Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1340/2021 16.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi iddiaçının nümayəndəsi (vəkili) X10, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı Zilfalı oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın qismən ləğv edilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçılar İddiaçı Zilfalı oğlu, X11 və X9 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinə qarşı «səyyar vergi yoxlaması üzrə aktın ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişlər. İddia ərizəsində bildirilmişdr ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin 22 iyul 2014-cü il tarixli qərarına əsasən həmin Departament ünvan 1 ünvanında inşa edilən fərdi yaşayış evinin tikintisi ilə bağlı səyyar vergi yoxlaması aparmışdır. Yoxlamanın nəticəsi kimi 29 dekabr 2014-cü il tarixdə **********829522 saylı akt qəbul edilmişdir. Mübahisələndirilən akta əsasən: 1) 2013-cü ilin İİİ rübü üçün 286.894,60 manat məbləğində mənzil tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi borcunun dövlət büdcəsindən yayındırılması nəticəsinə gəlinmiş və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə istinad edilərək, yayındırılmış vergi məbləğinin 50%-i miqdarında 143.447,25 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur; 2) Vergi Məcəlləsinin 150.1.7-ci maddəsinə istinad edilərək, 2013-cü ilin İİİ və İV rübləri, 2014-cü ilin İ və İİ rüblərində VÖEN təqdim etməyən müxtəlif fiziki şəxslərin gördükləri iş və xidmətə görə ödənişlər aparılmış, lakin ödəmə mənbəyində verginin tutulmadığı göstərilir. Bununla da, 2013-cü ilin İİİ rübü 8.029,52 manat, İV rübü 8.322,69 manat, 2014-cü ilin İ rübü 9.519,62 manat, İİ rübü 8.283 manat, ümumilikdə 34.154,83 manat ödəmə mənbəyində tutulan verginin yayındırıldığı nəticəsinə gəlinmişdir. Cavabdeh təşkilat tərəfindən qəbul lunmuş aktda göstərilənlər həqiqəti əks etdirmir və həmin aktın nəticəsi iddiaçıların hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Belə ki, ilk olaraq sadələşdirilmiş vergi borcunun yayındırılması ilə bağlı bildirilir ki, İddiaçı Zilfalı oğlu tərəfindən Vergi Məcəlləsinin 219.1.2 və 221.5-ci maddələrinin tələbləri pozulmuşdur. Əsas kimi ünvan 2 ünvanında ümumi sahəsi 9.563,35 kv.m olan yaşayış binasının inşa olunması göstərilir və bu səbəbdən də Vergi Məcəlləsinin 219.1.2-ci maddəsinə istinad edilərək, İddiaçı Zilfalı oğlu mənzil tikintisi ilə məşğul olan şəxs kimi göstərilmiş və vergitutma obyektinin hər kv.m 10 manat məbləğində ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əmsallarla sadələşdirilmiş vergi hesablanmışdır. İnşa olunmuş ev Bakı şəhəri 6-cı zonaya aid olduğundan, müəyyən olunmuş əmsal 3,0 kimi göstərilərək 2013-cü ilin İİİ rübü üçün 286.894,50 manat (9.563,15 manat x 10 manat x 3,0) vergi məbləği hesablanmışdır. Hesab olunur ki, cavabdeh inzibati orqan Vergi Məcəlləsinin 219.1.2-ci maddəsinə istinad etməklə onun bu formada tətbiqində yanlışlığa yol vermişdir. Vergi Məcəlləsinin 219.1.2-ci maddəsinə əsasən mənzil tikintisi fəaliyyətini həyata keçirən şəxslər üçün zirzəmilər, mərtəbələr və çardaqlar daxil olmaqla, tikilən binanın ümumi sahəsi (dövlətə ayrılan hissə, dövlət büdcəsi, büdcədənkənar fondlar, dövlət zəmanəti və dövlətə ayrılan yardımlar hesabına tikilən yaşayış sahəsi, başqa tikintilərlə təmasda olmayan ayrıca tikilən fərdi və ya şəxsi yaşayış və ya bağ evlərinin, yaxud tikililərinin sahəsi istisna olmaqla) vergitutma obyektidir. Həmin maddəyə əsasən başqa tikililərlə təmasda olmayan ayrıca tikilən fərdi və ya şəxsi yaşayış evləri vergitutma obyekti deyil. Bundan başqa, cavabdehin belə nəticəyə gəlməsi ki, İddiaçı Zilfalı oğlu sahibkarlıq (yaşayış və qeyri-yaşayış binalarının tikintisi) fəaliyyəti ilə məşğul olur, yanlışdır və heç bir mötəbər sübutla təsdiq edilmir. Əksinə işin faktiki halları ilə bu, tam şəkildə təkzib olunur. Belə ki, cavabdehə təqdim edilmiş sənədlərdən görünür ki, İddiaçı Zilfalı oğlu 14 noyabr 2004-cü il tarixdən vergi ödəyicisi kimi qeydiyyata düşmüş (şəxsi əmlakların icarəyə verilməsi fəaliyyəti). 29 mart 2008-ci il tarixdən fəaliyyətini dayandırmışdır (bu hal yoxlama aktında da öz əksini tapmışdır). Bu tarixdən sonra İddiaçı Zilfalı oğlu hər hansısa sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış və cavabdeh tərəfindən bu halı təkzib edən dəlil-sübut təqdim edilməmişdir. Belə olduğu halda isə, cavabdehin İddiaçı Zilfalı oğlunun sahibkarlıq fəaliyyəti ilə məşğul olması barədə nəticəyə gəlməsi reallığa əsaslanmır və onun şəxsi və qeyri-obyektiv mülahizəsidir. Bundan başqa, cavabdeh ona təqdim olunmuş sənədlərə obyektiv və doğru hüquqi qiymət verməmiş və səhv nəticəyə gəlmişdir. Belə ki, “Fərdi yaşayış evlərinin sökülüb yenidən tikilməsinə icazə verilməsi haqqında” Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 11 mart 2014-cü il tarixli 137 nömrəli sərəncamı ilə onlara mülkiyyət hüququ əsasında məxsus olan mülklərin köhnələrək yaşayış üçün yararsız vəziyyətə düşdüyünü nəzərə alaraq, sökülüb öz vəsaitləri hesabına təqdim olunmuş fərdi layihəyə uyğun yenidən tikilməsi X7, İddiaçı Zilfalı oğluna və X5 icazə verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X8 X2 Baş İdarəsi tərəfindən verilmiş 25 yanvar 2014-cü il tarixli 17313 nömrəli rəydə göstərilmişdir ki, X6, İddiaçı Zilfalı oğlunun və X1 ilə Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinin 26 dekabr 2013-cü il tarixli rəyi nəzərə alınmaqla ekspertiza keçirilmiş və nəticəyə gəlinmişdir ki, ünvan 3 ünvanında fərdi yaşayış evinin işçi layihəsi ilə razılaşılsın. Qeyd olunan və digər çoxsaylı sənədlərdən görünür ki, həmin ünvanda inşa edilən bina 3 nəfər, o cümlədən X12, İddiaçı Zilfalı oğlu və X9 tərəfindən inşa edilən fərdi yaşayış evidir. Beləliklə də sübut olunur ki, fərdi yaşayış evi olduğundan həmin bina Vergi Məcəlləsinin 219.1.2-ci maddəsinin tələblərinə müvafiq vergitutma obyekti sayılmır. Belə olan halda, bu ev barəsində cavabdeh tərəfindən Vergi Məcəlləsinin 219.1.2-ci maddəsi düzgün tətbiq olunmamışdır. Mübahisələndirilən aktdan da görünür ki, tikilmiş fərdi yaşayış evinin heç bir mənzili satılmamışdır, bu da bir daha sübut edir ki, İddiaçı Zilfalı oğlu mənzil tikintisi və satışı fəaliyyəti ilə məşğul olmur. Bu səbəbdən də mübahisələndirilən aktın mənzil tikintisini həyata keçirən şəxslər üçün nəzərdə tutulan və hesablanmış 286.894,50 manat sadələşdirilmiş vergi borcu hissəsində ləğv olunmalıdır. Cavabdeh Vergi Məcəlləsinin 150.1.7-ci maddəsinə istinad edərək VÖEN təqdim edilməyən müxtəlif fiziki şəxsləri işə cəlb edərək, ödəmələr edilsə də, ödəmə mənbəyində tutulan vergi hesablamamışdır. Bu səbəbdən də, ümumilikdə 34.154,83 manat vergi borcunun yayınması qeyd olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək Məcəlləsinə istinad edərək 1 nəfər işçinin orta aylıq iş vaxtı normasının 2013-cü ilin İİİ rübü üçün 170 saat, İV rübü üçün 164 manat, 2014-cü ilin İ rübü üçün 141 saat, İİ rübü üçün 162 saat olduğunu müəyyən etmişdir. Daha sonra, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən tikinti işləri sahəsində bir muzdlu işçiyə düşən orta aylıq əmək haqqı 2013-cü il üçün 568,3 manat və 2014-cü il üçün 556,4 manat olduğu qeyd edilir. Cavbdeh tərəfindən aparılmış yoxlama nəticəsində qəbul olunmuş aktın 7-ci vərəqində qeyd olunmuşdur ki, 2013-cü ilin İİİ rübü 57.353,69 manat (17.189,96 adam/saat : 170,33 saat x 568,30 manat), İV rübü 59.447,78 manat (17.189,96 adam/saat : 164,33 saat x 568,30 manat), 2014-cü ilin İ rübü 67.997,25 manat (17.189,96 adam/saat x 140,66 saat x 556,40 manat), İİ rübü 59.164,26 manat (17.189,96 adam/saat x 161,66 saat x 556,40 manat), ümumilikdə 243.962,99 manat əmək haqqının hesablandığı müəyyən olunmuşdur və Əmək Məcəlləsinin tələblərini rəhbər tutaraq, qeyd olunan məbləğin 14%-i, yəni 34.154,82 manat vergi borcu müəyyən edilmişdir. İddiaçılar qəbul olunmuş səyyar vergi yoxlamasının nəticəsinin bu hissəsi ilə də razı deyillər və göstərilən səbəblərə görə akt və onun nəticələri bu hissədə ləğv edilməlidir. Mübahisələndirilən aktda qeyd olunur ki, 2013-cü ilin İİİ – İV rübləri və 2014-cü ilin İ – İİ rübləri üçün əmək tutumu üzrə 243.962,99 manat əmək haqqının hesablandığı müəyyən olunmuşdur. Nəzərə alınsa ki, bu məbləğ 4 rüb, yəni 12 ay üçün müəyyən edilmişdir, 1 ay üçün 20.330,24 manat (243.962,99 manat : 12 ay) təşkil edir. Bundan başqa, cavabdeh tikintidə işləyən işçilərin sayını Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən tikinti işləri sahəsində bir muzdlu işçiyə düşən orta aylıq əmək haqqı 2013-cü il üçün 568,3 manat olduğundan, 35 nəfər (20.330,24 manat : 568,3), 2014-cü il üçün isə həmin əmək haqqı 556,4 manat olduğundan, qeyd olunan sayı 36 adam (20.330,24 manat : 556,4) müəyyən etmişdir. Əslində isə, tikinti işlərinə cəmi 20 nəfər muzdlu işçi cəlb olunmuşdur və onların hər birinə günə muzd olaraq 15 manat əmək haqqı ödənilmişdir. Bununla da, bir işçiyə ayda 450 manat olmaqla 20 nəfər işçiyə ayda 9.000 manat əmək haqqı ödənilmişdir. Yoxlama dövrü 12 ay olduğundan bu müddət ərzində işçilərə verilmiş əmək haqqı 108.000 (9.000 x 12) manat təşkil etmişdir. Bu məbləğin ödəmə mənbəyində tutulan vergisi 15.120 (108.000 x 14%) manat təşkil edir. Bu səbəbdən də, mübahisələndirilən cavabdehin səyyar vergi yoxlamasının nəticəsi kimi 29 dekabr 2014-cü il tarixdə qəbul olunmuş **********829522 nömrəli akt ləğv olunmalıdır. Göstərilənlərə və Vergi Məcəlləsinin 62-ci maddəsinə, İPM-in 2.2.1, 32.1, 35.1, 70.2-ci maddələrinə əsaslanaraq, cavabdehin 29 dekabr 2014-cü il tarixdə qəbul olunmuş **********829522 nömrəli aktının ləğv olunmasına dair qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və ərizədə X6 və X3 iddiaçılar qismindən çıxarılması, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin cavabdeh qismində cəlb edilməsi, iddia tələbinin həmin Departamentin 15 fevarl 2015-ci il tarixli **********860949 nömrəli qərarının “mənzil tikintisi ilə bağlı olan şəxslərin sadələşdirilmiş vergisi” hissəsində ləğv edilməsi kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin iş üzrə 2 iyun 2015-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmiş, iş üzrə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti ilə əvəz edilmiş, iddia tələbi «cavabdehin 15 fevarl 2015-ci il tarixli **********860949 nömrəli qərarının “mənzil tikintisi ilə bağlı olan şəxslərin sadələşdirilmiş vergisi” hissəsində ləğv edilməsi» kimi qəbul olunmuş, X6 və X3 inzibati məhkəmə icraatında iddiaçı qismində prosessual iştirakına xitam verilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında Bakı Vergilər Departamentinin nümayəndəsinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında aşağıdakılar bildirilmişdir: - Departament iddia ilə razılaşmır və iddianın rədd olunmasına dair qərar çıxarılmasını məhkəmədən xahiş edir. Belə ki, Departamentin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 22 iyul 2014-cü il tarixli qərarına əsasən İddiaçı Zilfalı oğlunun fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə 2011-ci ilin iyul ayından 2014-cü ilin iyun ayınadək olan vergi dövrünü əhatə edən növbəti səyyar vergi yoxlaması təyin edilmiş, yoxlamanın nəticəsi 29 dekabr 2014-cü il tarixli aktla rəsmiləşdirilmişdir. Yoxlama nəticəsində vergi ödəyicisi tərəfindən mənzil tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin 286.894,50 manat azaldılması, ödəmə mənbəyində tutulan verginin 34.154,83 manat azaldılması aşkar edilmişdir. Departamentin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 5 fevral 2015-ci il tarixli **********860949 nömrəli qərarı ilə iddiaçıya 321.049,33 manat vergi borcu hesablanmış və 160.724,07 manat maliyyə sanksiyası tətbiq edilmiş, vergi ödəyicisinə müvafiq təlabnamə təqdim edilmişdir. Yoxlanılan dövrdə vergi ödəyicisi faktiki olaraq yaşayış binasının tikintisi fəaliyyəti ilə məşğul olmuşdur. Yoxlama zamanı iddiaçıya Vergi Məcəlləsinin 42-ci maddəsinin tələblərinə əsasən “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi haqqında” 26 avqust 2014-cü il tarixli tələbnamə verilmiş, ondan 1 iyul 2011-ci il tarixdən 1 iyul 2014-cü il tarixədək olan dövr üzrə bank sənədləri, xəzinə sənədləri, alqı-satqı müqavilələri, icarə müqavilələri, anbar və material hesabatları, iş və xidmətlərin yerinə yetirilməsinə dair aktlar, yük gömrük bəyannamələri, əsas vəsaitlərin uçotu və amortizasiya ayırmalarına dair sənədlər, qaimələr, vergi-hesab fakturaları, ödəniş sənədləri tələb edilmiş, lakin iddiaçı yoxlamaya yalnız Nərimanov RİH başçısının 11 mart 2014-cü il tarixli 137 saylı sərəncamını, Bakı ŞİH-in binanın layihəsinin təsdiq edilməsinə dair razılıq məktubunu, eskiz layihəsini və Fövqəladə Hallar Nazirliyi Tikintidə X8 Agentliyinin 25 yanvar 2014-cü il tarixli rəyini təqdim etmişdir. Təqdim olunmamış sənədlər barədə Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən 15 sentyabr 2014-cü il tarixli “Sənədlərin təqdim olunmasından imtina barədə” akt tərtib edilmişdir. Departament tərəfindən “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 17 noyabr 2014-cü il tarixli qərara əsasən 19 noyabr 2014-cü il tarixli protokolla Nərimanov RİH-in 11 mart 2014-cü il tarixli 137 nömrəli sərəncamı, Bakı ŞİH-in müvafiq razılıq məktubu, eskiz layihəsi və FHN Tikintidə X8 Agentliyinin 25 yanvar 2014-cü il tarixli rəyi götürülmüş və təqdim olunmamış sənədlər barədə Vergi Məcəlləsinin 43.10-cu maddəsinə əsasən 20 noyabr 2014-cü il tarixli müvafiq akt (imtina barədə) tərtib olunmuş və həmin akt vergi ödəyicisinin nümayəndəsi (X14) tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2016-cı il tarixli 510 nömrəli «Xüsusi razılıq tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq verilməsinə görə ödənilən dövlət rüsumunun məbləği haqqında» Fərmanına əsasən iddiaçının məşğul olduğu fəaliyyət növü xüsusi razılıq tələb edən fəaliyyət növünə aid edilməsinə baxmayaraq, yoxlanılan dövr ərzində iddiaçı xüsusi razılıq almadan fəaliyyət göstərmişdir. Vergi ödəyicisinə Nərimanov RİH-in 11 mart 2014-cü il tarixli 137 nömrəli sərəncamı ilə ünvan 4 ünvanında fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Fərdi layihəyə əsasən tikilən binanın 1-ci mərtəbəsi qeyri-yaşayış, digər mərtəbələri isə yaşayış binası kimi tikilmişdir. İddiaçı faktiki olaraq, 7 mərtəbəli (1 ədəd bir girişli, 7 mərtəbəli, birinci mərtəbəsi qeyriyaşayış sahəsi, 2 – 7-ci mərtəbələri 36 mıənzildən ibarət yaşayış sahəsi olan) yaşayış binasının tikintisini həyata keçirmişdir. Tikintinin ümumi sahəsi 9.563,15 kv.m (yaşayış sahəsi 5.272,80 kv.m, qeyri-yaşayış sahəsi 95 kv.m, mansard sahəsi 878,80 kv.m, zirzəmi 1 mərtəbə olmaqla 975,50 kv.m (satışa yararlı sahə 702 kv.m) və pilləkən, dəhliz, lift, divaraltı sahə 1.521,05 kv.m, satışa yararlı sahəsi 878,80 kv.m, zirzəmi 702 kv.m) təşkil etmişdir. İddiaçı tərəfindən mənzil tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin 286.894,50 manat azaldılması müəyyən olunmuşdur. İddiaçının izahatına əsasən inşa edilən həmin binanın təməlqoyma işləri 2013-cü ilin iyul – avqust aylarında həyata keçirilmişdir. Belə ki, iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilməli olan sadələşdirilmiş verginin hesablanması üçün ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə əmsalları»nın təsdiq edilməsi barədə 25 sentyabr 2007-ci il tarixli 140 nömrəli qərarına əsasən yoxlama ilə mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə 286.894,50 manat (9.563,15 kv.m x 10 x 3 (6-cı zona)) vergi məbləği hesablanmışdır. Habelə, 2013-cü ilin 3-cü rübü üzrə mənzil tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş verginin bəyannaməsi vergi orqanına təqdim edilmədiyinə görə 40 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı tərəfindən ödəmə mənbəyində tutulan verginin 34.154,83 manat azaldılması müəyyən olunmuşdur. Belə ki, səyyar vergi yoxlaması gedişində ünvan 2 ünvanında aparılmış tikinti işlərinin tərkibində əmək tutumunun faktiki həcminin müəyyənləşdirilməsi məqsədilə Vergi Məcəlləsinin 36.2 və 45ci maddələrinə müvafiq olaraq, “Mütəxəssisin dəvət edilməsi haqqında” 16 oktyabr 2014cü il tarixli qərara əsasən Azərbaycan Respublikası Ticarət Sənaye Palatasının “Azərekspertiza” Birliyinin nümayəndəsi mütəxəssis kimi dəvət olunmuşdur. 6 noyabr 2014-cü il tarixli mütəxəssis rəyinə əsasən 1 iyul 2011-ci il tarixdən 1 iyul 2014-cü il tarixədək olan dövrdə yerinə yetirilmiş işlərin tərkibində əmək tutumunun 68.759,84 adam/saat olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə müvafiq olaraq, 1 nəfər işçinin orta aylıq iş vaxtı normasının 2013-cü ilin İİİ rübü üçün 170,33 saat, İV rübü üçün 164,33 saat, 2014-cü ilin İ rübü üçün 140,66 saat, İİ rübü üçün 161,66 saat olduğu, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına əsasən tikinti sahəsində bir muzdlu işçiyə düşən orta aylıq əmək haqqının 2013-cü il üzrə 568,30 manat, 2014-cü il üzrə 556,40 manat təşkil etməsi nəzərə alınaraq, mütəxəssis rəyində müəyyən edilmiş əmək tutumuna əsasən yoxlama ilə rüblər üzrə əmək haqqı məbləği aşağıdakı kimi hesablanmışdır: 2013-cü ilin İİİ rübü üzrə 57.353,69 manat (17.189,96 adam/saat : 170,33 saat x 568,30 manat); 2013-cü ilin İV rübü üzrə 59.447,78 manat (17.189,96 adam/saat : 164,33 saat x 568,30 manat); 2014-cü ilin İ rübü üzrə 67.997,25 manat (17.189,96 adam/saat : 140,66 saat x 556,40 manat); 2014-cü ilin İİ rübü üzrə 59.164,26 manat (17.189,96 adam/saat : 161,66 saat x 556,40 manat). Beləliklə, yoxlama ilə hesablanmış 243.962,99 manat əmək haqqından (həmin dövr üzrə iddiaçı tərəfindən əmək haqqı hesablanmamışdır) Vergi Məcəlləsinin 67, 45, 83.2, 101, 150.1.7-ci maddələrinə əsasən 34.154,82 manat (243.962,99 manat x 14%) ödəmə mənbəyində tutulan vergi hesablanmışdır. Habelə, 2013-cü ilin İİİ, İV rübləri üzrə ödəmə mənbəyində tutulan verginin bəyannamələri vergi orqanına təqdim edilmədiyinə görə 160 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən vergi orqanlarında uçotda olmayan şəxslərə ödənilmiş pul vəsaitlərindən ödəmə mənbəyində vergi tutulmamışdır. İddia ərizəsində tikinti işlərinə 20 nəfər muzdlu işçinin cəlb olunduğu, onların hər birinə günə muzd olaraq 15 manat əmək haqqının ödənildiyi, ona əlavə olaraq 15.120 manat ödəmə mənbəyində tutulan verginin hesablanmalı olduğu bildirilmişdir. Halbuki, iddiaçının vergi orqanına verdiyi hesabatdan da göründüyü kimi, iddiaçıya ödəmə mənbəyində tutulan verginin hesablandığı 2013-cü ilin İİİ, İV rübləri və 2014-cü ilin İ, İİ rübləri üzrə işçilərə əmək haqqı hesablanmamış, müvafiq vergilər vergi orqanına bəyan edilməmişdir. İddiaçının nümayəndəsi vergi orqanına verdiyi 6 noyabr 2014-cü il tarixli yazılı izahatında tikinti işlərinin fəhlələr toplaşan sahədən (fəhlə bazarı adlanan yerdən) cəlb olunmuş müxtəlif şəxslər tərəfindən aparıldığını, görülmüş işlərin haqqının fərdi, nağd qaydada ödənildiyini, rəsmi heç bir müqavilənin bağlanmadığını bildirmişdir. Göstərilənlərə və Vergi Məcəlləsinin 45.1, 83.2.4, 150.1.7, 150.2, 218.1.1, 219.1.2, 220.8, 221.5-ci maddələrinə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. Mübahisəyə mahiyyəti üzrə 16 iyun 2016-cı il tarixdə baxılmış və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 iyun 2015-ci il tarixli (2-1(82)-954/2015 saylı iş üzrə) qərarı ilə iddia təmin edilmiş və cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin 15 fevral 2015-ci il tarixli **********860949 nömrəli qərarı “mənzil tikintisi ilə bağlı olan şəxslərin sadələşdirilmiş vergisi” hissəsində ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(82)-1544/2015 saylı iş üzrə 22 oktyabr 2015-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-954/2015 saylı iş üzrə 16 iyun 2015-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-343/2016 saylı iş üzrə 23 iyun 2016-cı il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2-1(82)-1544/2015 saylı iş üzrə 22 oktyabr 2015-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İPM-in 98.1-ci maddəsinə görə Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. İPM-in 100-cü maddəsinə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə “yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair” ərizə təqdim etmişdir. Ərizədə bildirilmişdir ki, 2 saylı Bakı İnzibati Məhkəməsinin 2-1(82)-954/2015 saylı iş üzrə 16 iyun 2015-ci il tarixli qərarı ilə İddiaçı iddiası təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə qarşı 5 fevral 2015-ci il tarixli **********860949 nömrəli qərarın “mənzil tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi” hissəsində ləğv edilmişdir. Yuxarı instansiya məhkəmələri tərəfindən müvafiq olaraq apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sözügedən qərarı dəyişdirilmədən saxlanılmışdır. Məlum olduğu kimi, İPM-in 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Vergi orqanı qanunvericiliyin qeyd edilən normasının tələblərindən irəli gələn hüquqlardan istifadə edərək yeni açılmış hallar üzrə icraatın təzələnməsinə əsas olan aşağıdakı hallara istinad edir: İddiaçı Zilfalı oğlu, X11 və X9 ünvan 5 ünvanında “fərdi yaşayış evi” adı altında faktiki olaraq 1 girişli, 7 mərtəbəli çoxmənzilli yaşayış binasını inşa etmiş və 24 iyun 2014-cü il tarixdə həmin mənzillərin satışını həyata keçirmişlər. Tikilmiş binanın sahəsinə uyğun olaraq vergi orqanı tərəfindən MTFSV hesablansa da, iş üzrə məhkəmələrin gəldiyi qənaətə görə binanın satış, yəni sahibkarlıq məqsədləri üçün tikildiyi sübuta yetirilməmişdir. Lakin, əvvəllər məlum olmayan yeni açılmış halların və sübutların aşkar edilməsi nəticəsində binanın faktiki olaraq satış məqsədləri üçün tikildiyi və binadakı 40dan artıq mənzillərin və qeyri-yaşayış sahələrinin müxtəlif şəxslərə satıldığı məlum olmuşdur. Belə ki, Bakı şəhəri Nərimanov RİH-in 19 mart 2018-ci il tarixli məktubuna əsasən qeyd olunan ünvanda məhz çoxmənzilli yaşayış binasının tikintisinə sərəncam verilmişdir. Bundan başqa, 24 iyun 2014-cü il tarixli alqı-satqı müqavilələrinə əsasən qeyd olunan binadakı 40 ədəddən artıq yaşayış və qeyri-yaşayış sahələri 38 saylı Dövlət Notariat Kontorunda alqı-satqı müqavilələri əsasında müxtəlif şəxslərə satılmışdır. Başqa sözlə, mübahisələndirilən qərarla hesablanmış vergilərin əsasını təşkil edən və iddiaçının “fərdi yaşayış evi” adlandırdığı, əslində isə çoxmənzilli yaşayış binası olan daşınmaz əmlak 24 iyun 2014-cü il tarixli AN İ ******* nömrəli alqı-satqı müqaviləsi əsasında müxtəlif şəxslərə təqdim edilmişdir. Qeyd edilən hal, həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin reyestrdən çıxarışları ilə təsdiq olunmuşdur. Göründüyü kimi, əvvəl məhkəmə qaydasında ləğv edilmiş MTFSV vergi orqanı tərəfindən əsaslı şəkildə hesablanmışdır. Mənzillərin təqdim edilməsi isə, bir daha sübut edir ki, inşa edilmiş bina vergidən yayınma məqsədilə “fərdi yaşayış evi” kimi qələmə verilsə də, faktiki olaraq sahibkarlıq məqsədləri üçün inşa edilmişdir. Beləliklə, yeni açılmış hallar və əldə edilmiş sübutlar bir daha təsdiq edir ki, İddiaçı Zilfalı oğlu və qeyriləri tərəfindən satış məqdsədilə ünvan 2 ünvanında layihəyə uyğun 1 girişli, 7 mərtəbəli çoxmənzilli yaşayış binası kimi inşa edilmişdir. Göstərilənlərə və İPM-in 100 – 102, 106.2-ci maddələrinə əsaslanaraq, İddiaçı Zilfalı oğlunun iddia tələbi üzrə işin icraatının təzlənməsi haqqında qərardad qəbul olunması məhkəmədən xahiş edilir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli qərardadı ilə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə təmin edilmiş və İddiaçı Zilfalı oğlunun cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı Vergilər Departamentinə qarşı «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın qismən ləğv edilməsi» tələbinə dair inzibati iş üzrə yeni açılmış hallarla bağlı icraat təzələnmişdir. Bakı Apelyasiya Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli qərardadı ilə İddiaçı Zilfalı oğlunun apellyasiya şikayəti təmin edilməmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 mart 2020-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli 1325 nömrəli Fərmanının 1-ci və 2-ci bəndlərinə əsasən 2020-ci il yanvarın 1-dən Bakı şəhərində Bakı İnzibati Məhkəməsi və Bakı Kommersiya Məhkəməsi təşkil edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ləğv edilmişdir. Eləcə də, Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2019-cu il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yeni strukturu təsdiq edilmişdir. Fərmanla təsdiq olunmuş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturu”nda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nəzərdə tutulmuşdur. İş materialları Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra işin məhkəmə icraatı üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X15 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X13 iddiaya qarşı yazılı etirazda və yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizədə göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, AR Vergi Məcəlləsinin 36.1-ci maddəsinə görə vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 62.1-ci maddəsinə görə hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, İddiaçı Zilfalı oğlu 14 noyabr 2004-cü il tarixdən vergi ödəyicisi kimi “şəxsi əmlakların icarəyə verilməsi” fəaliyyəti üzrə qeydiyyata düşmüş, 29 mart 2008-ci il tarixdən fəaliyyətini dayandırmışdır. Vergi orqanı tərəfindən iddiaçının 2011-ci ilin iyul ayından 2014-cü ilin iyun ayınadək olan vergi dövrünü əhatə edən növbəti səyyar vergi yoxlaması təyin edilmiş, yoxlamanın nəticəsi 29 dekabr 2014-cü il tarixli aktla rəsmiləşdirilmişdir. Həmin akt əsasında vergi orqanı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin tələblərinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 15 fevral 2015-ci il tarixli **********860949 nömrəli qərar qəbul etmişdir. Sözügedən qərarla iddiaçıya 286.894,60 manat mənzil tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi, 34.154,83 manat ödəmə mənbəyində tutulan vergi hesablanmışnin 34.154,83 manat azaldılması aşkar edilmişdir. Departamentin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 5 fevral 2015-ci il tarixli **********860949 nömrəli qərarı ilə iddiaçıya 321.049,33 manat vergi borcu hesablanmış və Vergi Məcəlləsinin 57 və 58-ci maddələrinə istinadən 160.724,07 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı hazırda həmin qərarı mübahisələndirir. Cavabdeh həmin qərarın qəbulunu belə əsaslandırır: 1) yoxlanılan dövrdə vergi ödəyicisi faktiki olaraq xüsusi razılıq olmadan yaşayış binasının tikintisi fəaliyyəti ilə məşğul olmuşdur. Ona fərdi yaşayış evinin tikintisinə icazə verilsə də, fərdi layihəyə əsasən tikilən binanın 1-ci mərtəbəsi qeyri-yaşayış, digər 6 mərtəbəsi isə yaşayış binası kimi inşa olunmuşdur. Bununla da iddiaçı tərəfindən mənzil tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin 286.894,50 manat azaldılması müəyyən olunmuşdur; 2) tikinti işlərinin tərkibində əmək tutumunun faktiki həcmi mütəxəssis rəyi ilə 68.759,84 adam/saat müəyyən edilmişdir. Əmək Məcəlləsinin tələblərinə müvafiq olaraq, 1 nəfər işçinin orta aylıq iş vaxtı norması, tikinti sahəsində bir muzdlu işçiyə düşən orta aylıq əmək haqqı barədə Dövlət Statistika Komitəsinin rəsmi məlumatları nəzərə alınaraq, həmin əmək tutumuna əsasən yoxlama ilə rüblər üzrə ümumilikdə 243.962,99 manat əmək haqqı məbləği müəyyən edilmiş və həmin məbləğə 14%, yəni 34.154,83 manat ödəmə mənbəyində tutulan vergi hesablanmışdır; 3) Sonradan binanın faktiki olaraq satış məqsədləri üçün tikildiyi və binadakı 40-dan artıq mənzillərin və qeyri-yaşayış sahələrinin müxtəlif şəxslərə satıldığı məlum olmuşdur – Bakı şəhəri Nərimanov RİH-in 19 mart 2018ci il tarixli məktubuna əsasən qeyd olunan ünvanda məhz çoxmənzilli yaşayış binasının tikintisinə sərəncam verilmişdir və 24 iyun 2014-cü il tarixli alqı-satqı müqavilələrinə əsasən qeyd olunan binadakı 40-dan çox yaşayış və qeyri-yaşayış sahələri alqı-satqı müqavilələri əsasında müxtəlif şəxslərə satılmışdır; 4) hesablanmış həmin vergi məbləğlərinə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən hesablanmış vergiyə 50% məbləğində maliyyə sanksiyası, eləcə də Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən müvafiq bəyannamənin (5 bəyannamə) vaxtında təqdim edilməməsinə görə 200 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçının dəlilləri: 1) vergi orqanının öz akında göstərdikləri həqiqəti əks etdirmir və onun şəxsi və qeyri-obyektiv mülahizəsidir. Cavabdehin belə nəticəyə gəlməsi ki, İddiaçı Zilfalı oğlu sahibkarlıq kimi yaşayış və qeyri-yaşayış binalarının tikintisi fəaliyyəti ilə məşğul olur, yanlışdır və heç bir mötəbər sübutla təsdiq edilmir, işin faktiki halları ilə şəkildə təkzib olunur; 2) iddiaçı 2004-cü il tarixdən vergi ödəyicisi kimi qeydiyyata düşmüş, lakin 29 mart 2008-ci il tarixdən fəaliyyətini dayandırmış və hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır; 3) “Fərdi yaşayış evlərinin sökülüb yenidən tikilməsinə icazə verilməsi haqqında” Nərimanov RİH-in 11 mart 2014-cü il tarixli sərəncamı ilə iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan mülkün sökülüb öz vəsaiti hesabına təqdim olunmuş fərdi layihəyə uyğun yenidən tikilməsinə icazə verilmişdir. X20 Nazirliyinin aidiyyəti qurumunun rəyi ilə ekspertizadan keçirilmiş və fərdi yaşayış evinin işçi layihəsi razılaşdırılmışdır. Tikili fərdi yaşayış evi kimi inşa edilmişdir; 4) tikinti işlərinə cəmi 20 nəfər muzdlu işçi cəlb olunmuş və onların hər birinə günə 15 manat əmək haqqı ödənilmişdir. Bununla da, bir işçiyə ayda 450 manat olmaqla 20 nəfər işçiyə ayda 9.000 manat əmək haqqı ödənilmişdir. Yoxlama dövrü 12 ay olduğundan bu müddət ərzində işçilərə verilmiş əmək haqqı 108.000 (9.000 x 12) manat təşkil etmişdir. Bu məbləğin ödəmə mənbəyində tutulan vergisi 15.120 (108.000 x 14%) manat təşkil edir. İPM-in 8.1.2-ci maddəsinə (1-ci cümləsi) əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Nərimanov rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə vurğulayır ki, iddiaçı hazırda inzibati orqanın 15 fevral 2015-ci il tarixli **********860949 nömrəli qərarını mübahisələndirmək üzrə subyektiv hüququ olduğundan (qərar vergi ödəyicisi kimi iddiaçı üçün hüquqi nəticə yaradır), bununla bağlı müddəti buraxılmadığından, mübahisələndirilən qərar yeni struktura görə hazırkı cavabdeh tərəfindən səlahiyyətləri həyata keçirilən inzibati orqan tərəfindən qəbul edildiyindən, habelə iddianın mümkünlüyünü istisna edən hər hansı hal mövcud olmadığından məhkəmə hesab edir ki, iddia mümkündür. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.2-cü maddəsinin (birinci cümləsi) tələblərinə uyğun olaraq cavabdehin olduğu yer (Bakı şəhərinin Nərimanov rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. «İnzibati icraat haqqında» AR Qanununun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həımin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. AR Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə görə malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə alqı-satqı müqavilələrinin sonradan eyni şəxslə notarial qaydada təsdiq edilməsi bu maddənin məqsədləri üçün vergi tutulan təqdimetmə hesab edilmir. Həmin Məcəllənin 23.1-ci maddəsinə görə vergi orqanlarının hüquqları aşağıdakılardır: - (23.1.1) bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; - (23.1.5) qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək. Həmin Məcəllənin 45.1-ci maddəsinə görə səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Həmin Məcəllənin 49.1-ci maddəsinin 1 yanvar 2019-cu il tarixədək qüvvədə olan tələblərinə görə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: (49.1.1) vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; (49.1.2) vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; (49.1.3) əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında. Həmin Məcəllənin 57.1-ci maddəsinin 1 yanvar 2019-cu il tarixədək qüvvədə olan tələblərinə əsasən vergi hesabatını və ya bu Məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinin 1 yanvar 2019-cu il tarixədək qüvvədə olan tələblərinə əsasən verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: (67.1.1) vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; (67.1.2) vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; (67.1.3) vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; (67.1.4) vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; (67.1.5) vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; (67.1.6) vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; (67.1.7) vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; (67.1.8) vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; (67.1.9) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Həmin Məıcəllənin 83.2-ci maddəsinə görə vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: - (83.2.4) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. Həmin Məcəllənin 150.1-ci maddəsinə görə aşağıdakı şəxslər (vergi agentləri) ödəmə mənbəyində vergini tutmağa borcludurlar: (150.1.7) Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar. Həmin Məcəllənin 150.2-ci maddəsinə görə bu Məcəllənin 150.1-ci maddəsində göstərilən şəxslər verginin tutulması və büdcəyə köçürülməsi üçün cavabdehdirlər. Vergi məbləği tutulmursa və ya tutulmuş vergi büdcəyə köçürülmürsə, gəliri ödəyən hüquqi şəxslər və sahibkarlar tutulmamış və ya köçürülməmiş verginin məbləğini, həmçinin müvafiq faizləri və sanksiyaları büdcəyə ödəməyə borcludurlar. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir: - (218.1.1) bu Məcəllənin Xİ fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər. Həmin Məcəllənin 219.1-ci maddəsinə görə hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi vergitutma obyektidir. Həmin Məcəllənin 220.8-ci maddəsinə əsasən bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-1-ci maddəsində göstərilən vergitutma obyektinin hər kvadratmetri üçün 15 manat olmaqla bu maddə ilə müəyyən edilmiş qaydada hesablanır. Məhkəmə iş üzrə bütün sübutları məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, Bakı şəhəri Nərimanov RİH-in 11 mart 2014-cü il tarixli 137 nömrəli sərəncamı ilə ünvan 4 ünvanında fərdi yaşayış evinin tikinti üçün hazırkı İddiaçı Zilfalı oğluna icazə verilsə də, onun sifarişçisi olduğu həmin ünvanda inşa edilmiş tikili vergi məqsədləri üçün “fərdi yaşayış evi” kimi qiymətləndirilə bilməz və çoxmənzilli yaşayış evi sayılır. Çünki, bir tərəfdən iddiaçının həmin evin ayrı-ayrı otaqlarından ibarət yaşayış sahələrini mənzil kimi özgəninkiləşdirməsi barədə müqavilələr mövcuddur, digər tərəfdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati xəta haqqında iş (3(005)-16/2015 saylı) üzrə 16 yanvar 2015-ci il tarixli qərarı ilə İddiaçı Zilfalı oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu (qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma) maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 50 manat məbləğində cərimə edilmişdir. Bundan başqa, nəzərə alınmalıdır ki, iddaçı fəaliyyəti dayandırılmış olsa da, sahibkar kimi vergi orqanında uçota alınmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, səyyar vergi yoxlaması qismində inzibati icraatı aparan inzibati orqan iddiaçıya Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq müvafiq dövr üzrə sadələşdirilmiş vergi və ödəmə mənbəyində tutulan verginin hesablanması, habelə həmin məbləğlərə görə (50%) və hesabatların vaxtında təqdim edilməməsinə görə müvafiq həcmdə (hər biri 40 manat) maliyyə sanksiyalarının tətbiq edilməsində haqlı olmuşdur. Bununla da, məhkəmə iş üzrə tərəflərin, o cümlədən iddianın növünə (mübahisələndirmə haqqında) görə sübutetmə yükü daşıyan cavabdeh inzibati orqanın dəlillərinə qanunvericiliyin sadalanan müddəalarının tələbləri baxımından qiymət verərək, eləcə də İPM-in 68.1 və 68.2-ci maddələrinin tələblərinə əsaslanaraq, mübahisələndirilən əlverişsiz inzibati aktın – 15 fevral 2015-ci il tarixli **********860949 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qanunsuz inzibati akt saymır. Odur ki, iddiaçının tələbi əsassızdır. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Zilfalı oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın qismən ləğv edilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 14.1, 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Zilfalı oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın qismən ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-1340/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1340/2021
16.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver