Məhkəmə qərarları › İş №2-1(112)-1341/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1341/2023

01.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1341/2023 01.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “yeni məlumat vərəqinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək pensiyasının Dövlət Sərhəd Xidmətinin X9 Regional şöbəsinin rəis müavininin aylıq vəzifə maaşı və digər ödənişlər əsasında təyin edilməsi barədə öhdəliyinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1992-ci ildə Bakı Ali Baş Komandanlıq məktəbinə daxil olmuşdur və 1996-cı il tarixdə oranı bitirmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 0652 nömrəli, 29 iyun 1996-cı il tarixli əmri ilə ona leytenant hərbi rütbəsi verilmişdir. xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixə qədər olan müddət ərzində N nömrəli hərbi hissənin sərhəd zastavasının rəis müavini, xx.xx.1997-ci ildən xx.xx.1999-cu ilədək N nömrəli hərbi hissənin sərhəd zastavasının rəisi, xx.xx.1999-cu ildən xx.xx.2000-ci ilədək N nömrəli hərbi hissənin sərhəd zastavasının rəisi, xx.xx.2000-ci il tarixdən xx.xx.2003-cü il tarixə qədər olan müddət ərzində N nömrəli hərbi hissənin sərhəd zastavasının rəis müavini, xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixə qədər 2007 nömrəli sərhəd zastavasının rəisi vəzifəsində hərbi xidmətdə olmuşdur. xx.xx.2005-ci il tarixdən xx.xx.2006-ci il tarixə qədər olan müddət ərzində DSX SQ-nın komandanlığının sərəncamında olmuşdur. xx.xx.2006-ci il tarixdən xx.xx.2015-ci ilə qədər olan müddət ərzində N nömrəli hərbi hissənin silah sursat bölməsinin rəisi vəzifəsində, xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək DSX-nın Sahil Mühafizə İdarəsində rəis müavini vəzifəsində xidmət etmişdir. xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət ərzində DSX-nin rəisinin sərəncamında olmuşdur. xx.xx.2018-ci ildən xx.xx.2020-ci il tarixədək DSX-nin Sahil Mühafizə İdarəsində rəis müavini vəzifəsində xidmət etmişdir. DSX Komandanının 626sh nömrəli xx.xx.2020-ci il tarixli əmri ilə həmin tarixdən N nömrəli hərbi hissəyə baş müəllim vəzifəsinə təyin olunmuşdur. Lakin həmin vəzifədə heç bir vaxt xidmət etməmişdir. Cəmi 10 gün müddətində həmin vəzifədə saxlanılmış və sonra sərəncama verilmişdir. Çünki AR Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində ona AR CM-nin 311.3.1 və 311.3.3-cü maddələri ittiham elan edilərək, 13 may 2020-ci il tarixdə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan seçilmişdir. Cəlilabad Hərbi Məhkəməsinin 1-1(096)- 01/2021 nömrəli 25 may 2021-ci il tarixli hökmü ilə AR CM-nin 311.3.1, 311.3.3 və 341.2.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 7 il 5 ay 8 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Barəsində AR CMnin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 4 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. 15 may 2020-ci il tarixdən 2021ci ilədək DSX rəisinin sərəncamında olmuşdur. Azərbaycan Respublikası Sərhəd Qoşunlarının 90 illiyi (1918-2008), Azərbaycan Respublikası Sərhəd Qoşunlarının 95 illiyi, Azərbaycan Respublikası Sərhəd Mühafizəsinin 90 İlliyi (1919-2009), Azərbaycan Respublikası Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014), Azərbaycan Respublikası Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019) yubley medalları ilə, Hərbi Xidmətdə fərqlənməyə görə 3, 2 ci dərəcəli medalları ilə, Qüsursuz Xidmətlərə görə 3, 2 və 1-ci dərəcəli medallarla və Azərbaycan Respublikası Sərhəd Qoşunlarının veteranı medalları ilə təltif olunmuşdur. 06 yanvar 2022-ci il tarixdən “Hərbi vəzifə və hərbi xidmət haqqında" AR Qanununun 41.0.3cü maddəsinə (xəstəliyə görə) müvafiq olaraq DSX-də həqiqi hərbi xidmətdən Silahlı qüvvələrdən ehtiyata buraxılmışdır. Lakin ona pensiya təyin olunarkən “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməmiş, yəni heç bir vaxt hərbi hissədə baş müəllim kimi xidmət etmədiyi halda, baş müəllimin vəzifə məvacibinə uyğun olaraq ona pensiya təyin edilmişdir. Bu hal da “Əmək pensiyaları haqqında" Qanuna uyğun deyildir. Pensiyasının düzgün hesablanmaması barədə DSX-nə müraciət etmişdir. Həmin idarə tərəfindən ona xx.xx.2022-ci il tarixli, 10/M-73 nömrəli məktub göndərilərək, pensiyasının “Əmək pensiyaları haqqında" AR Qanununun 1.0.5-ci maddəsinə uyğun olaraq son tutduğu vəzifədən və son təminat xərcliyindən hesablanması bildirilmişdir. Belə pensiya hesablanması qaydası “Əmək pensiyaları haqqında" Qanunun müddəlarına ziddir. Belə ki, ona qarşı münasibətdə “Əmək pensiyaları haqqında" Qanunun 1.0.5-ci maddəsinin tələbinə (ümumi normaya) əsasən pensiya təyin edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, DSX-nin X9 Regional şöbəsinin rəis müavininin aylıq maaşı və digər təminatları 1905 manat, DSX Sahil Mühafizəsi (52 nömrəli hərbi hissə) tədris mərkəzinin sahil nəzarəti hazırlığı üzrə baş müəllim vəzifəsinin aylıq vəzifə maaşı və digər təminatları isə 1556 manat təşkil etmişdir. Hərbi qulluqçu kimi, daha az maaşlı işə keçirilərkən 20 ildən artıq iş stajı olduğundan yaşa görə pensiya almaq hüququna malik olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı iddiası əsassızdır və təmin olunmamalıdır. Belə ki, Dövlət Sərhəd Xidmətinin sabiq hərbi qulluqçusu 2-ci dərəcəli kapitan İddiaçı Dövlət Sərhəd Xidməti rəisinin 05 may 2020-ci il tarixli 626 ş/h nömrəli əmri ilə DSX X7 mərkəzinin sahil nəzarəti hazırlığı üzrə baş müəllimi vəzifəsinə təyin olunmuşdur. 2-ci dərəcəli kapitan İddiaçı barəsində AR CM-nin 308.1 və 311.3.1-ci maddələri ilə cinayət işinin başlanması, şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar olaraq Dövlət Sərhəd Xidməti rəisinin 31 may 2020-ci il tarixli 712 ş\h nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 38.4-cü Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 47-ci maddələsinə əsasən Dövlət Sərhəd Xidməti rəisinin sərəncamına götürülmüşdür. N nömrəli hərbi hissə komandirinin N oktyabr 2021-ci il tarixil 0238 nömrəli əmri ilə 3 (üç) ay məzuniyyət verilməklə 06 yanvar 2022-ci il tarixdən Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. 2-ci dərəcəli kapitan İddiaçı xidmət illərinə görə pensiya "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə uyğun olaraq son tutduğu vəzifədən (DSX Sahil Mühafizəsinin tədris mərkəzinin sahil nəzarəti hesablanmışdır. 2-ci dərəcəli kapitan Mühafizəsi Tədris mərkəzin ondan əvvəl çalışdığı vəzifə "Əmək pensiyaları hazırlığı üzrə baş müəllimi) və son təminat xərcliyindən İddiaçı ona pensiyanın son tutduğu sahil nəzarəti hazırlığı üzrə baş müəllimi vəzifəsindən deyil üzrə təminat xərcliyindən hesblanmasını tələb edir. "Əmək pensiyaları haqqında Qanununun 20.18-ci maddəsinə əsasən səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidməti mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən onların əmək pensiyası bilavasitə göstərilən keçirməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. Qeyd edilən normanın tələbindən aydın olunduğu kimi əmək pensiyasına əlavə konkret olaraq səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçulara xidmətdən buraxılarkən təyin edilir. Sabiq hərbi qulluqçu 2-ci dərəcəli kapitan İddiaçı daha az maaşlı vəzifəyə keçməsi onun səhhəti və ya yaşı ilə əlaqədar olmadığından və əmrdə bu barədə qeydlərin olmaması səbəbindən bu normanın ona şamil olunması imkan xaricindədir. İddiaçı özü də iddia ərizəsində daha az maaşlı vəzifəyə DSX rəisinin əmri ilə xidmət mənafeyi zərurəti ilə əlaqədar olaraq keçdiyini qeyd etmişdir. Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2020-ci il tarixli 626 ş/h nömrəli əmrindən də görünür ki, sabiq hərbi qulluqçu polkovnik-leytenant İddiaçı Azərbaycan Respublikasının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “b” bəndinə müvafiq (bərabər vəzifələrə) olaraq Cənub regional şöbəsi rəisinin müavini vəzifəsindən azad olunmaqla tədris mərkəzinin sahil nəzarəti hazırlığı üzrə baş müəllim vəzifəsinə təyin edilmiş və ona attestasiya qaydasında 2-ci dərəcəli kapitan hərbi rütbəsi verilmişdir. Qeyd olunan əmrin məzmunundan da görünür ki, sabiq hərbi qulluqçu bərabər vəzifəyə xidməti zərurətlə əlaqədar olaraq təyin edilmişdir. Azərbaycan Respublikasının "Hərbi xidmətkeçmə haqqında”Əsasnamənin 78-ci maddəsin əsasən hərbi qulluqçuların xidmət yerinin dəyişilməsi aşağıdakı qaydada həyata keçirilir: a) yuxarı vəzifələrə - xidmət üzrə irəli çəkilmə qaydasında; b) bərabər vəzifələrə - xidməti zərurət olduqda, xidmət müddəti müəvvən edilmiş verlərdə planlı əvəzetmə aparılarkən, eləcə də hərbi qulluqçulardan daha məqsədəuyğun səkildə istifadə etmək üçün; v) tutduğu vəzifədən azad edilməklə təhsil müəssisəsinə daxil olmaqla əlaqədar, eləcə də təhsili bitirdikdən sonra vəzifəyə təyin edildikdə; q) aşağı vəzifələrə - bu Əsasnamənin 81-ci maddəsində nəzərdə tutulmuş əsaslarla. Hərbi qulluqçunun xidmət yerinin dəyişdirilməsi haqqında qərarı onun birbaşa rəislərinin fikrini nəzərə almaqla müvafiq komandir (rəis) qəbul edir. Azərbayacan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsində əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluqunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı xidmət illərinə görə pensiya “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5 maddəsinə uyğun olaraq son tutduğu vəzifədən və son təminat xərcliyindən deyil daha az maaşlı vəzifəyə keçirilənədək azı bir il çalışdığı vəzifə üzrə təyin olunması barədə inzibati aktın qəbul edilməsi tələbinə dair iddiası üzrə, həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı həmin aktın qəbul edilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, iddia ərizəsində daha az maaşlı vəzifəyə xidməti zərurətlə əlaqədar olduğunu qeyd etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndələri X1 və X2 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1974-cü il təvəllüdlü İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 3200 №li Hərbi hissə ünvanında qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2022-ci il tarixli, 16/8014m nömrəli məktubu ilə göndərilmiş sənədlərdən görünür ki: -xx.xx.2020-ci il tarixli DSX Sahil Mühafizə rəisinin təqdimatına əsasən xx.xx.2013cü il tarixdən X9 regional şöbəsi rəisinin müavini polkovnik-leytenant İddiaçı xidməti zərurətlə əlaqədar və Tədris mərkəzinin komplektləşdirilməsi məqsədilə X7 mərkəzinin sahil nəzarəti hazırlığı üzrə baş müəllim vəzifəsinə təyin olunmaq üçün təqdim edilir. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2020-ci il tarixli 626 ş/h №li əmrindən arxiv çıxarışında qeyd olunmuşdur ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “b” bəndinə (bərabər vəzifələrə) müvafiq olaraq: Polkovnik-leytenant İddiaçı Cənub regional şöbəsi rəisinin müavini vəzifəsindən azad olunmaqla tədris mərkəzinin sahil nəzarəti hazırlığı üzrə baş müəllimi vəzifəsinə təyin edilmiş və ona attestasiya qaydasında 2-ci dərəcəli kapitan hərbi rütbəsi verilmişdir. -Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin xx.xx.2021-ci il tarixli, 1877ş/h nömrəli əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.3-cü maddəsinə (xəstəliyə görə) müvafiq olaraq: Dövlət Sərhəd Xidməti rəisinin sərəncamında olan (3200 №-li h/h) 2-ci dərəcəf kapitan İddiaçı Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış və sərəncamda olma müddəti 2020-ci ilin iyul ayının 15-dən Silahlı Qüvvələrin ehtiyatına buraxıldığı tarixədək uzadılmış və ona təminat xərcliyi tam həcmdə ödənilməsi, Hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış uzrə Dövlət Xidmətinin Bakı şəhər Xəzər rayon idarəsinə rəsmən göndərilməsi qərara alınmışdır. 2-ci dərəcəli kapitan İddiaçı 01 sentyabr 2021-ci il tarixə xidmət illəri: Təqvimi: 29 iİ, 01 ay 00 gün, güzəştli: 08 il, 04 ay, 08 gün, cəmi 37 il, 05 ay, 08 gün. Əsas: Mərkəzi hərbi-həkim komissiyasının xx.xx.2021-ci ii tarixli 1250 nömrəli xəstəlik şəhadətnaməsi. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2022-ci il tarixli, 16/10736 nömrəli məktubuna qeyd olunmuşdur ki, Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2021-ci il tarixli 626 ş/h nömrəli əmri İddiaçı xx.xx.2021-ci il tarixdə elan olunmuşdur. Sabiq hərbi qulluqçu İddiaçı maddi məsul şəxs olmadığından X3 regional şöbəsi rəisinin müavini vəzifəsindən azad olunmaqla X7 Mərkəzinin sahil nəzarəti hazırlığı üzrə baş müəllim vəzifəsinə təyin edilərkən onunla təhvil-təslim aparılmamışdır. X7 Mərkəzinin sahil nəzarəti hazırlığı üzrə baş müəllim vəzifəsinə uyğun olaraq pul təminatı iddiaçıya xx.xx.2021-ci il tarixdən hesablanaraq xx.xx.2021-ci il tarixdə tam olaraq ödənilmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 10/M-73 nömrəli məktubda bildirilmişdir ki, siz Dövlət Sərhəd Xidməti rəisinin 05 may 2020-ci il tarixli 626 ş/h nömrəli əmri ilə DSX Sahil Mühafizəsi (32 nömrəli hərbi hissə) tədris mərkəzinin sahil nəzarəti hazırlığı üzrə baş müəllimi vəzifəsinə təyin olunmuşunuz. Dövlət Sərhəd Xidməti rəisinin 31 may 2020-ci il tarixli 712 ş\h nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında AR SQ 38.4-cü maddəsinə və AR SQ İntizam Nizamnaməsinin 47-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxs qismində barəsində AR CM-nin 308.1 və 311.3.1-ci maddələri ilə cinayyət işinin başlanması və 4 (dörd) ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar DSX rəisinin sərəncamına götürülmüsünüz. N nömrəli hərbi hissə komandirinin N oktyabr 2021-ci il tarixli 0238 nömrəli əmri ilə 3 (üç) ay məzuniyyət verilməklə 06 yanvar 2022-ci il tarixdən Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmısınız. Məlumat üçün bildiririk ki, sizə xidmət illərinə görə pensiya "Əmək pensiyaları haqqında' Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə uyğun olaraq son tutduğunuz vəzifədən və son təminat xərcliyindən hesablanmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd edilən normanın tələbindən çıxış edərək müəyyən olunur ki, hazırkı iddia üzrə iddiaçının hüquqi marağı pensiyasının Dövlət Sərhəd Xidmətinin X9 Regional şöbəsinin rəis müavininin təminat xərcliyinə uyğun hesablanması üçün məlumat vərəqinin hazırlanaraq pensiya təyin edən orqana göndərilməsidir. Yeni məlumat vərəqinin tərtib edilməsi bağlı hərəkətlər isə öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. İşin hallarından görünür ki, iddiaçı 2-ci dərəcəli kapitan İddiaçı Dövlət Sərhəd Xidmətinin xx.xx.2021-ci il tarixli 1877ş/h nömrəli əmri ilə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə istinad edərək iddiaçının ehtiyata buraxılarkən son tutduğu vəzifənin təminat xərcliyinə uyğun olaraq məlumat vərəqi tərtib etmiş və pensiya təyinatı üçün Dövlət Sosial Müdafiə Fonduna göndərmişdir. Hazırkı iddiasında iddiaçı ona təminat xərcliyi hesablanarkən DSX X7 mərkəzinin sahil nəzarəti hazırlığı üzrə baş müəllim vəzifəsinin aylıq vəzifə maaşı və təminatları əsasında deyil, DSX-nin X9 Regional şöbəsinin rəis müavininin aylıq maaşı və təminatlarına uyğun məlumat vərəqinin tərtib olunaraq pensiya təyinatı üçün müvafiq quruma göndərilməsini tələb edir. İddia tələbinin əsası kimi iddiaçı hərbi hissədə baş müəllim kimi xidmət etmədiyi halda, baş müəllimin vəzifə məvacibinə uyğun olaraq ona məlumat vərəqi tərtib edilməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmadığını iddia edir. Məhkəmə aşağıdakılara əsasən iddiaçının mövqeyi ilə razılaşmır. Belə ki, işin hallarından görünür ki, İddiaçı Dövlət Sərhəd Xidmətinin xx.xx.2013-cü il tarixli 979 ş/h nömrəli əmri ilə X3 Regional Şöbəsinin rəisinin müavini vəzifəsinə təyin olunmuşdur. Daha sonra xx.xx.2020-ci il tarixli DSX Sahil Mühafizə rəisi tərəfindən daha səmərəli istifadə edilməsi üçün iddiaçının vəzifəsinin dəyişdirilməsi məqsədəuyğun hesab edilmiş və X9 regional şöbəsi rəisinin müavini vəzifəsindən X7 mərkəzinin sahil nəzarəti hazırlığı üzrə baş müəllim vəzifəsinə təyin olunmaq üçün barəsində təqdimat verilmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2020-ci il tarixli 626 ş/h №li əmri ilə iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “b” bəndinə (bərabər vəzifələrə) əsasən Cənub regional şöbəsi rəisinin müavini vəzifəsindən azad olunmaqla tədris mərkəzinin sahil nəzarəti hazırlığı üzrə baş müəllimi vəzifəsinə təyin edilmişdir. Eyni zamanda işin hallarından müəyyən olunur ki, iddiaçı barəsində AR CM-nin 308.1 və 311.3.1-ci maddələri ilə cinayət işinin başlanması, təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar olaraq Dövlət Sərhəd Xidməti rəisinin 31 may 2020-ci il tarixli 712 ş\h nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 38.4, Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 47-ci maddələlərinə əsasən Dövlət Sərhəd Xidməti rəisinin sərəncamına götürülmüşdür. Cəlilabad Hərbi Məhkəməsinin 1-1(096)-01/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü maddələri ilə təqsirli bilinib 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məsəlləsin 308.2-ci maddəsi ilə istinad edilən cinayət əməli həmin maddədən Azərbaycan Respublikası Cinayət Məsəlləsin 341.2.3-cü maddəsinə tövsif edilərək Cinayət Məcəlləsinin 341.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaların qismən toplamaq yolu ilə İddiaçı qəti cəza olaraq 08 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, İddiaçı 13 may 2020-ci il tarixdən 25 may 2021-ci il tarixə kimi həbsdə qalma müddəti, yəni 1 (bir) il 12 gün müddəti ona təyin edilmiş cəzadan çıxarılaraq barəsində qəti cəza 07 (yeddi) il 5 (beş) ay 18 (on səkkiz) gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının 04 (dörd) il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilməsi hökm edilmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin xx.xx.2021-ci il tarixli, 1877ş/h nömrəli əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.3-cü maddəsinə (xəstəliyə görə) Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 20.18-ci maddəsinə əsasən səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - digər qurumlarla yanaşı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində xidmət edən hərbi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Göründüyü kimi qanunvericilik bir qayda olaraq təminat xərcliyinin hesablanmasını hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə -yəni ehtiyata buraxılarkən son tutduğu vəzifəyə uyğun aldıqları vəzifə maaşı və əlavələrin məbləğindən (sonrakı artımlar da nəzərə alınmaqla) hesablamanı tələb edir. Eyni zamanda qanunvericilik bu qaydadan bir istisna halı - hərbi qulluqçunun son tutduğu vəzifənin təminat xərcliyindən deyil, azı bir il çalışdığı əvvəlki vəzifə üzrə təminat xərcliyindən hesablamanı tələb edə bilmə imkanını da nəzərdə tutur. Bu isə yalnız o hərbi qulluqçulara şamil edilir ki: -hərbi qulluqçu yalnız səhhəti ilə və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş olsun; -hərbi qulluqçu vəzifəyə keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququ yaranmış olsun. Hazırkı işin hallarından görünür ki, iddiaçının Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin xx.xx.2021-ci il tarixli, 1877ş/h nömrəli əmrinə əsasən ehtiyata buraxılan zaman sonuncu tutduğu vəzifə X7 mərkəzinin sahil nəzarəti hazırlığı üzrə baş müəllim vəzifəsi olmuşdur. İddiaçı həmin vəzifədə işləmədiyini, vəzifəsinin dəyişdirilməsi zamanı onunla heç bir təhvil-təslim aparılmadığını, bu əsasdan təminat xərcliyinin həmin vəzifədən hesablanmalı olmamasını bildirsə də iddiaçının X9 regional şöbəsi rəisinin müavini vəzifəsindən azad olunaraq X7 mərkəzinin sahil nəzarəti hazırlığı üzrə baş müəllim vəzifəsinə təyin olunması barədə Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2020-ci il tarixli 626 ş/h №li əmri mövcuddur, əmr verildiyi vaxtdan qüvvəyə minməklə iddiaçının hüquqi vəziyyətini dəyişdirmişdir. İddiaçının cavabdehə ünvanladığı ərizəsində də qeyd etdiyi kimi xx.xx.2020-ci il tarixdə ona elan edilmiş və həmin tarixdən də məlumatlı olduğu bu əmr ləğv edilməmişdir, hal-hazırda da qüvvədədir. Başqa sözlə, qüvvədə olan inzibati aktın yaratdığı hüquqi nəticələri də qüvvədədir və həmin inzibati aktın tələbləri də icra olunmuş, iddiaçının vəzifəsi X7 mərkəzinin sahil nəzarəti hazırlığı üzrə baş müəllim vəzifəsinə dəyişdirilmişdir. İddiaçı sözügedən əmrdən bir qədər sonra barəsində aparılmış cinayət işi üzrə həbsdə olması ilə əlaqədar vəzifəsini əyani olaraq icra edə bilməmiş və müvafiq olaraq sərəncama götürülmüşdür. Sərəncamda olduğu dövrdə də vəzifəsinin dəyişdirilməsi barədə adıçəkilən əmri mübahisələndirməmiş və nəticə etibarı ilə sonrakı tarixlərdə də iddiaçıya X7 mərkəzinin sahil nəzarəti hazırlığı üzrə baş müəllim vəzifəsinə uyğun pul təminatı hesablanaraq ödənilmişdir. Beləliklə, iddiaçı barəsində məlumat vərəqinin məhz ehtiyata buraxılarkən sonuncu tutduğu vəzifənin təminat xərcliyindən hesablamanın aparılması qanunvericiliyin sadalanan tələblərinə uyğun olmuşdur. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçı ilə bağlı ƏPQ-nun yuxarıda qeyd edilən 20.18-ci maddəsinin dispozisiya şərtləri mövcud olmadığından X9 regional şöbəsi rəisinin müavini vəzifəsindən təminat xərcliyinin hesablanmasını tələb etmək hüququ da yaranmamışdır. Belə ki, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 78-ci maddəsinə əsasən hərbi qulluqçuların xidmət yerinin dəyişilməsi aşağıdakı qaydada həyata keçirilir: a) yuxarı vəzifələrə — xidmət üzrə irəli çəkilmə qaydasında; b) bərabər vəzifələrə — xidməti zərurət olduqda, xidmət müddəti müəyyən edilmiş yerlərdə planlı əvəzetmə aparılarkən, eləcə də hərbi qulluqçulardan daha məqsədəuyğun şəkildə istifadə etmək üçün; v) tutduğu vəzifədən azad edilməklə təhsil müəssisəsinə daxil olmaqla əlaqədar, eləcə də təhsili bitirdikdən sonra vəzifəyə təyin edildikdə; q) aşağı vəzifələrə — bu Əsasnamənin 81-ci maddəsində nəzərdə tutulmuş əsaslarla. Hərbi qulluqçunun xidmət yerinin dəyişdirilməsi haqqında qərarı onun birbaşa rəislərinin fikrini nəzərə almaqla müvafiq komandir (rəis) qəbul edir. Göründüyü kimi iddiaçı səhhəti və ya yaşı ilə əlaqədar olaraq daha az maaşlı vəzifəyə deyil, yalnız DSX Sahil Mühafizə rəisinin təqdimatına əsasən xidməti zərurətlə əlaqədar və Tədris mərkəzinin komplektləşdirilməsi məqsədilə vəzifəsi bərabər vəzifəyə keçirilmişdir. Odur ki, iddiaçı pensiyasının ehtiyata buraxılmazdan əvvəlki vəzifəsi üzrə təminat xərcliyindən hesablamanın aparılmasını tələb etməkdə haqlı hesab edilə bilməz. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “yeni məlumat vərəqinin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar