məlum hadisələrindən sonra köçüb gələrkən bir çox sənədləri, həmçinin doğum haqqında şəhadətnaməsi Ermənistanda qalmışdır. Sabunçu Rayon Qeydiyyat Şöbəsinə müraciət edərək doğum akt qeydinin bərpa edilməklə yeni şəhadətnamənin verilməsini xahiş etdi. Lakin şöbə, Ermənistan sənədlərinin arxivi olmadığına görə doğum akt qeydinin bərpa edilməsi məsələsinin həllinin qeydiyyat orqanında mümkün olmadığını bildirdi. 1991-1994-cü illərdə Bakı şəhəri 29 saylı Texniki peşə məktəbində dəzgahçı ixtisası üzrə təhsil almışdır. xx.xx.2006-cı ildən xx.xx.2007-ci ilədək hərbi xidmətdə olmuşdur. Daha sonra uzun illər fəhləliklə məşğul olduğu üçün və sənədləşmə işi ilə bağlı məlumatsız olmağı səbəbindən şəxsiyyət vəsiqəsi olmamışdır. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli arayışda Ermənistan Respublikasından qaçqın düşdüyü öz təsdiqini tapmışdır. Sürücülük məktəbinin xx.xx.1997-ci il tarixli foto şəklinin də əks olunduğu kartoçkasında onun - İddiaçı olmağı qeyd edilmişdir. xx.xx.1997-ci il tarixdə Nərimanov rayon 53 saylı MKİS tərəfindən verilmiş arayışda ailə tərkibi qeyd edilmişdir. Şəxsiyyət vəsiqəsi almaq üçün ASAN Xidmət Mərkəzinə müraciət etdi, lakin doğum haqqında şəhadətnaməsi olmadığından şəxsiyyət vəsiqəsi verilməsindən imtina edilmişdir. Sabunçu Rayon Qeydiyyat Şöbəsinə müraciət edərək doğum akt qeydinin bərpa edilməklə yeni şəhadətnamənin verilməsini xahiş etdi. Lakin şöbə, Ermənistan sənədlərinin arxivi olmadığına görə doğum akt qeydinin bərpa edilməsi məsələsinin həllinin qeydiyyat orqanında mümkün olmadığını bildirdi.
3. Cavabdeh Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 №li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas müddəalara müvafiq qaydada əsaslar olmadığından Sizin doğum akt qeydinizin bərpa edilməsi məsələsinin həlli qeydiyyat orqanında mümkün deyildir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən “Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir”. Doğum haqqında akt qeydinin bərpa edilməsi və valideynlər haqqında məlumatın qeyd edilməsi barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra Sizin doğum haqqında akt qeydiniz bərpa olunaraq, doğum haqqında şəhadətnamə ilə təmin olunacaqsınız.”
4. Cavabdeh Sabunçu rayon qeydiyyat şöbəsinin iddiaya münasibəti onunla əsaslandırılmışdır ki, vətəndaş - özünü İddiaçı kimi təqdim edən şəxs qeydiyyat şöbəsinə doğum haqqında şəhadətnamənin bərpa edilməsi ilə bağlı müraciət etmişdir və imtina məktubu ilə müraciətinə cavab verilmişdir. Məktubda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 №li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas müddəalara müvafiq qaydada əsaslar olmadığından Sizin doğum akt qeydinizin bərpa edilməsi məsələsinin həlli qeydiyyat orqanında mümkün deyildir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən “Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir”. Doğum haqqında akt qeydinin bərpa edilməsi vəzifəsinin Sabunçu rayon qeydiyyat şöbəsinin üzərinə qoyulması və valideynlər haqqında məlumatın qeyd edilməsi barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra Sizin doğum haqqında akt qeydiniz bərpa olunaraq, doğum haqqında şəhadətnamə ilə təmin olunacaqsınız.”
5. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
II. İddianın növü
6. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.
7. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir.
8. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
9. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
10. A 870802 nömrəli natamam orta təhsil haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı Nərimanov rayon 207 nömrəli ümumtəhsil orta məktəbində oxumuş və 1991-ci ildə natamam orta məktəbi bitirmişdir. Şəhadətnamə 24 iyun 1991-ci il tarixdə Azərbaycan SSR Xalq Təhsil Nazirliyi tərəfindən verilmişdir.
11. Z ******* nömrəli diplomun surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci ildə Bakı şəhəri 29 saylı texniki peşə məktəbinə daxil olmuş, “tornaçı” peşəsi üzrə tam kursu xx.xx.1994-cü ildə bitirmişdir. Diplom 02 iyul 1974-cü il tarixdə Azərbaycan Respublikası Xalq Təhsil Nazirliyi tərəfindən verilmişdir.
12. AZE 03941184 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1947-ci ildə Ermənistan Oktemberyan rayonunda anadan olmuşdur.
13. AZ-İ 551084 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 20 fevral 2012-ci il tarixdə vəfat etmişdir. Şəhadətnamə xx.xx.2012-ci il tarixdə Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən verilmişdir.
14. Xidmət-uçot kartoçkasının surətindən görünür ki, 2006-cı ildə hərbi xidmətə çağırılan İddiaçı hərbi hissədə sürücü-mexanik kimi xidmət etmişdir. O, Ermənistan Respublikasının Oktemberyan rayonunda anadan olmuş, milliyəti azərbaycanlıdır, 29 nömrəli BPM-də 1994-cü ildə təhsilini bitirmiş, mülki ixtisası tornaçı olmaqla iş yeri yoxdur, ailə tərkibi: 1945ci il təvəllüdlü X12, 1945-ci il təvəllüdlü X3, 1971-cil təvəllüdlü X16, 1972-ci il təvəllüdlü — Natiq—. Kartoçka N nömrəli hərbi hissə tərəfindən tərtib edilmişdir.
15. Nərimanov Rayon İcra Hakimiyyəti Mənzil təsərrüfatı İdarəsi 53 nömrəli MİS-in xx.xx.1997ci il tarixli arayışının surətindən görünür ki, 1976-cı il təvəllüdlü İddiaçı, 1971-ci il təvəllüdlü X16, 1972-ci il təvəllüdlü X13 və 1973-cü il təvəllüdlü X14 2-ci Şimal şitilliyi küçəsi, 48 saylı ev ünvanında yaşamışlar. 16.AA0854182 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X18 xx.xx.1973-cü ildə anadan olmuşdur. 17.AA3633200 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X16 xx.xx.1971-ci ildə anadan olmuşdur.
18. İ-CL 275555 nömrəli doğum haqqında şəhadətnamənin tərcümə olunmuş surətindən görünür ki, X16 xx.xx.1971-ci il tarixdə Ermənistan SSR, Hoktemberyan rayonu, Baqaran kəndində anadan olmuşdur, atası X11, anası X1r, hər iki valideyninin milliyyəti azərbaycanlıdır. Şəhadətnamə Hoktemberyan rayonu VVAQ bürosu 20 aprel 1972-ci il tarixdə verilmiş, doğum haqqında vətəndaş vəziyyəti aktları qeydiyyat № 125 ilə qeyd aparılmışdır.
19. Məhkəmənin sorğusuna əsasən X5 Reyestri Xidməti xx.xx.2024-cü il tarixli məktubu ilə bildirmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən adıçəkilən şəxsin doğumunun qeydə alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. Belə ki, X9 nikah haqqında akt qeydi nəzərdən keçirilərkən onun xx.xx.1971-ci ildə Ermənistan Respublikasının Oktenberyan rayonunda doğulduğu məlum olmuşdur. Eyni zamanda informasiya sisteminə baxış keçirilərkən X16 ilə X4 nikahı, habelə Nicat adlı övladının doğumu və atalığının müəyyən edilməsi və Nihad adlı uşağının doğumu haqqında məlumatlar aşkar edilmişdir. X9 nikahı, övladlarının doğumu və atalığının müəyyən edilməsi haqqında akt qeydlərinin surəti məhkəməyə təqdim edilmişdir. IV. İddanın mümkünlüyü və məhkəmənin mövqeyi
20. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarilxi, 03 nömrəli Qərarı:
4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. ...Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 1.4cü bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın preambulasına görə bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. 1.7. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı nəticəsində hüquqi əhəmiyyətini itirən sənədlər istisna edilməklə, bu Qaydada nəzərdə tutulan sənədlər barədə məlumatların elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur. 9.1-ci bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir: 9.7-ci bəndinə əsasən. (...) 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. 13-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir; 16-cı bəndinə əsasən, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir; 18-ci bəndinə əsasən, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir.
22. Qaydalarda nəzərdə tutulmuş müddəalara istinadən iddiaçı tərəfindən doğumu haqqında akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənədlər olmadığı əsası ilə cavabdeh doğum təkrar şəhadətnamənin verilməsindən imtina etmişdir.
23. Hazırkı iddia mahiyyət etibarilə yekunda qeydiyyat orqanın hərəkətlərindən şikayətlə, yəni hüquqi əhəmiyyətli fakt olan doğum faktı müəyyən edilmədən təqdim edilən sənədlər əsasında doğum akt qeydinin bərpa olunması və təkrar doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlıdır.
24. Belə ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir.
25. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.0.5-ci maddəsində şəxsiyyət vəsiqəsi anlayışı açıqlamaqla göstərilmişdir ki, şəxsiyyət vəsiqəsi - Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən sənəddir.
26. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənəd - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir, lakin Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən digər sənədlər mövcud olduğu halda, onlar da şəxsin eyniləşdirilməsinə imkan verən şəxsiyyət vəsiqəsi kimi qəbul edilmişdir.
27. Bununla bağlı məhkəmə hesab edir ki, istinad edilmiş Qaydaların 9.7-ci bəndində nəzərdə tutulmuş “şəxsiyyətini təsdiq edən sənədlər” anlayışı yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənədi nəzərdə tutmur və ümumi anlamda həmin şəxsin eyniləşdirməsinə imkan verən hər hansı bir digər rəsmi sənədi ehtiva edir.
28. İddia tələbin hüquqi əhəmiyyətli fakt olan doğum faktı müəyyən edilmədən təqdim edilən sənədlər əsasında doğum akt qeydinin bərpa olunması ilə bağlı məhkəmə qeyd edir:
29. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
30. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın:
13. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.
14. İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.
31. Qanunveriliyin tələbindən də göründüyü kimi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır.
32. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı doğum haqqında şəhadətnaməsini itirmişdir. O, təkrar şəhadətnamə almaq üçün cavabdehə müraciət etsə də, şəxsiyyət vəsiqəsinin olmaması səbəbindən doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Lakin inzibati orqanın istinad etdiyi əsasla təkrar şəhadətnamənin verilməsindən imtina edilməsi halı qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə təkrar doğum haqqında şəhadətnamənin verilməsindən cavabdehin imtinasını əsassız hesab edir.
33. Belə ki, iş materiallarında olan Azərbaycan SSR Xalq Təhsil Nazirliyi tərəfindən verilən natamam orta təhsil haqqında şəhadətnamə və diploma əsasən müəyyən olunur ki, İddiaçı 1991-ci ildə natamam orta məktəbi bitirmiş, xx.xx.1991-xx.xx.1994-cü ildə Bakı şəhəri 29 saylı texniki peşə məktəbində təhsil almışdır. İddiaçının doğulduğu tarix və vaxt, milliyəti, təhsili, həmçinin ailə tərkibi haqqında onun xidmət-uçot kartoçkasında qeyd olunan məlumatlardan görünür ki, İddiaçı xx.xx.1976-cı ildə Ermənistan Respublikasının Oktemberyan rayonunda anadan olmuş, milliyəti azərbaycanlıdır, ailə tərkibi 1945-ci il təvəllüdlü X12, 1945-ci il təvəllüdlü X3, 1971-cil təvəllüdlü X6 ibarətdir. Eyni zamanda Nərimanov Rayon İcra Hakimiyyəti Mənzil təsərrüfatı İdarəsi 53 nömrəli MİS tərəfindən verilən yaşayış yeri haqqında arayışda da 1976-cı il təvəllüdlü iddiaçının ailə üzvləri qismində 1971-ci il təvəllüdlü X16, 1972-ci il təvəllüdlü X13 və 1973-cü il təvəllüdlü X14 qeyd olunmuşdur.
34. Bundan əlavə, işdə olan sənədlər və X2 Reyestri Xidmətinin məhkəməyə təqdim etdiyi məlumatdan bəlli olur ki, X10 (iddiaçının qardaşı) məxsus Ermənistan SSR tərəfindən verilən doğum haqqında şəhadətnamə mövcuddur, həmin şəhadətnamə əsasında şəxsiyyət vəsiqəsi verilmişdir, doğum haqqında şəhadətnamədə atası və anası haqqında məlumatlar (X11 – azərbaycanlı, X3 – azərbaycanlı) əks olunmuşdur.
35. Göstərilənlərə əsasən, iddiaçının atasının X11, anasının X3, hər iki valideyninin milliyyətinin azərbaycanlı olması aydın olur.
36. Məhkəmə qeyd edir ki, həmin şəxsin təhsil haqqında şəhadətaməsi, diplomu, hərbi xidməti barədə uçot kartoçkası mövcud olmaqla həmin sənədlərdə vətəndaş haqqında məlumatlar, həmçinin ailə üzvünə - qardaşına məxsus doğum haqqında şəhadətamədə ata və ana, onların milliyəti qrafasında olan məlumatlar eynilik təşkil edir. Odur ki, iddiaçı doğum haqqında təkrar şəhadətnamə almaq hüququna malikdir. Şəxsiyyət vəsiqəsinin olmaması onu doğum haqqında təkrar şəhadətnamə almaq hüququndan məhrum edə bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
37. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilən sübutlar doğum haqqında akt qeydinin bərpası (təkrar doğum haqqında şəhadətnamənin verilməsi) üçün kifayət edir. Qeyd edilən normaların tələbləri nəzərə alındıqda, iddiaçı müvafiq ərizə ilə özünün yaşadığı ərazi üzrə qeydiyyat orqanına müraciət etməkdə haqlı olmuşdur. Həmin normaların tələblərinin təmin olunması (gözlənilməsi) ərizəçiyə deyil, ərizənin verildiyi (ərizəçinin yaşayış yeri üzrə) qeydiyyat orqanına aiddir. Başqa sözlə, həmin normalar bilavasitə ərizəçinin qeydiyyat orqanına müraciət etmək imkanını hər hansı şərtdən asılı etmir və ya onun üzərinə müraciətlə bağlı hər hansı öhdəlik qoymur.
38. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsinin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir.
39. Cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsi ilə onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, iddiaçının müraciəti üzrə bütün əlavə sübutların toplanması və iddiaçının subyektiv hüququnun təmin edilməsi üçün araşdırmanı aparmaq əvəzinə iddiaçının müraciətinin təmin edilməsindən formal olaraq əsassız imtina etmişdir.
40. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
41. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının iddiası əsaslı olduğu üçün təmin edilməli, doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Sabunçu rayon qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır.
42. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddia təmin edilsin. Ermənistan Oktemberyan rayon Bağçalar kəndində xx.xx.1976-cı il tarixində doğulmuş İddiaçı doğum akt qeydinin bərpa edilməsi, ana qrafasında “X3”, ananın milliyəti olaraq “azərbaycanlı”, ata qrafasında isə “X11”, atanın milliyəti olaraq “azərbaycanlı” qeyd edilməsi vəzifəsi cavabdeh Sabunçu rayon qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva