Məhkəmə qərarları › İş №2-1(112)-13380/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13380/2024

26.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13380/2024 26.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Nəsimi rayon Xalq Deputatları İcraiyyə Komitəsinin 43/5 nömrəli, xx.xx.1986-cı il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 19 iyul 1989-cu il tarixdə X3 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və qaynanasına məxsus olan ünvan 1 ünvanında yerləşən evə gəlin köçmüşdür. Qaynanası, yoldaşım və mən həmin evdə birgə yaşamış, təsərrüfat aparmış, mənzillə bağlı xərclər çəkmişdir. 1990-cı ildə qaynanası, 14 mart 2013cü ildə həyat yoldaşı X3 vəfat etmişdir. Əri vəfat edənə qədər onunla birgə, sonra isə həmin mənzildə hazıradək fasiləsiz olaraq tək yaşayır. Əri ilə birlikdə 1989-cu ildən həmin mənzildə yaşamağını şahid qismində qonşularım X8 və X9 öz ifadələri ilə və 81 saylı MTK-nın arayışı ilə də təsdiq edilir. Hesab edir ki, qaynanası vəfat etdiyi tarixdən mərhum həyat yoldaşı ilə həmin dövrdən indiyədək miras qalmış əmlak payını faktiki olaraq qəbul etmişlər. Mənzilə görə kommunal haqları, MTK-ya ödənənilən təsərrüfat xərcini, məişət tullantılarının atılmasına görə ödənişi ödəmişlər, evin təmiri işlərini isə əri ilə bərabər aparmışlar. xx.xx.2023-cü il tarixdə qaynının oğlu X10 iddiaçıya qarşı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində “mənzildən məcburi çıxartma” iddia qaldıranda iddiaçıya məlum olmuşdur ki, ünvan 2 ünvanda yerləşən 33 nömrəli mənzil xx.xx.1986-cı il tarixli 216803 nömrəli orderə, xx.xx.2010-cu il tarixli 43 nömrəli maliyyə arayışına, Nəsimi rayon Xalq Deputatları İcrayyə Komitəsinin 43/5 nömrəli qərarına və xx.xx.2010-cu il tarixli 32 nömrəli Forma 2 arayışına əsasən ilkin olaraq X1 adına qeydiyyata alınmış və adına MA seriyalı ******* saylı, qeydiyyat nömrəsi ********** olan çıxarış verilmişdir. Sonradan isə xx.xx.2022ci tarixli, 4Ə-1977 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixində X4 adına qeydiyyat nömrəsi ********** olan çıxarış verilmişdir. Hesab edir ki, Nəsimi rayon Xalq Deputatları İcrayyə Komitəsinin 43/5 nömrəli, xx.xx.1986-cı il tarixli qərarı etibarsızdır, saxtadır, qərara əlavə edilmiş protokollar mövcud deyildir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İPM) 45.4cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X10 hazırkı iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili mübahisələndirilən inzibati aktın Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən qəbul edildiyinə görə cavabdeh kimi də tələbin həmin inzibati orqan yönəldilməli olduğunu bildirmiş və iddia ərizəsində Bakı Şəhər İcra Hakimiyyətinin qeyd edilməsini texniki xəta kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə göstərilənlərə əsasən cavabdeh qismində Bakı Şəhər İcra Hakimiyyətinin qeyd edilməsini formal xəta kimi nəzərə almış və iddianın dəqiqləşdirilməsinə zərurət görməmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən iddiaya dair yazılı münasibət məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü (iddia müddətinin ötürülməsi) məsələsinin müzakirəsini zəruri saymış və proses iştirakçılarının fikri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndə-vəkili iddianı müdafiə edərək iddia müddətini ötürmədiklərini bildirmiş və iddiaya mahiyyəti üzrə baxılaraq təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddiaçının hazırkı tələbi irəli sürməyə subyektiv hüququnun olmadığını bildirərək iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Qeyd olunan Plenum qərarının 2.3-cü bəndində vurğulanır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Oxşar müddəa İnzibati Prosessual Məcəllənin qüvvəyə minməsinə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsində də öz əksini tapmışdı. Həmin maddəyə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. Hazırkı iddia ilə mübahisələndirilən məsələ hazırda qüvvədə olan İnzibati Prosessual Məcəllə qüvvəyə minməzdən əvvəlki, yəni 01 yanvar 2011-ci ilə qədərki dövrə aiddir. Həmin dövrdə inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları isə 01 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30 iyun 2011-ci il tarixədək qüvvədə olmuş 27-ci Fəslinin (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) müddəaları əsasında həll olunurdu. Adıçəkilən Məcəllədə də inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Belə ki, həmin Məcəllənin 298-ci maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 299.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə tərəfindən 1 ay müddətində şəxsin qərar və hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müvafiq icra hakimiyyəti və ya yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların vəzifəli şəxslərinin iştirakı ilə baxılır. Göründüyü kimi, mübahisələndirilən inzibati aktın qəbul edildiyi dövrdə qüvvədə olmuş qanunvericilik müvafiq icra hakimiyyəti və ya yerli özünüidarə orqanlarının qərar və hərəkətlərini (hərəkətsizliyini) mübahisələndirmək üçün qısaldılmış iddia müddəti müəyyən etmişdi. Analoji mübahisə ilə bağlı qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1377/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Formalaşmış məhkəmə təcrübəsinə əsasən, xx.xx.2011-ci ilədək qəbul edilmiş inzibati aktlar şəxsin özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində mübahisələndirilə bilər (MPM-in xx.xx.2011-ci ilədək qüvvədə olan 298-ci maddəsi - şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir). Lakin qeyd olunan iddialar üzrə 01 aylıq müddət tələbinin MPM-in 298-ci maddəsinə əsasən tətbiq edilməsi üçün, “məlum olma” halı da baş verməlidir. Məlum olduğu gün dedikdə, şəxsin hüquqlarının pozulduğunu həm bildiyi, həm də bilməli olduğu an əsas götürülməlidir. Bilməli olduğu anın müəyyənləşdirilməsi baxımından şəxsin ondan tələb olunan minimal ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməsi, eləcə də aradan keçən kifayət qədər zaman əsas götürülməlidir”. Bu hüquqi mövqedən çıxış edərək məhkəmə qeyd edir ki, işin hallarından görünür ki, iddiaçının hüquqi marağı ünvan 3 ünvanda yelrəşən mənzilə dair X5 və X4 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğvinə yönəlmişdir. Bununla bağlı iddiaçı qeyd olunan mənzilə dair X2 adına daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyatın aparılması üçün əsas olmuş Nəsimi Rayon Xalq Deputatları İcraiyyə Komitəsinin 43/5 nömrəli, xx.xx.1986-cı il tarixli qərarı mübahisələndirir. Lakin iddiaçı hüquqlarını məhdudlaşdırdığını hesab etdiyi Nəsimi Rayon Xalq Deputatları İcraiyyə Komitəsinin xx.xx.1986-cı il tarixli, 43/5 nömrəli qərarını təxminən 38 il sonra, yəni xx.xx.2024-cü il tarixdə məhkəmə qaydasında mübahisələndirmişdir. Mübahisə predmeti olan qərarın iddiaçıya məlum olma tarixi konkret müəyyən olunmasa da, iddiaçı uzun müddət, yəni 1989-cu ildən yaşadığı və təsərrüfat apardığı mənzilin hansı əsaslarla ayrıldığını ötən 40 ilə yaxın müddət ərzində bilməməsi mümkün görünmür. Eyni zamanda iddiaçı özü də mübahisəli mənzilin kooperativ evi olmasını və qaynanası X6 mənzilayırma sənədi əsasında verildiyindən həmin dövrdən məlumatlı olmasını təkzib etməmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçı mübahisələndirilən inzibati aktdan ən geci 1989-cu ildən məlumatlı olmuş, yaxud minimal ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə məlumatlı olmalı idi. Məhkəmə hesab edir ki, iddiaçı bununla da, mübahisələndirilən inzibati aktın qəbul edildiyi dövrdə qüvvədə olan qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Belə olan halda isə iddia müddəti ötürüldüyündən iddiaçının hazırkı iddianı qaldırmaq imkanı istisna olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin "İcra hakimiyyəti orqanları və bələdiyyələrin cavabdeh olduğu işlərə baxılmasının bəzi məsələləri barədə” 18 iyul 2018-ci il tarixli, 2-411 nömrəli icmal məktubunda məhkəmələrə tövsiyə edilmişdir ki, inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktları və ya hərəkətləri ilə bağlı iddialara baxılarkən həmin aktların və hərəkətlərin mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, mübahisə açan iddiaçı həmin mübahisənin yarandığı dövrdə qüvvədə olan qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından həmin aktlarda qeyd edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək inzibati orqan tərəfindən həyata keçirilmiş hərəkətin mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmək müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, o, hüquqlarını pozan həmin hərəkətləri artıq yeni qanuna istinadla mübahisələndirə bilməz. İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Beləliklə də, uzun müddət mövcud olan mübahisəyə qarşı zamanında iddia qaldırılmaması həmin hüququn itirilməsinə, o da öz növbəsində iddianın mümkünsüz sayılmasına gətirib çıxarır. Aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə belə qənaətə gəlir ki, müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürüldüyündən iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar