Məhkəmə qərarları › İş №2-1(112)-13397/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13397/2023

01.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13397/2023 01.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Həmidulla oğlunun cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinə yerləşmə cizgisinin verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Həmidulla oğlunun cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinə yerləşmə cizgisinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı Həmidulla oğlu cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Qaradağ Rayon X3 İcrayyə Komitəsinin torpaqdan istifadə komissyasının məsələləri haqqında 7/199 saylı, xx.xx.1991-ci il tarixli qərarı ilə Lökbatan qəsəbəsi, Hacıbəyov küçəsi, 11 nömrəli evdə yaşayan İddiaçı Həmidulla oğluna fərdi yaşayış evi tikdirməsi üçün Lökbatan qəsəbəsi, 6-cı massivdən ayrılmış torpaq sahəsindən 600 kv.m. ayrılıb verilmiş torpaq sahəsinə yerləşmə cizgisinin verilməsi öhdəliyi cavabdehin üzərində qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən verilmiş arxiv çıxarışından məlum olur ki, Qaradağ Rayon X3 İcrayyə Komitəsinin, torpaqdan istifadə komissiyasının məsələləri haqqında 7/199 saylı, xx.xx.1991- ci il tarixli qərarı ilə Lökbatan qəsəbəsi, Hacıbəyov küçəsi, 11 nömrəli evdə yaşayan İddiaçı Həmidulla oğluna fərdi yaşayış evi tikdirməsi üçün Lökbatan qəsəbəsi, 6cı massivdən ayrılmış torpaq sahəsindən 600 kv.m. ayrılıb verilmişdir. Sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun tanınması ilə bağlı iddiaçı tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət ünvanlanmışdır. Həmin müraciətə cavab olaraq bildirilmişdir ki, Qaradağ rayonu XDS İK-nin 7/199 saylı qərarına əsasən İddiaçı Həmidulla oğlunun adına Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massivdə 600 kv.m. torpaq sahəsinin Dövlət reyestrindən qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının qanunvericiliyə əsasən torpaq üzərində mülkiyyət hüququnun tanınması ilə bağlı tələb olunan sənədlərin siyahısında torpağın yerləşmə çizgisi tələb olunur. Torpağın yerləşmə çizgisinin verilməsi Cavabdeh səlahiyyətində olan vəzifədir. Bununla bağlı iddiaçı tərəfindən Cavabdehnə müraciət ünvanlanmışdır. Müraciətə cavab olaraq xx.xx.2023-cü il tarixli 5-13/1-H-58-091/2023 saylı cavab məktubunda qeyd edilmişdir ki, Qaradağ Rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli 7/199 saylı qərarına əsasən ona Lökbatan qəsəbəsində 600 kv.m. torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi ayrılarkən həmin zaman qüvvədə olan qanunvericilik aktlarına əsasən iddiaçıya yerləşmə çizgisi yer quruluşu orqanları tərəfindən yerdə (naturada) sahənin hüdudları müəyyən edilməklə müvafiq sənədlər rəsmiləşdirilib verilmişdir. Bu həmin sərəncamın qüvvəyə minməsi üçün əsas olmuşdur. Cavabdeh tərəfindən ünvanlanmış cavab məktubundan belə məlum olur ki, yerləşmə cizgisi ona guya verilmişdir. Arxiv İdarəsi tərəfindən təqdim edilmiş arxiv çıxarışında torpaq sahəsinin yerləşmə çizgisinin olması barədə heç bir məlumat qeyd edilməmişdir. Bundan əlavə, ayrılan torpaq sahəsinin yerləşmə çizgisi heç bir orqan tərəfindən ona verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh başçısının 23 avqust 1991-ci il tarixli 7/199 nömrəli qərarı ilə vətəndaş İddiaçı Həmidulla oğlunun Lökbatan qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsinin ayrılması barədə sərəncamı normativ xarakterli akt olduğundan və qərarın özündə müddət göstərildiyindən (3 il) “Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Qanununun 86-cı maddəsinə əsasən qüvvədən düşmüşdür. İddia üzrə iddiaçının tələbləri əsassız və qanunsuzdur. Vətəndaşa torpaq sahəsi ayrıldığı dövrdə qüvvədə olan, 09 noyabr 1991-ci il tarixində qəbul edilmiş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 29-cu maddəsinin tələblərinə əsasən torpaq ayırma qaydasında vətəndaşlara torpaq sahəsi ayrılarkən onun naturada yeri müəyyən edilməli və texniki sənədlər (döngə, nöqtə və koordinatlar əks etdirən yer quruluşu xəritəsindən çıxarış) tərtib edilməlidir. Texniki sənədlərin tərtib edilmədiyi sərəncamların isə hüquqi qüvvəsi olmur. Cavabdeh başçısının 23 avqust 1991ci il tarixli, 7/199 saylı qərarına əsaslanaraq vətəndaşın istifadə etdiyi torpaq sahəsi dövlət torpaq fondu torpaqlarına aiddir və həmin zaman qüvvədə olan qanunvericilik aktlarına əsasən yerləşmə sxeminin yer quruluşu orqanları tərəfindən yerdə (naturada sahənin hüdudları müəyyən edilməklə ) müvafiq sənədlər rəsmiləşdirib verilmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Həmidulla oğlunun Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi tələbi ilə bağlı iddiası əsassız olduğu üçün rədd olunmalıdır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Qaradağ rayonu X3 İcraiyyə Komitəsinin torpaqdan istifadə komissiyasının məsələləri haqqında “fərdi yaşayış evlərinin tikintisi üçün həyətaynı torpaq sahəsinin ayrılması barəsində” xx.xx.1991-ci il tarixli 7/199 nömrəli qərarından görünür ki, Lökbatan qəsəbəsi Hacıbəyov küçəsi 11 nömrəli evdə yaşayan İddiaçı Həmidulla oğluna fərdi yaşayış evi tikdirməsi üçün Lök-Batan qəsəbəsi 6-ci massivdən ayrılmış torpaq sahəsindən 600 kv.m ayrılıb verilməsi, yaşayış evinin tikintisinin fərdi və yaxud birtipli layihə əsasında aparılması, fərdi yaşayış evinin tikintisi üçün kommunal müəssisələri istehsalatı idarəsi ilə müqavilə bağlanılmasının vətəndaşlara tapşırılması, icraçıdan vergi alınmasının rayon maliyyə şöbəsinə tapşırılması, fərdi yaşayış evinin tikintisinin RİK-nin qərarından sonra 3 il müddətinə başa çatdırılması, tikintiyə nəzarətin RİK-nin memarlıq şöbəsinə, DİŞ-nə və qəsəbə sovetliyinə tapşırılması qərara alınmışdır; - Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2023-cü il tarixli 5-13/1-H-58-091/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Qaradağ Rayon XDS İK-nin 23 avqust 1991-ci il tarixli 7/199 nömrəli qərarına əsasən İddiaçı Həmidulla oğluna Lökbatan qəsəbəsində 600 kv.m. torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi ayrılarkən həmin zaman qüvvədə olan qanunvericilik aktlarına əsasən ona yerləşmə cizgisi yer quruluşu orqanları tərəfindən yerdə (naturada) sahənin hüdudları müəyyən edilməklə müvafiq sənədlər rəsmiləşdirilib verilmişdir. Bu həmin sərəncamın qüvvəyə minməsi üçün əsas olmuşdur. - İş materiallarına əlavə edilmiş sənədlərdən və işin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı hazırki iddia tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, iddiaçının müraciətinə cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli 5-13/1-H- 58-091/2023 nömrəli məktub ilə cavab verərək bildirmişdir ki, Sizin Lökbatan qəsəbəsində ayrılmış torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi ilə bağlı rayon icra hakimiyyətinə ünvanlanmış müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Müraciətinizlə bağlı olaraq bildirilir ki, Qaradağ Rayon XDS İK-nin 23 avqust 1991-ci il tarixli 7/199 nömrəli qərarına əsasən İddiaçı Həmidulla oğluna Lökbatan qəsəbəsində 600 kv.m. torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi ayrılarkən həmin zaman qüvvədə olan qanunvericilik aktlarına əsasən ona yerləşmə cizgisi yer quruluşu orqanları tərəfindən yerdə (naturada) sahənin hüdudları müəyyən edilməklə müvafiq sənədlər rəsmiləşdirilib verilmişdir. Bu həmin sərəncamın qüvvəyə minməsi üçün əsas olmuşdur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin “qeyd olunan şəxslərin adlarına olan əmlaklarla bağlı məlumat təqdim edilməsi haqqında” xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Qaradağ rayonu XDS İK-nin 7/199 saylı qərarına əsasən İddiaçı Həmidulla oğlunun adına Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massivdə 600 kv.m torpaq sahəsinin dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. - Məhkəmənin xx.xx.2023-cü il tarixli sorğusuna əsasın Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubu ilə Qaradağ Rayonu X3 İcraiyyə Komitəsinin torpaqdan istifadə komissiyasının məsələləri haqqında “Fərdi yaşayış evlərinin tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması barəsində” xx.xx.1991-ci il tarixli 7/199 nömrəli Qərarının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. - Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş, Qaradağ Rayonu X3 İcraiyyə Komitəsinin Torpaqdan istifadə komissiyasının məsələləri haqqında “Fərdi yaşayış evlərinin tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması barəsində” xx.xx.1991-ci il tarixli 7/199 nömrəli Qərarının 5-ci bəndində qeyd edilmişdir ki, Lökbatan qəsəbəsi Hacıbəyov küçəsi 11 nömrəli evdə yaşayan İddiaçı Həmidulla oğluna fərdi yaşayış evi tikdirməsi üçün Lökbatan qəsəbəsi 6-ci massivdən ayrılmış torpaq sahəsindən 600 kv.m ayrılıb verilsin. - İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin “Qeyd olunan şəxslərin adlarına olan əmlaklarla bağlı məlumat təqdim edilməsi haqqında” xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Qaradağ rayonu XDS İK-nin 7/199 saylı qərarına əsasən İddiaçı Həmidulla oğlunun adına Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massivdə 600 kv.m torpaq sahəsinin dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələri) Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəfin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul olunmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən)

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı iddiadır. İddia əsaslı olduğundan təmin edilməlidir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qaradağ Rayon X3 İcrayyə Komitəsinin torpaqdan istifadə komissyasının məsələləri haqqında 7/199 saylı, xx.xx.1991-ci il tarixli qərarı ilə Lökbatan qəsəbəsi, Hacıbəyov küçəsi, 11 nömrəli evdə yaşayan İddiaçı Həmidulla oğluna fərdi yaşayış evi tikdirməsi üçün Lökbatan qəsəbəsi, 6-cı massivdən ayrılmış torpaq sahəsindən 600 kv.m. ayrılıb verilmiş torpaq sahəsinə yerləşmə sxeminin-cizgisinin tərtib və təsdiq edilərək, ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işin hallarının araşdırılmasını təmin etmək məqsədi ilə inzibati orqanlara müvafiq sorğular vermişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən iddia tələbinin əsaslı olduğunu hesab edir. Məhkəmə icraatının gedişində cavabdeh inzibati orqan tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixli etiraz məktubu təqdim edilmişdir. Cavabdehin “Cavabdeh başçısının 23 avqust 1991-ci il tarixli 7/199 nömrəli qərarı ilə vətəndaş İddiaçı Həmidulla oğlunun Lökbatan qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsinin ayrılması barədə sərəncamı normativ xarakterli akt olduğundan və qərarın özündə müddət göstərildiyindən (3 il) “Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Qanununun 86-cı maddəsinə əsasən qüvvədən düşmüşdür” imtina(etiraz) dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbinin predmeti olan sərəncam İddiaçı Həmidulla oğluna Lökbatan qəsəbəsində 600 kv.m. torpaq sahəsi ayrılması barədə olmuşdur. Məhkəmə ilk növbədə qeyd edir ki, müvafiq Sərəncam normativ xarakterli akt deyil, inzibati aktdır. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunun 1.0.3-cü maddəsinə əsasən normativ xarakterli akt – bu Konstitusiya Qanununun 4.1-ci maddəsində müəyyən edilmiş, məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Göründüyü kimi, cavabdeh inzibati orqanın normativ xarakterli akt hesab etdiyi müvafiq sərəncamda məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydaları əks olunmamış və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmamışdır. Həmin Sərəncam müəyyən (konkret) məsələni (topraq sahəsinin ayrılmasını) nizama salmaq (həll etmək) məqsədilə qəbul edilmiş və ünvanlandığı şəxs (iddiaçı) üçün müəyyən hüquqi nəticələr yaratmışdır. Həmin Sərəncamda fərdi yaşayış evinin tikintisinin 3 il müddətinə başa çatdırılması və tikintiyə nəzarətin RİK-nin memarlıq şöbəsinə, DİŞ-nə və qəsəbə sovetliyinə tapşırılması qərara alınmışdır. Belə ki, iddia tələbindən də aydın görünür ki, iddiaçının hazırki iş üzrə hüquqi marağı Lökbatan qəsəbəsi, 6-cı massivdən ayrılmış torpaq sahəsindən 600 kv.m. ayrılıb verilmiş torpaq sahəsinə yerləşmə cizgisinin verilməsindən ibarət olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, sorğu əsasında Dövlət Arxivi tərəfindən məhkəməyə təqdim edilmiş Cavabdeh başçısının 23 avqust 1991-ci il tarixli 7/199 nömrəli qərarından arxiv çıxarışında “QEYD” olaraq göstərilmişdir ki, Qərara heç bir sənəd əlavə edilməmişdir. Beləliklə, istinad edilən qərara əsasən torpaq sahəsi iddiaçıya ayrılsa da, cavabdeh həmin torpaq sahəsinin yerləşmə vəziyyətini (hüdudlarını) əks etdirən sənədi (cizgini, planı, ayrıc aktını) sərəncama əlavə etməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, torpaq sahəsi istinad edilən sərəncama əsasən iddiaçıya naturada akt əsasında təhvil verilmiş olsa da, hazırda həmin torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud olmadığından torpaq sahəsinə cizginin verilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz. Belə ki, torpaq sahəsi ayrılarkən qüvvədə olan qanunvericiliyə əsasən torpaq sahəsini ayıran qurum həmin torpaq sahəsinin yerləşmə planını (vəziyyətini) tərtib etməmişidir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin torpaq sahəsinə cizginin verilməsindən imtina əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür) M a d d ə 7. Torpaq barəsində sərəncam Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Xalq deputatları Sovetləri onlara aid ərazidə torpağın verilməsinə və geri alınmasına dair müəyyən səlahiyyətlərini müvafiq icra orqanına verə bilərlər. Maddə 9. Torpaq üzərində dövlət mülkiyyəti Dövlət mülkiyyətində olan torpaqları, rayon, şəhər xalq deputatları Sovetləri öz səlahiyyətləri daxilində kollektiv və xüsusi mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verə bilər. Maddə 10. Torpaq üzərində xüsusi mülkiyyət Torpaq Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xüsusi mülkiyyətinə yerli icra hakimiyyəti orqanlarının vəsatətlərinə əsasən rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə aşağıdakı məqsədlər üçün verilir: 1) fərdi yaşayış evi və köməkçi tikililərin inşası, habelə şəxsi yardımçı kənd təsərrüfatı (həyətyanı sahə) üçün — həmin ərazidə daimi yaşayanlara; .... Maddə 14. Torpaq sahələrindən daimi istifadə Müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. M a d d ə 23. Torpaq sahələrinin verilməsi Vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin verilməsi və geri alınması, o cümlədən dövlət və ictimai məqsədlər üçün geri alınması barədə vəsatətin qaldırılması və ona baxılması qaydalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. Maddə 29. Torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi Müvafiq rayon, şəhər X3 tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Maddə 75. Şəhərlərdə, qəsəbələrdə və kənd yaşayış məntəqələrində kooperativ, fərdi mənzil tikintisi və fərdi qarajın, habelə fərdi əmək fəaliyyətinə lazım olan tikililərin inşası üçün torpaq sahələrinin verilməsi Yaşayış məntəqələrinin ehtiyat torpaqlarından sahələr aşağıdakı məqsədlər üçün verilir: … 2) fərdi ev tikdirənlərin mənzil-tikinti kollektivinin daimi istifadəsinə — hər ev tikdirənin bir mənzil üzərində xüsusi mülkiyyət hüququ ilə çoxmənzilli yaşayış evlərinin tikintisi üçün; 3) fərdi ev tikdirənlərin xüsusi mülkiyyətinə — fərdi evlərin tikintisi üçün. Azərbaycan Respublikasının fərdi mənzil tikintisi qadağan edilməmiş yaşayış məntəqələrində yaşayan vətəndaşlara şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin torpaqlarından İ şəxsi mülkiyyət hüququ əsasında birmənzilli yaşayış binalarının tikilməsi üçün torpaq sahələri xüsusi mülkiyyətə verilir. Fərdi mənzil tikintisi üçün verilən torpaq sahələrinin ölçüsü yerli şəraitdən və torpaq imkanlarından asılı olaraq müvafiq rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: (Bu Məcəllə Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli 695-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir.) Maddə 43. Yerquruluşu

1. Yerquruluşu — torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir.

2. Yerquruluşu torpaqların elmi-praktiki cəhətdən əsaslandırılmış səmərəli istifadəsinin təşkilinə, torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq resurslarının uçotuna və qiymətləndirilməsinə, əlverişli ekoloji mühitin qorunub saxlanmasına, təbii və antropogen landşaftların yaxşılaşdırılmasına və sabitliyinin təmin edilməsinə, eləcə də torpaqların mühafizəsinə yönəldilir.

4. Yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır.

5. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqların kompleks yerquruluşu layihələri müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqların təsərrüfatdaxili yerquruluşu layihələri isə torpaq mülkiyyətçiləri tərəfindən təsdiq edilir. Maddə 65. Torpaq sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi

1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.

2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.

3. Torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.

4. Torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir.

5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1991-ci il tarixli 372 nömrəli Fərmanı ilə təsdiq edilmiş (xx.xx.1999-cu il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə»nin 13-cü bəndinin “q” yarımbəndinə əsasən torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək icra hakimiyyəti başçısının əsas səlahiyyətləri sırasına daxildir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş (xx.xx.2012-ci il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 28-ci bəndinə əsasən müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təmin etmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsində kömək etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.16.6-cı bəndinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxildir. Göründüyü kimi, sadalanan qanunvericilik aktlarına əsasən istər torpaq sahəsinin ayrıldığı dövrdə qüvvədə olmuş qanunvericiliyə görə və ya ondan sonrakı dövrdə qüvvədə olan qanunvericiliyin normalarına normaların görə, iddiaçının tələb etdiyi sənədin tərtib edilməsi torpaq ayırma prosedurunun ayrılmaz tərkib hissəsi olaraq, torpaq ayırma prosedurunun sonunda həmin sənədin sərəncamla birlikdə iddiaçıya, eləcə də arxivə təqdim olunması cavabdehin məsuliyyət sferasına aid olmuşdur. Bu qayda icarə müqaviləsinin bağlanmasına, cizginin tərtib və təsdiq olunmasına da şamil edilir. Odur ki, cavabdehin etiraz ərizəsində qeyd etdikləri onun, qanunvericiliklə müəyyən edilmiş öhdəliyin icrasından azad etmir. Azərbaycan Respublkası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanunvericilik torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qeyd olunan Qanunun 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Məhkəmənin mövqeyinə görə, nə qədər ki, iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılması barədə Qərar mübahisələndirilməmişdir və qüvvədədir, həmçinin cavabdeh Qaradağ RİH torpaq ayıran qurum kimi həmin qərarda nəzərdə tutulmuş torpaq sahəsinə dair plan-ölçü sxeminin (yerləşmə cizgisinin) verilməsi öz təsdiqini tapmadığından, cavabdeh imtina etməkdə haqlı olmamışdır və bu iddiaçının hüquqlarının pozulmasına səbəb olan haldır. Odur ki, iddiaçının tələbi əsaslıdır və təmin olunmalıdır. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Qaradağ Rayon X3 İcrayyə Komitəsinin torpaqdan istifadə komissiyasının məsələləri haqqında 7/199 saylı, xx.xx.1991-ci il tarixli qərarı ilə Lökbatan qəsəbəsi, Hacıbəyov küçəsi, 11 nömrəli evdə yaşayan İddiaçı Həmidulla oğluna fərdi yaşayış evi tikdirməsi üçün Lökbatan qəsəbəsi, 6cı massivdən ayrılmış torpaq sahəsindən 600 kv.m. ayrılıb verilmiş torpaq sahəsinin planölçü sxeminin (yerləşmə cizgisinin) verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Qaradağ Rayon X3 İcrayyə Komitəsinin torpaqdan istifadə komissyasının məsələləri haqqında 7/199 saylı, xx.xx.1991-ci il tarixli qərarı ilə İddiaçı Həmidulla oğluna fərdi yaşayış evi tikdirməsi üçün Lökbatan qəsəbəsi, 6-cı massivdən ayrılmış 600 kv.m torpaq sahəsinə dair plan-ölçü sxeminin (yerləşmə cizgisinin) verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar