Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13392/2023 23.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı “Mənzildən istifadə haqqının ona ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X14 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 Üzrə Dövlət Komitəsinə qarşı “Mənzildən istifadə haqqının ona ödənilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 Üzrə Dövlət Komitəsinə qarşı 144000 (30 il × 12 ay × 400 manat = 144000) manat məbləğində pul vəsaitinin mənzildən istifadə haqqı kimi ona qaytarılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1993-cü ildə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev 45/58 ünvanda 2 otaqlı mənzilini Ağdam rayonundan olan qaçqın ailəsi tutub indiyədək o mənzildə yaşayırlar. Dəniz mədənlərində işləyib 7 nəfər ailə üzvünün mənzil şəraitini yaxşılaşdırmaq üçün aldığı 3 və 2 otaqlı mənzillərdən 2 otaqlı 28.53 kv.m yaşayış sahəsindən ibarət mənzilini qaçqın ailəsi qapısını sındırıb əllərindən almışlar. 30 il gözləmişdir, daha gözləməyə nə ömrü qalıb, nə səbri, nə də ki, maddi imkan. Uşaqları kirayə mənzillərdə yaşayırlar. Onun və və ailə üzvlərinin banklara küllü miqdarda borcları var. xx.xx.2022 tarixdə oğlunun Xırdalan şəhərində kirayələdiyi 2 otaqlı mənzilin kirayə haqqının vaxtı çatmışdır. 400 manat kirayə haqqını ödəyə bilmirlər. H.Əliyev fonduna müraciət edib xahiş etmişdir ki, mənzil kirayəsini verə bilməsələr oğlularının ailəsini körpə nəvəsi ilə birlikdə çölə atacaqlar. Xahiş edir, qaçqıınlar tərəfindən tutulan mənzili boşalanadək onun oğlunun körpəli ailəsi üçün 2 otaqlı mənzil kirayə haqqının ödənilməsinə köməklik göstərilsin. Cavab Yasamal rayon İcra Hakimiyyətindən gəlmişdir. Rayon İcra Hakimiyyəti yardım edə bilmir. O, sədəqə istəməmiş. Halalca mənzilinə bərabər bir mənzilin kirayə haqqının ödənilməsini xahiş etmişdir.
3. Sonradan iddiaçı idida tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraicət edərək 144000 (30 il × 12 ay × 400 manat = 144000) manat məbləğində əsas pul vəsaitinin, 593790 manat məbləğində pul vəsaitinin isə kirayə haqqının banklarda saxlanılan halı üçün illik 9 faiz olmaqla mənzildən istifadə haqqı kimi ona qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
5. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Məhkəməyə gəlməməsinin səbəbi barəsində hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş, sərəncama əsasən cavabdeh tərəfindən məhkəməyə etiraz təqdim edilərək iddia tələbinin əsassız hesab edilməklə təmin edilməməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı “kirayə haqqının ödənilməsi” ilə bağlı Komitəyə daxil olmuş müraciəti Komitə tərəfindən cavablandırılaraq bildirilmişdir ki, Ağdam rayonundan məcburi köçkün X2 ailə üzvləri ilə birgə Bakı şəhəri Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsində yerləşən 45 saylı binanın 58-ci mənzilində kommunal qeydiyyatda olmaqla müvəqqəti məskunlaşmış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışlar. Diqqətə çatdırırlar ki, ərazilər işğaldan azad olunanadək Komitə tərəfindən məcburi köçkünlərin müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman, sərəncam və bu sahədə qəbul olunmuş Dövlət Proqramına əsasən, həyata keçirilmişdir. Hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı profilaktik təhlükəsizlik tədbirləri həyata keçirilir. Növbəti mərhələlərdə həmin ərazilərdə infrastruktur və daimi yaşayış yerləri inşa edilməklə, bütün məcburi köçkünlər, o cümlədən sözügedən ünvanda məskunlaşan X1 ailəsinin də, uzun illər yaşadıqları mənzilləri və ictimai binaları tərk edərək həmin ərazilərə köçürüləcəklər. Bildirirlər ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş ‘Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Əsasnaməsi”nin tələblərinə əsasən, Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün olmuş şəxslərin yerləşdirilməsi, məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vahid büdcə təsnifatı”na əsasən dövlət büdcəsi hesabına maliyyələşən dövlət təşkilatı dövlət büdcəsindən onun üçün ayrılmış vəsaitdən təsdiqlənmiş xərclər smetasında nəzərdə tutulmuş təyinatdan kənar hər hansı məqsədlə vəsait xərcləyə bilməz. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Əsasnamə ilə ona verilmiş səlahiyyət və funksiyalarını yalnız Azərbaycan Respublikasının dövlət büdcəsindən onun üçün ayrılmış vəsait hesabına və yalnız “Azərbaycan Respublikasının vahid büdcə təsnifatfna əsasən Komitə üçün təsdiqlənmiş xərclər smetasında nəzərdə tutulmuş təyinatlar üzrə həyata keçirir. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Əsasnaməsi”nin tələblərinə əsasən, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 24 fevral 65 nömrəli Qərarı ilə təsdiq olunmuş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydasrnın tələblərinə uyğun olaraq, yalnız Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarına əsasən qəbul olunmuş Dövlət Proqramında göstərilən obyektlər üzrə faktiki məskunlaşan və müvəqqəti qeydiyyatda olan məcburi köçkün ailələrinin köçürülməsini həyata keçirir. İddiaçı dəymiş ziyan bilavasitə Komitənin qəbul etdiyi inzibati akt və ya hərəkət (hərəkətsizliyi) nəticəsində baş verməmişdir. Belə ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, ünvan 4 ünvanında ailə üzvləri ilə birgə müvəqqəti məskunlaşmış Ağdam rayonundan məcburi köçkün X2, həmin ünvanda Komitə tərəfindən yerləşdirilməmişdir. Xüsusilə vurğulamaq lazımdır ki, Ağdam rayonundan məcburi köçkün X2 ailə üzvləri ilə birgə iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev 45/58 ünvanda yerləşən mənzildə müvəqqəti məskunlaşmışlar. Digər məcburi köçkün ailələri kimi X2 da ailə üzvləri ilə birgə həmin mənzildə müstəqil şəkildə məskunlaşmış, sözügedən mənzildə Komitə tərəfindən yerləşdirilməmiş və Komitə ilə məcburi köçkün arasında hər hansı bir öhdəliyin yerinə yetirilməsi ilə bağlı müqavilə bağlanılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 4 mart tarixli 2-1 (102)-291/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(103)-2340/2018 saylı 26 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, iddiaçılar X7 və X3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin həm ötən illər ərzində, həm də cari il üçün təsdiqlənmiş xərclər smetasında Respublikanın şəhər və rayonlarında, həmçinin Bakı və Sumqayıt şəhərlərində xüsusi mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahəsində müvəqqəti məskunlaşmış məcburi köçkünlərə görə mülkiyyət sahiblərinə kirayə haqqı və ya kompensasiya ödənilməsi məqsədilə vəsait nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Əsasnamə ilə ona verilmiş səlahiyyət və funksiyalarını yalnız Azərbaycan Respublikası dövlət büdcəsindən onun üçün ayrılmış vəsait hesabına və yalnız “Azərbaycan Respublikasının vahid büdcə təsnifatın”na əsasən Komitə üçün təsdiqlənmiş xərclər smetasında nəzərdə tutulmuş təyinatlar üzrə həyata keçirir. Komitə tərəfindən məcburi köçkünlərə yardım və maddi köməkliyin göstərilməsi yalnız təsdiqlənmiş xərclər smetasına uyğun olaraq həyata keçirilir və təsdiqlənmiş xərclər smetasında nəzərdə tutulmuş təyinatlardan kənar hər hansı kompensasiyanın ödənilməsi mümkün deyildir. Məhkəmənin diqqətinə çatdırırlar ki, Vətən müharibəsində qazanılmış Zəfər nəticəsində ölkədə məcburi köçkünlərlə iş sahəsində aparılan dövlət siyasətində yeni bir mərhələ başlanmışdır. Belə ki, işğaldan azad olunmuş ərazilərin bərpası, müvafiq ərazilərdə yaşayış üçün təhlükəsiz şəraitin və zəruri infrastrukturun yaradılmasının təmin olunması istiqamətində məqsədyönlü iş aparılaraq, məcburi köçkünlərin həmin ərazilərdə mərhələli şəkildə daimi əsaslarla yeni yaşayış sahələri ilə təmin edilmələri nəzərdə tutulmuşdur. Odur ki, iddiaçının mənzilində məskunlaşmış Ağdam rayonundan məcburi köçkün ailəsi digər məcburi köçkünlər kimi işğaldan azad olunmuş ərazilərə qayıdış zamanı qanunvericiliyə uyğun olaraq mənzillə təmin olunacaqdır.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, ünvan 7 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur.
8. Bakı Şəhər Qaradağ Rayon Məhkəməsinin 2(002)-2654/2015 saylı 30 iyul 2015-ci il tarixli qətnaməsinə əsasən İddiaçı iddia tələbi təmin edilərək cavabdehlər X2, X4, X12 və yetkinlik yaşına çatmamış uşaqlar X6 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, B.Niftəliyev küçəsi, 45 saylı evin 58 saylı mənzilindən məcburi çıxarılması qət edilmişdir.
9. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2023cü il tarixli 3-36/2-Q-7427/2-44/2023/6022 nömrəli imtina məktubuna əsasən bildirilmişdir ki, Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin həm ötən illər ərzində, həm də cari il üçün təsdiqlənmiş xərclər smetasında Respublikanın şəhər və rayonlarında, həmçinin Bakı və Sumqayıt şəhərlərində xüsusi mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahəsində müvəqqəti məskunlaşmış məcburi köçkünlərə görə mülkiyyət sahiblərinə kirayə haqqı və ya kompensasiya ödənilməsi məqsədilə vəsait nəzərdə tutulmamışdır.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
10. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən vurulmuş ziyana əsasən kompensasiyanın ödənilməsi haqqında iddia növünə aiddir.
11. İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
12. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
13. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
14. Kompensaisyanın ödənilməsi haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
15. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
16. Belə ki, məhkəmə hesab edir ki, iddiaçının mənzilində müvəqqəti məskunlaşmış X1 ailəsi məcburi köçkün ailəsi kimi iddiaçının mənzilində müstəqil şəkildə məskunlaşıb, onun ailəsi həmin mənzildə cavabdeh Komitə tərəfindən yerləşdirilməyib və Komitə ilə iddiaçı arasında hər hansı bir öhdəliyin yerinə yetirilməsi ilə bağlı müqavilə bağlanılmayıb. Belə olan təqdirdə, cavabdehə qarşı mənzilinin sahiblənməsi nəticəsində kirayə xərci kimi ödənilməli olan vəsaitin tələb edilməsi ilə bağlı tələbi hüquqi cəhətdən əsaslandırılmış sayıla bilməz.
17. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının vahid büdcə təsnifatı"na əsasən dövlət büdcəsi hesabına maliyyələşən dövlət təşkilatları dövlət büdcəsindən onun üçün ayrılmış vəsaitdən təsdiqlənmiş xərclər smetasında nəzərdə tutulmuş təyinatdan kənar hər hansı məqsədlə vəsait xərcləyə bilməzlər. Azərbaycan Respublikası Qaçqınların və X5 Üzrə Dövlət Komitəsi dövlət büdcəsi hesabına maliyyələşən mərkəzi icra hakimiyyəti orqanı olduğundan Əsasnamə ilə ona verilmiş səlahiyyət və funksiyalarını yalnız Azərbaycan Respublikasının dövlət büdcəsindən onun üçün ayrılmış vəsait hesabına və yalnız Azərbaycan Respublikasının vahid büdcə təsnifatına əsasən Komitə üçün təsdiqlənmiş xərclər smetasında nəzərdə tutulmuş təyinatlar üzrə həyata keçirir. Komitənin Əsasnaməsinə görə, Respublika ərazisində qaçqınların və məcburi köçkünlərin yerləşdirilməsi, məskunlaşdırılması, repatriasiyası işlərinin yerinə yetirilmə funksiyasının - işlərin yerinə yetirilməsi yalnız təsdiqlənmiş xərclər smetasına uyğun olaraq həyata keçirilir və təsdiqlənmiş xərclər smetasında nəzərdə tutulmuş təyinatlardan kənar hər hansı işlərin görülməsi mümkün deyildir.
18. Eyni zamanda, Azərbaycan Respublikası Qaçqınların və X5 Üzrə Dövlət Komitəsinin həm ötən illər ərzində, həm də 2023-cü il üçün təsdiqlənmiş xərclər smetasında Azərbaycan Respublikasının şəhər və rayonlarında, o cümlədən Bakı şəhərində xüsusi mülkiyyətdə olan yaşayış və ya qeyri-yaşayış sahəsində müvəqqəti məskunlaşmış məcburi köçkünlərə görə mülkiyyət sahiblərinə kirayə haqqı və ya kompensasiya ödənilməsi məqsədilə vəsait nəzərdə tutulmamışdır.
19. Digər tərəfdən, məhkəmə qeyd edir ki, hazırki halda cavabdehin üzərinə hər hansı öhdəliyin qoyulması üçün tərəflər arasında bununla bağlı müqavilə olmalıdır. Belə bir müqavilə isə tərəflər arasında bağlanılmamışdır.
20. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 fevral tarixli 1346 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na yeni əlavələrə əsasən, Bakı və Sumqayıt şəhərlərində başqa vətəndaşlara məxsus olan mənzillərdə və evlərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailəsi üçün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində çoxmərtəbəli yaşayış binalarının tikilməsi və həmin ailələrin bu binalara köçürülməsi tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
21. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral 65 nömrəli qərarı ilə təsdiq olunmuş "Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası"nın tələblərinə uyğun olaraq, yalnız Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarına əsasən qəbul olunmuş Dövlət Proqramında göstərilən obyektlər üzrə faktiki məskunlaşan və müvəqqəti qeydiyyatda olan məcburi köçkün ailələrinin köçürülməsini həyata keçirir.
22. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
24. Azərbaycan Respublikası İPM-nin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
25. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva