Məhkəmə qərarları › İş №2-1(112)-13378/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13378/2025

09.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13378/2025 09.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum haqqında şəhadətnamədə dəyişiklik edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək mərhum həyat yoldaşı X1 04 yanvar 1960-cı il tarixdə Ermənistan SSR-nin Vedi rayonu, Şirazlı kəndində anadan olması faktını təsdiq edən 08 yanvar 1960-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnaməsində anası Sultanova Şirinin ata adında düzəliş edilərək “Əkbər” qızı qeyd edilməsi nəzərə alınmaqla Azərbaycan Respublikası ərazisində qeydə alınması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı X3 04 yanvar 1960-cı ildə Ermənistan SSR-in Vedi rayonu, Şirazlı kəndində anadan olmuşdur. Şirazlı kənd soveti tərəfindən 08 yanvar 1960-ci il tarixdə ona verilmiş doğum haqqında şəhadətnamədə anası Sultanova Şirinin ata adında düzəliş edilərək “Əkbər” qızı yazılmışdır. Düzəliş edilməsi barədə şəhadətnamədə qeyd aparılaraq möhürlə təsdiqlənmişdir. İddiaçı və X3 28 may 1984-cü ildə Ermənistan SSR-də rəsmi nikaha girərək ailə qurmuşdur. Həmin nikah 28 may 2025-ci il tarixdə Azərbaycan Respublikası ərazisində bərpa edilmişdir. İddiaçının həyat yoldaşı X3 28 noyabr 2024-cü il tarixdə ağ ciyər xəstəliyindən ölmüşdür. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində vərəsəlik işinin açılması ilə əlaqədar iddiaçının həyat yoldaşı X2 Ermənistan SSR, Vedi rayonu, Şirazlı kənd soveti tərəfindən 08 yanvar 1960-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədə edilmiş düzəliş nəzərə alınmaqla Azərbaycan Respublikası ərazisində bərpa edilib qeydə alınmasına zərurət yaranmışdır.Doğum haqqında şəhadətnamədə düzəliş nəzərə alınmaqla qeydə alınması barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsi 04 iyun 2025-ci il tarixli məktubu ilə ərizənin icraasında imtina edilərək inzibati qaydada məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında hüquqi yardım barədə əlaqələr olmaması səbəbindən doğum haqqında şəhadətnamədə aparılmış düzəliş faktını təsdiq edən digər sənədləri əldə etmək imkanım olmamışdır.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Göstərilənlərin nəzərə alınması və müvafiq qeydiyyat şöbəsinə yaxınlaşmaq tövsiyə edilir.

4. AZ-İİ 456353 nömrəli Ölüm haqqında Şəhadətnaməyə əsasən Ölüm haqqında Şəhadətnaməyə əsasən X3 xx.xx.2024-cü il tarixində bronxların və ya ağciyərin aşağı payının bədxassəli yenitörəməsi səbəbilə ölmüşdür.

5. 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Arayışa əsasən X3 ilə İddiaçı nikah haqqında 27 may 2025-ci il tarixdə 43 №-li bərpa akt qeydi tərtib olunmuşdur. Nikahın qeydə alındığı yer: 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi. Nikah bağlandıqdan sonra ərə Sultanov, arvada Hüseynova soyadı verilmişdir. xx.xx.1984-cü il tarixində Ermənistan Respublikası tərəfindən qeydə alınmış nikah bərpa edilmişdir. S.Q.Sultanovun ölümü xx.xx.2024-cü ildə 1209 saylı aktla Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmışdır.

6. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-4724/2025 nömrəli Qərardadı ilə ərizəçi İddiaçı (maraqlı şəxs qismində Binəqədi Rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizənin icraata qəbul edilməsindən imtina edilmiş, ərizə və ona əlavə edilmiş sənədlər, o cümlədən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçiyə qaytarılmışdır. Ərizəçiyə qeydiyyat şöbəsinin imtinasından inzibati məhkəməyə şikayət vermək hüququnun olması izah edilsin.

7. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən iddiaçı iddia tələbinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi.

II. İddianın mümkünlüyü

8. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

9. Məhkəmə müəyyən edir ki, İddiaçı hazırki iddia tələbini qaldırmaqda yekun məqsədi həyat yoldaşı X2 münasibətdə vərəsəlik hüququnun tanınmasıdır.

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə: 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının;

11. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Qərarı:

18. Məhkəmələrə izah edilir ki, işlərin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi zamanı konkret kateqoriya işlər üzrə mübahisə predmetinə əsasən müstəsna məhkəmə aidiyyətinin müəyyən edilməsinin mümkünlüyü də nəzərə alınmalıdır. Belə ki, bir sıra kateqoriya işlərin xüsusiyyətləri hüquq münasibətinin xarakteri baxımından bu və ya digər formada işin ümumi və yaxud kommersiya məhkəməsinə aidiyyətini birbaşa olaraq müəyyənləşdirməyə imkan verir. Məsələn, ailə-nikah, mənzil, əmək, vərəsəlik, renta, istehlak münasibətlərindən, habelə müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi, oyun və mərclərin keçirilməsindən irəli gələn mübahisələrin xüsusiyyəti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsini istisna etməklə, onları müstəsna qaydada ümumi məhkəməyə aid edir.

12. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən Cədvələ əsasən, mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq aşağıdakı tələblərə ümumi məhkəmələr baxır: - Vərəsəlik münasibətlərindən irəli gələn tələblər;

13. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - AZ-İİ 456353 nömrəli Ölüm haqqında Şəhadətnaməyə əsasən Ölüm haqqında Şəhadətnaməyə əsasən X3 xx.xx.2024-cü il tarixində bronxların və ya ağciyərin aşağı payının bədxassəli yenitörəməsi səbəbilə ölmüşdür. - 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Arayışa əsasən X3 ilə İddiaçı nikah haqqında 27 may 2025-ci il tarixdə 43 №-li bərpa akt qeydi tərtib olunmuşdur. Nikahın qeydə alındığı yer: 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi. Nikah bağlandıqdan sonra ərə Sultanov, arvada Hüseynova soyadı verilmişdir. xx.xx.1984-cü il tarixində Ermənistan Respublikası tərəfindən qeydə alınmış nikah bərpa edilmişdir. S.Q.Sultanovun ölümü xx.xx.2024-cü ildə 1209 saylı aktla Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmışdır.

14. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur və qarşıya qoyduğu məqsədə çatmaq üçün səmərəli hüquq müdafiə vasitəsi mərhumun vərəsəsi kimi hüququn qeydə alınmasından imtina edən quruma (notariat ofisinə) qarşı səlahiyyətli məhkəmə iddiasıdır (ümumi məhkəmədə).

15. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən iddiaçıya səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

16. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

17. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar