Məhkəmə qərarları › İş №2-1(112)-13387/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13387/2024

03.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13387/2024 03.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək ona əmək pensiyasını təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi “xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Xarici Turizm idarəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək İddiaçı 65 yaşdan, xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının 66 yaşı var, ali təhsillidir, uzun müddət – 37 ilə yaxın əmək stajı vardır. Əmək kitabçasının surətini məhkəməyə təqdim etmişdir. Onun əmək stajı düzgün hesablanmayaraq 220 manat məbləğində hazırda yardım ödənilir. Cavabdehə müraciəti nəticəsində ona bildirilmişdir ki, “Azərtur” Turizm müəssisəində bələdçi-tərcüməçi işlədiyi müddət (xx.xx.1992-xx.xx.1994-cü illər) əmək kitabçasında vurulmuş sovet möhürü ilə əlaqədar nəzərə alınmamışdır. İddiaçı ilə birgə işləyən şəxlərinin həmin möhürlə qeydə alınan iş stajı nəzərə alınmış və hazırda əmək pensiyası alırlar. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir.

4. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubu ilə iddiaçıya pensiyanın təyin edilməsindən imtina məktubunda qeyd edilmişdir ki, “Təqdim etdiyiniz sənədlərin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğunuz müddət, xx.xx.1980-ci il tarixindən xx.xx.1985-ci il tarixinədək əyani təhsil aldığınız illər və xx.xx.1994-cü il tarixindən xx.xx.2001-ci il tarixinədək “Azərtur” Turist müəssisəsində əmək fəaliyyəti dövrünüz də nəzərə alınmaqla cəmi sığorta stajınız 24 il 2 gün təşkil edir. Eyni zamanda, fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 23 il 7 ay 2 gün sığorta stajınıza uyğun olaraq 21846,77 manat, 01,06.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək 388,14 manat olmaqla, ümumilikdə 22234,91 manat (2023-cü il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ pensiya yaşınız tamam olan tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildiririk ki, əmək kitabçanızın surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Xarici Turizm idarəsində əmək fəaliyyəti dövrünüzün araşdırılması zərurəti yaranmışdır. Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Xarici Turizm idarəsinin şəxsi heyət üzrə sənədləri Dövlət Arxivinə təhvil verilmədiyindən sözügedən müəssisələrdə xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək əmək haqqı alıb-almadığınızı müəyyənləşdirmək mümkün olmamışdır. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdənçıxma əmri SSRİ dövrünə aid möhür ilə təsdiq edildiyindən) sığorta stajınıza daxil edilməsi mümkün hesab edilmir. Bildiririk ki, xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək əmək haqqı almağınızı təsdiq edən sənədləri (əmək haqqı arayışları və əmrlərdən çıxarışları) təqdim etdikdən sonra həmin dövrün sığorta stajınıza daxil edilməsinə baxıla bilər. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, ümumi sığorta stajınız qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajınız qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququnuza yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən sizə xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək (əmək müqavilənizin qüvvəyə mindiyi tarixədək) və xx.xx.2023-cü il tarixindən (əmək müqavilənizə xitam verildiyi tarixdən) yaşa görə sosial müavinət təyin edilib, hazırda 220 manat məbləğində olmaqla ödənişi davam etdirilir.”

5. Cavabdehin iddiaya yazılı etirazında qeyd edilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərin araşdırılması nəticəsində xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət, xx.xx.1980-ci il tarixdən xx.xx.1985-ci il tarixədək əyani təhsil aldığı illər və xx.xx.1994-cü il tarixdən xx.xx.2001-ci il tarixədək “Azərtur" Turist müəssisəsində əmək fəaliyyəti dövrü də nəzərə alınaraq cəmi sığorta stajı 24 il 2 gün təşkil etdiyi məlum olmuşdur. Təqdim olunmuş əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Xarici Turizm idarəsində əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmış və nəticə olaraq, Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Xarici Turizm idarəsinin şəxsi heyət üzrə sənədləri Dövlət Arxivinə təhvil verilmədiyindən iddiaçının sözügedən müəssisələrdə xx.xx.1992-ci il tarixdən xx.xx.1994cü il tarixədək əmək haqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmamışdır. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalan”na əsasən əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdənçıxma əmri SSRİ dövrünə aid möhür ilə təsdiq edildiyindən) sığorta stajına daxil edilməsi mümkün deyildir. Nəticə olaraq, əldə olunmuş mötəbər məlumatlar əsasında iddiaçının ümumilikdə sığorta stajı 24 il 2 gün təşkil edir. Bu isə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə tələb olunan sığorta stajından, yəni 25 ildən azdır. Yuxarıda qeyd edilən Qanunların müddəalarının məzmunundan göründüyü kimi qanunla müəyyən edilmiş yaş həddinə çatmış şəxsin pensiya hüququnun yaranması üçün tələb olunan əsas şərtlərdən biri sığorta stajıdır. Lakin iddiaçının pensiya işinə əlavə edilmiş əmək kitabçası, hərbi biletindən göründüyü kimi onun sığorta stajı ümumilikdə 24 il 2 gündür. Hal-hazırda qüvvədə olan Qanunda müəyyən edilmiş yaş həddinə çatmış kişilər üçün pensiya hüququ qazanmağın əsas şərti kimi azı 25 il sığorta stajın olması tələb kimi qeyd edilmişdir. İddiaçı öz iddiasını müvafiq sənədlərlə sübuta yetirə bilmədiyindən qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddia tələbi əsassız və qanunsuz hesab edilərək təmin edilməməlidir.

6. QE 132328 nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı 12 may 1977-ci ildən 20 may 1979-cu ilədək hərbi xidmətdə olmuşdur.

7. İV ******* nömrəli diplomun surətindən görünür ki, iddiaçı Azərbaycan Pedaqoji Xarici Dillər Universitetində 1980-1985-ci illərdə təhsil almış və tam kursu bitimişdir.

8. 06.05.1975-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1974-cü ildə 51 nömrəli mağazanın satıcı-tələbə vəzifəsinə qəbul olunub, xx.xx.1975-ci ildə satıcı təyin olunmuş xx.xx.1975-ci ildə işdən azad olounmuş, xx.xx.1975-ci ildən 1 dekabr 1976-cı ilədək polad sexində mütəxəssis kimi işləmiş, xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilədək dinləyici kimi işləmiş, xx.xx.1980-ci ildən xx.xx.1985-ci ilədək əyani təhsil almışdır, xx.xx.1992-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Xarici Turizm şurasında bələdçi-tərcüməçi vəzifəsinə təyin olunmuş, xx.xx.1994-cü ildə Xarici Turzim şurasının nəzdində “Azərtur" Turist müəssisəsi yaradılması ilə əlaqədar əmək qanunvericiliyinin 36-cı maddəsinə əsasən tutduğu vəzifəsindən azad edilmiş, xx.xx.1994cü ildə həmin müəssisədə Bələdçilər-tərcüməçilər şöbəsinin rəhbəri vəzifəsinə təyin olunmuşdur. (Qeyd: əlavə səhifəyə keçid İT-İ 0390306)

9. İT-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.2001-ci ildə işdən azad edilmiş, xx.xx.2001-ci ildə “Son Söz” qəzetində şöbə müdiri vəzifəsinə təyin edilmiş, xx.xx.2008-ci ildə öz xahişi işdən azad edilmişdir.

10. Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Xarici turizm şurasının şəxsi heyətinin sənədləri arxivə dövlət mühafizəsinə verilməməsi səbəbindən, İddiaçı barədə məlumat verilməsi imkan xaricindədir.

11. Cavabdehin xx.xx.2014-cü il tarixli xidməti məktubunda bildirilmişdir ki, “vətəndaş X1 yaşa görə əmək pensiyası təyin olunarkən Fondun keçmiş Nəsimi rayon şöbəsi tərəfindən tərtib olunmuş akta əsasən əməkhaqları arayışında qeyd olunan vətəndaşın adına ödənilmiş əmək haqlarının düzgünlüyü təsdiq edildiyindən xx.xx.1992-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək əmək fəaliyyəti dövrü onun sosial sığorta stajına daxil edilmişdir. Məlumat üçün bildiririk kı, İddiaçı təqdim etdiyi 132328 nömrəli hərbi biletin surətində qeyd olunan məlumatlara əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmət dövrü, 032862 nömrəli təhsil haqqında diplomun surətində qeyd olunan məlumatlara əsasən xx.xx.1980-ci il tarixindən xx.xx.1985-ci il tarixinədək təhsil aldığı dövr, əmək kitabçasının surətində qeyd olunan məlumatlara əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1975-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək, xx.xx.1976-cı il tarixindən xx.xx.1977-ci il tarixinədək, xx.xx.1986-cı il tarixindən 15.12 1992-ci il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.2001-ci il tarixinədək və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən 5 il əmək fəaliyyəti dövrləri daxil edilməklə cəmi sığorta stajı 24 il 2 gün təşkil edir. Əlavə olaraq bildiririk ki, iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Xarici Turizm idarəsində əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Xarici Turizm İdarəsinin şəxsi heyət üzrə sənədləri Dövlət Arxivinə təhvil verilmədiyindən sözügedən müəssisədə xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək İddiaçı əməkhaqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmamışdır. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdənçıxma əmri SSRİ dövrünə aid möhür ilə təsdiq edildiyindən) həmin dövrün onun sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Eyni zamanda bildiririk ki, iddiaçının xx.xx.2001-ci il tarixindən xx.xx.2008-ci il tarixinədək “Son söz” qəzetində olan əmək fəaliyyəti dövrünün mötəbərliyinə əsaslı şübhələr olduğu və Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2008-ci il tarixinədək onun fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün həmin dövrün onun sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab olunmamışdır.

12. Məhkəmənin iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verərək onun təmin olunmasını məhkəmədən xahiş etdi.

13. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək onun təmin olunmamasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

14. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.

15. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

16. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

17. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.

19. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).

20. Odur ki, bu qəbildən olan nəzəri baxımdan iddia məcburetmə iddiası kimi qəbul edilərsə, iddiaçının fundamental konstitusyon hüququ iddia müddəti ilə əsassız olaraq məhdudlaşdırılmış olar. Bu isə dövlətin ali məqsədi ilə uzlaşa bilməz və qarşıya qoyulmuş məqsədlərə uyğun hesab edilə bilməz. Digər tərəfdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsi əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsini nəzərdə tutur. Bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.

III. Məhkəmənin mövqeyi

21. Məhkəmə hesab edir ki, 2006-cı ilə qədər iddiaçının işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Cavabdehin bununla bağlı etirazının dəlilləri ondan ibarətdir ki, iddiaçının əmək kitabçasında onun xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək işlədiyi dövrün doldurulma qaydası pozulduğundan və əmək haqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmadığından həmin dövrün sığorta stajına əlavə edilməsi qanunvericiliklə mümkün olmamışdır, həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamış, xx.xx.2006cı ilədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı qanunvericiliklə tələb edilən pensiya kapitalından az olmuşdur. Məhkəmə cavabdehin həmin dəlillərini əsassız hesab edir.

22. Belə ki, iddiaçının əmək fəaliyyəti olan dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.

23. Göründüyü kimi, qanunvericiliyə əsasən əmək pensiyasının təyin edilməsi üçün 2006-cı il yanvarın 1-dək olan dövr üzrə şəxsin iş müddəti əmək fəaliyyəti barədə sənəd - əmək kitabçası əsasında müəyyən olunur.

24. İddiaçı əmək kitabçasından görünür ki, o, xx.xx.1992-ci ildəm xx.xx.1994-cü ilədək Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Xarici Turizm şurasında bələdçitərcüməçi vəzifəsində işləmişdir.

25. Cavabdehin imtinasından göründüyü kimi cavabdeh iddiaçıya məxsus əmək kitabçasının xx.xx.1994-cü il tarixli qeydində işdənçıxma əmri SSRİ dövrünə aid möhür ilə təsdiq edildiyindən əmək kitabçasının düzgün doldurulmadığını, həmçinin həmin dövrdə işlədiyi idarənin sənədləri Dövlət Arxivinə təhvil verilmədiyindən iddiaçının sözügedən müəssisələrdə əmək haqqı alıb-almadığını müəyyənləşdirməyin mümkün olmadığını bildirir, məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmır.

26. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın: 1.1-ci bəndinə əsasən isə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 3.11-ci bəndinə əsasən əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. 4.1-ci bəndinə əsasən əmək işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir.

28. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” xx.xx.1999-cu il tarixdə qəbul edilən Azərbaycan Respublikasının Qanununa əsasən: İ. Azərbaycan Respublikasının Əmək Məcəlləsi qüvvəyə mindiyi gündən Azərbaycan SSR-nin 1971-ci il 10 dekabr tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsi (Azərbaycan SSR X6, 1971-ci il, № 23, maddə 190) qüvvədən düşmüş hesab edilsin.

29. Məhkəmə əmək kitabçasının düzgün doldurulmadığı iddia edilən dövrlərinə nəzərən qeyd edir ki, iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Xarici Turizm şurasından xx.xx.1994-cü il tarixdə işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilmişdir və işəgötürənin möhürü ilə təsdiq edilmişdir. Belə ki, xx.xx.1994-cü ildə Xarici Turzim şurasının nəzdində “Azərtur" Turist müəssisəsi yaradıldığı üçün iddiaçının işdən azad edildiyi müəyyən edilmişdir.

30. Həmçinin nəzərə almaq lazımdır ki, iddiaçı ilə bərabər eyni vaxtlarda işləyən şəxslərin əmək kitabçası iddiaçını əmək kitabçası ilə eyni qaydada doldurulmuş, yəni xx.xx.1994-cü il işdən çıxma əmrləri SSRİ dövrünə aid möhür ilə təsdiq olunmuşdur. Həmin şəxslərə - X3 və X2 mübahisələndirilən dövrlər nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin olunduğu halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə bərabərlik hüququ pozularaq fərqli rəftar olunmuşdur.

31. Məhkəmə mübahisələndirilən (xx.xx.1992-xx.xx.1994-cü illər) dövrlərə dair iddiaçının əmək haqqı arayışı və ya əmrlərdən çıxarışın təqdim edilməməsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Xarici Turizm şurasının şəxsi heyətinin sənədlərinin arxivə dövlət mühafizəsinə verilməməsi səbəbindən həmin sənədlərin əldə edilməsi mümkün olmaması iddiaçının təqsiri hesab edilmir. Eyni zamanda cavabdeh tərəfindən əmək kitabçasında aparılmış həmin qeydin həqiqiliyini təkzib edəcək sübutlar da məhkəməyə təqdim edilməmişdir.

32. Odur ki, iddiaçının əmək kitabçasınında xx.xx.1994-cü il işdən çıxma əmrində istifadə olunmuş möhürün SSRİ dövrünə aid möhür olması və xx.xx.1992-xx.xx.1994-cü illərə dair əmək haqqı almağını təsdiq edən sənədlərin mövcud olmaması iddiaçının həmin iş stajının nəzərə alınmasından imtina üçün əsas ola bilməz.

33. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mənada, iddiaçının işlədiyi 1992-1994-cü illərdə qüvvədə olan qanunvericilik normaları əmək kitabçası əsasında iş stajının təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tuturdu. Ona görə də, həmin dövrə aid iş stajı əmək kitabçası ilə təsdiqlənə bilər və müvafiq olaraq sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir.

34. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

35. Göründüyü kimi, iddiaçı 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxs olmadığı üçün yaşa görə əmək pensiyasının təyini üçün 2 şərt lazımdır: i) tələb olunan yaş; ii) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı və ya ən azı 25 il staj.

36. Qanunvericiliyin tələblərinə əsasən iddiaçıya pensiya yaşına çatmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda ona yaşa görə əmək pensiyası təyin edilə bilər.

37. İddiaçı xx.xx.1958-cu il təvəllüdlüdür, pensiya təyin edilməsi ilə müraciət etdiyi vaxta yaşı 65-dir. Əmək kitabçasına əsasən inzibati orqan tərəfindən nəzərə alınmış sığorta stajı (hərbi xidmət dövrü və əyani təhsil aldığı illər daxil edilməklə) 24 il 2 gündür.

38. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçının işlədiyi müəssisə mövcud olmuş və onun həmin müəssisədə 1992-cı ildən 1994-cü ilədək işləməsi əmək kitabçasında müvafiq qeydlərlə təsdiq olunduğundan cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmaqla cavabdeh tərəfindən sübutetmə vəzifəsi icra edilməmişdir. Belə ki, məhkəmə araşdırması nəticəsində iddiaçıya yaşa görə pensiya təyin edilməsi üçün faktiki şərtlərin mövcudluğu sübut edilmiş, cavabdeh isə konkret halda pensiya təyin edilməsini istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etməsinə baxmayaraq, belə şərtlərin mövcudluğunu, iddiaçının mübahisələndirilən əmək fəaliyyətinə dair əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olmasını sübut etməmişdir.

39. Hazırda işin faktiki hallarına əsasən iddiaçının 2006-cı ilin yanvar ayının 1-nə qədər cəmi 25 ildən çox sığorta stajı iş materiallarında öz təsdiqini tapmışdır. Belə ki, yuxarıda qeyd olunan dövrlərdə işlədiyi müddətlər (cəmi 25 ildən çox) iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası almaq hüququ verir.

40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tərixli, 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.-ci bəndinə əsasən, Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

41. “Əmək pensiyaları haqqında” Qanunun: 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti; 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Həmin Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.

42. Beləliklə, xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Xarici Turizm idarəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək İddiaçı 65 yaşdan, xx.xx.2023-cü il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.

43. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

44. Göstərilənlərə əsasən və İPM-in 2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia təmin edilsin. xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Xarici Turizm idarəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək İddiaçı 65 yaşdan, xx.xx.2023-cü il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar