Məhkəmə qərarları › İş №2-1(112)-13386/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13386/2024

30.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13386/2024 30.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Üçüncü şəxs X5 “torpaq sahəsinin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X5) “torpaq sahəsinin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 30 oktyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: “Patriot” kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatı ilə Həmkarlar Təşkilatının xx.xx.1992ci il tarixdə keçirdiyi birgə iclasının 15 saylı protokolunun qərarına əsasən İddiaçı (bundan sonra – iddiaçı) “Patriot” kollektiv bağçılıq təsərrüfatının üzvülüyünə qəbul olunmuş və həmin qərarla iddiaçıya Bakı şəhəri, Pirallahı rayonu, X9 ünvanında, 28 saylı qeyd olunmuş, 600 kvadrat metr torpaq sahəsi ayrılmışdır. İddiaçıya bağçılığın üzvlüyünə qəbul edilməmə dair 74 saylı üzvlük vəsiqəsi verilmişdir. İddiaçı həmin torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “…İdarənin arxivində saxlanılan bağçılıqyoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adı aşkar edilməmiş, göstərilən sahəyə digər fiziki şəxsin müraciəti mövcuddur. Torpaq sahəsi sənəddə 600 kv.m qeyd edilsə də, faktiki 596 kv.m təşkil edir. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, X9 ünvanda yerəşən 28 № li, 596 kv.metr bağ sahəsininə mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, “Patriot” Bağçılıq-yoldaşlıq təsərrüfatı tərəfindən ona ayrılmış 600 kv.m sahənin sxemi və hansı sahələrlə qonşu olmağına dair çıxarış verilmiş, 28 saylı sahənin sağdan 29, soldan 27, aşağıdan 44 saylı sahələr, baş hissədən isə 13-cü cənub küçəsi ilə sərhəd olduğu qeyd olunmuşdur. Ayrılmış torpaq sahəsi həmin müddətdən də, onun istifadəsindədir. İmtina məktubundan göründüyü kimi cavabdeh ziddiyyətli cavab verməklə, özü-özünün qanunsuz imtina etdiyini təsdiqləmiş, imtina etməkdə məqsəd vətəndaşları incitmək, dövlətdən narazı salmaq olmuşdur. Məktubda ilk olaraq sənədlərin yerində olmadığı qeyd edilsə də, sonra torpaq sahəsinin ölçüsünün 4 kv.m uyğun gəlməməsi bəhanə edilmiş, həm də qeyd olunmuşdur ki, bu halda vətəndaşın yazılı razılığı ilə həyata keçirilə bilərdi. Göstərilən sənədlərin arxivdən tapılmaması, guya siyahıda adının olmamasına dair fikirlərdə tamamilə yalan və bəhanədən başqa bir şey deyil. Ona görə ki, əgər arxivdə həmin sənədlər yoxdursa, onda haradan bilinib ki, siyahıda onun adı yoxdur. Bundan başqa həmin siyahıda 68 nəfərə torpaq sahəsi ayrılmışdır ki, onlardan çoxları öz torpaqlarını qeydiyyatdan keçirmişlər. Bundan başqa sənədlərin arxivdə saxlanıb-saxlanmaması onun vəzifəsinə daxil deyil. Cavabdehin etirazları: Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etirazın dəlilləri imtinanın dəlilləri eynilik təşkil edir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxs iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. . Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, “Patriot” kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatı ilə Həmkarlar Təşkilatının xx.xx.1992-ci il tarixdə keçirdiyi birgə iclasının 15 saylı protokolunun qərarına əsasən iddiaçı bağçılıq təsərrüfatının üzvülüyünə qəbul olunmuş və həmin qərarla iddiaçıya Bakı şəhəri, Pirallahı rayonu, X9 ünvanında, 28 saylı qeyd olunmuş, 600 kvadrat metr torpaq sahəsi ayrılmışdır. İddiaçıya bağçılığın üzvlüyünə qəbul edilməmə dair 74 saylı üzvlük vəsiqəsi verilmişdir. İddiaçı həmin ünvanda olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeyiyyata alınmasını xahiş edir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci maddlərinə görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə Qanunun 9-cu maddəsinin müddəaları 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanununa və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 732 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən müəyyən edilmişdir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin dördüncü hissəsində və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.7ci maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə, şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. Baxılan işdə iddiaçı Bağçılıq-Yoldaşçılıq Cəmiyyətinin üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışı təqdim edir. Lakin cavabdeh aşağıdakı dəlillərə istinad edərək iddiaçının tələbini təmin etməkdən imtina etmişdir:

1. İdarənin arxiv məlumatlarına əsasən bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adının aşkar olunmaması;

2. göstərilən sahəyə digər şəxs – X2 müraciətinin olması;

3. torpaq sahəsinin faktiki ölçüsünün 596 kv.m olması. Məhkəmə cavabdehin bu dəlillərini əsaslı hesab etmir. Belə ki, cavabeh tərəfindən təqdim edilən üzvlərin siyahısından müəyyən edilir ki, 28 № li bağ (41 sıra) ilkin olaraq X7 ayrılmışdır. İddiaçının təqdim etdiyi siyahıdan isə müəyyən edilir ki, həmin sırada (41 sıra) iddiaçının adı var. “Patriot” kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatı ilə Həmkarlar Təşkilatının xx.xx.1992ci il tarixdə keçirdiyi birgə iclasının 15 saylı protokolunun məzmunundan görünür ki, həmin iclasda X4 öz xahişi ilə bağçılıq cəmiyyətinin üzvlükdən xaric edilməsi məsələsinə baxılmış və onun ərzəsi qəbul edilərək üzvlükdən xaric edilmiş və ona ayrılmış 28 № li bağ sahəsi iddiaçıya ayrılmışdır. Həmçinin cavabdeh tərəfindən təqdim edilmiş üzvlərin siyahısından görünür ki, həmin siyahıda 41-ci sırada, 28 № li bağın qeyd olunduğu X6 adının qarşısınıda düzəliş edilərək iddiaçının adı yazılmışdır. Odur ki, cavabdehin birinci dəlili əsassızdır. Cavadehin ikinci dəlili ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, X1 Bağ Massivi 13-cü cənub küçəsi ünvanda yerləşən 25-26 saylı bağ sahəsinə çıxarışın verilməsi ilə bağlı xx.xx.2019-cu il tarixdə müraciət etmiş, həmin müraciət xx.xx.2019-cu il tarixli bildirişlə cavablandırılmışdır (vətəndaşın adının siyahıda aşkar edilməməsi əsası ilə imtina verilmişdir. Göründüyü kimi, üçüncü şəxslə iddiaçının iddia etdiyi bağ sahələri ayrı-ayrı sahələrdir. İş materiallarına bağçılığın yerləşməsini əks etdirən bölgü sxemi əlavə edilmiş, həmin sxemdə bağların yerləşməsi öz əksini tapmışdır. Həmçinin iddiaçının bağının yerini müəyyən edən kordinatlar əks olunmuşdur. Cavabdeh iddiaçının iddia etdiyi bağ ilə üçüncü şəxsin iddia etdiyi bağın eyni bağ sahəsi olmasını deyil, sadəcə olaraq üçüncü şəxsin də əraziyə müraciətinin olmasını bildirərək iddiaçının müraciətini təmin etməkdən imtina edir. Lakin qeyd olunduğu kimi, iddiaçınını müraciəti 28 № li bağa, üçüncü şəxsin müraciəti isə, 25-26 № li bağa olmuşdur. Digər tərəfdən bağçılığa dair iş materiallarında mövcud olan 3 siyahıdan heç birincə üçüncü şəxsin adı yoxdur. Məhkəmə 3-cü halla bağlı qeyd edir ki, iddiaçı tələbində dəqiqləşmə vermiş və bu imtina əsası aradan qalxmışdır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan hüquqmüəyyənedici sənədə malik olmuş, buna görə də istifadəsində olan bağ sahəsinə yaranmış mülkiyyət hüququnu qeydə aldırmaq hüququna malik olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir

NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1, 68-69 və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı: İddia təmin olunsun. Bakı şəhəri, X9 ünvanda yerəşən 28 № li, 596 kv.metr bağ sahəsinə İddiaçı mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar