Məhkəmə qərarları › İş №2-1(112)-13380/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13380/2023

24.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13380/2023 24.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə qarşı “nəqliyyat vasitəsinin qeydiyyatdan çıxarılması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "Moskviç 412” markalı ** DO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mən, İddiaçı adından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Baş Dövlət Yol Polis İdarəsi üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətində “Moskviç 412” markalı 10DO104 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi olmuşdur. Lakin sonradan nəqliyyat vasitəsi başqa şəxsə satılmışdır. Hal-hazırda isə avtomobilin vəziyyəti ilə bağlı heç bir məlumatı yoxdur. Buna baxmayaraq, nəqliyyat vasitəsi hələ də onun mülkiyyətində kimi görünür. Bununla bağlı onun tərəfindən cavabdeh Baş Dövlət Yol Polis İdarəsinə ərizə ilə müraciət olunmuşdur. Lakin cavabdeh xx.xx.2023-cü il tarixli 3-13-16/2-B-95943 saylı imtina məktubu ilə cavab vermişdir. İmtina məktubunda nəqliyyat vasitəsinin onun mülkiyyətində olduğu və etibarnamələrin verildiyi qeyd olunmuşdur. Lakin vurğuladığı kimi nəqliyyat vasitəsi onun mülkiyyət və istifadəsində deyil və harada olması ilə bağlı heç bir məlumatı yoxdur. Buna görə də hesab edir ki, nəqliyyat vasitəsinin hələ də onun mülkiyyətində kimi görülməsi qanunsuzdur. Buna görə də məhkəməyə müraciət olunması zərurəti yaranmışdır.

3. İddiaçının mülkiyyətində olan “Moskviç 412” markalı 10DO104 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin adından qeydiyyatdan çıxarılmasına köməklik göstərilməsi barədə Daxili İşlər Nazirliyinin Baş X1 idarəsinin rəhbərliyinə ünvanladığı müraciətinə cavabdeh tərəfindən bildirilmişdir ki, Baş DYP İdarəsinin mərkəzi informasiya sistemində həmin nəqliyyat vasitəsi onun adına qeydiyyatda olmaqla, digər şəxslərə etibarnamə verilməsi ilə bağlı müvafiq məlumat mövcuddur. Eyni zamanda bildirilmişdir ki, BDYPİ-nin müşahidə kameralarının yaddaş məlumatlarına baxış zamanı “Moskviç 412” markalı ** DO *** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunması halları müşahidə edilməmişdir. Həmçinin bildirilmişdir ki, adına qeydiyyatda olan nəqliyyat vasitəsinin qeydiyyatdan çıxarılması üçün onun tərəfindən və ya sərəncam vermək hüququ olan şəxs tərəfindən avtomobil sənədləri ilə birlikdə DİN BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinə təqdim edilməli olduğu barədə ona xx.xx.2023-cü il tarixdə telefon vasitəsi ilə (***-***-**-**) ətraflı məlumat verilmişdir

4. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun olaraq izahat verməklə iddia tələbinin təmin edilməsini xahiş etdi. II. İddianın mümkünlüyü

5. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

6. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

7. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

8. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.

9. Belə ki, iddia tələbinin məzmunundan göründüyü kimi iddiaçının yekun məqsədi nəqliyyat vasitəsinin adından qeydiyyatdan çıxarılmasıdır. Məhkəmə qeyd edir ki, iddiaçı qeyd edir ki, həmin nəqliyyat vasitəsini faktiki olaraq 2001-ci ildə özgəninkiləşdirib. Mülki Məcəllənin həmin dövrdə qüvvədə olan 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir.

10. Odur ki, iddiaçı hüquqi marağına uyğun həmin məqsədə daha tez, daha münasib və daha sadə yolla nail olmaq üçün səmərəli hüquqi müdafiə vasitəsi qeyd edilən nəqliyyat vasitəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair iddia ilə səlahiyyətli ümumi məhkəməyə müraciətdir.

11. Odur ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

12. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

13. Göstərilənlərə əsasən və İPM-in 16.3, 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq,

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar