Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-134/2022 10.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «bağ sahəsinə dair arayışın verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «bağ sahəsinə dair reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 1484 nömrəli 23 sentyabr 1998-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Badamdar qəsəbəsi, 1-ci Badamdar küçəsində 1 saylı evin qarşısında 15 kv.m (3 kv.m x 5 kv.m) ölçüdə bağ sahəsi iddiaçının mərhum atası X4 adına sənədləşdirilmiş və bağ sahəsi abadlaşdırılmışdır. X1 ona ayrılan tarixdən vafat etdiyi vaxtadək həmin bağdan qanuni şəkildə istifadə etmişdir. Atası 12 yanvar 2017-ci il tarixdə vəfat etdikdən sonra iddiaçı həmin bağ sahəsindən istifadə etmiş, oranı qoruyub saxlayır. İddiaçı həmin torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, cavabdeh məsələnin həllindən imtina etmişdir. Göstərilənlərə əsaslanaraq Bakı şəhəri Səbail RİH 23 sentyabr 1998-ci il tarixli sərəncamına əsasən 15 kv.m ölçüdə mövcud bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə qərar qəbul olunması məhkəmədən xahiş edilir. İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «mövcud bağ sahəsinə dair iddiaçının mərhum atasının adına reyestrdən çıxarışın verilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İPM-in 29-1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müvafiq müddəaları tətbiq olunur. MPM-in 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Məhkəmənin 4 mart 2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur: - Bakı şəhəri Səbail RİH başçısının 23 sentyabr 1998-ci il tarixli 1484 nömrəli sərəncamı ilə X6 Bakı şəhəri, Badamdar qəsəbəsi, 1-ci Badamdar küçəsi, 1 saylı evin qarşısında 3,0 x 5,0 kv.m ölçüdə ayrılmış bağ sahəsinin iş materiallarında olan yerləşmə cizgisi ilə hazırda İddiaçı istifadəsində olan həmin sahənin faktiki fəziyyəti arasında uyğunsuzluq varmı? - həmin bağ sahəsi ilə şosse yolunun və 1 saylı evin ara məsafəsi nə qədər təşkil edir? - həmin bağ sahəsi ərazidə şosse yolunun yaxınlığında ümumi istifadədə olan ərazi ilə üst-üstə düşürmü? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə ünvanlanmış 4 avqust 2020-ci il tarixli məktubu ilə Mərkəzin ekspertinin həmin tarixli 10/718 nömrəli rəyi təqdim edilmişdir. Rəydə (tədqiqatın nəticə hissəsində) aşağıdakılar bildirilir: - (1-ci sual üzrə) Bakı şəhəri Səbail RİH başçısının 23 sentyabr 1998-ci il tarixli 1484 nömrəli sərəncamı ilə X6 Bakı şəhəri, Badamdar qəsəbəsi, 1-ci Badamdar küçəsi, 1 saylı evin qarşısında 3,0 x 5,0 metr ölçüdə ayrılmış bağ sahəsinin iş materiallarında olan yerləşmə cizgisinə uyğun olduöu müəyyən edilmişdir; - (2-ci sual üzrə) Bakı şəhəri Səbail RİH başçısının 23 sentyabr 1998-ci il tarixli 1484 nömrəli sərəncamı ilə X6 Bakı şəhəri, Badamdar qəsəbəsi, 1-ci Badamdar qəsəbəsi, 1 saylı evin qarşısında 3,0 x 5,0 metr ölçüdə ayrılmış bağ sahəsi ilə şosse yolun ara məsafəsi 3,3 metr, həmin torpaq sahəsi ilə 1 saylı yaşayış evinin ara məsafəsi 16,7 metr təşkil etdiyi müəyyən edilmişdir; - Tədqiq olunan torpaq sahəsinin faktiki olaraq Badamdar qəsəbəsində Badamdar şossesinin (küçəsinin) kənarında, 1 saylı binanın qarşısında sahədə (yaşayış binasından 16,7 metr aralı) yerləşdiyi müəyyən olunmuşdur. Lakin Badamdar şossesinin yaxınlığında ümumi istifadə olunan yaşıllıq ərazisinin planlı yerləşməsinə dair hər hansı sənəd, o cümlədən ayrıc aktı, plan-sxem və s. iş materiallarına əlavə edilmədiyindən X6 ayrılmış torpaq sahəsinin yaşıllıq ərazisi ilə üst-üstə düşməsi müəyyən edilmədi. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-378/2020 saylı iş üzrə 10 sentyabr 2020-ci il tarixli qərarı ilə 50 iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 1875/2020 saylı iş üzrə 10 noyabr 2020-ci il tarixli qərarı ilə iddaçının apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-506/2021 saylı iş üzrə 7 aprel 2021-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin 2-1(102)-1875/2020 saylı 10 noyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 7 aprel 2021-ci il tarixli qərarında məhkəmə kollegiyası vurğulamışdır ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinin tələbləri baxımından uğurlu iddia tələbi irəli sürməmişdir. Həmin norma vərəsəyə daşınmaz əmlakın ölmüş valideynin adına qeydiyyata alınması barədə çıxarışın deyil, əmlakın ölmüş valideynə məxsus olması haqqında arayışın verilməsini nəzərdə tutur. Bu halda məhkəmə iddiaçı ilə işin hallarını bu baxımdan da müzakirə etməli, iddiaçıya uğurlu predmetli iddianı seçməkdə yardım etməlidir. Lakin işə baxmış məhkəmələr işin yuxarıda qeyd olunan hallarını nəzərə almamış, iddiaçı ilə bu cür müzakirə aparıb ona iddianın hüquqi əsasını təşkil edən maddi hüquq normasının dispozisiya şərtlərinə uyğunlaşdırılmış iddianın verilməsi üçün hüquqi yardım göstərməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1722/2021 saylı 14 iyun 2021-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-378/2020 saylı iş üzrə 10 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş və iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadında Ali Məhkəmənin müvafiq göstərişləri təkrarən bildirilmişdir. İPM-in 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. İş materialları Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra iddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «Bakı şəhəri Səbail RİH başçısının 23 sentyabr 1998-ci il tarixli 1484 saylı sərəncamı ilə ayrılmış 15 kv.m ölçüdə bağ sahəsinin iddiaçının mərhum atasına məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış 5 noyabr 2021-ci il tarixli məktubunda İPM-in 47-ci maddəsinə müvafiq olaraq iddia ilə bağlı aşağıdakılar bildirilir: - İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə 15 noyabr 2019-cu il tarixdə ərizə ilə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilmiş yerləşmə cizgisində sahə və ölçülər göstərilməmiş və faktiki vəziyyət ilə uyğunsuzluq təşkil edir. Eyni zamanda, göstərilən torpaq sahəsinin yerləşmə cizgisində istinadlar və məsafələr qeyd edilməmişdir. Bundan əlavə, sözügedən sərəncamda sahənin ölçüsü qeyd olunmamışdır. Sözügedən torpaq sahəsi yaşayış binası ilə şosse yolunun yaxınlığında ümumi istifadə olunan yaşıllıq ərazisidir və sözügedən torpaq sahəsi ilə yaşayış binasının ara məsafəsi nəzərə alınmamışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və vətəndaşa 6 dekabr 2019cu il tarixli cavab məktubu ünvanlanmışdır. Göstərilənlərə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 21.1-ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 7.1, 23-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli 72 nömrəli və 11 sentyabr 2015-ci il tarixli 298 nömrəli qərarlarının müddəalarına əsaslanaraq, İPM-in 48.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, iddianın rədd edilməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İş materiallarından görünür ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin 1484 nömrəli 23 sentyabr 1998-ci il tarixli sərəncamı ilə X4 Səbail rayonunda işləməsini və yaşayış şəraitinin yaxşılaşdırılması haqqında xahişini qane edərək, Badamdar qəsəbəsində 1-ci Badamdar küçəsində 1 saylı evlərin qabağında /3,0x5,0/m ölçüdə mövcud bağ sahəsinin onun adına sənədləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan 3 saylı “ASAN Xidmət” Mərkəzi qeydiyyat şöbəsi tərəfindən 30 yanvar 2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı 857481 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 12 yanvar 2017-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan ünvan ünvanlanmış 30 may 2017-ci il tarixli məktubunda aşğıdakılar bildirilir: - X3 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 28 saylı Notariat Kontoruna İddiaçı Sabır qızı tərəfindən müraciət olunmuşdur. X4 12 yanvar 2017-ci il tarixdə vəfatı ilə əlaqədar vərəsə İddiaçı ərizəsi əsasında Notariat Kontoru tərəfindən vərəsəlik işi açılmış və vərəsənin dairəsi müəyyən edilmişdir. Bakı şəhəri, Səbail rayonu, badamdar qəsəbəsində yerləşən torpaq sahəsinə dair çıxarış verilməsi xahiş olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.1) qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - (8.0.8) bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə 439 nömrəli Fərmanının 1-ci hissəsi ilə “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Siyahının 2-ci bəndində Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair müvafiq sənədlər sırasına aşağıdakılar da daxil edilmişdir: - (2.1-ci yarımbənd) şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə. Həmin Fərmanın 2-ci hissəsində müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Səbail rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Cavabdeh inzibati orqan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisə Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, bu mübahisəyə İPM-in 8.1.1-ci maddəsinin tələblərinə uyğun baxılmalıdır. Odur ki, işə baxmaqda müvafiq daşınmaz əmlakın olduğu yer (Bakı şəhərinin Səbail rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə qeyd edir ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin 1484 nömrəli 23 sentyabr 1998-ci il tarixli sərəncamı X6 15 kv.m ölçüdə müvafiq bağ sahəsi istifadə üçün ayrılmamışdır, həmin bağ sahəsinin onun adına sənədləşdirilməsi qərara alınmışdır. Bu sərəncamdan sonra hər hansı “sənədləşmə” aparılması isə, müəyyən olunmur. Həmçinin diqqət yetirilməlidir ki, sözügedən 15 kv.m ölçüdə torpaq sahəsinin X4 yaşayış şəraitinin yaxşılaşdırılması haqqında xahişi əsasında onun adına sənədləşdirilməsi qərara alınmışdır. Həmin ölçüdə torpaq sahəsinin sözügedən məqsədlə “ayrılması” mütənasib də sayılmır. Nəzərə alınmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 65.1.1-ci maddəsinə əsasən faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati aktlar etibarsız sayılır. Bundan başqa, iddiaçı şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərara deyil, RİH tərəfindən qəbul edilmiş 23 sentyabr 1998-ci il tarixli srəncama istinad edir ki, bu qəbldən olan aktlar isə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.8-ci maddəsi üzrə qeydiyyat üçün əsas qismində çıxılş edə bilməz. Belə olan halda məhkəmənin qənaətinə görə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin 1484 nömrəli 23 sentyabr 1998-ci il tarixli sərəncamı ilə nəzərdə tutulan 15 kv.m bağ sahəsinin X6 məxsusluğu həmin aktın məqsədi baxımından müəyyən edilmir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 20/718 saylı ekspert rəyi ilə bağlı isə məhkəmə qeyd edir ki, həmin rəyə görə aparılmış tədqiqat zamanı mübahisə obyekti olan torpaq sahəsinin yaşıllıq zolağına düşüb-düşməməsinin müəyyən edilməsi mümkün olmadığından, rəy mötəbər sübut qismində qiymətləndirilə bilməz. Digər sullar üzrə alınmış nəticələr isə, torpaq sahəsinə hüquqların qeydiyyatı və ya əmlakın şəxsə məxsusluğuna deyil, orada hər hansı tikinti işlərinin aparılması istiqamətində icraat üçün qiymətdirilə biləndir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «bağ sahəsinə dair arayışın verilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «bağ sahəsinə dair arayışın verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-134/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-134/2022
10.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver