Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1342/2024 03.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə inzibati işə 03 iyul 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına etdiyi müraciət təmin edilməmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək pensiyasının dəqiq təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, pensiya kapitalının 144-ə bölünməklə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən ona 28 sentybar 2021ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və 60 yaşının tamam olduğu 31 mart 2021-ci il tarixdən hesablanaraq verilmişdir, ona verilən pensiya dəqiq hesablanmamışdır, bununla bağlı dəqiqləşdirilmə aparılaraq pensiya verilməsi barədə cavabdehə müraciət etmişdir. Dövlət Sosial Müdafiə fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının ona ünvanlanmış cavab məktubu ilə müraciəti müsbət həll olunmamışdır. Bununla da hüquqları təmin olunmayaraq pozulmuşdur. Filialın ünvanına göndərdiyi 13 yanvar 2023-cü il tarixli, 3-17-1/2- T-5745/ 2023 №-li cavab məktubunu 04 may 2023-cü il tarixdə almışdır. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, Mərkəzi Filial tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinə əsasən, gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş ikinci cümləsinə uyğun olaraq Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2021-ci il tarixə kişilər 65 il) arasındakı ayların sayı qədər artırılır. Bununla əlaqədar olaraq, xx.xx.2021-ci il tarixdə iddiaçının işlədiyi dövrdə qazandığı 55792,64 manat sığorta kapitalına görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada 273,49 manat (55792,64:204 ay (65 il-60 il=60 ay+144 ay)) məbləğində müəyyən edilmişdir. Onun əmək pensiyası üzrə keçmiş müddət üçün 1649,76 manat pensiya məbləği hesablanmışdır. Həmin 1649,76 manat pensiya məbləği xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində hər ay 235,68 manat olmaqla pensiyanın üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülmüşdür. “Əmək pensiyaları haqqında” Qanunun 29-cu maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyasının 01.01,2022-ci il tarixdən etibarən 282,79 manat müəyyən edilmişdir. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Qanunun 21.1 -ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Bununla əlaqədar olaraq, işləyən əmək pensiyaçı kimi ödənilməli olan, lakin ödənilməyən məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində sonradan qeydə alındığından 21 oktyabr 2022-ci il tarixli müraciətinə əsasən 31 mart 2021 -ci il tarixdən əmək pensiyası yenidən hesablanaraq cari ilin noyabr ayından 282,79 manatdan 293,02 manata artırılmışdır. Əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 293,02 manat olmaqla ödənilir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın mümkün sayılmamasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-cü il tarixli, **********4 nömrəli “Əmək pensiyasının təyin edilməsi haqqında” qərarın surətindən görünür ki, iddiaçıya 273,49 manat məbləğində əmək pensiyası təyin edilmiş və 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən hesablanmışdır. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********6 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın surətindən görünür ki, iddiaçının pensiyası yenidən hesablanaraq 282,79 manatdan 293,02 manat məbləğinə qaldırılmışdır. İşin faktiki hallarından görünür ki, iddiaçının 23 sentyabr 2021-ci il tarixli müraciətinə əsasən cavabdeh orqan tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək 28 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. Bununla əlaqədar olaraq, iddiaçının pensiya hüququnun yarandığı xx.xx.2021-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 55792,64 manat sığorta kapitalına görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada 273,49 manat (55792,64:204 ay (65 il-60 il=60 ay+144 ay)) məbləğində müəyyən edilmişdir. Onun əmək pensiyası üzrə keçmiş müddət üçün 1649,76 manat pensiya məbləği hesablanmışdır. Həmin 1649,76 manat pensiya məbləği xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində hər ay 235,68 manat olmaqla pensiyanın üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülmüşdür. Daha sonra işləyən əmək pensiyaçı kimi ödənilməli olan, lakin ödənilməyən məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində sonradan qeydə alındığından 21 oktyabr 2022-ci il tarixli müraciətinə əsasən 31 mart 2021-ci il tarixdən əmək pensiyası yenidən hesablanaraq cari ilin noyabr ayından 282,79 manatdan 293,02 manata artırılmışdır. İddiaçının mübahisələndirdiyi gözlənilən pensiya ödənişi müddəti aylarının sayı ilə bağlı qanunvericiliyə edilmiş dəyişikliyin ona şamil edilməsi və pensiya məbləğinin yenidən hesablanmasıdır. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.8. fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; 10.2. Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. 10.4. Yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=SH+YH, burada: P- yaşa görə əmək pensiyasıdır; SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir. Maddə 45. Əmək pensiyasının gözlənilən pensiya ödənişi müddəti Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. (xx.xx.2022-dək qüvvədə olan redaksiya) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanun: 1.11. 45-ci maddənin ikinci cümləsi çıxarılsın. 2.2. Bu Qanunun 1.11-ci maddəsi bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Əmək pensiyaları sığortaolunanın fərdi hesabının sığorta hissəsində ödənilmiş məcburi dövlət sosial sığorta haqları hesabına qeydə alınmış və yığım hissəsində toplanmış vəsait – pensiya kapitalı əsasında müəyyən edilərək vətəndaşlara ödənilir. İlk növbədə qeyd edilməlidir ki, əmək pensiyasının hesablanma qaydası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi ilə müəyyən edilir. Həmin maddəyə əsasən, yaşa görə əmək pensiyasının məbləği yaşa görə əmək pensiyasının sığorta hissəsi və yığım hissəsinin məbləği ilə müəyyən edilir. Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği isə sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalının pensiya ödənişi müddətinin aylarının sayına bölünməsi ilə müəyəyn edilir. “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə (60 yaş) Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2021-ci il tarixinə kişilər 65 yaş) arasındakı ayların sayı qədər artırılır. Həmçinin iddiaçının yaşa görə əmək pensiyasının hesablanması zamanı qanunvericiliyə uyğun olaraq, sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) şəxsin pensiyasının hesablanması tarixinə yaşı ilə (60 yaş) Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (65 yaş) arasındakı ayların sayı qədər artırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanunla 45-ci maddənin ikinci cümləsi çıxarılsa da, bu dəyişikliyin həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməməsi bu qanunun özündə (2.2-ci bəndində) bilavasitə təsbit edilmişdir. Bu səbəbdən yeni redaksiyanın iddiaçıya münasibətdə tətbiqi istisna edilir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının “pensiyanın yenidən hesablanması” tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-1342/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1342/2024
03.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver