Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13419/2024 13.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və s.” tələbi üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) artıq ödənilmiş pensiya məbləği ilə bağlı ərizə ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – Cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-17-1/2-Ə-200448/2024 nömrəli məktubla iddiaçıya bildirmişdir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşınızın tamam olduğu xx.xx.2008ci il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub. Nəticədə sizə 71816,00 manat artıq pul vəsaiti ödənilib. Həmin artıq ödənilmiş pul vəsaiti haqqında ona xx.xx.2023-cü il tarixli 3-17-1/2- Ə-96987/2023 nömrəli məktubla ətraflı məlumat verilib. İddiaçiya artıq ödənilmiş 71816,00 manat pul vəsaitinin 2551,48 manat hissəsi xx.xx.2023-xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində əmək pensiyanızdan tutularaq büdcəyə bərpa edilib. Qalıq 69264,52 manat təşkil edir. Əmək pensiyasının bərpa edilməsi, yenidən hesablanaraq artırılması və keçmiş dövr məbləğinin qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılmışdır. Məhkəmə çəkişmələri nəticəsində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 30 may 2024-cü il tarixli 2-1(112)-10367/2023 nömrəli qərarı ilə iddiaçının iddiası pensiya məbləğinin azaldılarkən inzibati icraatın düzgün aparılmaması əsas göstərilərək təmin edilib. Bununla əlaqədar, cari ilin aprel ayında pensiyanız yenidən hesablanaraq 4761,14 manat məbləğində müəyyən edilib. Eyni zamanda, əmək pensiyası üzrə ona ödənilməli olan ümumilikdə 37475,62 manat pul vəsaiti cari ilin iyun ayından etibarən hissə-hissə əmək pensiyanızın üzərinə əlavə olunmaqla müvafiq kart hesabınıza köçürülür. Daha sonra “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması üzrə inzibati icraata başlanılıb. Bununla əlaqədar, müvafiq inzibati icraatla bağlı mülahizələrinizin dinlənilməsi üçün ona qanunvericiliyin tələbləri izahlı şəkildə göstərilməklə 28 iyun 2024cü il tarixli məktub göndərilməklə 11 iyul 2024-cü il tarixinədək Mərkəzi Filiala gəlməsi xahiş edilib. Mülahizənizin dinlənilməsi üçün iddiaçı Mərkəzi Filiala 8 iyul 2024-cü il tarixində gəlmişdir. Lakin tərtib edilmiş akt onun tərəfindən imzalanmamışdır. Bununla əlaqədar, iddiaçıya əmək pensiyanın təyin edilməsinə dair qəbul olunmuş qərar ləğv olunub və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının məbləği cari ilin avqust ayından 2078,19 manat müəyyən edilib. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, iddiaçıya artıq ödənilmiş vəsait son üç il üzrə məhdudlaşdırılmaqla və müvafiq məhkəmə qərarına əsasən sizə ötən dövr üzrə hissə-hissə ödənilən pul vəsaiti də tam nəzərə alınmaqla ümumilikdə artıq ödəmə 42841,52 manat təşkil edir. Cavabdehin bu məktubu ilə razılaşmayan iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, cavabdeh tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsini, pensiya məbləğinin 4761 manat 14 qəpik həcmində ödənilməsi və tutulmaların birdəfəlik geri qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, yekunda cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-12209/2024 saylı qərarının ləğv edilməsi, iddiaçya 50 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixdən təyin edilmiş pensiyanın bərpa edilməsi və ona ödənilən əmək pensiyasından tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İİ. Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2008-ci il tarixində 50 yaşının tamam olduğu gündən DSMF-nin Sabunçu şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya məbləği 2023-cü ilin fevral ayınadək pensiya məbləği qanuna uyğun şəkildə ödənilmişdir. xx.xx.1978-ci ildə “Xəzərdənizneftqazsənaye” X1 Texniki İşlər və X3 Qorunması İdarəsinin “Pesçanıy” məntəqəsində 4-cü dərəcəli quraşdırıcıçilingər peşəsində fəaliyyətə başlamış, xx.xx.1980cı ildən dalğıc sualtı texniki işləri sahəsinə 3-cü dərəcəli dalğıc vəzifəsinə keçirilmiş, xx.xx.1986-cı ildən 2-ci dərəcəli İ-İİ-iş ixtisas qrupu üzrə dalğıc, xx.xx.1987-ci ildən 1-ci dərəcəli İ-İİ-iş ixtisas qrupu üzrə dalğıc peşəsində fəaliyyət göstərmişdir. Bütün bu fəaliyyəti xüsusi riskli işlər hesab edilməklə ən çətin peşə fəaliyyətini icra etmişdir. 2008-ci il tarixində pensiyaya çıxandan sonra da müxtəlif vəzifələri icra etmişdir. xx.xx.2023-cü il tarixindən işdən azad edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə iddiaçıya “Tərəqqi” medalı verilmişdir. Qanunsuz və əsassız şəkildə pensiya ödənişi dayandırılmış və tutulmalar edilməyə başlanılmışdır. İddiaçı (xx.xx.1958-ci il təvəllüdlü; FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “2023-cü ilin mart ayından dayandırılmış əmək pensiyasmın bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə iddia ərizəsi ilə Bakı İnzibati məhkəməsinə müraciət edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10367/2023 nömrəli, 30 avqust 2023- cü il tarixli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilmiş, İddiaçı 2023-cü ilin mart ayından dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1 (103)-3 887/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: R.Səmədov - sədrlik edən və məruzəçi, M.Tağızadə və A.Oruczadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qəran dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3887/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarlarından sonra pensiya ödənişi bərpa edilmiş və pensiya məbləği 4574,26 AZN olmuş və keçmiş dövrə görə isə 2498,37 AZN cəmi 7072,63 AZN iddiaçının hesabıma ödənilmişdir. Bundan sonra 2024-cii ilin avqust ayından iş üzrə cavabdeh pensiya məbləğinə qanunsuz olaraq müdaxilə etmiş və məbləği 2078,19 AZN müəyyən edilmiş həmin məbləğdən isə 186,88 AZN tutulmaqla mənə hazırda 1891,31 AZN pensiya məbləği ödənilir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən aparılmış hesablamalar əsassız olmaqla onun hüquqlarını pozur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır (hazırda 9.1-ci maddəyə əsasən cari tarixə yaş həddi - kişilərdə 60 yaş, qadınlarda 58,5 yaş təşkil edir. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007- ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” (bundan sonra - Siyahı) ilə müəyyən olunur. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. xx.xx.1993-cü il tarixindən xx.xx.2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi tarixdə 13- cü maddəsinin “a” və “b” bəndləri üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər və qadınlar üçün Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 və 2 nömrəli Siyahılar üzrə müvafiq olaraq 50 (55) yaş və 45 (50) yaş pensiya yaş həddi müəyyən edilmişdi. Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təyinatı haqqında” Qanuna edilmiş dəyişikliyə uyğun olaraq, 1997-ci il avqust ayının 1 -dən etibarən hər il pensiya yaş həddi 6 ay artırılaraq xx.xx.2000-ci il tarixindən 1 №-li siyahı üzrə kişilər 52 yaşdan, qadınlar 47 yaşdan, 2 №-li siyahı üzrə isə kişilər 57 yaşdan, qadınlar 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanırdılar. Göründüyü kimi, 1 aqvust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə pensiya yaşı kişilər və qadınlar üçün müvafiq olaraq 52 (2 nömrəli Siyahı üzrə isə 57) yaş və 47 (2 nömrəli Siyahı üzrə isə 52) yaş müəyyən edilmişdir. Göründüyü kimi, Qanunun 9.8-ci maddəsində məhz Qanunun qüvvəyə mindiyi tarixədək, yəni xx.xx.2006-cı il tarixinədək müvafiq stajı toplamış şəxslərə əvvəlki qanunvericiliyə əsasən təyinat hüququ müəyyən edilir. Həmin tarixə isə kişilər üçün 1 nömrəli Siyahı üzrə 52 yaş (qadınlar üçün isə 47 yaş), 2 nömrəli Siyahı üzrə isə kişilər üçün 57 yaş (qadınlar üçün isə 52 yaş) həddi qüvvədə idi. İddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 31 il 3 ay 23 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 27- ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 36,97 manat (31,31 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2010-cu il tarixinə indeksləşdirilib 57,29 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2010-cu il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 10516,32 manat sığorta kapitalına uyğun 73,03 (10516,32:144) manat və 75,00 manat baza hissəsi əlavə edilərək pensiya hüququnun yarandığı xx.xx.2010-cu il tarixinə 205,32 (57,29+73,03+75,00) manat məbləğində əmək pensiyası (indeksləşdirilərək və sonrakı yenidən hesablamalarda nəzərə alınaraq xx.xx.2023-cü il tarixinədək 994,83 manat) təyin edilməli olduğu halda, ona orta aylıq əmək haqqına uyğun olaraq xx.xx.2008-ci il tarixindən 883,36 manat məbləğində əmək pensiyası təyin edilib (indeksləşdirilərək və sonrakı yenidən hesablamalarda nəzərə alınaraq xx.xx.2023- cü il tarixinədək 3376,87 manat). Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınaraq, iddiaçıya 71816,00 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Eyni zamanda bildiririk ki, iddiaçı əmək pensiyasının bərpa edilməsi, yenidən hesablanaraq artırılması və keçmiş dövr məbləğinin qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Məhkəmə çəkişmələri nəticəsində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 30 may 2024-cü il tarixli 2-1(112)- 10367/2023 nömrəli qərarı ilə iddiası pensiya məbləğinin azaldılarkən inzibati icraatın düzgün aparılmaması əsas göstərilərək təmin edilib. Bununla əlaqədar, cari ilin aprel ayında iddiaçının pensiyası yenidən hesablanaraq 4761,14 manat məbləğində müəyyən edilib. Eyni zamanda, iddiaçının əmək pensiyası üzrə ona ödənilməli olan ümumilikdə 37475,62 manat pul vəsaiti cari ilin iyun ayından etibarən hissə-hissə əmək pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülməyə başlamışdır. Daha sonra “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması üzrə inzibati icraata başlanılıb. Bununla əlaqədar, müvafiq inzibati icraatla bağlı mülahizələrinin dinlənilməsi üçün iddiaçıya qanunvericiliyin tələbləri izahlı şəkildə göstərilməklə 28 iyun 2024-cü il tarixli məktub göndərilməklə 11 iyul 2024-cü il tarixinədək Mərkəzi Filiala gəlməsi xahiş edilib. İddiaçının mülahizəsinin dinlənilməsi üçün Mərkəzi Filiala 8 iyul 2024-cü il tarixində gəlmişdir. Lakin tərtib edilmiş akt iddiaçı tərəfindən imzalanmayıb. Bununla əlaqədar, iddiaçıya əmək pensiyasının təyin edilməsinə dair qəbul olunmuş qərar tərəfimizdən ləğv olunub və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının məbləği cari ilin avqust ayından 2078,19 manat müəyyən edilib. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, iddiaçıya artıq ödənilmiş vəsait son üç il üzrə məhdudlaşdırılmaqla və müvafiq məhkəmə qərarına əsasən ona ötən dövr üzrə hissə-hissə ödənilən pul vəsaiti də tam nəzərə alınmaqla ümumilikdə artıqödəmə məbləği 42841,52 manat təşkil edir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, iddiaçı xx.xx.1958-ci ildə anadan olmuşdur. İş materiallarına olan xx.xx.2009-cu il tarixli, 489 №-li qərarından görünür ki, iddiaçıya xx.xx.2008-cı ildə 50 yaşının tamam olduğu vaxtdan orta ayılıq əmək haqqı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İşdə olan cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-11884/2024 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərardan görünür ki, inzibati icraata əsasən iddiaçıya təyin edilən əmək pensiyası 52 yaşa çəkilmiş, pensiya məbləği 4.761,14 manatdan 2.078,19 manata azaldılmışdır. İşdə olan cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-12209/2024 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərardan görünür ki, inzibati icraata əsasən iddiaçıya təyin edilən əmək pensiyası 52 yaşa çəkilmiş, 3-17-1/3-3-118842024 nömrəli sərəncam etibarsız hesab edilmiş, 3-17-1/3-3-7171/2023 nömrəli sərəncam qüvvədə saxlanılmışdır. Yenidən hesablanmış pensiya məbləği 2.078,19 manat təşkil edir. İddiaçı hazırda ona 50 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixdən təyin edilmiş pensiyanın bərpa edilməsi və ona ödənilən əmək pensiyasından tutulmuş məbləğin geri qaytarılmas xahiş edir. Məhkəmə qeyd edir ki, işin istinad olunan hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasının əsasını iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixindən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamam olduğu xx.xx.2008-cı il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edilməsi olmuşdur. Məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, ƏPQ-nin 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Qeyd olunan normada “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.1997-ci il tarixdə dəyişiklik edildikdən sonra 2000-ci ilin avqustun 1-dək yaş hədləri hər il 6 ay artırılmış, xx.xx.2000-ci ildən etibarən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahı üzrə kişilər-52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ayını zərərli işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malik olmuşlar. Uzun illər formalaşmış həm inzibati orqanın praktikası, həm də məhkəmə praktikasına əsasən ƏPQ qüvvəyə mindikdən sonra, yəni xx.xx.2006-cı ildən sonra, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 1 nömrəli siyahı üzrə kişilərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən Qanunun 9.8-ci maddəsində göstərilən yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblər aşağıdakı formada tətbiq edilmişdir.
1. əgər şəxsin xx.xx.1997-ci il tarixədək 20 il ümumi, 10 il xüsusi stajı tamam olmuşsa, ona 50 yaşdan;
2. əgər şəxsin xx.xx.1997-ci il tarixədən sonra xx.xx.2006-cı ildədək 20 il ümumi, 10 il xüsusi stajı tamam olmuşsa, ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İş materiallarından görünür ki, cavabdeh məhz həmin praktikaya uyğun olaraq iddiaçının xx.xx.1997-ci il tarixədək 20 il ümumi, 10 il xüsusi stajının tamam olmasını nəzərə alaraq, ona 50 yaşının tamam olduğu xx.xx.2008-cı ildən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 1 nömrəli siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmiş, lakin sonradan həmin qərarına dəyişiklik edərək ona 52 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini qərara almışdı. Məhkəmə cavabdehin bu qərarı ilə aşağıdakılara görə razılaşmır “İnzibati icraat haqqında” Qanunun (bundan sonra –İİQ): - maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. - maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. - maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. - maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: - 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. -maddə 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Məhkəmə qeyd edir ki, inzibati icraat haqqında qanunvericiliyin müəyyən etdiyi ən mühüm prinsiplərdən biri şəxsin inzibati orqanların inzibati praktikasına olan etimadının qanunla qorunması prinsipidir. Bu prinsip onu ehtiva edir ki, inzibati orqanın praktikası davamlı və ümumi xarakter daşımalı, maraqlı şəxs inzibati orqanın hərəkətlərini əvvəlcədən müəyyən etmək imkanına malik olmalıdır. Yəni inzibati orqan heç bir əsas olmadan öz praktikasını dəyişməməli, maraqlı şəxs inzibati orqanın məsələni inzibati praktikaya uyğun qaydada, oxşar işlərlə anoloji qaydada həll ediləcəyini bilməlidir. Lakin qeyd edilməlidir ki, bu hal mütləq xarakter daşımır, yəni inzibati orqan mövcud inzibati praktikanı yeni praktika ilə dəyişdirə bilər. Lakin bu yalnız o zaman baş verə bilər ki, ictimai maraqlar bunu tələb edir. Yəni cəmiyyətdə ümumi vəziyyətin dəyişməsi, yeni dəyərlərin meydana gəlməsi, nəticədə ictimai maraqların tələb etməsi halında inzibati orqanın praktikasını dəyişdirməsi mümkündür. İşin yuxarıda istinad olunan hallarından görünür ki, cavabdeh inzibati orqan 2008-ci ildə iddiaçıya 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etsə də, daha sonra onun pensiyasını 52 yaşdan təyin etmişdir ki, bu zaman o, heç bir əsas olmadan bu praktikanı dəyişmiş, bu zaman hər hansı bir əsaslandırma etməmiş, deməli praktikasını dəyişməkdə haqlı olmamışdır. Bundan əlavə, qeyd edilməlidir ki, qanunvericiliyə əsasən maraqlı şəxsin inzibati orqanın inzibati praktikasına etimadı o halda qorunmur ki, şəxs: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Hazırkı iş üzrə cavabdeh bu hallardan hər hansı birinin mövcud olmasını sübuta yetirə bilməmişdir. İİQ-nin 67.3-cü maddəsinə əsasən isə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-12209/2024 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarı ləğv edilsin. İddiaçı 50 yaşının tamam olduğu xx.xx.2008-ci ildən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin bərpa edilməsi və ona ödənilən əmək pensiyasından tutulmuş məbləğin geri qaytarılması vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir
Hakim Səlma Salahova