Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-134/2023 28.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı X3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən İddiaçınə məxsus qeyri-yaşayış obyektinin və onun yerləşdiyi torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə mənə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 03 oktyabr Sərəncamı ilə təsisçisi olduğu "xxxx" kiçik müəssisəsinə (Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışa əsasən indiki adı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) Bakı şəhəri, Binəqədi rayonu, K.Marks prospektindəki (ünvan reyestrindən verilmiş arayışa əsasən indiki adı: Əliyar Əliyev küçəsi 90A) körpünün yaxınlığında oksigen stansiyasının qarşısındakı boş ərazidə 2.900 kv.m torpaq sahəsi avtomobillərə texniki xidmət məntəqəsinin tikintisi məqsədi ilə daimi istifadə üçün ayrılmış və bu məqsədlə də Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Şəhər Ərazisinin Tikinti Planlaşdırma İdarəsi tərəfindən xx.xx.1996-cı il tarixli 9750 nömrəli İnşaat Pasportu verilmişdir. Həmin qeyriyaşyış obyektinin Eskiz Layihəsi Lisenziya əsasında fəaliyyət göstərən “Azərtikintiprojekt” MMC tərəfindən 2013-cü ildə tərtib edilmiş və tikinti-quraşdırma işləri həmin layihəyə uyğun həyata keçirildikdən sonra Qəbul Komissiyasının “Tikinti-quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda" xx.xx.2013-cü il tarixli aktı ilə obyektin istismara qəbul edilməsi qərara alınmışdır. Obyektin yerləşdiyi torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü" (A № 496169) tərtib edilmiş və həmin sənəddə torpaq sahəsinin X9 kitabında xx.xx.2014-cü il tarixdə 37297 nömrə ilə uçota alındığı göstərilmişdir. Həmin ərazi Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən tərtib olunmuş M 1:5000 miqyaslı "Bakı şəhər xəritəsindən çıxarış ”da bilavasitə öz əksini tapmışdır. Qeyri-yaşayış obyektinin və onun yerləşdiyi torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi üçün bütün zəruri, hətta qeyri-zəruri sənədləri təqdim etməklə cavabdehə dəfələrlə müraciət etmişəm. Lakin cavabdehi təmsil edən məsul şəxslər hər dəfə müxtəlif bəhanələr gətirərək obyekt üzərində mülkiyyət hüququnun qeydə alınması üçün gözləmək lazım olduğunu bildirmiş, odur ki, bu minvalla iddiaçı 7 (yeddi) il gözlədiyini qeyd edir, lakin məsələ hələ də öz həllini tapmamışdır. O, cavabdehin qanunsuz hərəkətlərindən hətta yeni rəhbərliyə, şikayətə cavab olaraq ƏMDK yanında DƏDRX-nin rəisi Hikmət Mustafayev tərəfindən ona ünvanlanmış 20 fevral 2020-ci il tarixli **********89 saylı cavab məktubunda müraciətdə qeyd olunan məsələnin icrası istiqamətində müvafiq tədbirlər görüldüyü bildirilsə də heç bir tədbir görülməmiş və daşınmaz əmlak üzərində hüququ qeydə alınmamışdır. Cavabdehin bu qanunsuz hərəkətlərindən iddiaçı, hətta məcbur olub Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkilinə (Ombudsmana) da şikayət etmiş və həmin şikayəti Ombudsman aparatı tərəfindən 03 aprel 2020-ci il tarixli məktubla DƏDRX-nin rəisinə müvafiq tədbirlərin görülməsi üçün göndərilsə də yenə də məsələ öz həllini tapmamışdır. Bütün bunlara baxmayaraq, daşınmaz əmlak üzərində hüququnun qeydə alınması üçün cavabdehə etdiyi sonuncu, yəni xx.xx.2020-ci il tarixli ərizəyə (qeyd etmişdir ki, həmin ərizə ilə bağlı cavabdehin məsul şəxsi tərəfindən verilmiş “Təsdiqetmə bildirişi "ndə sadalanan 9 adda sənədlərin əsli təqdim edilmiş, lakin imtina cavabı verildikdən sonra həmin sənədləri çətinliklə də olsa geri almışdır.) cavabdehin xx.xx.2020ci il tarixli **********25 saylı cavab məktubunda tamamilə əsassız və əlaqəsiz motivlərə istinad olunmaqla imtina edilmiş (hansı ki, cavabdehin məsul şəxslərinin özləri tərəfindən iddiaçıya, məsələnin həll edilməsi üçün bir daha müvafiq qaydada müraciət etmək tövsiyə olunmuşdur) habelə göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazənin təqdim edilməlidir. Hansı ki, iddiaçı göstərilən qeyri-yaşayış obyektinin və onun yerləşdiyi torpaq sahəsinin dövlət qeydiyyatına aınması üçün zəruri olan bütün sənədləri, o cümlədən torpaqdan istifadə hüququnu və tikintiyə icazəni təsdiq edən Bakı Şəhər İcra Hakimiyyəti başçısının 03 oktyabr 1995-ci il tarixli, 1301 saylı Sərəncamını, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Şəhər Ərazisinin Tikinti Planlaşdırma İdarəsi tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli 9750 nömrəli İnşaat Pasportunu, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü ”nü, müvafiq Eskiz Layihəsini, Qəbul Komissiyasının “Tikinti-quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda" xx.xx.2013-cü il tarixli aktını və digər sənədləri ərizə ilə birlikdə cavabdehə təqdim etmişdir. Buna baxmayaraq cavabdeh özünün sonuncu imtina məktubunda məsələyə qətiyyən aidiyyəti olmayan səbəblər göstərib “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsinə əsaslanaraq ərizəmin icrasından imtina etmişdir ki, həmin imtina tamamilə əsassızdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında " Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın 6 (altı) əsası göstərilmişdir ki, həmin əsaslar aşağıdakılardır: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Lakin cavabdeh məsələ ilə bağlı yuxarıda göstərilən əsaslardan konkret olaraq hansının mövcud olduğunu göstərməmiş və Qanunun 15-ci maddəsinə bütövlükdə istinad edərək hüququn qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Hansı ki, iddiaçının müraciəti ilə bağlı qanunun yuxarıda göstərilən 15-ci maddəsində sadalanan əsasların heç biri mövcud deyildir. Habelə qeyd etmişdir ki, cavabdehin imtinası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 28 mart 2017-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqe ilə birbaşa ziddiyyət təşkil edir. Belə ki, həmin qərarda bilavasitə göstərilmişdir ki, "Azərbaycan Respublikasında inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etmək və qanunun aliliyinə nail olmaq məqsədilə “İnzibati icraat haqqında" Qanun qəbul edilmişdir. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsasların, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 15-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz.” Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, cavabdehin üzərinə ünvan 1 ünvandakı torpaq və onun üzərində yerləşən qeyri- yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə mənə müvafiq çıxarışın verilməsi öhdəliyi qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən (İ, İİ və İİİ hissələr) hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 154.1-ci maddəsinə görə qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.2-ci maddələrinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara... inzibati məhkəmə icraatı qaydasında baxılır. (Məhkəməyə məlumat üçün onu da bildirmişdir ki, məsələ ilə bağlı cavabdehin yuxarıda göstərilən hərəkəti, yəni təsisçisi olduğu cəmiyyətin qanuni istifadəsində olan torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən qeyriyaşayış obyektinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından əsassız imtinası ucbatından o, bünövrəsi 24 (iyirmi dörd) il bundan əvvəl qoyulmuş sözügedən xidmət sahəsini lazımi şəkildə abadlaşdırıb daim inkişaf etməkdə olan, habelə günügündən müasirləşən və gözəlləşən paytaxt şəhərimizin görkəminə uyğunlaşdıra bilmir. Digər tərəfdən, torpaq üzərində mülkiyyət hüququnun qeydə alınacağı təqdirdə, o, hələ 2013-cü ildə dövlət büdcəsinə 26.853.31 (iyirmi altı min səkkiz yüz əlli üç manat 31 q.) AZN məbləğində pul keçirməli idi ki, cavabdeh öz qanunsuz imtinası ilə bütün bunlara bilavasitə maneçilik yaratmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2069/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə “Azərbaycan Dəmir Yolları” QSC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2069/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. xx.xx.2021-ci il tarixli məhkəmə iclasının protokol qərarına əsasən iddiaçı X3 əsl olan İddiaçı MMC ilə əvəz edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi ərizə təqdim edərək, iddia ərizəsində dəqiqləşmə apararaq, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış obyekti üzərində mülkiyyət hüquqlarının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-134/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının iddia tələbini dəqiqləşdirməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-134/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə “Azərbaycan Dəmir Yolları” QSC üçüncü şəxs qismində prosessual iştirakına xitam verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə münasibətdə etiraz məktubunda qeyd edilmişdir ki, iddiaçı X1 ünvan 4 ünvanında yerləşən İddiaçı MMC-nə məxsus qeyri-yaşayış obyektinin və onun yerləşdiyi torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair müraciətinə cavab olaraq bildirilmişdir ki, qeyd olunan qeyri yaşayış binasının (daxilində rekonstruksiya işləri aparılmışdır) tikintiyə icazə verilməsinə dair qərarı əlavə olunmamış, istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı müvafiq icra hakimiyyəti orqanları tərəfindən tam təsdiq edilməmiş və layihə isə (surətdir) Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmamışdır. Bundan başqa sərəncamda torpaq sahəsinin ölçüsü göstərilməmiş, etibarnamə təqdim olunmamışdır və əlavə edilmiş kadastr planının elektron baza məlumatı ilə faktiki torpaq sahəsi arasında perimetrik ölçü fərqinin olduğu müəyyən edilmişdir. Həmçinin elektron baza məlumatına əsasən qeyri yaşayış binasının və torpaq sahəsinin bir hissəsi dəmir yolunun mühafizə zolağında yerləşir.Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə vətəndaşa **********25 saylı xx.xx.2020-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma normalarının 3.5-ci maddəsinə yalnız şəhər və qəsəbələrdə yaşayış tikililəri dəmir yolunun kənar yolunun oxundan eni 100 metrdən az olmayan sanitariya-mühafizə zonası ilə ayrılmalıdır. Dəmir yollarının dərinliyi 4 metrdən az olmayan qazma yataqlarda yerləşdirildiyi və ya səsdən xüsusi mühafizə tədbirləri həyata keçirildiyi zaman sanitariya-mühafizə zonasının eni 50 metrə qədər azaldıla bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 8,0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsin barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (2013-cü il yanvarın 1-dən sonra) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim olunmalıdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4-cü maddəsinə Sifarişçi: 47.4.2. tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərin hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılmasını və təsdiqlənməsini təmin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 48.3-cü maddəsinə əsasən Layihəçi: 48.3.2. tikinti layihəsinin bu Məcəllənin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını təmin edir və buna görə cavabdehlik daşıyır; 48.3.3. sifarişçinin, müvafiq icra hakimiyyəti orqanının və texniki şərtləri müəyyən edən əlaqədar qurumlarla şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun iradları əsasında layihədə müvafiq dəyişikliklərin aparılmasını təmin edir və dəyişdirilmiş layihəni müəyyənləşdirilmiş qaydada razılaşdırır. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi"nin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi"nin 101.2-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 302 saylı qərərı ilə “Tikinti obyektinin istismarına icazənin vahid forması" təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilb təsdiq edilmiş Yerli icra hakimiyyətləri haqqında” əsasnamənin 4.11.11.5. və 4.11.12,-ci bəndlərinə yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra icazə sənədi vermək; müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vəzifələri göstərilsədə, əsasnamənin 4.18.2ci bəndinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi səlahiyyəti şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin əlavəsi olan rayon icra hakimiyyəti başçıları aparatının nümunəvi strukturunda memarlıq xidməti nəzərdə tutulmadığındaşəhərində qeyri-yaşayış sahələrinin layihələrinin təsdiqi, həmçinin fərdi yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun olması barədə rəy verilməsi yalnız Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin səlahiyyətlərinə aiddir. Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə haqqında Azərbaycan Respublikasının Prezidentinin 1 avqust 2018-ci il tarixli 226 Fərmanının birinci bəndinə əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Mem Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmişdir. Həmin fərmanın ikinci bəndinə əsasən müəyyən edilmişdir ki, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mənzil X5 tərəfindən verildiyi hallar istisna olmaqla) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Eyni zamanda nəzərinizə çatdırmaq istərdik ki, iddiaçı qanunvericilikdə nəzərdə tütulmuş prosessual müddəti ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - cavabdeh idarənin xx.xx.2020-ci il tarixli müraciətinə cavab məktubu; - Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1995-ci il 1301 nömrəli sərəncamı, - xx.xx.1996-cı il tarixli 9750 nömrəli İnşaat Pasportu, - 022612 nömrəli Eskiz Layihə, - xx.xx.2014-cü il tarixdə 37297 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü" - cavabdeh idarənin xx.xx.2020-ci il tarixli etiraz məktubu; - cavabdeh idarənin xx.xx.2021-ci il tarixli “Daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildiriş məktubu; - məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Dəmir Yolları QSC-nin xx.xx.2021-ci il tarixli məktubu; - AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 27 yanvar 2023-cü il tarixli, 10/7062 nömrəli ekspert rəyi.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından və iş üzrə icraat materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli 1301 saylı Sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, K.Marks prospektindəki körpünün yaxınlığında oksigen stansiyasının qarşısındakı (indiki ünvan ünvan 6i xidmət məntəqəsinin tikintisi məqsədi torpaq sahəsi ayrılmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Şəhər Ərazisinin Tikinti Planlaşdırma İdarəsi tərəfindən sifarişçi məişət xidməti üzrə müstəqil "xxxx" KM-nə Bakı şəhəri Binəqədi rayonu, K.Marks prospektinin 3120-ci məhəlləsində “avtomomobillərə texniki xidmət məntəqəsinin köçürülməsi üçün” torpaq sahəsinin ayrılmasına dair xx.xx.1996-cı il tarixli 9750 nömrəli İnşaat Pasportu verilmişdir. Qeyri-yaşayış obyektinin yerləşdiyi torpaq sahəsinə dair Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü" sənədi tətrib edilmiş və X9 kitabında xx.xx.2014-cü il tarixdə 37297 nömrə ilə uçota qeyd edilmişdir. Həmin qeyri-yaşyış obyektinin Eskiz Layihəsi 022612 nömrəli lisenziya əsasında fəaliyyət göstərən “Azərtikintiprojekt” MMC tərəfindən 2013-cü ildə tərtib edilmişdir. Tikinti-quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının xx.xx.2013-cü il tarixli aktı ilə qəbul komissiyası təqdim edilmiş sənədlərə əsasən (Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1995-ci il 1301 nömrəli sərəncamı, xx.xx.1996-cı il tarixli 9750 nömrəli İnşaat Pasportu, 022612 nömrəli Eskiz Layihəsi) obyektin istismara qəbul edilməsi qərara alınmışdır. İşin faktiki hallarından müəyyən edilir ki, hazırki iş üzrə iddiaçının hüquqi maragı faktiki istifadəsində olan qeyri-yaşayış obyekti üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən müvafiq çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. İddiaçı həmin tələblə cavabdeh orqana müraciət etmiş, müraciətinin təmin olunmasından imtina edilərək cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli məktub ilə iddiaçıya bildirmişdir ki, qeyd olunan qeyri-yaşayış binasının (daxilində rekonstruksiya işləri aparılmışdır) tikintiyə icazə verilməsinə dair qərarı əlavə olunmamış, istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı müvafiq icra hakimiyyəti orqanları tərəfindən tam təsdiq edilməmiş və layihə isə (surətdir) Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmamışdır. Bundan başqa sərəncamda torpaq sahəsinin ölçüsü göstərilməmiş, etibarnamə təqdim olunmamışdır və əlavə edilmiş kadastr planının elektron baza məlumatı ilə faktiki torpaq sahəsi arasında perimetrik ölçü fərqinin olduğu müəyyən edilmişdir. Həmçinin elektron baza məlumatına əsasən qeyri yaşayış binasının və torpaq sahəsinin bir hissəsi dəmir yolunun mühafizə zolağında yerləşir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehin imtinasını mübahisələndirir. Cavabdehin imtina dəlillərinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir: Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş “Memarlıq-planlaşdırma göstərişləri” sənədində Bakı şəhəri, Binəqədi rayonu, K.Marks prospekti ilə A.Yusifzadə küçəsinin kəsişmədə yerləşən yerdə, şimal-qərbdən oksigen stansiyasının ərazisi, şimalqərbdən dəmir yolu xətti ilə, cənub-şərqdən keçid ilə, cənub qərbdən-Yusifzadə küçəsi ilə əhatə olunmuş 0,29 ha torpaq sahəsi "xxxx" KM-nə avtomobillərə texniki xidmət məntəqəsinin tikintisi məqsədi ilə ayrılması həmin sənəddə öz əksini tapmışdır. Obyektin yerləşdiyi torpaq sahəsinə dair Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü" sənədində Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 03 oktyabr 1995-ci il tarixli, 1301 saylı Sərəncamını ilə ünvan 1 ünvanında yerləşən 2900 kv.m torpaq sahəsinin "xxxx" KM-nə avtomobillərə texniki xidmət məntəqəsinin tikintisi üçün daimi istifadəsinə ayrılması öz əksini tapmişdır. Tikinti-quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyası tərəfindən xx.xx.2013-cü il tarixdə tərtib edilmiş aktda obyektin tikintiquraşdırma işlərinin memarlıq-tikinti konstriktiv xüsusiyyətləri - layihə üzrə; fasad, xarici və daxili tamamlama, bəzək və abadlaşdırma işlərinin yerinə yetirildiyi və obyektin tikintiquraşdırma işləri 2013-cü ildə başa çatdırıldığı və Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1995-ci il 1301 nömrəli sərəncamı, xx.xx.1996-cı il tarixli 9750 nömrəli İnşaat Pasportu, 022612 nömrəli Eskiz Layihəsi əsasında obyektin istismara qəbul edilməsi qərara alınması öz əksini tapmışdır. Həmin qeyri-yaşyış obyektinin Eskiz Layihəsi 022612 nömrəli lisenziya əsasında fəaliyyət göstərən “Azərtikintiprojekt” MMC tərəfindən 2013-cü ildə tərtib edilmiş və layihə Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyətinin möhürü ilə tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yanğından Mühafizə və Qəza- Xilasetmə İşləri Baş İdarəsi Normalaşdırmaya və Tikintilərə Nəzarət Şöbəsi tərəfindən “Məişət Xidmətləri üzrə müstəqil “Servis KM” torpaq sahəsi ayrılması barədə”sində verilmiş 730 nömrəli xx.xx.1995-ci il tarixli rəydən görünür ki, ünvan 7 ünvanında yerləşən məişət xidməti kompleksinin layihələndirilməsi üçün 0,29 ha torpaq sahəsi qüvvədə olan qanunvericilik və normativ aktların o cülədən 02.07.01-89 Şəhərsalma Şəhər və X7 Planlaşdırılması və Tikintisi TH və Q-nin 1 nömrəli məcburi əlavəsi və 2.12.b 11.93.-74 “Avtomobillərə Xidmət Müəssisələri” TH və Q tələbləblərinə riayət etmək şərti ilə yararlı hesab edilmişdir Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq Azərbaycan Dəmir Yolları QSCnin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-nə məxsus qeyri-yaşayış obyekti ilə bağlı aidiyyəti qurumlarımız tərəfindən araşdırılma aparılmış və müəyyən edilmişdir ki, qeyd edilən ərazi dəmir yolunun Keşlə stansiyası 2653 km pk 1-də yolun kilometr artımı istiqamətində düşür. Həmçinin qeyd edilmişdir ki, “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları"nın və "Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma Normaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 33 nömrəli qərarına əsasən həmin ərazidə dəmir yolunun təhkim zolağının eni 50 metr müəyyən edilmişdir. Həmçinin, icraat zamanı əldə edilmiş AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 27 yanvar 2023-cü il tarixli, 10/7062 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, mübahisə predmeti olan qeyri yaşayış sahəsinin döngə nöqtələrinin koordinatları xəritə proqramı vasitəsilə yığılmış və həmin qeyri yaşayış sahəsi ilə yaxınlıqda olan dəmir yolu xətti arasındakı məsafənin 64.70 metr təşkil etdiyi müəyyən olunmuşdur. Belə olan halda mübahisə predmeti olan qeyri yaşayış sahəsinin 932 kv.m hissəsinin dəmir yolu xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən olunur. (şəkil 1) Qeyd olunan şəkildə də qeyri yaşayış sahəsi ilə dəmir yolu xətti arasındakı məsafənin 64.70 metr olaraq göstərilmişdir. Cavabdeh digər imtina dəlili qismində istismara qəbul aktının tam təsdiqlənmədiyinə və sərəncamda torpaq sahəsinin ölçülərinin qeyd edilmədiyinə istinad edir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının təqdim etdiyi qeyri-yaşayış sahəsinə verilmiş sərəncamda ölçülərinin qeyd olunmaması ilə bağlı gətirdiyi dəlilli ilə əlaqədar məhkəmə qeyd edir ki, digər (yuxarıda qeyd edilən) sənədlərdə qeyri-yaşayış sahəsinin ölçüləri aydın şəkildə əks olunmuşdur. Həmin sənəddə qeyd olunan çatışmazlıq formal xarakterli hal kimi qiymətləndirilməli və bu hal həmin sənədin mötəbərliyini şübhə altına qoymamalıdır. Həmçinin, qeyd edilən həmin sənədlərin tərtib edilməsinin, eləcə də sənədlərdəki məlumat və qeydlərin dəqiqliyi və düzgünlüyünün onları tərtib edən inzibati orqanın məsuliyyət sferasına aid olduğu nəzərə alındıqda, istinad olunan əsaslar iddiaçının ziyanına təfsir oluna bilməz. Qeyd olunmalıdır ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş xx.xx.1995-ci il tarixli sərəncamın ləğv olunması və ya geri çağırılması nəinki cavabdeh, eləcə də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən də iddia olunmur. Həmçinin bununla bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 30.5-ci maddəsinə əsasən inzibati orqan qanunla ərizəyə əlavə edilməli olan sənədləri, o cümlədən elektron sənədləri əldə etmək üçün dövlət orqanlarının (qurumlarının) elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) müəyyən olunmuş hədlərdə istifadə edir. Bunun mümkün olmadığı hallarda həmin sənədlərin təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında aidiyyəti orqandan (qurumdan) tələb olunur və ya ərizəçi tərəfindən təmin olunur. Həmin sənədlər bu Qanunun 32.4-cü maddəsinə uyğun olaraq kağız daşıyıcıda və ya elektron sənəd formasında təqdim edilə bilər. Məhkəmə cavabdeh inzibati orqanın “istismara qəbul aktının tam təsdiqlənmədiyi” dəlili ilə bağlı qeyd edir ki, tikinti obyektinin istismarına icazə verilməsinə dair səlahiyyətlər xx.xx.2018-ci il tarixinədək yerli icra hakimiyyəti orqanlarına verilmişdir. Hazırkı iş üzrə tikinti obyektinin istismarına qəbul Aktı müvafiq yerli icra hakimiyyəti orqanı (Binəqədi Rayon İcra Hakimiyyəti) tərəfindən verilmişir. Həmçinin qəbul komissiyasının tərkibini iddiaçının müəyyən etmək öhdəliyi olmamışdır və həmin komissiya tərəfindən qəbul edilmiş Aktın nəzərdə tutulan digər dövlət qurumları tərəfindən təsdiq edilməməsi vətəndaşın təqsiri kimi qiymətləndirilə bilməz. Odur ki, cavabdehin bu dəlili də əsassızdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisə predmeti olan daşınmaz əmlakın sökülməsi barədə hər hansı qərarın qəbul edilməməsi, daşınmaz əmlaka dair qanunvericiliklə müəyyən edilmiş səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş İstismara qəbul edilməsi Aktının mövcudluğu həmin daşınmaz əmlakın müvafiq normalara uyğun tikilməsini müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən həmin məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin xx.xx.2018-ci il tarixədək qüvvədə olmuş 101.2-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 695 nömrəli Fərmanının xx.xx.2018-ci il tarixədək qüvvədə olmuş 4.7-1.2-ci bəndinə əsasən digər tikinti obyektlərinə münasibətdə – yerli icra hakimiyyəti orqanları 101.2-ci maddəsinin birinci cümləsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir: “Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).” İnzibati mübahisənin mahiyyəti ilə bağlı məhkəmənin qənaəti belədir ki, sadalanan qanunvericilik normalarının tələblərinə əsasən mübahisə predmeti olan daşınmaz əmlaka dair müvafiq sərəncamın olması, həmin daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin iddiaçının istifadəsində olması, həmçinin ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-nə məxsus qeyri-yaşayış obyektininlayihəsi müvafiq icra hakimiyyətin orqanı tərəfindən razılaşdırılması, tikinti obyektinin istismarına yararlı olmasına dair müvafiq sənədinin olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, cavabdehin gətirdiyi dəlillər əsaslı hesab oluna bilməz və cavabdeh inzibati orqanın imtinası əsasszıdır və iddiaçının hüquqlarını pozulmasına səbəb olan hal kimi qiymətləndirir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respubikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.9.2-ci maddəsinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmazəmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198-İVQD nömrəli Qanununun tətbiqi haqqında” 18 mart 2015-ci il tarixli 487 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.1-ci maddəsində, 8.0.9.2-ci maddəsində (hər iki halda), 8.0.10.2-ci və 8.0.11-ci maddələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrindən biridir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.11-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. İPM-in 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış obyekti üzərində mülkiyyət hüquqlarının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış obyekti üzərində mülkiyyət hüquqlarının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev