Məhkəmə qərarları › İş №2-1(112)-13404/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13404/2023

11.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13404/2023 11.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçılar İddiaçı4, İddiaçı5, İddiaçı3 və İddiaçı1 iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı3, İddiaçı2 və İddiaçı6 cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı “inzibati binaya qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı3, İddiaçı2 və İddiaçı6 cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onların ünvan 1 ünvanında yerləşən inzibati binaya qeydiyyata alınmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar ünvan 2 ünvanında qeydiyyatsız yaşayırlar. Onlar Bakı şəhəri, Binəqədi rayonu, inzibati binada qeydiyyatda olmuşlar, yenidən həmin ünvana qeydiyyata alınmalarını istəsələr də, rəsmi olaraq onlara imtina verilib. Son olaraq iddiaçılar məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı münasibətdə (etirazda) bildirilmişdir ki, inzibati binada qeydiyyatda olan vətəndaşların hərbi çağırışçı yaşına çatmış hərbi çağırışdan qəsdən və ya faktiki yaşayış yerinin müəyyən edilə bilməməsi səbəbindən hərbi çağırışdan yayınması, qanunvericiliklə barələrində mülki hüquqi öhdəlik təyin olunmuş şəxslərin öhdəlikdən boyun qaçıraraq, baş vermiş cinayətlərdə şübhəli şəxs qismində axtarılan vətəndaşların faktiki yaşayış yerlərinin müəyyən olunmaması, habelə məhkəmə və digər dövlət qurumlarının inzibati bina qeydiyyatında olan vətəndaşlara ünvanladığı bildiriş və məktubların vətəndaşlara faktiki yaşayış yerləri məlum olmadığı üçün vaxtında və operativ qaydada çatdırılmalarında, aidiyyatı qurumların fəaliyyətinin fəal təmin edilməsi və bu vətəndaşların tapılmasının operativliyini təmin etmək məqsədilə vətəndaşların faktiki yaşadığı ünvan üzrə yaxud ailə üzvlərinin və ya qohumlarının ünvanına qeydiyyata alınması daha məqsədə müvafiq hesab edilmişdir. Həmçinin vətəndaşlar hazırda ünvan 2 ünvanında faktiki yaşayır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh inzibati orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin olunmasını xahiş etdilər. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçıların izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin MAPS şöbəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş arayışlardan görünür ki, İddiaçı1 xx.xx.2021-ci il tarixdə, İddiaçı2, İddiaçı3 və İddiaçı5 xx.xx.2021-ci il tarixdə, İddiaçı4 xx.xx.2021-ci il tarixdə, İddiaçı6 isə xx.xx.2021-ci il tarixdə ünvan 5 ünvanından qeydiyyatdan çıxarılmışlar. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, ünvan 6 ünvanın qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Həmçinin iddiaçıların adlarına Bakı şəhərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçılar ünvan 7 ünvanında qeydiyyatsız yaşayırlar. Yaşadıqları evə dair “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində yaşayış sahəsinə köçmək üçün hüquq verən sənədləri mövcud deyil. İddiaçılar əvvəllər Binəqədi RPİ-nin inzibatı binasında qeydiyyatda olmuş, sonradan həmin ünvandan qeydiyyatdan çıxarılmışlar. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi Qanunun qeyd olunan maddəsinin imperativ tələbindən aydın görünür ki, istər yaşayış yeri üzrə qeydiyyatı olmayan, istərsə də, yaşayış yerini dəyişdirən vətəndaş tərəfindən qeydiyyata düşmək istədiyi müvafiq yaşayış sahəsinə dair: order, icarə və ya kirayə müqaviləsi, mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. Ona görə də iddiaçının uzun müddət özbaşına inşa edilmiş tikilidə məhz yaşaması faktına istinad etməsi onun mübahisəli ünvana qeydiyyata alınması üçün əsas verə bilməz. Beləliklə, qeyd olunanlar onu deməyə əsas verir ki, yalnız qanuni əsaslarla yaşayış hüququ əldə edildikdə, şəxsin həmin yaşayış yerinə qeydiyyata alınma hüququ yaranmış olur Hazırkı işin müəyyən edilmiş hallarından isə göründüyü kimi, iddiaçılar faktiki yaşadıqları ünvan 7 ünvanı ilə bağlı hansısa hüquqlarının mövcud olmasını və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsini təsdiq edən qanunla tələb olunan sənədləri cavabdeh inzibati orqana təqdim edə bilməmişlər. Bu səbəbdəndir ki, cavabdeh inzibati orqan tərəfindən də iddiaçıların faktiki yaşadıqları ünvana qeydiyyata alınmalarından imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli “55 s” saylı Sərəncamının 1-ci bəndində qeyd edilmişdir ki, yaşayış yeri olmayan Azərbaycan Respublikası vətəndaşlarının Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməsi və onlara şəxsiyyət vəsiqəsi fərdiləşdirilərkən şəxsiyyət vəsiqəsinin “yaşayış yeri” bölməsində həmin ünvanın şərti olaraq göstərilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi qəbul edilmişdir. Nazirlər Kabinetinin sözügedən Sərəncamı ilə yaşayış yeri olmayan şəxslərə münasibətdə onların Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməsi və onlara şəxsiyyət vəsiqəsi fərdiləşdirilərkən şəxsiyyət vəsiqəsinin “yaşayış yeri” bölməsində həmin ünvanın şərti olaraq göstərilməsi nəzərdə tutulmuşdur. Sözügedən Sərəncam yalnız şəxsin yaşayış yeri olmayan statusuna malik olmasını zəruri edir ki, qeyd edilən hal iş üzrə mövcuddur. Belə ki, məhkəmə tərəfindən işin halları ilə müəyyən edilmişdir ki, iddiaçılar 2021-ci il tarixdə qeydiyyatda olduqları ünvan 5 ünvanından qeydiyyatdan çıxarılmışlar. Yuxarıda sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıların Azərbaycan Respublikasının vətəndaşı olması, onların yaşayış yerinə dair hüquqmüəyyənedici sənədlərinin olmaması, halhazırda faktiki yaşadıqları ünvan Binəqədi rayonunun inzibati ərazisi daxilində yerləşməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, iddiaçıların Binəqədi Rayon Polis İdarəsinin inzibati binasına yenidən qeydiyyata alınmalarından imtina olunması qanuni sayılmamalı və onların hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin İ-ci hissəsinə əsasən dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Məhkəmə qeyd edir ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Məhz bunun qarşısının alınması məqsədi ilə qanunverici Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsində yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulmasını inzibati xəta kimi müəyyən edərək inzibati məsuliyyət nəzərdə tutmuşdur. Məhkəmə, həmçinin şəxsin qeydiyyata alınmasını “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun məqsədi baxımından qiymətləndirərək bildirir ki, Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı3, İddiaçı2 və İddiaçı6 Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin inzibati binasına qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Eyni Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı3, İddiaçı2 və İddiaçı6 Binəqədi Rayon Polis İdarəsinin inzibati binasına, yəni ünvan 10 ünvanına qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar