Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-134/2024 13.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı "xxxx" İstehsalat-Kommersiya Firması cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «qeyriyaşayış sahəsinə dair çıxarışın və texnii pasportun verilməsi» tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı "xxxx" İstehsalat-Kommersiya Firması cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «qeyriyaşayış sahəsinə dair çıxarışın və texnii pasportun verilməsi» tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı X3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 2 binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi və yerləşdiyi torpaq sahəsinə dair hüquqların Dövlət qeydiyyatına alınması və Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın və Texniki Pasportun verilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yanında 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdr ki, 1974-cü ildən etibarən ailəsi ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzildə yaşayır. İddia ərizəsinə əlavə olunmuş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən göründüyü kimi, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında oğlu X6 məxsusdur. Həmin binanın BQİ-9 Tikinti Yaşayış Kooperativi payçı üzvlərinin ümumi yığıncağının xx.xx.1090-cı il tarixli Qərarına əsasən (112 nömrəli Protokolundan Çıxarış) yaşadığı mənzilin altında yerləşən torpaq sahəsi ailə kooperativinin fəaliyyəti ilə əlaqədar qeyri-yaşayış sahəsinin tikintisi məqsədi ilə təmənnasız olaraq iddiaçının, yəni Məmmədovlar ailəsinin mülkiyyətinə verilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti başçısının "torpaq sahəsinin təhkim edilməsi haqqında" xx.xx.2011-ci il tarixli, 686 nömrəli sərəncamı, 14935 saylı inşaat pasportu, Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2011-ci il tarixli 18/04-01 nömrəli məktubu ilə razılaşdırılan işçi layihəsinin memarlıq hissəsi və 2020-ci ildə Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyəti Başçısı tərəfindən təsdiq olunmuş esgiz layihəsi əsasında Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 27 ünvanında yerləşən "xxxx" istehsalat-kommersiya firmasının qeyri-yaşayış sahəsi inşa edilərək başa çatdırılmışdır. İddia ərizəsinə əlavə olunmuş Vergi ödəyicisinin uçota alınması haqqında ********** nömrəli Şəhadətnamənin surətidən və üç ədəd fotoşəkillərdən də gürundüyü kimi, sahibkarlıq fəaliyyəti ilə əlaqədar olaraq uzun illərdir ki, istifadəlrində olan qeyri-yaşayış sahəsi kimi həmin sırada onlarla digər qeyri-yaşayış sahələri də inşa edilmiş, hətta daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışlar. Təqdim olunan 1 saylı fotoşəkildə üzərində "TAKE AWAY - croissants and coffee / BAKU CROİSSANTERİE BAKERY & CAFE" yazılmış reklam lövhələri "xxxx" istehsalat-kommersiya firmasının qeyri-yaşayış sahəsidir. 2 saylı fotoşəkildə əks olunan qeyri-yaşayış sahəsinin üşündə yerləşən eyvan və yaşayış sahəsinin pəncərələri yaşadığı mənzilə aiddir. 1 və 3 saylı fotoşəkillərdən göründüyü kimi, idiaçıya məxsus qeyri-yaşayış sahəsi onlarla digər qeyriyaşayış sahəsi kimi, eyni sırada yerləşməklə, dövlətimiz tərəfində yaşayış binasının ümumi görünüşünə uyğun olaraq eyni qaydada iri vitrin şüşələri, metlax və mərmər pilləkənlərlə fasadlanmışdır. İddia ərizəsinə əlavə olunmuş və xx.xx.2021-ci il tarixdə mənə rəsmi təqdim olunmuş cavabdeh tərəfindən verilən xx.xx.2021-ci il tarixli, **********46 nömrəli imtina məktubunda qeyd olunur ki, qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı hüquqmüəyyənedici sənəd təqdim edilməmiş, qeyri-yaşayış binası çoxmərtəbəli yaşayış binasının həyətində ümumi istifadədə olan yerdə inşa edilmiş, qeyri- yaşayış sahəsinə dair tərtib edilmiş obyektin istismara qəbul aktı xx.xx.1990-cı il tarixdə verilməsinə baxmayaraq, eskiz layihəsi 2020-ci ildə tərtib edilmiş, qeyri-yaşayış sahəsinin faktiki vəziyyəti ilə layihə arasında uyğunsuzluq mövcuddur. Azərbaycan Respublikası Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanununun: 8.0-ci maddəsinin tələblərinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasınm (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı; 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı. İmtina məktubunda qeyd olunduğu kimi, qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı hüquqmüəyyənedici sənədlərin təqdim edilməməyinə gəldikdə, xx.xx.2021-ci il tarixli, A- 001/2021 nömrəli məktubun surətindən göründüyü kimi, həmin məktubla cavabdehə 31 vərəqdən ibarət qoşmada yuxarıda göstərilən qanunda tələb olunan hüquqmüəyyənedici sənədlər, o cümlədən: (maddə 8.0.6) ailə koperativinin fəaliyyəti ilə əlaqədar qeyriyaşayış sahəsinin tikintisi məqsədi ilə Məmmədovlar ailəsinin mənzilinin altında yerləşən torpaq sahəsinin təmənnasız olaraq onların mülkiyyətinə verilməsi barədə BQİ-9 Tikinti Yaşayış Kooperativi payçı üzvlərinin ümumi yığıncağının xx.xx.1090-cı il tarixli, 112 nömrəli Protokolundan Çıxarış cavabdehə təqdim edilmişdir. • (maddə 8.0.9.2) ünvan 2 ünvanda yerləşən X2 məxsus qeyri-yaşayış sahəsinin Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş Eskiz Layihəsi cavabdehə təqdim edilmişdir. • (maddə 8.0.9.2) Azərbaycan Respublikası DİN-nin Bakı Dövlət Yanğın Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Nərimanov rayon Gigiyena və Epidemiologiya Mərkəzi və Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyətinin əməkdaşlarından ibarət komissiya üzvləri tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 27 ünvanında yerləşən "xxxx"istehsalat-kommersiya firmasının qeyri- yaşayış sahəsinin tikintisinin layihəyə uyğun başa çatdırılması, müasir avadanlıqlarla təchiz olunması və fəaliyyətinin qənaitbəxş olması müəyyən edilməsi barədə qəbul komissiyasının xx.xx.1090- cı il tarixli Tikinti-quraşdırma işləri başa çatmış oğyektin istismara qəbul Aktı cavabdehə təqdim edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən rəsmi təqdim olunan müraciətə səthi yanaşılaraq, cavabdeh tərəfindən məsələ doğru-düzgün araşdırılmamış və ona formal əsaslarla imtina məktubu verilmişdir. Göründüyü kimi, mövcud məsələnin məhkəmədən kənar həlli qaydası mümkün olmamışdır. Azərbaycan Respublikası İPM-nin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 8.1.1-ci maddəsinin tələblərinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 38.2-ci maddəsinin tələblərinə əsasən Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. xx.xx.2022-ci il tarixli məhkəmə iclasına iddiaçı X7 əsl iddiaçı "xxxx" İstehsalat- Kommersiya firması ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2887/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək məhkəmə iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili), iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat veriməsinə baxmayaraq cavabdeh inzibati orqanının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etmədiyinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz ərizəsini (xx.xx.2021-ci il tarixli) məhkəməyə təqdim edilmişdir. İddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı müvafiq tələblə bağlı ********** nömrəli, xx.xx.2021-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan məsələ ilə bağlı müraciətinizə **********55 nömrəli xx.xx.2019-cu il tarixli məktubla cavab verilmişdir və həmin məktubda qeyd olunan iradlar aradan qaldırılmamışdır. Belə ki, sözügedən qeyri yaşayış sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında’ Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin bildiririk ki, layihədə sifarişçi hüquqi şəxs olaraq göstərilmişdir və bu səbəblərdən ərizənizin icrası tərəfimizdən mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın! (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin Yaninda Daşinmaz Əmlakin Dövlət Reyestri Xidməti tərəfindən verimiş ********** qeydiyyat nömrəli xx.xx.2014cü il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X9 prospekti, ev 27, mənzil 1 ünvanında yerləşən mənzil X5 xüsusi mülkiyyətindədir. - Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyətinin Başçısının “Torpaq sahəsinin təhkim edilməsi haqqında” 686 nömrəli xx.xx.2000-ci il tarixli Sərəncamına əsasən "xxxx" istehsalat-kommersiya firmasının xx.xx.1999-cu il tarixli 12 saylı məktubunu nəzərə alaraq, Nərimanov rayonu, Atatürk prospekti, 27 saylı binanın 1-ci mərtəbəsində yerləşən kompyuter zalı mövcud vəziyyətdə "xxxx" istehsalat-kommersiya firmasına təhkim olunmuşdur. “Olimp” kooperativinə Nərimanov rayonu, Atatürk prospekti 27 saylı binanın 1-ci mərətəbəsinin bir aşırımının veriməsi haqqında Bakı şəhəri XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 6/268 saylı qərarı öz qüvvəsini itirmiş hesab edilmişdir. - Azərbaycan Respublikasi Baki Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçisinin “Atatürk prospekti 27 saylı binanın birinci mərtəbəsində yerləşən "xxxx" firmasının vətəndaş Y.Ə.Məmmədovun adına sənədləşdirilməsi haqqında” xx.xx.2020-ci il tarixli 193 nömrəli Sərəncamına əsasən Atatürk prospekti 27 saylı binanın 1-ci mərtəbəsində yerleşən "xxxx" firmasının vətəndaş X1 adına sənədləşdirilməsinə icazə verilmişdir. Vətəndaş Y.Ə.Məmmədova tapşırılmışdır ki, qeyri-yaşayış obyektinin ətraf ərazisinin sanitariya vəziyyətinə nəzarəti təmin etsin. Sözügedən qeyri-yaşayış obyektinin müvafiq qaydada sənədləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyinə verilmiş Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edilməsi vətəndaş M.Y.Əzizova tövsiyə olunmuşdur. - Daşinmaz Əmlakin Dövlət Reyestri Xidmətinin 1 Saylı Baki Ərazi İdarəsi tərəfindən iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2021-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 27 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ********** nömrəli, xx.xx.2021-ci il tarixli müraciətinizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar bildiririk ki, qeyri yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bundan əlavə qeyri-yaşayış binası çoxmərtəbəli yaşayış binasının həyətində ümumi istifadədə olan yerdə inşa edilmişdir.Eyni zamanda qeyri-yaşayış sahəsinə dair tərtib edilmiş obyektin istismara qəbul aktı xx.xx.1990-cı il tarixdə verilməsinə baxmayaraq eskiz layihəsi 2020-ci ildə tərtib edilib. Qeyd olunanlarla yanaşı nəzərinizə çatdırırıq ki, yerində baxış keçirilən zaman məlum olmuşdur ki, qeyri-yaşayış sahəsinin faktiki vəziyyəti ilə layihə arasında ciddi uyğunsuzluq mövcuddur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki ve digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra - çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. - Məhkəmənin xx.xx.2021-ci il tarixli sorğusna cavab olaraq, cavabdeh inzibati orqan tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktub ilə tələb edilən sənədlərin təsdiq edilmiş surətləti məhkəməyə təqdim edilmişdir. - Məhkəmənin xx.xx.2022-ci il tarixli sorğusuna cavab olaraq, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktub ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 686 nömrəli sərəncamının təsdiq edimiş surətini məhkəməy təqdim edimişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixli məktub ilə xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/6745 nömrəli ekspert rəyi məhkəməyə təqdim edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini məhkəmə mümkün hesab etmişdir. Belə ki, tərəfə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsassız olduğundan təmin edilməməlidir. Hazırkı mübahisədə iddiaçının tələbi və hüquqi marağı ünvan 2 binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi və yerləşdiyi torpaq sahəsinə dair hüquqların dövlət reyestrində qeydiyyatına alınmasına, dövlət reyestrindən Çıxarışın və Texniki Pasportun verilməsinə yönəlmişdir. İş materialları və iddia ərizəsindən də göründüyü kimi, iddiaçı çoxmərtəbəli binanın aşırımlarından birinin bir hissəsini bağlayaraq, qeyri-yaşayış sahəsi kimi istifadə etdiyi işin mübahisəsiz halıdır və iddiaçı isə həmin qeyri-yaşayış sahəsinə və onun yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınmasını tələb edir. Mübahisəyə dair iş üzrə materiallara əlavə olunmuş sənədlərədən görünür ki, iddiaçı hazırkı tələb ilə cavabdeh inzibati orqana müraciət etmiş, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, qeyri yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bundan əlavə qeyri-yaşayış binası çoxmərtəbəli yaşayış binasının həyətində ümumi istifadədə olan yerdə inşa edilmişdir. Eyni zamanda qeyri-yaşayış sahəsinə dair tərtib edilmiş obyektin istismara qəbul aktı xx.xx.1990-cı il tarixdə verilməsinə baxmayaraq eskiz layihəsi 2020-ci ildə tərtib edilib. Qeyd edilənlərlə yanaşı eyni zamanda yerində baxış keçirilən zaman məlum olmuşdur ki, qeyri-yaşayış sahəsinin faktiki vəziyyəti ilə layihə arasında ciddi uyğunsuzluq mövcuddur. Həmin imtinadan narazı qalan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: Maddə 227. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinin ümumi mülkiyyəti 227.1. Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. 227.2. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ixtiyarı yoxdur ki, yaşayış binasının ümumi əmlakına mülkiyyət hüququndakı payını özgəninkiləşdirsin, habelə həmin payın yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququndan ayrılıqda verilməsinə səbəb olan digər hərəkətləri yerinə yetirsin. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: Maddə 35. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakına mülkiyyət hüququ 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. ... 35.5. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsi digər şəxslərin məhdud istifadə hüququ ilə yüklü edilə bilər. Bu Məcəllənin qüvvəyə mindiyi günədək mövcud olan obyektlərə digər şəxslərin gediş-gəlişinin təmin edilməsi üçün zəruri olan hallarda torpaq sahəsinin yüklülüyünə qadağa qoyulmasına yol verilmir. Torpaq sahəsinin məhdud istifadə hüququ ilə yenidən yüklü edilməsi torpaq sahəsinin belə yüklülüyünü tələb edən şəxslə çoxmənzilli binanın sahə mülkiyyətçiləri arasında olan razılaşma ilə müəyyən edilir. Torpaq sahəsinin ondan məhdud istifadə hüququ ilə yüklülüyünün müəyyən edilməsi və bu yüklülüyün şərtləri ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: M a d d ə 4 9 . Torpaq üzərində xüsusi mülkiyyət hüququ
1. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur.
2. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Maddə 6 7 . Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra—hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra—dövlət reyestri) aparılır. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: ... 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı. ... Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi. Hüquqların dövlət qeydiyyatı notariat qaydasında təsdiq edilmiş müqavilə, habelə daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş sənədlər əsasında aparıldıqda, sənədlərin qəbulu elektron qaydada notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkətlərini etməyə hüququ olan vəzifəli şəxslər tərəfindən X4 Sistemi vasitəsilə göndərilmiş sənədlər və məlumatlar əsasında həyata keçirilir. Bu halda həmin sənədlər mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə işin faktiki hallarına aşağıda qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verərək belə hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Hazırkı mübahisəyə münasibətdə məhkəmə qeyd edir ki, qanunvericilik müddəalarının tələblərinə görə sözügedən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.2-ci maddəsində qeyd olunan sənədlər təqdim edilməlidir. O cümlədən, iddiaçının qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, tikilinin inşa edilməsinə icazə barədə qərar və tikinti obyektinin istismarına icazə sənədi olmalıdır. Lakin, iddiaçı tərəfindən cavabdeh inzibati orqana, habelə məhkəməyə sözügedən tikiliyə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tələb olunan sənədlər, yəni qeyri-yaşayış sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınması üçün əsas ola bilən razılaşdırılmış eskiz layihə, istismara hazırlıq aktı və tikinti obyektinin istismara icazə verilməsi barədə qərarı təqdim edilməmişdir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının xüsusi mülkiyyətində olması, habelə həmin torpaq sahəsinin onun qanuni icarəsinə verilməsi məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamışdır. İddiaçı mübahisəli torpaq sahəsi üzərində hüquqlarının Bakı Şəhəri İcra Hakimiyyətinin başçısının 686 nömrəli xx.xx.2000-ci il tarixli Sərəncamı əsasında yarandığını iddia etsə də, iddiaçı tərəfindən təqdim edilmiş və inzibati iş materiallarına əlavə edilmiş həmin (Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyətinin başçısının “Torpaq sahəsinin təhkim edilməsi haqqında” 686 nömrəli xx.xx.2000-ci il tarixli) Sərəncamın məzmunundan görünür ki, Nərimanov rayonu, Atatürk prospekti, 27 saylı binanın 1-ci mərtəbəsində yerləşən kompyuter zalı mövcud vəziyyətdə "xxxx" istehsalat-kommersiya firmasına təhkim olunması barədədir. Həmçinin, qeyd edilən qeyri-yaşayış sahəsinə dair qəbul edilmiş inzibati aktlar isə binanın lahiyəsində dəyişikliyin edilməsi və həmin binanın təhlükəsizlik qaydalarına uyğun istifadə edilməsinə əsas vermir. Belə ki, “Tikinti quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda Qəbul Komissiyasının Aktı”ndan da görünür ki, bina layihəyə uyğun başa çatdırılaraq istismara qəbul edilmiş və layihədə qeyd edilən qeyriyaşayış sahəsinə dair hər hansı məlumat və ya layihəyə hər hansı dəyişikliyin edilməsinə dair məlumat öz əksini tapmamışdır. Məhkəmə qeyd edir ki, bina tikilmədən öncə müvafiq qaydada dövlət orqanları tələfindən binanın istismarı və s. təhlükəsilik normalarına uyğun olaraq razılaşdırılır və buna müvafiq olaraq istismara icazə verilir. İş materiallarında olan sənədlərdən də müəyyən olunur ki, binanın layihə sənədlərində müvafiq olaraq dəyişiklik edilmədən, ümumi istifadə üçün nəzərdə tutulmuş sahənin (keçid üçün nəzərdə tutulmuş aşırımın) qanunvericilikdə nəzərə tutulmayan qaydada sonradan bağlanaraq qeyri-yaşayış sahəsi kimi istifadə olunmasına dair müəyyən inzibati aktlar qəbul edilmişdir. Hansı ki, həmin inzibati aktlar qeyd edilən sahəyə dair mülkiyyət hüquqlarının qeydə alınması üçün hüquq müəyyənedici sənəd hesab oluna bilməz. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş sərəncam adı çəkilən Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsas hesab edilə bilməz. Çünki, sözügedən torpaq sahəsi çoxmənzilli yaşayış binasının tikintisi məqsədi ilə ayrılmış və həmin torpaq sahəsində çoxmənzilli yaşayış binası inşa edilmişdir. Mübahisəli qeyri-yaşayış sahəsi isə binanın ümumi istifadə üçün nəzərdə tutulmuş hissəsini bağlamaqla (bina sakinlərinin sərbəst hərəkətinə məhdudiyyət yaratmaqla) inşa edilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, binanın layihəsində həmin sahənin qeyri-yaşayış sahəsi olaraq inşa edilməsi nəzərdə tutulduğuna dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, həmin qeyri-yaşayış sahəsi kimi istifadə olunan sahə və onun yerləşdiyi torpaq sahəsi çoxmərtəbəli binanın (mtk-nın) payçılarının ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərinə məxsusdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində olan əsaslardan biri əlavə edilməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, mübahisəli qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi üzərində iddiaçının mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd mövcud olmamış, iddiaçı mübahisəli tikiliyə və torpaq sahəsinə hüququn qeydə alınması üçün qanunvericilikdə nəzərdə tutulan əsaslardan (sənədlər) hər hansı birini təqdim edə bilmədiyindən, iş üzrə mübahisələndirilən qeyri-yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsaslar müəyyən edilməmişdir. Eyni zamanda Mənzil Məcəlləsinin 35.1-ci maddəsinin tətbiqi baxımdan da hazırkı iddia uğurlu sayıla bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixli məktub ilə xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/6745 nömrəli ekspert rəyi məhkəməyə təqdim edilmişdir ki, həmin rəydə tədqiqatın nəticəsi olaraq qeyd edilmişdir ki, göstərilən qeyri-yaşayış sahəsi faktiki olaraq 74.9 kv.m təşkil etməklə, qeyri-yaşayış sahəsində daxili hündürlük hesabına 21.3 kv.m antresol quraşdırılıb və binada dövlət tərəfindən abadlıq işləri aparılarkən binanın 1ci mərtəbələrində artırma sahələr yaranmışdır. Bu səbəbdən qeyri-yaşayış sahəsinin bir hissəsi 14.0 kv.m sahə artırılmış sahəyə düşdüyü müəyyən edilmişdir. Məhkəmə, ekspert rəyində göstərilənlərlə bağlı bildirir ki, aparılan tikinti işləri zamanı quraşdırılmış antresolun həmin binanın təhlükəsizliyinə, binanın istismarı zamanı orada yaşayanların həyat və sağlamlığının təhlükəsizliyinə, həmçinin, binanın dayanıqlığına hər hansı xələlin gətirmədiyinə dair və həmin binanın konstruksiyasında aparılmış tikinti quraşdırma işlərinin tikinti norma və qaydalarına uyğun aparıldığına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. 12.1-ci maddəsinə əsasən Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" İstehsalat-Kommersiya Firmasının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 2 binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi və yerləşdiyi torpaq sahəsinə dair hüquqların Dövlət qeydiyyatına alınması və Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın və Texniki Pasportun verilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yanında 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair iddiası təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev